Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.
Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur. Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də təbiətin mühafizəsini, ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası ulu öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin birinci hissəsinin 9-cu bəndində ekologiya məsələləri ilə əlaqədar bələdiyyələrin səlahiyyətləri də təsbit olunmuşdur. Belə ki, bu müddəada qeyd edilir ki, bələdiyyələr öz ərazi hüdudlarında yerli ekoloji proqramların qəbul olunmasını və onların icrasını təmin edir.
Ekologiyanın qorunması dövlətin vəzifəsi olmaqla yanaşı, vətəndaşların da borcudur. Sağlam mühitdə yaşamaq istəyi onun qorunması üçün bütün güc və imkanların birləşdirilərək vahid məqsədə yönəldilməsini tələb edir.
Yerli özünüidarə orqanları da bu sahədə müəyyən hüquq və vəzifələr daşıyırlar. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları müvafiq qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə, bələdiyyələr yerli ekoloji proqramlar tərtib edə bilərlər. Bu proqramlarda məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçiril-məsinə yardım göstərirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalar”ın 10.5-ci bəndinə görə, bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ətraf mühitin qorunması və sağlamlaşdırılmasında yaşıllıqların artrılması və qorunması da çox mühümdür. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Res-publikası Qanununun 8-ci maddəsində yaşıllıqlarınmühafizəsi sahəsində bələdiyyələrin də vəzifələri müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşıllıqların mühafizəsi sahə-sində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
-yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;
-yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;
-mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, kadastrını və monitorinqini aparmaq;
-yaşıllıqların mühafizəsiməqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;
-müvafiq icra hakimiyyəti orqanı (karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinə münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, digər hallarda isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elmi-praktiki dəstəyi ilə yerli icra hakimiyyəti orqanları) ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizəaparmaq və s.
Su münasibətlərinin tənzimlənməsi sahəsində də bələdiyyələrin müəyyən səlahiyyətləri vardır. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 19–cu maddəsinə əsasən su münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
-sulara zərərli maddələrin təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
-tullantı sularının təmizlənməsi, zəruri hallarda onların təkrar istifadəyə verilməsi işini təşkil etmək;
-qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə ölkə başçısı tərəfindən bir sıra mühüm sənədlərin qəbul edilməsi bu sahənin ölkədə prioritet olduğunu göstərir. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı və ya bu qəbildən olan tədbirləri özündə əks etdirən üzunmüddətli proqramlardan biri də ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”dir. Burada ətraf mühitin qorunması, təbii resursların mühafizəsi və təbii-iqlim amillərinin kənd təsərrüfatına təsirlərinin idarə olunması sisteminin yaradılması nəzərdə tutlmuşdur. Bu sənəddə ətraf mühitin qorunmasında ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasının önəmli yer tutması qeyd edilir.
Strateji Yol Xəritəsinin Tədbirlər Planında bələdiyyələrin də iştirakı nəzərdə tutulur. Belə ki,ekoloji təmiz məhsul istehsalının təşviqi (7.4.2-ci bənd), ekoloji təmiz məhsul istehsal edən fermerlərin formalaşdırılması (7.4.3-cü bənd), ekoloji təmiz kənd təsərrüfatı məhsulları bazarının inkişaf etdirilməsi (7.4.4-cü bənd) tədbirlərinin əsas icraçısı digər dövlət orqanları olsalar da, bu tədbirlərin icrasında iştirak etmək bələdiyyələrə də tövsiyə edilmişdir.
Bununla yanaşı, Strateji Yol Xəritəsində bələdiyyələrə torpaqdan səmərəli istifadənin təmini və torpaqların rekultivasiyası üzrə tədbirlərin həyata keçirilməsi (7.3.2-ci bənd) tövsiyə edilmişdir.
Bu baxımdan, qeyd olunmalıdır ki, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində torpaqların münbitliyinin təmin olunması sahəsindəbələdiyyələrin aşağıdakı vəzifələri göstərilir:
- torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət siyasətinə əməl etmək;
- bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul etmək;
- torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində yerli proqramlar hazırlamaq, həyata keçirmək və icrasına nəzarət etmək;
- bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul etmək;
- torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət orqanları və beynəlxalq təşkilatlar qarşısında müvafiq məsələlər qaldırmaq;
- yerli büdcələrin tərkibində torpaqların münbitliyinin təmin olunması sahəsində xərclər müəyyənləşdirmək və onların maliyyələşdirilməsini həyata keçirmək;
- öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək;
- öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarını səmərəli istifadəsinə və münbitliyinin mühafizəsinə nəzarət etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə onların səlahiyyətlərinə aid edilmiş digər vəzifələri həyata keçirmək.
Sözügedən qanunlardan başqa bələdiyyələrin səlahiyyətləri ayrıca maddələrlə Torpaq Məcəlləsində (maddə 8), “Ekoloji təhlükəsizlik haqqında” (maddə 6), “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” (maddə 15), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” (maddə 6) və ətraf mühitə dair digər sahə qanunlarında verilir.
Təcrübədə bir sıra bələdiyyələr ekoloji mühitin qorunmasında iştirak etsələr də, onların iştirakı proqram xarakterli olmadığı üçün ardıcıl olmur. Ona görə də, hər bir bələdiyyə öz ərazisində ekoloji problemləri öyrənməli və onların həlli üçün proqram qəbul etməli, yerli büdcədə bu proqramın icrasına yönələcək xərcləri müəyyən etməlidir.
Həmçinin belə proqramların maliyələşməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr birdəfəlik ödənişlər tətbiq edə bilərlər.
Göstərilənləri nəzərə alaraq, bələdiyyələrə ətraf mühitin qorunmasında aktiv iştirak etmələri və qanunla onların üzərinə qoyulmuş vəzifələri düzgün icra etmələri tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi