Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də ölkə rəhbərliyinə qayıdışı xalqımızın və müstəqil dövlətimizin xilasının başlanğıcı kimi qiymətləndirilərək bu tarixi hadisə respublikamızda Milli Qurtuluş günü kimi geniş qeyd edilir.

Əlamətdar bayram münasibətilə ədliyyə orqanlarında karantin rejiminə əməl olunmaqla tədbirlər təşkil olunub, bir qrup gənc ədliyyə işçilərinin və könüllülərinin iştirakı ilə Ulu Öndərin mənalı ömür yolu və zəngin dövlətçilik fəaliyyəti barədə videokonfrans formatında onlayn mühazirə keçirilib. Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, nazirliyin saytında əbədiyaşar liderlə bağlı xüsusi bölmə yaradılıb, kinozalda filmlər, eləcə də foto və video slaydlar nümayiş etdirilir, nazirliyin sosial şəbəkə səhifələrində Azərbaycan xalqının milli qurtuluş gününə aid materiallar paylaşılır, mətbuatda çıxışlar edilir.

Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirlərdə dahi şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından bəhs olunub, onun ölkə rəhbərliyinə qayıdışı ilə milli dövlətçiliyimizin intibahının, Azərbaycanın hərtərəfli tərəqqisinin başlanıldığı qeyd olunub. Ulu Öndərin qurub yaratdığı müstəqil respublikamızın ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı və sabit inkişafı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli Liderin ideyalarını yaşadan və ölkəmizi beynəlxalq ictimaiyyətə tanıdan Heydər Əliyev Fondundakı mühüm fəaliyyəti xüsusilə vurğulanıb.

Ədliyyə işçiləri ölkə rəhbərliyinin sosial-iqtisadi tərəqqiyə və əhalinin rifahına xidmət edən siyasətini ürəkdən dəstəklədiyini bildirib, qlobal COVİD-19 infeksiyası ilə mübarizədə həmvətənlərimizlə həmrəy olaraq, bu sosial bəla ilə mübarizədə xalqımıza göstərilən qayğılı münasibətə görə respublika Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini ifadə edib, cəmiyyətimizin müasir inkişafına uyğun olaraq var qüvvələri çalışmaq əzmində olduqlarını, indiki pandemiya dövründə sosial məsuliyyətlərini dərk etdiklərini söyləyiblər.

iacca
iap
business ready
eplc
Ən Tez