Uşaq hüquqları haqqında Konvensiyaya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakultativ Protokol

Nyu-York, 6 sentyabr 2000-ci il

Bu Protokolun iştirakçısı olan dövlətlər, uşaq hüquqlarının həvəsləndirilməsi və müdafiəsi işinə xidmətə geniş yayılmış hazırlığını sübut edən Uşaq hüquqları haqqında Konvensiyanın gündəlik dəstəklənməsindən ruhlanaraq,

uşaq hüquqlarının xüsusi müdafiəyə ehtiyacı olmasını bir daha dəstəkləyərək, onların vəziyyətinin getdikcə yaxşılaşdırılmasının və həmçinin onların sülh və əmin-amanlıq şəraitində inkişafı və təhsil almasının təmininə çağıraraq,

silahlı münaqişələrin uşaqlara çox zərərli və geniş miqyaslı təsirindən, həmçinin möhkəm sülh, təhlükəsizlik və inkişaf üçün uzunmüddətli mənfi nəticələrindən narahatlıq keçirərək,

silahlı münaqişə şəraitində uşaqlara qəsdi, həmçinin beynəlxalq hüquqa uyğun olaraq müdafiə olunan obyektlərə , o cümlədən məktəb və xəstəxanalar kimi adətən çoxlu sayda uşaqlar olan yerlərə bilavasitə hücumu ittiham edərək,

Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun qəbulunu və xüsusilə onda 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət qismində təsnif olunmasını qeyd edərək,

Uşaq hüquqları haqqında Konvensiyada tanınmış hüquqların daha effektli şəkildə həyata keçirilməsinə dəstək verilməsi məqsədi üçün uşaqları silahlı münaqişələrdə iştirakdan qorumanın gücləndirilməsini zəruri hesab edərək,

Uşaq hüquqları haqqında Konvensiyanın 1-ci maddəsinin bu Konvensiyanın məqsədləri üçün 18 yaşına çatmamış hər bir insan məxluqunun uşaq olduğunu, əgər həmin uşağa şamil olunan qanuna görə o yetkinlik yaşına erkən çatmayırsa, nəzərdə tutulmasını qeyd edərək,

Şəxslərin silahlı qüvvələrə çağırışının və onların hərbi əməliyyatlarda iştirakının mümkün yaş həddini artıran Konvensiyaya dair fakultativ Protokolun, uşaqlara aid olan bütün hərəkətlərdə uşağın maraqlarının ən yaxşı təmininə ilkin diqqət ayrılmalı olmasını nəzərdə tutan prinsipin effektiv şəkildə həyata keçirilməsinə yardım edəcəyinə əmin olaraq,

Qırmızı Xaç və Qırmızı Ayparanın 1995-ci ilin dekabrında keçirilmiş iyirmi altıncı Beynəlxalq Konfransının, xüsusən münaqişə tərəfləri ilə 18 yaş həddinə çatmamış uşaqların hərbi əməliyyatlarda iştirak etməməsinin təmin edilməsi məqsədi ilə istənilən mümkün addımların atmasını tövsiyə etməsini qeyd edərək,

Silahlı münaqişələrdə istifadə olunması üçün uşaqların zorakı və məcburi şəkildə cəlb edilməsini qadağan edən Beynəlxalq Əmək Təşkilatının uşaq əməyinin ən ağır formalarının qadağan olunması və kökünün kəsilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında 182 saylı Konvensiyanın 1999-cu ilin iyununda yekdilliklə qəbul olunmasını alqışlayaraq,

Uşaqların dövlət daxilində və onun hüdudlarından kənarda dövlətin silahlı qüvvələrindən fərqli olan silahlı qruplarla hərbi əməliyyatlara cəlb edilməsi, təlimi və istifadə olunmasını dərin narahatçılıqla ittiham edərək və uşaqları bu məqsədlərlə təlim edən və istifadə edənlərin məsuliyyətini dərk edərək,

silahlı münaqişənin hər bir tərəfinin beynəlxalq humanitar hüququn müddəalarına riayət etməsi öhdəliyini xatırlayaraq,

bu Protokolun 51-ci maddəsi və humanitar hüququn müvafiq normaları da daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində olan prinsip və məqsədlərə xələl gətirməməsini qeyd edərək,

