Ədliyyə Nazirliyinin Probasiya xidməti və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyası: işəgötürənlərlə tərəfdaşlıq imkanlarının artırılması” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə iki qurumun rəhbər şəxsləri və əməkdaşları, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və vətəndaş cəmiyyəti institutlarının məsul nümayəndələri, habelə aqrar sektor, yüngül sənaye (polietilen, plastik və çini məmulatlar), qida sənayesi, o cümlədən çörəkbişirmə, dondurma, süd məhsulları istehsalı və s. sahələrdə təmsil olunan 15-ə yaxın sahibkarlıq subyekti və könüllülər iştirak ediblər.
Tədbir çərçivəsində probasiya nəzarətində olan şəxslərin məşğulluğunun təmin edilməsi və bu prosesdə müvafiq dövlət proqramlarına uyğun olaraq sahibkarlıq subyektlərinin fəal iştirakının əhəmiyyəti vurğulanıb. Məhkumlara münasibətdə cəmiyyətimizdə mövcud stereotiplərin aradan qaldırılmasının, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi qeyd edilib.
Həmçinin həmin şəxslərin peşə bacarıqları və əmək bazarının mövcud tələbləri nəzərə alınmaqla işlə təmin olunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunması diqqətdə saxlanılır, penitensiar müəssisələrdə 20-dən çox müxtəlif istiqamətlər üzrə peşə təhsilinə cəlb olunan məhkumların məşğulluğa yönləndirilməsi ilə bağlı yerli probasiya qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Dəyirmi masada işəgötürənlərə probasiya nəzarətində olan şəxslərin məşğulluğu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər, stimullaşdırıcı mexanizmlər və mövcud dəstək imkanları barədə məlumat verilib, onların bu kateqoriyadan olan şəxslərin işə qəbuluna təşviqi istiqamətində maarifləndirmə aparılıb.
Sahibkarlıq subyektlərinin nümayəndələri mövcud vakant iş yerləri və məşğulluq imkanları barədə məlumat verərək, həmin şəxslər üçün peşə hazırlığı və ixtisasartırma təlimləri təşkil etməyə hazır olduqlarını bildiriblər.
Həmçinin qeyd olunub ki, ötən ay Bakı və Mingəçevir şəhərlərində yerli probasiya qurumlarının təşkil etdiyi əmək yarmarkalarında məhkumların iştirakı təmin edilib, onların işəgötürənlərlə birbaşa əlaqə qurmalarına və mövcud iş imkanları ilə tanış olmalarına şərait yaradılıb.
Qeyd olunan tədbirlərin gələcəkdə də mütəmadi təşkili planlaşdırılır.