İşgəncələrin və qeyri - insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyası

(26 noyabr 1987-ci il)


Bu Konvensiyanı imzalayan Avropa Şurasının üzv dövlətləri,

İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsinə dair Konvensiyanın müddəalarını nəzərə alaraq,

Göstərilən Konvensiyanın 3-cü maddəsinə müvafiq olaraq - "heç kəsin işgəncələrə və ya insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmalı olmadığını" xatırlayaraq,

Bu Konvensiyada nəzərdə tutulmuş mexanizmin 3-cü Maddənin pozulmasının qurbanları olduqlarını bəyan etmiş şəxslər barəsində tətbiq edildiyini qeyd edərək,

Azadlıqdan məhrum edilmiş şəxslərin işgəncələrdən və insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzalardan müdafiəsini onlara baş çəkməyə əsaslanmış məhkəmədən kənar xəbərdaredici xarakterli vasitələrlə gücləndirə biləcəyinə əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

I fəsil
Maddə 1

İşgəncələrin və qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzaların Qarşısının Alınması üzrə Avropa Komitəsi yaradılır (bundan sonra "Komitə" adlandırılacaq). Komitə zərurət olduqda işgəncələrdən və insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərindən müdafiəni gücləndirmək məqsədilə, baş çəkmələr vasitəsilə azadlıqdan məhrum edilmiş şəxslərlə rəftarı öyrənir.

Maddə 2.

Bu Konvensiyaya müvafiq olaraq, hər bir Tərəf özünün yurisdiksiyası hüdudlarında olan dövlət hakimiyyəti tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı hər hansı bir yerə baş çəkməyə icazə verir.

Maddə 3.

Komitə və maraqlı Tərəfin səlahiyyətli orqanları bu Konvensiyanın tətbiq edilməsi üzrə bir-birilə əməkdaşlıq edirlər.

II fəsil
Maddə 4

1. Komitə üzvlərinin sayı Tərəflərin sayına bərabərdir.

2. Komitə üzvləri yüksək əxlaqi keyfiyyətlərə sahib olan, insan hüquqları sahəsində öz səriştəsilə (təcrübə) tanınan və ya bu Konvensiyanın əhatə etdiyi sahədə peşə təcrübəsinə malik olan şəxslərdən seçilir.

3. Bir Dövlətin vətəndaşları olan iki şəxsin Komitədə üzvlüyünə yol verilmir.

4. Komitə üzvləri öz adlarından çıxış edir, onlar müstəqil və qərəzsizdirlər və öz vəzifələrini səmərəli icra etmək iqtidarındadırlar.

Maddə 5.

1. Komitə üzvləri Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən Avropa Şurasının Məşvərət Məclisinin Bürosunun tərtib etdiyi siyahıdan səslərin mütləq çoxluğu ilə seçilirlər; Məşvərətçi Məclisdə hər bir milli nümayəndə heyətinin ən azı ikisi onun vətəndaşları olmaqla, üç namizəd irəli sürür.

2. Bu proseduraya yaranmış vakansiyaların doldurulması zamanı riayət edilir.

3. Komitə üzvləri dörd illik müddətə seçilir. Onlar yalnız bir dəfə təkrar seçilə bilərlər. Lakin ilk seçkilərdə seçilmiş üç üzvün səlahiyyət müddəti iki ildən sonra qurtarır. Birinci ikiillik dövr ərzində səlahiyyət müddətləri qurtaran üzvlər Avropa Şurasının Baş Katibinin ilk seçkidən dərhal sonra keçirdiyi püşk vasitəsilə müəyyən edilir.

Maddə 6.

1. Komitə qapalı qapılar arxasında yığışır. Yetərsay Komitə üzvlərinin çoxluğuna bərabərdir. Qərarlar 10-cu Maddənin 2-ci bəndinin tələblərinə riayət edilməklə iştirak edən üzvlərin çoxluğu ilə qəbul olunur.

