15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı

XX əsr Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ təşkil edir. Bu əsrdə Azərbaycan xalqı iki dəfə — 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlığına, dövlət müstəqilliyinə nail olub.

Lakin Azərbaycanın ilk dövlət müstəqilliyini bir sıra tarixi, ictimai-siyasi səbəblər üzündən, o cümlədən dünyanın yenidən bölüşdürülməsi ilə bağlı imperialist dairələrin yürütdüyü siyasətin və bolşevik işğalının nəticəsində qoruyub saxlamaq mümkün olmamışdır. Milli dövlətçilik ənənələrinin formalaşmaması və digər amillər də öz rolunu oynamış, nəticədə bütün müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan xarici və daxili düşmənlərə qarşı mübarizələrlə dolu 23 aylıq mövcudluqdan sonra öz dövlət müstəqilliyini itirmişdir.

Azərbaycan xalqı yetmiş ildən artıq Sovet rejimi şəraitində yaşasa da, itirilmiş azadlığını qaytarmaq, dövlət müstəqilliyini bərpa etmək amalından heç vaxt dönməmişdir. Uzun illər boyu imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş, müttəfiq respublika şəklində də olsa öz dövlətçiliyini saxlamışdır.

Xüsusilə 1960-1980-ci illərdə bu proseslər daha geniş vüsət almış, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi, dövlət quruculuğu, mədəni və mənəvi yüksəliş sahəsində mühüm işlər görülmüşdür.

Bu dövrdə milli gəlir 2,5 dəfə artmış, eyni zamanda sənaye istehsalı 2,7 dəfə artaraq, əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən təqribən 2 dəfə çox olmuşdur. Kənd təsərrüfatında ümumi məhsul 2.7 dəfə çoxalmışdır. İqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoyulmuş, 250 iri zavod və fabrik tikilib işə salınmışdır. Minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı elm və tədris ocaqlarına göndərilmiş və yeni isthsal sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Milli kadr korpusu yaradılmış, dövlət idarəçiliyi təsisatları möhkəmləndirilmiş, elm, səhiyyə, təhsil, mədəniyyət və incəsənət sahələrində ciddi uğurlar qazanılmışdır. Azərbaycanın paytaxtı Bakı həmin dövrdə dünya miqyasında tanınan mədəniyyət mərkəzinə çevrilmiş, azərbaycanlılar özünəməxsus tarixi, mədəniyyəti, ənənələri olan bir millət kimi tanınmışlar.

1960-1980-ci illərdə Azərbaycanda sözün həqiqi mənasında böyük quruculuq və yaradıcılıq epoxası, həyatın bütün sahələrində güclü inkişaf və tərəqqi dövrü yaşanmışdır. Bütün bunların nəticəsi idi ki, keçmiş SSRİ məkanında yalnız iki respublika — Rusiya Federasiyası və Azərbaycan keçmiş ittifaq büdcəsindən heç bir dotasiya almadan yaşayırdı. Bu isə Azərbaycanın siyasi müstəqilliyə aparan yolda ən mühüm və həlledici mərhələ olan iqtisadi müstəqilliyə tam nail olduğunu göstərirdi. Müstəqil daxili siyasət yeridilməsi nəticəsində Azərbaycanın siyasi, iqtisadi və milli-mədəni inkişafı üçün son dərəcə böyük işlər görülmüş, ən başlıcası isə xalqın milli mənlik şüurunun inkişif etdirilməsi, tarixi ənənələrinin qorunması, dilinin, mədəniyyətinin, ədəbiyyatının tərəqqisi, milli özünəməxsusluqlarının, adət-ənənələrinin yaşadılması istiqamətində mühüm irəliləyişlər əldə olunmuşdu.

Bu illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətlənmişdi. Həmin proses ölkə rəhbəri tərəfindən həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. O dövrdə keçmiş SSRİ-nin bir çox respublikalarında aramsız «dissedent ovu» aparıldığı halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. Ölkədə güclü iqtisadiyyat və işgüzr kadr potensialı yaradılmış, əhalinin rifah halı daha da yaxşılaşdırılmış, bunlar isə yaxın gələcəkdə Azərbaycanda müstəqil dövlət qurulması üçün əsaslı zəminə çevrilmişdi. Azərbaycan xalqı XX əsrdə ilk dəfə Heydər Əliyevin şəxsində özünün güclü ümummilli liderini yetişdirmiş və onun ətrafında sıx birləşmişdi.

