İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Konvensiyaya və onun birinci Protokoluna artıq daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin olunmasına dair 4 saylı Protokolu

Strasburq, 16.IX.1963

Avropa Şurasının üzvü olub, bunu imzalayan hökumətlər, 4 noyabr 1950-ci ildə Romada imzalanmış İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (sonradan Konvensiya adlanacaq) I bölməsinə və 20 mart 1952-ci ildə Parisdə imzalanmış Konvensiyanın Birinci Protokolunun 1-3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda addımlar atmaq üçün qətiyyət göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması

Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz.

Maddə 2. Hərəkət etmək azadlığı

1. Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var.

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.

4. Birinci bəndə daxil edilmiş hüquqlar xüsusi ərazilərdə qanuna müvafiq olaraq və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər.

Maddə 3. Vətəndaşların məcburi çıxarılmasının qadağan olunması

1. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya kollektiv qaydada çıxarıla bilməz.

2. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan məhrum edilə bilməz.

Maddə 4. Əcnəbilərin kollektiv çıxarılmasının qarşısının alınması

Əcnəbilərin kollektiv çıxarılması qadağandır.

Maddə 5. Ərazi tətbiqi

1. Hər hansı Razılığa gələn Yüksək Tərəf bu Protokolun imzalanması, yaxud ratifikasiyası zamanı və ya sonradan istənilən vaxt Avropa Şurasının Baş Katibinə bu Protokolun müddəalarının beynəlxalq əlaqələrinə görə məsuliyyət daşıdığı, orada adı çəkilən ərazilərə şamil ediləcəyi ilə bağlı öhdəliklərinin çərçivəsini təsdiq edən bəyanat göndərir.

2. Əvvəlki maddənin müddəalarına müvafiq olaraq bəyanat göndərmiş hər hansı Razılığa gələn Yüksək Tərəf zaman keçdikcə istənilən əvvəlki bəyanatın şərtlərinin dəyişilməsi və ya hər hansı əraziyə münasibətdə bu Protokolun müddəalarının tətbiqinin dayandırılması haqqında yeni bəyanat göndərə bilər.

3. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat kimi nəzərdən keçirilir.

4. Bu Protokolun ratifikasiyası və ya hər hansı dövlətin onu qəbul etməsi əsasında tətbiq olunduğu həmin dövlətin ərazisi və bu maddənin müddəalarına müvafiq olaraq, həmin dövlətin bəyanatı əsasında bu Protokolun tətbiq olunduğu hər bir ərazi 2 və 3-cü maddələrdə dövlətin ərazisinə istinad məqsədilə, ayrı-ayrı ərazilər kimi nəzərdən keçirilir.

5. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə ərazinin adından Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun bütün maddələri və ya 1-dən 4-ə qədər hər hansı maddəsi ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.

Maddə 6. Konvensiya ilə müqayisə

Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1-5-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri kimi nəzərdən keçirirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.

Maddə 7. İmzalanma və ratifikasiya

1. Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurasına üzvləri tərəfindən imzalanmaq üçün açıqdır; o, Konvensiyanın ratifikasiyası ilə eyni zamanda və ya bundan sonra ratifikasiya oluna bilər. O, on ratifikasiya sənədi saxlanmaya verildikdən sonra qüvvəyə minir. Sonradan ratifikasiya edən hər bir dövlət üçün, Protokol ratifikasiya sənədlərini saxlanmaya verdikləri tarixdən qüvvəyə minir.

2. Ratifikasiya sənədləri Avropa Şurasının Baş Katibinə saxlanmaya verilir, o, ratifikasiya edənlərin adları haqqında bütün üzvləri xəbərdar edir.

Buna şahidlik edərək, lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

16 sentyabr 1963-cü ildə Strasburq şəhərində, hər iki mətni bərabər autentik olmaqla, ingilis və fransız dillərində, Avropa Şurasının arxivində saxlanacaq bir nüsxədə icra olunmuşdur. Avropa Şurasının Baş Katibi təsdiq olunmuş nüsxələri hər bir imzalayan dövlətlərə göndərəcəkdir.

iacca
iap
business ready
eplc
Ən Tez