2. Komitə özünün prosedur qaydalarını işləyib hazırlayır.

3. Komitənin Katibliyi Avropa Şurasının Baş Katibi tərəfindən təmin edilir.

III fəsil

Maddə 7

1. Komitə 2-ci Maddədə qeyd edilən yerlərə baş çəkilməsini təşkil edir. Vaxtaşırı baş çəkmələrlə yanaşı, konkret vəziyyətdən asılı olaraq Komitə zəruri hesab etdiyi baş çəkmələri də təşkil etmək hüququna malikdir.

2. Bir qayda olaraq, baş çəkmələr ən azı iki Komitə üzvü tərəfindən həyata keçirilir. Komitənin zəruri hesab etdiyi hallarda ekspertlərin və tərcüməçilərin köməyindən istifadə edilə bilər.

Maddə 8.

1. Komitə maraqlı Tərəfin Hökumətini baş çəkməni həyata keçirmək niyyətində olduğu barədə xəbərdar edir. Belə xəbərdarlıqdan sonra, o, 2-ci Maddədə qeyd edilən hər hansı bir yerə istənilən vaxtda baş çəkməni həyata keçirə bilər.

2. Tərəf Komitəni öz vəzifələrini icra etmək üçün aşağıdakılarla təmin edir:

a. öz ərazisinə daxil olmaq və məhdudiyyətsiz hərəkət etmək hüququ ilə;

b. azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı yerlər barədə tam məlumatla;

c. daxildə məhdudiyyətsiz hərəkət etmək hüququ daxil olmaqla, azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı hər hansı bir yerə məhdudiyyətsiz daxil olmaq,;

d. Tərəfdə olan və Komitəyə öz vəzifələrini icra etmək üçün zəruri olan digər məlumatla. Belə bir məlumatın əldə edilməsində Komitə tətbiq edilən milli hüquq və peşəkar etika normalarına riayət edir.

3. Komitə azadlıqdan məhrum edilmiş şəxslərlə təklikdə söhbət etmək hüququna malikdir.

4. Komitə müvafiq məlumatı ona verə biləcəyini güman etdiyi hər hansı bir şəxslə, sərbəst əlaqəyə girmək hüququna malikdir.

5. Zəruri hallarda Komitə dərhal öz iradlarını maraqlı Tərəfin səlahiyyətli orqanlarının nəzərinə çatdıra bilər.

Maddə 9.

1. Müstəsna hallarda maraqlı Tərəfin səlahiyyətli orqanları Komitə tərəfindən baş çəkilməsi təklif olunan konkret yerə və ya vaxta qarşı etirazı özündə əks etdirən təqdimatla Komitəyə müraciət edə bilərlər. Belə təqdimatlar yalnız milli müdafiənin, ictimai təhlükəsizlik, azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı yerlərdə ciddi iğtişaşlar, şəxsin tibbi vəziyyətinə və ya ağır cinayətin törədilməsilə əlaqədar keçirilən təxirəsalınmaz dindirilmə ilə əlaqədar verilə bilər.

2. Belə təqdimat olduqda Komitə və Tərəf vəziyyətin aydınlaşdırılması və Komitəyə öz vəzifələrini təxirə salınmadan yerinə yetirməyə imkan verən tədbirlər barədə razılığa gəlmək məqsədilə dərhal məsləhətləşmələrə başlayırlar. Belə tədbirlərə Komitə tərəfindən baş çəkilməsi nəzərdə tutulan şəxsin digər yerə keçirilməsi daxil edilə bilər. Baş çəkmə baş tutmayana qədər, Tərəf Komitəyə onu maraqlandıran hər hansı bir şəxs barəsində məlumat verməyə borcludur.

Maddə 10.

1. Hər baş çəkmədən sonra Komitə baş çəkmə vaxtı müəyyən edilmiş faktlar barəsində, maraqlı Tərəfin təqdim edə bildiyi bütün iradlar nəzərə alınmaqla, məruzə tərtib edir. O sonuncuya Komitənin nöqteyi-nəzərindən zəruri sayılan tövsiyələr daxil olmaqla məruzə göndərir. Zəruri hallarda Komitə azadlıqdan məhrum edilmiş şəxslərin müdafiəsinin yaxşılaşdırılmasına dair təkliflərin verilməsi məqsədilə, Tərəflə məsləhətləşmələrə başlaya bilər.

