Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemi



Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.

Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğu nəzərə alınaraq, ölkə başçımız cənab İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 19 yanvar 2006-cı il və 15 iyul 2010-cu il tarixli fərmanlarla bu sahədə institusional islahatlar davam etdirilmişdir.

Belə ki, regionların sosial-iqtisadi inkişafı şəraitində ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə yaşayan insanların məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir.

2010-cu ildə isə respublika üzrə vahid olan ağır cinayətlər məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı ümumilikdə 5 olmuş, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir.

Eyni zamanda məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri kimi ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilərək, 2011-ci ildən ölkəmizin 7 bölgəsində dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır.

İslahatlar həyata keçirilərkən Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması nəzərə alınaraq əhali üçün əlverişli şəraitin yaradılması məqsədilə orada da yeni məhkəmələr təsis olunmuş, Muxtar Respublikanın Ali Məhkəməsi tam apellyasiya instansiyası xarakteri almışdır.

Ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ölkəmizdə məhkəmə islahatlarının yeni mərhələsini təşkil etməklə, məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsini və məhkəmə sisteminin inkişafını şərtləndirmişdir.

Belə ki, həmin fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində digər mühüm tədbirlərlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradılmışdır.

Həmin məhkəmələr 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır.

Hazırda Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər:

  • rayon (şəhər) məhkəmələri;
  • ağır cinayətlər məhkəmələri;
  • Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi;
  • hərbi məhkəmələr;
  • inzibati məhkəmələr;
  • kommersiya məhkəmələri;
  • Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
  • apelyasiya məhkəmələri;
  • Azərbaycan Respublikasının Ali Məhkəməsi

iacca
iap
business ready
eplc
Ən Tez