Nizamnamədə ifadə olunmuş məqsəd və prinsiplərə tam şəkildə hörmət edilməyə və insan hüquqları sahəsində tətbiq olunan müqavilələrə riayət edilməyə əsaslanmış sülh və təhlükəsizlik şəraitinin, xüsusilə silahlı münaqişə və xarici işğal zamanı uşaqların tam müdafiəsi üçün mütləq şərt olmasını nəzərə alaraq,

iqtisadi və ya sosial, yaxud cinsi ilə əlaqədar olaraq, bu Protokola zidd şəkildə hərbi əməliyyatlara cəlb edilməyə və istifadə olunmaya münasibətdə xüsusilə həssas olan uşaqların məxsusi ehtiyaclarını etiraf edərək,

uşaqların silahlı münaqişələrdə iştirakının iqtisadi, sosial və siyasi səbəblərinin nəzərə alınması zəruriyyətini unutmayaraq,

bu Protokolun həyata keçirilməsində və həmçinin silahlı münaqişələrin qurbanı olmuş uşaqların fiziki və psixoloji reabilitasiyası və sosial inteqrasiyası işində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyinə inanaraq,

cəmiyyətin və xüsusilə uşaqların və zərər çəkmiş uşaqların Protokolun həyata keçirilməsinə aid olan məlumatın yayılmasında və tədris proqramlarında iştirakını dəstəkləyərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

İştirakçı-dövlətlər onların silahlı qüvvələrinin 18 yaş həddinə çatmamış hərbi qulluqçularının birbaşa hərbi əməliyyatlarda iştirak etməməsini təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.

Maddə 2

İştirakçı-dövlətlər 18 yaş həddinə çatmamış şəxslərin onların silahlı qüvvələrinə məcburi çağırışa cəlb edilməməsini təmin edirlər.

Maddə 3

1. İştirakçı-dövlətlər bu maddənin prinsiplərini nəzərə alaraq və Konvensiyaya uyğun olaraq 18 yaşına çatmamış şəxslərin xüsusi müdafiə hüquqları olmasını dərk edərək, Uşaq hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinin 3-cü bəndində göstərilən yaş həddi ilə müqayisədə öz silahlı qüvvələrinə könüllü çağırışın minimal yaş həddini artırırlar.

2. Hər bir iştirakçı-dövlət bu Protokolun ratifikasiyası zamanı və ya ona qoşularkən, öz milli silahlı qüvvələrində könüllü xidmət üçün icazə verilən minimal yaş həddi göstərilmiş və belə xidmətin zorakı və ya məcburi xarakter daşımasını təmin etmək üçün dövlətin verdiyi zəmanət ifadə edilmiş məcburi xarakterli bəyanat verməlidir.

3. 18 yaş həddinə çatmamış şəxslərin onların silahlı qüvvələrinə könüllü çağırışına yol verən iştirakçı-dövlətlər zəmanət verirlər ki, onlar minimum olaraq aşağıdakıları təmin edəcəklər:

(a) belə çağırış həqiqətən könüllü xarakter daşısın;

(b) belə çağırış şəxsin valideynləri və qanuni qəyyumlarının şüurlu razılığı ilə həyata keçirilsin;

(s) belə şəxslər bu cür hərbi xidmətlə bağlı olan mükəlləfiyyətlər barədə tam həcmdə məlumatlandırılmış olsunlar;

(d) belə şəxslər onların milli hərbi xidmətə qəbulundan əvvəl öz yaş həddləri haqqında etibarlı şəhadətnamə təqdim etsinlər.

4. Hər bir iştirakçı-dövlət istənilən zaman, bu barədə bütün iştirakçı-dövlətləri məlumatlandıran Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə ünvanlanmış müvafiq bildiriş göndərməklə öz bəyanatının müddəalarını gücləndirə bilər. Belə bildiriş onun Baş Katib tərəfindən alındığı gündən qüvvəyə minir.

5. Bu maddənin 1-ci bəndindəki yaş həddinin artırılmasına dair tələb, Uşaq hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrinə uyğun olaraq, iştirakçı-dövlətin silahlı qüvvələrinin tabeliyində və nəzarətin altında olan tədris müəssisələrinə şamil edilmir.

Maddə 4

1. Dövləti silahlı qüvvələrindən fərqli olan silahlı qruplar heç bir halda 18 yaş həddinə çatmamış şəxsləri hərbi əməliyyatlara cəlb etməməli və ya istifadə etməməlidirlər.

2. İştirakçı-dövlətlər belə çağırış və istifadənin qarşısının alınması məqsədilə, bu cür təcrübənin qadağan edilməsi və kriminallaşdırılması üçün zəruri olan hüquqi tədbirlər də daxil olmaqla bütün mümkün tədbirləri görürlər.