2. Əgər Tərəf əməkdaşlığa başlamırsa və ya Komitənin tövsiyələri ilə əlaqədar vəziyyəti düzəltməkdən imtina edirsə, Komitə, Tərəfə öz mövqeyini izah etmək imkanını verdikdən sonra, üzvlərin üçdə iki çoxluğu ilə qərar qəbul edə bilər və bu barədə açıq bəyanat verə bilər.

Maddə 11.

1. Baş çəkmə ilə əlaqədar Komitə tərəfindən əldə edilən məlumat, onun məruzəsi və onun Tərəflə məsləhətləşmələri məxfi xarakter daşıyır.

2. Komitə öz məruzəsini maraqlı Tərəfin iradları və sonuncunun xahişilə istənilən vaxtda elan edir.

3. Lakin şəxsi xarakter daşıyan heç bir məlumat maraqlı şəxsin razılığı olmadan elan edilə bilməz.

Maddə 12.

Komitə hər il 11-ci Maddədə nəzərdə tutulmuş məxfiçilik qaydalarına riayət etmək şərtilə, Nazirlər Komitəsinə öz fəaliyyəti barəsində ümumi hesabat təqdim edir, hesabat Məşvərətçi Məclisə verilir və elan edilir.

Maddə 13.

Komitə üzvləri, ekspertlər və Komitəyə köməklik göstərən digər şəxslər istər fəaliyyət dövründə, istər bundan sonrakı dövrdə onlara vəzifələrinin icrası ilə əlaqədar məlum olan faktlar və məlumatları məxfi saxlamağa borcludurlar.

Maddə 14.

1. Komitəyə köməklik göstərən şəxslərin adları 8-ci Maddənin 1-ci bəndinə uyğun olaraq Komitə tərəfindən göndərilən xəbərdarlıq məktubunda göstərilməlidir.

2. Ekspertlər onların hərəkətlərinə görə məsuliyyət daşıyan Komitənin göstərişlərinə uyğun fəaliyyət göstərirlər. Onlar bu Konvensiya ilə əhatə edilən sahələrdə xüsusi biliklərə və təcrübəyə malik olmalı və Komitə üzvləri kimi müstəqil, qərəzsiz olmalı və öz vəzifələrini səmərəli icra etmək qabiliyyətində olmalıdırlar.

3. İstisna hallarda Tərəf, Komitəyə köməklik göstərən ekspertə və ya digər şəxsə onun yurisdiksiyası hüdudlarında olan müvafiq yerə baş çəkmədə iştirakına icazə verilməməsini elan edə bilər.

IV fəsil

Maddə 15

Hər bir Tərəf Komitəyə öz hökuməti üçün xəbərdarlıq (bildiriş) məktublarının alınması üzrə səlahiyyətli dövlət orqanının adını və ünvanını və əlaqələndirmə üçün təyin edə biləcəyi vəzifəli şəxsin adını bildirir.

Maddə 16.

Komitə, onun üzvləri və 7-ci Maddənin 2-ci bəndində göstərilən ekspertlər, bu Konvensiyanın Əlavəsində nəzərdə tutulmuş imtiyazlardan və toxunulmazlıq hüququndan istifadə edirlər.

Maddə 17.

1. Bu Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərin daha geniş müdafiəsini müəyyən edən daxili qanunun və ya beynəlxalq sazişlərin müddəalarına zərər vurmur.

2. Bu Konvensiyada heç bir şey İnsan Hüquqlarına dair Avropa Konvensiyasının orqanlarının səlahiyyətini və ya bu Konvensiya ilə Tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin məhdudlaşdırılması və ya azaldılması kimi şərh edilə bilməz.

3. Komitə 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyası və ona 8 iyun 1977-ci il tarixli Əlavə Protokollar əsasında Himayəçi Dövlətlərin və ya Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri və nümayəndə heyətləri tərəfindən mütəmadi olaraq effektiv baş çəkilən yerlərə baş çəkmir.

