Ədliyyə tarixi

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilmişdir.

Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında", ADR-in yaranmasından il yarım keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır.

1920-ci il aprel ayında Sovet Rusiyasının XI ordusu Azərbaycan Xalq Cümhuriyyətini işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunmuş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilmiş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

İfrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır.

Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyinə vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.

Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilərək həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.


Azərbaycan ədliyyəsinin tarixi muzeyi

Əsrlər boyu xalqımız böyük tarixi yol keçibdir.
Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
Şübhəsiz ki, tariximizin parlaq səhifələri də,
qaranlıq səhifələri də var, faciəli səhifələri də var

Heydər Əliyev

Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, bu orqanın ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq, ədliyyə orqanlarının yaxşı ənənələrini qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək, kadrları, xüsusilə kadrların gənc nəslini bu orqanın qabaqcıl ənənələri ruhunda tərbiyə etmək, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə Azərbaycan ədliyyəsinin tarixi Muzeyinin yaradılması haqqında 16 avqust 2001-ci il tarixdə Nazirlik üzrə əmr imzalanmışdır. Həmin əsrə əsasən ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə təşkil olunmuş xüsusi Komissiya tərəfindən qısa müddətdə tarixi araşdırmalar aparılaraq, müxtəlif sənəd və digər əşyalardan ibarət zəngin muzey fondu

toplanılmış, 2001-ci il noyabrın 22-də - Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş ədliyyə işçilərinin peşə bayramı günündə muzeyin təntənəli açılışı olmuşdur.

İki zalda yerləşməklə, 20 bölmədən ibarət olan Muzeyin ilk ekspozisiyasında dünya məhkəmə tarixinin ibtidai icma quruluşundan bu günkü beynəlxalq məhkəmələrə qədər keçdiyi yol və s. barədə yığcam məlumatlar verilir.

Muzeyin 2-ci bölməsi qədim Azərbaycanın hüquq tarixinə həsr edilmişdir. Bölmədə bəşəriyyətin ən qədim kitablarından biri olan Avesta, həmçinin Azərbaycanın qədim xalq eposu Kitabi-Dədə Qorqud, dünya, eləcə də Azərbaycan hüquq tarixində mühüm rol oynamış müsəlman hüququnun əsas mənbəyi sayılan müqəddəs Qurani-Kərim haqqında məlumatlar əksini tapıb. Burada, həmçinin öz əsərlərində ədalət və qanunların cəmiyyətdəki rolu barədə dahi Azərbaycan şairləri Nizami, Füzuli, Nəsimi və başqa mütəfəkkirlərin fikirlərindən bəhs edilir. XV-XVIII əsrlərdə fəaliyyət göstərmiş Divanxana (Dövlət Şurası) və həmin dövrlərə aid ədalət mühakiməsi ilə bağlı digər məsələlər haqqında tarixi məlumatlar bu bölmədə cəmləşmişdir.

Muzeyin 3-cü bölməsi Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonrakı dövrün (XIX əsrin əvvəllərindən 1917-ci ilədək) ədliyyə, məhkəmə və hüquq tarixinə həsr edilmişdir.

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycanın ədliyyə tarixinin ən şərəfli dövrü 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Bu dövr muzeyin 4-cü və 5-ci bölmələrində əks olunmuşdur.

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və nazirlik indiki Səadət Sarayının binasında yerləşmişdir (üzlükdə).

Məhz həmin hadisələr haqqında məlumatlar və həmçinin, Nazirlər Şurasının 22 noyabr 1918-ci ildə qəbul etdiyi Nazirliyin Əsasnaməsi, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı sənədlər, fotoşəkillər və s. muzeyin bu bölmələrinin ekspozisiyasının əsas hissəsini təşkil edir.

