“Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” adlı elmi əsərlər məcmuəsinin noyabr ayında nəşr olunacaq 72-ci buraxılışı üçün məqalələrin qəbulu davam edir.
Məhkəmə ekspertizası, kriminalistika və kriminologiya sahələrində tədqiqat aparan alimlər, mütəxəssislər, gənc tədqiqatçılar və müvafiq sahələr üzrə çalışan digər şəxslər elmi məqalələrini nəşrə təqdim etməyə dəvət olunurlar. Müəlliflər elmi məqalələrini linkə keçid edərək elektron formada təqdim edə bilərlər.
Qeyd edək ki, “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” adlı elmi əsərlər məcmuəsinin əsası 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu (hazırkı Məhkəmə Ekspertizası Mərkəzinin sələfi) tərəfindən “Məhkəmə ekspertizasının problemləri” adlı elmi jurnal kimi qoyulub. Müxtəlif dövrlərdə fərqli adlarla dərc olunan elmi nəşr hazırda fəaliyyətini “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” adı ilə davam etdirir. Jurnal 2010-cu il 15 oktyabr tarixdə 3267 qeydiyyat nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilib.
Məcmuədə nəşrin elmi istiqamətlərinə uyğun olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və xarici ölkələrin ekspertiza idarələrinin əməkdaşlarının, respublikanın, eləcə də xarici ölkələrin tanınmış hüquqşünas alimlərinin, doktorant və dissertantların, habelə məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının elmi məqalələri dərc olunur. Nəşr məhkəmə ekspertizası, kriminalistika və kriminologiya sahələrində elmi araşdırmaların nəticələrinin, aktual nəzəri və praktiki məsələlərə dair tədqiqatların elmi ictimaiyyətə çatdırılmasına xidmət edir. Jurnalın buraxılışları elektron formatda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi veb-saytında yerləşdirilib.
Məcmuə “Crossref” təşkilatında qeydiyyatdan keçərək beynəlxalq DOİ (Digital Object İdentifier — rəqəmsal obyekt identifikatoru) prefiksi alıb.
Məcmuə çap və elektron formatlarda müvafiq olaraq ISSN 3106-8642 və E-ISSN 3135-3851 beynəlxalq standart seriya nömrələri ilə qeydiyyata alınıb. Bundan əlavə, nəşr “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxil edilib.
Jurnalın nəşri Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşdirilir.