Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinin təmin edilməsi istiqamətində metodoloji dəstəyin gücləndirilməsi məqsədilə növbəti tədbir həyata keçirilib.
Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə uyğun olaraq bələdiyyələrə metodoloji yardım göstərilməsi çərçivəsində "Bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət" adlı metodik vəsait hazırlanıb.
Metodik vəsaitdə bələdiyyələrin yerli özünüidarəetmə institutu kimi hüquqi statusu və fəaliyyət istiqamətləri, bu sahəni tənzimləyən normativ hüquqi baza, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin hüquqi əsasları və həyata keçirilməsi qaydaları ətraflı izah olunub.
Vəsait bələdiyyə üzvləri və qulluqçularının hüquqi biliklərinin artırılmasına, bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə metodoloji dəstəyin göstərilməsinə və yerli özünüidarəetmə sahəsində səmərəliliyin yüksəldilməsinə xidmət edir.
Bələdiyyələrə metodik vəsaitlə yaxından tanış olmaları və burada əks olunan qanunvericilik tələblərini gələcək fəaliyyətlərində rəhbər tutmaları tövsiyə edilir.
Metodik vəsaitlə linkə keçid edərək tanış olmaq mümkündür.