S.Şaumyan başda olmaqla, daşnak silahlı birləşmələrinin və erməni quldur dəstələrinin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda və başqa regionlarda xalqımıza qarşı törətdikləri və 50 mindən artıq azərbaycanlının ölümünə səbəb olan milli qırğına dair sənədlər həmin dövrdə baş verən hadisələr barədə düzgün təsəvvür yaratmağa imkan verir.

Muzeyin 6-7-ci bölmələrndə 1920-ci il aprelin 27-28-də bolşevik Rusiyasının suveren Azərbaycan Respublikasının ərazisini işğal etməsi, Azərbaycan xalqının müstəqilliyinə son qoyması və Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının 1920-30-cu illərdəki fəaliyyəti ilə bağlı sənədlər və eksponatlar yerləşdirilmişdir.

Azərbaycanda siyasi repressiyaları özündə əks etdirən məlumat və sənədlər muzeyin növbəti - 8-ci bölməsinin ekspozisiyasını təşkil edir. Burada göstərilir ki, həmin illərdə Azərbaycanda minlərlə insan, o cümlədən, Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri, həmçinin ədliyyə işçiləri məhv edilmiş, ölüm düşərgələrinə salınaraq, siyasi repressiyalara məruz qalmışdır.

İkinci dünya müharibəsi illərində Azərbaycan ədliyyəsi tarixi və Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın 1948-53-cü illərdə öz doğma yerlərindən deportasiya edilməsi, 1930-1940-cı illərin hüquq-mühafizə orqanları işçilərinin xidməti kabinetinin maketi, Azərbaycan ədliyyəsinin Böyük Vətən müharibəsindən sonrakı dövr (1945-1959-cu illər) tarixi barədə materiallar müvafiq olaraq 9-12-ci bölmələrdə yerləşdirilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edildikdən sonra Nazirliyin yenidən yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Bununla bağlı sənədlər və s. materiallar muzeyin 13-cü bölməsinin ekspozisiyasını təşkil edir.

Azərbaycan xalqının milli azadlıq hərəkatında qanlı iz qoymuş 20 Yanvar faciəsi ilə bağlı materialların öz əksini tapdığı 14-cü bölmədəki ekspozisiyadan bir daha məlum olur ki, Sovet imperiyasının rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritmiş, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, xalqımıza qarşı ağır cinayətlər törətmişlər.

1987-ci ilin sonlarından başlayaraq, süni surətdə ortaya atılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasının əsl səbəbləri və kökləri barədə düzgün təsəvvür yaradan 15-ci bölmədəki materiallarda ölkə ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanda 20 min nəfərdən artıq vətəndaşımızın həlak olması, ölkəmizə əvəzsiz mənəvi və təqribən 60 milyard ABŞ dolları məbləğində maddi ziyan dəyməsi barədə ətraflı məlumat verilir.

1988-ci ildən başlayaraq, Dağlıq Qarabağdan, o cümlədən Ermənistandan zorla qovulmuş soydaşlarımızın qarşılaşdıqları dözülməz vəziyyət və həmin dövrün hadisələrini əks etdirən materiallar muzeyin 15-ci bölməsində nümayiş etdirilir.

Muzeyin mərkəzi bölmələri (16, 17, 18-ci bölmələr) ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə ikinci qayıdışından sonrakı dövrü əhatə edən çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur. Bu bölmələrdə təqdim olunan 1994-cü il (oktyabr) və 1995-ci il (mart) dövlət çevrilişi cəhdlərinin dəf edilməsində, yeni Konstitusiyanın qəbulunda, eləcə də ölkəmizin Avropa Şurasına qəbul olunmasında, dövlətimizin beynəlxalq nüfuzunun yüksəldilməsində ölkə başçısının titanik fəaliyyəti, həmçinin Azərbaycan dövlət müstəqilliyinin 10-cu ildönümü, ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 9-10 noyabr 2001-ci il tarixdə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı, Qurultayın İnsan hüquqları və beynəlxalq münasibətlər Komissiyasının ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirlikdə keçirilmiş iclası ilə bağlı sənədlər, fotoşəkillər və digər materiallar muzeyin ekspozisiyasında xüsusi yer tutur. Məhz bu tarixi Qurultayın iştirakçıları muzeylə tanış olan ilk şəxslər olmuşlar.