Lakin 1980-ci illərin ikinci yarısında fitnəkar və ikiüzlü Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə keçmiş SSRİ-nin türk-müsəlman xalqlarına, ilk növbədə isə bu xalqların şəksiz lideri olan Heydər Əliyevə qarşı məkrli planlar hazırlanmağa və həyata keçirilməyə başlandı. Sovet rejimi şəraitində türk-müsəlman xalqlarına bəslənən ənənəvi ögey münasibət Qorbaçov hakimiyyəti dövründə daha da gücləndi. Keçmiş Sov.İKP rəhbərliyi və SSRİ hökuməti müsəlman respublikalarının iqtisadi və mədəni inkişafına şərait yaratmır, bu respublikaların xalqları ilə ikinci dərəcəli vətəndaşlar kimi rəftar edirdilər. Həmin dövrdə SSRİ-nin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin bu məsələdə tutduğu prinsipial, humanist və qətiyyətli mövqe onun Sov.İKP MK Siyasi Bürosunun və SSRİ hökumətinin tərkibindən istefası ilə nəticələndi.

Bunun ardınca Mixail Qorbaçovun və onun ətrafındakı millətçi erməni dairələrinin Azərbaycana təzyiqləri daha da gücləndi. Azərbaycanı parçalamaq, onun inkişafının qarşısını almaq, əhalini sonu görünməyən etnik münaqişəyə cəlb etmək məqsədi ilə qondarma Dağlıq Qarabağ problemi ortaya atıldı. Milli qeyrətdən və mənlikdən uzaq olan, Azərbaycanın düçar edildiyi müsibəti sona qədər dərk etməyən kosmopolit Əbdürrəhman Vəzirovun Moskvanın canişini kimi Azərbaycana göndərilməsi problemi daha da dərinləşdirdi. Onun hakimiyyəti dövründə Azərbaycan torpaqlarının işğalının əsası qoyuldu. Azərbaycan xalqının milli və tarixi maraqlarını qorumağa, ölkə vətəndaşlarını müdafiə etməyə qadir olmayan o zamankı Azərbaycan KP MK və Azərbaycan hökuməti mərkəzin bir çox hallarda Azərbaycanın ziyanına olan qərarlarını kor-koranə yerinə yetirməkdən başqa bir iş bacarmırdılar.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə yol verdiyi tarixi ədalətsizlik, respublika rəhbərliyinin fərsizliyi, Dağlıq Qarabağ probleminin həllində yol verilən kobud səhvlər xalqın səbir kasasını doldurdu. Xalq meydanlara axışaraq həm sovet rəhbərliyinə, həm də onun yerlərdəki canişinlərinə öz kəskin etirazlarını bildirdi. Azərbaycanda keçmiş SSRİ rəhbərliyinə etimadsızlıq, eləcə də milli-azadlıq hərəkatının ilk rüşeymləri Qarabağ problemi ilə bağlı meydana çıxdı. Problemin həll edilməməsi bu etimadsızlığı və mübarizə əhval ruhiyyəsini daha da artırdı.

Xalq hələ 1988-ci ilin ilk mitinqlərindən başlayaraq, Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçini görür və onun yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını arzulayırdı. Yüzlərlə adamın mitinq və nümayişlərə Heydər Əliyevin portretləri ilə çıxması bu arzunun ümumxalq miqyasında, açıq şəkildə ifadəsi idi. Bu arzu münaqişə zonasında — Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisi arasında daha kəskin surətdə və qətiyyətlə ifadə olunurdu. Bütün Azərbaycan xalqı öz böyük oğluna — Heydər Əliyevə qarşı yerli və mərkəzi mətbuat səhifələrində aparılan qərəzli kampaniyaya qəti etirazını dönə-dönə bildirmişdi.

Lakin həmin dövrdəki satqın respublika rəhbərliyi, mərkəzin etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxan Vəzirov—Mütəllibov alyansı milli birlik haqqında, xalqı düşdüyü ağır vəziyyətdən qurtarmaq haqqında düşünmürdülər. Onların xalqın taleyinə tam laqeydliyi, o zamankı SSRİ rəhbərliyinə yarınmaq naminə yol verdikləri milli xəyanət, fəaliyyətsizlik və prinsipsizlik 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşun hissələrinin yeridilməsi və Azərbaycan xalqının ədalətli, haqlı tələblərinin qan içində boğulmasına gətirib çıxarmışdı.

Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev sülhsevər Azərbaycan xalqına qarşı silah tətbiq edilməsini qətiyyətlə pisləyən bəyanatla çıxış etmiş və Azərbaycanın haqq səsini dünyaya yaymışdı. Moskvada verildiyi bəyanatlarla 20 yanvar cinayətinin mahiyyətini və onu törədən qüvvələrin niyyətlərini aydın şəkildə göstərmişdi.

Sovet qoşunlarının Bakıda törətdikləri vəhşiliklərə baxmayaraq, Azərbaycan xalqını öz yolundan döndərmək mümkün olmadı. 20 yanvar şəhidlərinin qanı bahasına hakimiyyətə gələn Mütəllibov rejimi Əbdürrəhman Vəzirovun yeritdiyi milli xəyanət və təslimçilik siyasətini daha geniş miqyasda davam etdirirdi.

Moskvanın təzyiqlərinə və Mütəllibov rejiminin törətdiyi bütün təhlükəli maneələrə baxmayaraq, 1990-cı ilin yayında Heydər Əliyev vətənə döndü. Azərbaycanda kommunist ideologiyasının hələ də dövlət səviyyəsində davam etdirildiyi bir şəraitdə o, artıq milli və bəşəri inkişaf yolunda sipərə çevrilmiş bu ideologiyadan qətiyyətlə imtina etdi. Xalq öz böyük oğluna etimad göstərərək, onu yekdilliklə Azərbaycan Ali Sovetinə deputat seçdi. Ali Sovetin iclaslarında Dağlıq Qarabağ probleminin həlli, respublikanın gələcək siyasi və iqtisadi müstəqilliyi ilə bağlı proqram mahiyyətli nitqlərlə çıxış etdi. Lakin təəssüf ki, burnunun ucundan uzağı görməyən o zamankı iqtidar bu fundamental, uzaqgörən təklifləri dərk edib qiymətləndirə bilmədi.

1991-1993-cü illərdə H.Əliyevin Naxçıvana rəhbərlik etməsi Azərbaycanın bu qədim guşəsinin erməni işğalından xilas olmasında mühüm rol oynadı. Bu dövrdə Naxçıvan əvvəlcə Azərbaycan KP-nın, sonra isə AXC-nin yaratdığı antidemokratik rejimlərdə demokratiyanın qorunub saxlandığı yeganə yer idi. Həmin dövrdə Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə Naxçıvan Ali Məclisi üzərində qaldırılmışdı.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə Azərbaycan hüquqi baxımdan müstəqillik əldə etsə də, əslində xalqın mandatı olmadan hakimiyyəti ələ keçirmiş Mütəllibov rejimi imperiyaya yarınmaq siyasəti yeridirdi. Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi tədbirləri həyata keçirmək əvəzinə Ayaz Mütəllibov yalnız öz şəxsi hakimiyyətini qorumağa çalışırdı.

Xalq hərəkatı dalğasında siyasi səhnəyə gələn naşı, səriştəsiz AXC liderləri ilə Mütəllibov güruhu arasında hakimiyyət davası gedirdi. Ölkədə xaos, özbaşnalıq hökm sürürdü. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan Azərbaycan torpaqlarının işğalını genişləndirirdi. AXC ilə Ayaz Mütəllibov arasında hakimiyyət davası Azərbaycanda XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə nəticələndi. Hakimiyyətdən rüsvayçılıqla uzaqlaşdırılan Mütəllibov rejimini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan, mitinq tribunalarından gələn və tezliklə Azərbaycanı daha böyük problemlərlə üz-üzə qoyan AXC iqtidarı əvəz etdi.

AXC-nin meydan qəhrəmanları özlərini iddialı şəkildə milli azadlıq hərəkatının liderləri adlandırsalar da, əslində ölkədə gedən proseslər, milli azadlıq hərəkatının, müstəqillik meyllərinin güclənməsi bütün keçmiş SSRİ məkanında, hətta dünya miqyasında cərəyan edən proseslərlə sıx bağlı idi.