3. Bu maddənin tətbiqi Protokola uyğun olaraq, silahlı münaqişə tərəflərinin heç birinin hüquqi statusuna toxunmur.

Maddə 5

Bu Protokoldakı heç bir müddəa iştirakçı-dövlətin qanunvericiliyində və ya beynəlxalq müqavilələrdə, yaxud beynəlxalq humanitar hüquqda olan uşaq hüquqlarının həyata keçirilməsinə böyük dərəcədə yardım edən müddəaları istisna edən kimi təfsir edilə bilməz.

Maddə 6

1. Hər bir iştirakçı-dövlət bu Protokolun müddəalarının səmərəli şəkildə həyata keçirilməsi və tətbiq olunmasının təmini üçün öz yurisdiksiyası çərçivəsində bütün zəruri hüquqi, inzibati və digər tədbirləri görür.

2. İştirakçı-dövlətlər bu Protokolun prinsip və müddəalarının həm böyüklər, həm də uşaqlar arasında mövcud vasitələrlə geniş şəkildə yayılmasını və təbliğinin təmin olunmasını öhdəliyə götürürlər.

3. İştirakçı-dövlətlər onların yurisdiksiyası altında olan, bu Protokola zidd olaraq hərbi əməliyyatlara cəlb edilmiş və istifadə edilmiş şəxslərin tərxis olunması və ya digər şəkildə hərbi xidmətdən azad edilməsinin təmini üçün bütün mümkün tədbirləri görürlər. Zərurət yaranarsa iştirakçı-dövlətlər bu şəxslərin fiziki və psixoloji vəziyyətlərinin bərpası və həmçinin onların sosial inteqrasiyası üçün bütün lazımi köməkliyi göstərirlər.

Maddə 7

1. İştirakçı-dövlətlər bu Protokolun həyata keçirilməsi, o cümlədən Protokola zidd olan istənilən fəaliyyətin qarşısının alınması işində və bu Protokola zidd fəaliyyətlərin qurbanları olmuş şəxslərin, o cümlədən texniki əməkdaşlıq və maliyyə yardımı vasitəsi ilə reabilitasiyası və sosial reinteqrasiyası işində əməkdaşlıq edirlər. Belə yardım və əməkdaşlıq maraqlı iştirakçı-dövlətlərlə və müvafiq beynəlxalq təşkilatlarla məsləhətləşərək həyata keçiriləcəkdir.

Maddə 8

1. Hər bir iştirakçı-dövlət həmin Protokolun bu iştirakçı-dövlətə münasibətdə qüvvəyə minməsindən iki il müddətində Uşaq Hüquqları üzrə Komitəyə bu Protokolun müddəalarının həyata keçirilməsi ilə əlaqədar, iştirak və çağırışa aid olan müddəaların həyata keçirilməsi məqsədi ilə görülmüş tədbirlər də daxil olmaqla, onun tərəfindən görülən tədbirlər haqqında əhatəli məlumatı əks etdirən hesabat təqdim edir.

2. Ümumi əhatəli hesabatın təqdim olunmasından sonra hər bir iştirakçı-dövlət Konvensiyanın 44-cü maddəsinə uyğun olaraq Uşaq Hüquqları üzrə Komitəyə təqdim etdiyi hesabata Protokolun həyata keçirilməsinə aid olan istənilən əlavə məlumatı daxil edir. Protokolun digər iştirakçı-dövlətləri beş ildən bir hesabat təqdim edirlər.

3. Uşaq Hüquqları üzrə Komitə iştirakçı-dövlətlərin həmin Protokolun həyata keçirilməsinə aid olan əlavə məlumat üçün sorğu edə bilər.

Maddə 9

1. Bu Protokol Konvensiyanın iştirakçısı olan və ya onu imzalayan istənilən dövlət üçün imzalamağa açıqdır.

2. Bu protokol ratifikasiya olunmalıdır və istənilən dövlətin ona qoşulması üçün açıqdır. Ratifikasiya fərmanı və ya qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə depozitə qoyulması üçün təqdim olunur.

3. Konvensiya və protokolun depozitarı qismində çıxış edən Baş Katib, Konvensiyanın iştirakçısı olan bütün dövlətləri və Konvensiyanı imzalayan bütün dövlətləri 13-cü maddəyə uyğun olaraq, saxlanılma üçün təqdim olunan hər bir bəyanat barədə məlumatlandırır.

