Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamənin (apostilin) verilməsi Qaydası;!!!!!

Azərbaycan Respublikası

ədliyyə nazirinin

2005-ci il 14 dekabr tarixli

23-T nömrəli əmri ilə

təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

tərəfindən şəhadətnamənin (apostilin) verilməsi

 

QAYDASI

 

 

 

Bu Qayda 5 oktyabr 1961-ci ildə Haaqada bağlanmış və Azərbaycan Respublikasına münasibətdə 2 mart 2005-ci ildə qüvvəyə minmiş «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya (bundan sonra – «Konvensiya»), «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununa və bu sahədə digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

 

1. Ümumi müddəalar

 

Şəhadətnamə (bundan sonra – «Apostil») Azərbaycan Respublikasının ərazisində verilmiş və Konvensiyanın iştirakçısı olan dövlətlərdən birinin ərazisində təqdim olunması nəzərdə tutulan rəsmi sənədlərə verilir.

Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostildə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırılması tələb olunmur.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil aşağıdakı sənədlərə verilir:

1.   məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi rəsmi sənədlərə (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa);

2.   Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan sənədlərə;

3.   Azərbaycan Respublikasının ərazisində vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair verilmiş sənədlərə.

Diplomatik və ya konsul idarələri tərəfindən icra edilən sənədlərə, kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə apostil verilmir.

 

2. Apostilin verilməsi üçün sənədlərin

qəbulu və qaytarılması

 

Apostil sənədi imzalayan və ya onu təqdim edən istənilən şəxsin vəsatəti ilə verilir.

Hüquqi şəxsin sənədləri onun nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya dövlət reyestrindən çıxarış, yaxud təsis sənədləri təqdim edildikdə apostilin verilməsi üçün qəbul olunur.

Apostilin verilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə bilavasitə və ya nazirlik tərəfindən müəyyən edilmiş dövlət notariat kontorları vasitəsilə təqdim oluna bilər.

Apostilin verilməsi üçün fiziki və hüquqi şəxslərin bilavasitə Ədliyyə Nazirliyinə təqdim etdiyi sənədlərin qəbulu, hazır sənədlərin qaytarılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA idarəsi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA şöbəsi tərəfindən həyata keçirilir.

Apostilin verilməsi üçün fiziki və hüquqi şəxslər dövlət notariat kontorları vasitəsilə müraciət etdikdə isə sənədlərin qəbulu, hazırlanaraq təsdiq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA idarəsinə, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA şöbəsinə göndərilməsi və təsdiq edildikdən sonra qaytarılması dövlət notariusları tərəfindən həyata keçirilir.

Ədliyyə Nazirliyinə bilavasitə və ya dövlət notariat kontorları vasitəsilə təqdim edilmiş sənədlər 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir. Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır.

Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər.

Apostilin verilməsi üçün qəbul olunmuş sənədlərin icra edildikdən sonra qaytarılması vətəndaşlar tərəfindən onların şəxsiyyətini təsdiq edən sənədlər, hüquqi şəxslərin nümayəndələri tərəfindən isə müvafiq etibarnamə və ya dövlət reyestrindən çıxarış, yaxud təsis sənədləri təqdim olunduqda sənədi alan şəxsə «Şəhadətnamənin (apostilin) verilməsi üçün Ədliyyə Nazirliyinə bilavasitə təqdim olunan sənədlərin qeydiyyatı kitabı»nda (1 nömrəli əlavə) imza etdirməklə həyata keçirilir. Sənədlər Ədliyyə Nazirliyinə poçtla daxil olduqda onlar apostil verildikdən sonra sifarişli məktubla qaytarılır və onların göndərilməsi barədə qəbz «Şəhadətnamənin (apostilin) verilməsi üçün Ədliyyə Nazirliyinə bilavasitə təqdim olunan sənədlərin qeydiyyatı kitabı»na əlavə edilir.

 

3. Apostil verilməsi üçün təqdim olunan

sənədlərə dair tələblər

 

Apostilin verilməsi üçün təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.

Tərkibi bir neçə vərəqdən ibarət olan sənədlər tikilməli, vərəqlər nömrələnməli, sənədi verən vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.

 

4. Apostil verilməsi üçün notarius tərəfindən

hazırlanan sənədlərə dair tələblər

 

Apostilin verilməsi üçün notariat kontorunda hazırlanan sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA idarəsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA şöbəsinin təmin etdiyi blanklarda texniki vasitələrdən istifadə etməklə tərtib olunmalıdır.