Belə bir şəraitdə Azərbaycan xalqı sınanmış lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını daha böyük təkid və qətiyyətlə tələb etməyə başladı. Əslində xalqın bu tələbi hələ 1988-ci il mitinqlərindən başlayaraq, mütəmadi şəkildə irəli sürülürdü. Yüz minlərlə adam millət və dövlət üçün belə böhranlı məqamda Heydər Əliyev təcrübəsindən, siyasi fəhmindən və uzaqgörənliyindən istifadə olunmasını, onun yenidən siyasi hakimiyyətə qayıtmasına imkan verilməsini tələb edirdi. Lakin nə sovet imperiyasının sadiq buyruqçuları olan yerli kommunist «rəhbərlər», nə də silahlı çevrilişlər yolu ilə müəmmalı şəkildə hakimiyyətə gəlmiş yalançı demokratik qüvvələr milli dövlət quruculuğunda, milli həmrəylik və birlik yolunda son dərəcə mühüm amil olan Heydər Əliyev fenomenindən faydalanmaq istəmirdilər. Çünki birincilər üçün öz ağalarının əmr və tapşırıqlarını sədaqətlə yerinə yetirmək, ikincilər üçün isə əllərinə keçirdikləri hakimiyyət kürsüsünü nə yolla olursa-olsun qoruyub saxlamaq hər şeydən vacib idi. Xalqın və dövlətin taleyi onlar üçün o qədər də əhəmiyyətli deyildi. Onlar Heydər Əliyevin necə böyük bir qüvvə olduğunu, Azərbaycanı düşdüyü bəlalardan yalnız onun çıxara biləcəyini kifayət qədər başa düşürdülər. Lakin hakimiyyət hərisliyi, hədsiz ambisiyalar və milli maraqlara tam laqeydlik bu imperiya buyruqçularına və əyalət siyasətçilərinə layiq olmadıqları halda tutduqları yeri ümummilli mənafelər naminə xalqın həqiqi liderinə, müdrik rəhbərinə və yolgöstəricisinə qaytarmağa imkan vermirdi. İstər Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və onların ətrafı, istər Əbülfəz Əliyev və onun AXC qaragüruhu, istərsə də qəfil zühur etmiş digər başabəla «siyasi liderlər» və onların öz ətrafına topladığı qruplar xalqın yeganə ümid yeri olan Heydər Əliyevi hər vəchlə siyasi meydandan sıxışdırıb çıxarmağa, onu xalqdan təcrid etməyə can atır və bu yolla da özlərini güclü şəxsiyyətdən qorumaq istəyirdilər. Bu adamlar vəzifə iddiası ilə adi bir həqiqəti belə dərk etmək istəmirdilər ki, konkret ictimai-siyasi şəraitdə hakimiyyətin əldə edilməsi mümkün olsa da, onun idarə edilməsi çox-çox çətindir. Belə bədnam «siyasətçilərin» üzdəniraq fəaliyyəti nəticəsində Azərbaycan qısa müddət ərzində 1960-1980-ci illərdə qazanılmış bir sıra nailiyyətlərdən məhrum oldu. 1990-cı ilin yanvar faciəsindən sonra şok vəziyyətinə düşmüş Azərbaycan xalqı yeni, daha böyük fəlakətlərə düçar olmaq məcburiyyətində qaldı.

Qarabağ problemini həll etmək və ölkədə demokratik dəyişikliklər aparmaq vədi ilə hakimiyyəti ələ keçirən qüvvələr nəinki öz vədlərinə əməl etmədilər, hətta qısa müddət ərzində ölkəni fəlakət girdabına, vətəndaş müharibəsi və parçalanma həddinə gətirib çıxardılar. Onların bir illik hakimiyyəti dövründə Azərbaycanın strateji cəhətdən əhəmiyyətli əraziləri itirildi, yeni ərazi itkiləri üçün real təhlükə yarandı. Ordu quruculuğu sahəsində konkret heç bir iş görülmədi. Dövlət quruculuğu kimi son dərəcə mühüm sahə başlı-başına buraxıldı, xalqın mənafeyi unudularaq, ayrı-ayrı şəxslərin istək və iddialarına meydan açıldı. Xarici siyasət xəttinin müəyyənləşdirilməsində yol verilən kobud səhvlər və ifrat subyektivizm halları Azərbaycanın dünya miqyasında təklənməsinə, bir sıra region dövlətləri ilə qarşılıqlı münasibətlərinin gərginləşməsinə gətirib çıxardı. Ölkədə dövlətə deyil, ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələr yarandı. Bu isə həmin şəxslərin Konstitusiyaya zidd yolla hakimiyyətə gəlmələri, qeyri-sabitlik və hərc-mərclik üçün zəmin yaratdı, Azərbaycanın bir müstəqil dövlət kimi varlığını təhlükə altına aldı.