Maddə 10

1. Bu Protokol 10-cu ratifikasiya fərmanı və ya qoşulma haqqında sənədin depozitara saxlanmağa verilməsindən 3 ay sonra qüvvəyə minir.

2. Bu Protokol onu ratifikasiya edən və ya onun qüvvəyə minməsindən sonra qoşulan hər bir dövlətə münasibətdə, belə dövlətin ratifikasiya qramotası və ya qoşulma haqqında sənədi saxlanılmağa verildikdən bir ay sonra qüvvəyə minir.

Maddə 11

1. İstənilən iştirakçı-dövlət, istənilən zaman Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı bildirişlə Protokolu denonsasiya edə bilər ki, o da, bu barədə Konvensiyanın digər iştirakçı-dövlətləri və Konvensiyanı imzalamış bütün dövlətləri məlumatlandırır. Denonsasiya belə bildirişin Baş Katib tərəfindən alındığı tarixdən bir il keçdikdən sonra qüvvəyə minir. Lakin bu bir ilin başa çatdığı gün denonsasiya edən iştirakçı-dövlət silahlı münaqişədə olarsa, denonsasiya bu silahlı münaqişə bitməyənədək qüvvəyə minmir.

2. Belə denonsasiya, iştirakçı-dövləti denonsasiyanın qüvvəyə minməsinədək baş vermiş istənilən hərəkətə münasibətdə bu Protokolla nəzərdə tutulan öhdəliklərindən azad etmir. Eyni şəkildə belə denonsasiya heç bir halda onun qüvvəyə minməsinədək, artıq Komitənin müzakirəsində olan istənilən məsələnin sonrakı müzakirəsi üçün maneə törətmir.

Maddə 12

1. İstənilən iştirakçı-dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təqdim edə bilər. Sonra Baş Katib baxılması və ona səs verilməsi məqsədi ilə iştirakçı-dövlətlərin Konfransının çağırılmasına münasibət bildirilməsi müraciəti ilə təklif olunmuş düzəlişi iştirakçı-dövlətlərə çatdırır. Əgər belə məlumatın verildiyi tarixdən başlayaraq dörd ay müddətində iştirakçı dövlətlərin ən azı üçdə biri belə Konfransın çağırılmasına tərəfdar çıxarsa, bu zaman Baş Katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Konfrans çağırır. Konfransda iştirak edən və səs verən iştirakçı-dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunan istənilən düzəliş təsdiq olunmaq üçün Baş Assambleyaya təqdim olunur.

2. Bu maddənin birinci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş BMT Baş Assambleyası tərəfindən təsdiq və onun iştirakçı-dövlətlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilməsi ilə qüvvəyə minir.

3. Qüvvəyə minərkən düzəliş, onu qəbul etmiş istənilən dövlət üçün məcburi olur, digər istənilən dövlətlər üçün isə, bu Protokolun müddəaları və onlar tərəfindən qəbul edilmiş əvvəlki düzəliş məcburi olaraq qalır.

Maddə 13

1. İngilis, ərəb, ispan, çin, rus və fransız dillərindəki mətnləri autentik olan bu Protokol Birləşmiş Millətlər Təşkilatının arxivinə saxlanılma üçün verilməlidir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Protokolun təsdiq olunmuş surətlərini Konvensiyanın iştirakçısı olan bütün dövlətlərə və onu imzalamış dövlətlərə təqdim edir.

”Uşaq hüquqları haqqında” BMT Konvensiyasının Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolunun 3-cü maddəsinin 2-ci bəndi üzrə Azərbaycan Respublikasının Bəyanatı

Azərbaycan Respublikası Protokolun 3-cü maddəsinə uyğun olaraq bəyan edir ki, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” 1992-ci il 3 noyabr tarixli Qanununa əsasən, hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları və digər şəxslər hərbi məktəb kursantlarının həqiqi hərbi xidmətinə 17 yaşından könüllü daxil ola və qəbul edilə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyi bu cür xidmətin zorakı və ya məcburi xarakter daşımamasına, həmin şəxslərin valideynlərinin və ya qanuni nümayəndələrinin şüurlu razılığı əsasında həyata keçirilməsinə, göstərilən şəxslərə bu cür hərbi xidmətlə bağlı vəzifələr barəsində tam məlumat verilməsinə və milli silahlı qüvvələrdə xidmətə qəbul edilənədək onlardan yaşlarını təsdiq edən sənədlərin tələb edilməsinə təminat verir.

iacca
iap
business ready
eplc
Ən Tez