V fəsil

Maddə 18

Bu Konvensiya Avropa Şurasının üzv Dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır. O, ratifikasiya, qəbul və ya təsdiq olunmalıdır. Ratifikasiya haqqında fərmanlar, qəbul və ya təsdiq olunma barədə sənədlər saxlanmaq üçün Avropa Şurasının Baş Katibinə təhvil verilir.

Maddə 19.

1. Bu Konvensiya 18-ci Maddənin müddəalarına uyğun olaraq Avropa Şurasının yeddi üzv Dövlətinin bu Konvensiya ilə müəyyən edilmiş öhdəlikləri üzərlərinə götürəcəkləri barədə razılıqlarını bildirdikləri gündən üç ay keçdikdən sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

2. Bu Konvensiya ilə müəyyən edilmiş öhdəlikləri üzərlərinə götürəcəkləri barədə sonradan razılıqlarını bildirən hər bir üzv Dövlət üçün Konvensiya ratifikasiya fərmanının yaxud qəbul və ya təsdiq edilmə barədə sənədin saxlanmaq üçün verildiyi gündən üç ay keçdikdən sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

Maddə 20.

1. Hər bir Dövlət imzalanma və ya ratifikasiya fərmanının, yaxud qəbul və ya təsdiq etmə barədə sənədin saxlanmaq üçün verildiyi vaxt bu Konvensiyanın tətbiq edildiyi ərazini və ya əraziləri müəyyən etmək hüququna malikdir.

2. Hər bir Dövlət sonradan hər hansı bir vaxtda Avropa Şurasının Baş Katibinə ünvanlanmış bəyannaməsində müəyyən etdiyi hər hansı digər əraziyə bu Konvensiyanın təsirini aid etmək hüququna malikdir. Bu ərazi haqqında Konvensiya həmin deklarasiya Baş Katib tərəfindən alınan gündən üç ay keçdikdən sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

3. Yuxarıda göstərilən iki paraqrafa uyğun tərtib edilmiş deklarasiya, Baş Katibə xəbərdarlıq məktubu göndərmək yolu ilə belə deklarasiya ilə müəyyən edilən hər hansı bir ərazi barəsində geri çağırıla bilər.

Baş Katib tərəfindən belə bir xəbərdarlıq məktubu alınan gündən üç ay keçdikdən sonra geri çağırılma qüvvəyə minir.

Maddə 21.

Bu Konvensiyanın müddəalarına dair heç bir qeyd-şərtə yol verilmir.

Maddə 22.

1. Hər bir Tərəf istənilən vaxt Avropa Şurasının Baş Katibinə xəbərdarlıq məktubu göndərməklə bu Konvensiyanı denonsasiya edə bilər.

2. Belə denonsasiya Baş Katib tərəfindən xəbərdarlıq məktubu alınan gündən on iki ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

Maddə 23.

Avropa Şurasının Baş Katibi Avropa Şurasının üzv Dövlətlərini aşağıdakılar barədə xəbərdar edir:

a. hər bir imzalanma barədə;

b. hər bir ratifikasiya fərmanının, qəbul və ya təsdiq etmə barədə sənədin saxlanma üçün qəbul edilməsi barədə;

c.19-cu və 20-ci Maddələrə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minməsinin tarixi barədə;

d. 8-ci və 10-cu Maddələrə uyğun olaraq həyata keçirilən hərəkətlər istisna olmaqla, bu Konvensiyaya aid olan hər bir hərəkət, xəbərdarlıq və ya məlumat barədə. Bunun təsdiqi kimi tələb edilən qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Konvensiyanı təsdiq edərək, imzaladılar.

26 noyabr 1987-ci il tarixdə bir nüsxədə ingilis və fransız dillərində Strasburqda tərtib edilmiş, hər iki mətn autentikdir, Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş Katibi təsdiq edilmiş nüsxələri Avropa Şurasının hər bir üzv Dövlətinə göndərir.

iacca
iap
business ready
eplc
Ən Tez