Notarius sənədlərin yüksək tərtibatını təmin etməli, qaralama, pozuntu və düzəlişlərə yol verməməlidir.

Bir neçə vərəqdən ibarət olan sənədlər eni 0,5 sm olan qırmızı və ya göy rəngli ipək lentlə tikilməli, düyünləndikdən sonra lent səhifələrin arxasında xüsusi formada zərvərəq yapışdırılmaqla bərkidilməli və onun üzərinə notariat kontorunun sıxma möhürü vurulmalıdır.

Eyni zamanda notariusun təsdiq qeydləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş formalarda kompüter vasitəsilə azərbaycan və sənədin istifadə ediləcəyi ölkənin dövlət dillərində, bu mümkün olmadıqda isə azərbaycan dili ilə yanaşı ingilis və ya fransız dilində tərtib edilməlidir.

Notariusun möhürü təsdiq qeydindən aşağıda sənədin mətninə və notariusun imzasına toxunmadan boş yerdə qoyulur.

Sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA idarəsinə və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVA şöbəsinə A4 (21 x 29,7 sm) ölçülü zərflərdə sifarişli məktubla göndərilə bilər.

 

5. Apostilin verilməsi

 

Apostil sənədin mətn olmayan hissəsinə və ya onun arxa tərəfinə, yaxud ayrıca vərəqdə verilir. Apostil ayrıca vərəqdə verildiyi halda, sənədlər eni 0,5 sm olan qırmızı və ya göy rəngli lentlə tikilməli, düyünləndikdən sonra lent səhifələrin arxasında xüsusi formada zərvərəq yapışdırılmaqla bərkidilməli və onun üzərinə Ədliyyə Nazirliyinin sıxma möhürü vurulmalıdır.

Apostilin verilməsi onun tərtib edilərək sənədə yapışdırılması və üzərinə Ədliyyə Nazirliyinin möhürünün vurulması yolu ilə həyata keçirilir.

Apostil blankının kserosurət çıxarma üsulu ilə hazırlanmasına yol verilmir.

 

6. Apostilin qeydiyyatı

 

Ədliyyə Nazirliyi tərəfindən sənədlərə verilən apostillər «Şəhadətnamənin (apostilin) qeydiyyatı kitabı»nda (2 nömrəli əlavə) qeydə alınmalıdır.

Həmin kitabda aşağıdakı məlumatlar göstərilməlidir:

şəhadətnamənin (apostilin) nömrəsi;

şəhadətnamənin (apostilin) tarixi;

şəhadətnaməni (apostili) imzalamış şəxsin soyadı;

rəsmi sənədi imza etmiş şəxsin soyadı;

rəsmi sənədi imza etmiş şəxsin vəzifəsi, imza edilməmiş sənədlərə münasibətdə isə möhürü və ya ştampı vurmuş orqanın adı.

«Şəhadətnamənin (apostilin) qeydiyyatı kitabı» ilə yanaşı oradakı məlumatları əks etdirən elektron reyestri də yaradıla bilər.

 

7. Sənədlərin qeydiyyatı

 

Dövlət notariat kontorları vasitəsilə daxil olmuş sənədlər istisna edilməklə apostilin verilməsi üçün təqdim olunan sənədlər aşağıdakı məlumatlar göstərilməklə «Şəhadətnamənin (apostilin) verilməsi üçün Ədliyyə Nazirliyinə bilavasitə təqdim olunan sənədlərin qeydiyyatı kitabı»nda qeydiyyata alınır:

sıra nömrəsi;

sənədin daxil olma tarixi;

sənədin adı, nömrəsi və verilmə tarixi;

rəsmi sənədi imza etmiş şəxsin soyadı;

rəsmi sənədi imza etmiş şəxsin vəzifəsi, imza edilməmiş sənədlərə münasibətdə isə möhürü və ya ştampı vurmuş orqanın adı;

sənədi təqdim edən şəxsin soyadı, adı, atasının adı və ünvanı;

şəhadətnaməni (apostili) imzalamış şəxsin soyadı;

şəhadətnamənin (apostilin) nömrəsi və verilmə tarixi;

sənədlərin qaytarılmasına dair məlumat (imza, tarix və sair).

iacca
iap
business ready
eplc
Ən Tez