Muzeyin növbəti - 19-cu bölməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bugünkü fəaliyyətinə, ölkədə aparılan hüquqi islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarına həsr edilmişdir.

Həmçinin, burada ədliyyə nazirinin başçılığı ilə ədliyyənin beynəlxalq münasibətlərinin genişləndirilməsini, rəhbərliyin mühüm xarici səfərləri və mötəbər beynəlxalq tədbirlərdə iştirakı, xüsusən də ədliyyə nazirinin BMT-nin Cinayatkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 11-ci Konqresinin birinci Vitse-Prezidenti seçilməsi, eləcə də keçirdiyi görüşləri, Nazirliyin son illər xeyli genişlənən ikitərəfli əlaqələri, o cümlədən Türkiyə, Niderland, Fransa, İtaliya, Rusiya, Ukrayna, Litva, İran və başqa dövlətlərlə qarşılıqlı hüquqi əməkdaşlığını əks etdirən, Nazirlikdə və tabe qurumlarda görülən işlər, Nazirliyin idman şərəfini qoruyan idmançılarımızın uğurları və habelə hüquq siyasətinin həyata keçirilməsində aparıcı rol oynayan Ədliyyə Nazirliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı materiallar nümayiş etdirilir.

Azərbaycanın 1918-ci ildən başlayaraq bütün ədliyyə nazirlərinin və xalq ədliyyə komissarlarının siyahısı da xüsusi lövhədə xronoloji ardıcıllıqla muzeyin sonuncu - 20-ci bölməsində öz əksini tapmışdır.

Ədliyyə tarixi Nazirliyin Hüquq-Tədris Mərkəzində təşkil edilən kurslarda ayrıca mövzu kimi tədris olunur və dinləyicilər kurs çərçivəsində muzeylə tanış olurlar.

Muzeylə tanış olan qonaqlar, o cümlədən Türkiyə, Avstriya, İtaliya, Litva, Ukrayna ədliyyə nazirləri; digər dövlətlərin hökumət üzvləri, Tailandın və Çinin Baş prokurorları; Avstriyanın Ali Məhkəməsinin sədri, İNTERPOLUN Baş Katibi, BMT-nin İnsan hüquqları üzrə Komissarının müavini və yüksək səviyyəli rəsmiləri, Avropa Şurasının Baş Katibi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri, İnsan hüquqları üzrə Avropa Komissarı, ATƏT-in İnsan hüquqları və demokratik təsisatlar bürosunun direktoru, bir çox digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri və xarici dövlətlərin görkəmli siyasi xadimləri xatirə kitabında ürək sözlərini yazaraq Azərbaycan ədliyyəsinin zəngin tarixi olduğunu vurğulamış, qısa müddət ərzində uğurlu hüquqi islahatların aparılması, həmçinin demokratiyanın inkişafı, insan hüquqlarının təminatı və məhkəmə sisteminin müasirləşdirilməsi sahələrində böyük nailiyyətlərin əldə olunduğunu qeyd etmişlər.

Ümumiyyətlə, muzeyin ekspozisiyası 700-dən çox müxtəlif sənəd, əşya, maket, poçt markası, orden-medal, odlu silah və digər materiallar, o cümlədən, 340 fotoşəkildən ibarətdir.

Muzey üçün tarixi və elmi əhəmiyyət kəsb edən sənəd və digər materialların toplanması işi hazırda da davam etdirilir. Bu işdə ədliyyə və məhkəmə orqanlarının bütün əməkdaşlarının, həmçinin ədliyyə veteranlarının yaxından köməyi xüsusilə vurğulanmalıdır.

iacca
iap
business ready
eplc
Ən Tez