Özlərini demokrat adlandıran və xalq adından danışmaq səlahiyyətinin yalnız onlara məxsus olduğunu iddia edən bir qrup siyasətbazın hakimiyyəti dövründə ölkədə iqtisadi böhran dərinləşdi, xalqın həyat səviyyəsi xeyli pisləşdi. Hakimiyyətin bütün pillələrindəki fərsizlik, təcrübəsizlik və naşılıq, kadr siyasətində neobolşevizm meylləri və kobud səhvlər yalançı «demokratik» iqtidarın bütün mahiyyətini, onun xalqdan uzaqlığını, sosial dayaqlardan məhrum olduğunu aşkara çıxardı. Beş ildən artıq davam edən böhran 1993-cü ilin əvvəllərindən başlayaraq daha kəskin xarakter aldı. Daxildəki pozucu qüvvələrin və xaricdəki təhrikçilərin fəal əməkdaşlığı sayəsində Azərbaycanın parçalanmasının əsası qoyulur, etnik qarşıdurmalar və vətəndaş müharibəsi üçün zəmin hazırlanırdı. Artıq Azərbaycanda hökumət böhranı deyil, dövlət böhranı yaranmışdı. AXC—Müsavat rejimi bu qorxulu prosesin qarşısını almaqda aciz idi.

Nəhayət, 1993-cü ilin birinci yarısında Ermənistanın silahlı qüvvələri tərəfindən Gəlbəcərin işğalı Azərbaycanda böhranı son həddə çatdırdı. Bununla bir sırada ölkə daxilində hərc-mərclik, quldurluq, korrupsiya, banditizm baş alıb gedirdi, cəzasızlıq mühiti yaranmışdı, addımbaşı insanların hüquqları tapdalanırdı. AXC iqtidarının dövləti idarəetmədə səriştəsizliyi, ciddi siyasi səhvləri, tale yüklü məsələlərdə düzgün qərarlar qəbul edə bilməməsi, xalqdan ayrılması və onun etimadını tamamilə itirməsi hakimiyyəti iflic vəziyyətinə gətirdi. Ölkə idarə edilmir, hər kəs öz başının çarəsini qılmağa çalışırdı. Öz ətrafında qanunsuz silahlı hərbi birləşmələr yaratmış siyasi qruplar hakimiyyət uğrunda çəkişməni yenidən qızışdırmağa başlamışdılar.

AXC—Müsavat iqtidarı bir daha öz fərsizliyini nümayiş etdirərək, Gəncədə son dərəcə uğursuz əməliyyat keçirdi. Nəticədə Surət Hüseynov kimi satqının başçılıq etdiyi hərbi dəstələr xalqdan dəstək görməyən AXC-Müsavat iqtidarının istefasını tələb edərək, Gəncədən Bakıya yürüş edib, yolüstü rayonlarda yerli hakimiyyəti öz əllərinə alırdılar. Digər tərəfdən Azərbaycana arxadan zərbə vuraraq, «Talış—Muğan Respublikası» elan edən Əlikram Hümbətov və onun ətrafında birləşən separatçı quldur dəstələri cənub bölgəsində ağalıq edirdilər. AXC—Müsavat iqtidarının özünü qorumaq, Surət Hüseynov və Əlikram Hümbətovun isə hakimiyyət uğrunda mübarizədə qüvvələrini səfərbər etmək məqsədi ilə Milli Ordu hissələrini cəbhə bölgəsindən çıxarmaları nəticəsində erməni təcavüzkarlarının Azərbaycanın yeni-yeni yaşayış məntəqələrini işğal etməsinə şərait yaranırdı. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi real təhlükə qarşısında qalmışdı.

Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC—Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. İyunun 9-da Heydər Əliyev Bakıya gəldi, artıq ilk təzahürləri meydana çıxmış vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə getdi, böyük çətinliklər və iradi qüvvə bahasına böhranın səngidilməsinə nail oldu. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məhsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi.

Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götrüməsi idi. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma qurban verirəm» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Lakin AXC—Müsavat rejimindən Heydər Əliyevə son dərəcə ağır miras qalmışdı. Siyasi oyunlara və hakimiyyət çəkişmələrinə cəlb edilmiş ordu çaş-baş düşüb öz döyüş qabiliyyətini itirmişdi. Naşılıq və səriştəsizlik nəticəsində dövlət aparatı, demək olar ki, dağılmış, idarəetmə və nəzarət funksiyasından məhrum olmuşdu. Belə bir şəraitdə leqitim dövlət hakimiyyətinin təmsilçisi olan keçmiş prezident Əbülfəz Əliyev öz komandasının fəlakət həddinə gətirdiyi ölkəni böhranlı vəziyyətdən çıxarmaqda Heydər Əliyevə kömək etmək əvəzinə gizli olaraq, qorxaqcasına paytaxtdan qaçıb Azərbaycanın ucqar dağ kəndlərindən birinə sığınmağı daha üstün tutdu. 1993-cü ilin iyun günlərində Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. Cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi kök atmağa başlamışdı. Heydər Əliyevin qarşısında yalnız ölkəni böhran vəziyyətindən çıxarmaq deyil, həm də xalqın geniş təbəqələrini Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirmək, ona ümid və inam aşılamaq, qətiyyət və mübarizlik təlqin etmək vəzifəsi dayanırdı.

Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə tam qadir olduğunu göstərdi. 1993-cü ilin avqustunda Azərbaycanın ərazi bütövlüyünü cənubdan təhdid edən oyuncaq «Talış—Muğan Respublikası» iddiasına xalqın iradəsi ilə silah işlədilmədən son qoyuldu.

Digər tərəfdən, gənc müstəqil Azərbaycan Respublikasının demokratik əsaslar üzərində qurulması naminə Heydər Əliyev 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Əbülfəz Əliyevin prezidentlik səlahiyyətlərinin ona həvalə edilməsinə baxmayaraq, 1993-cü il avqustun 29-da prezidentə etimad məsələsinə dair referendum keçirilməsinin təşəbbüskarı oldu. Həmin referendumda Azərbaycanın səsvermə hüququna malik vətəndaşlarının 92,2 faizi iştirak etdi, onların 97,5 faizi Əbülfəz Əliyevə və onun başçılıq etdiyi AXC—Müsavat iqtidarına etimadsızlıq göstərmək barədə öz tarixi hökmünü verdi.

Böyük çətinliklərə baxmayaraq, xalq güclü şəxsiyyətin, böyük dövlət xadiminin, Qarabağ problemi də daxil olmaqla Azərbaycan xalqı və dövlətçiliyi qarşısında duran mühüm problemləri həll etməyə qadir şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra sabaha daha böyük ümid və inamla baxmağa başladı. Məhz bu ümid və inamla Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də yekdilliklə Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etmişdir. Elə buna görə də Azərbaycan dövlətçiliyinə qarşı Surət Hüseynovun başçılığı ilə 1994-cü ilin oktyabrında, onun məkrli niyyətinin davamçıları olan Cavadov qardaşlarının başçılığı ilə 1995-ci ilin mart ayında qaldırılan qiyamlar Prezidentin və xalqın yekdil iradəsi ilə dərhal yatırıldı. Xüsusilə 1995-ci ilin martında Mahir və Rövşən Cavadov qardaşlarının Xüsusi təyinatlı polis dəstəsindən istifadə etməklə daxildəki barışmaz müxalifətin və xaricdəki havadarlarının fəal yardımı ilə Heydər Əliyev hakimiyyətini devirmək, Azərbaycanda oyuncaq Dövət Şurası qurmaq və ölkənin müstəqilliyinə son qoymaq cəhdləri prezident tərəfindən Azərbaycanın siyasi tarixində bənzəri olmayan soyuqqanlıq və qətiyyətlə dəf olundu. Prezidenti sui-qəsd yolu ilə aradan götürmək və beləliklə də onun yürütdüyü Azərbaycanın dövlət müstəqilliyi siyasətinə son qoymaq istəyən qara qüvvələrin əl atdığı qeyri-insani üsullar heç bir nəticə vermədi və xalq tərəfindən sonsuz nifrətlə qarşılandı. 1988-ci ildən bəri dəfələrlə özünün dövlət və hökumət başçılarına qarşı mitinqlər, nümayişlər, piketlər düzəldən xalq ilk dəfə Heydər Əliyevin Prezidentliyi dövründə legitim dövlət hakimiyyətini, legitim Prezidenti müdafiə üçün izdihamlı mitinqə toplaşdı. Heydər Əliyev xalqın Prezidenti olduğunu, xalq isə ona olan dərin hörmət və məhəbbətini sözdə deyil, əməldə nümayiş etdirdi.

1993-cü ilin sonu - 1994-cü ilin əvvəllərində Azərbaycan ordusunun cəbhədəki uğurları, 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi, həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə "əsrin müqaviləsi"nin bağlanması, dövlət aparatının təkmilləşdirilməsi və Milli Ordunun qurulması, ölkədaxili vəziyyətin sabitləşməsi, dünya miqyasında Azərbaycana marağın artması və dünyanın iri dövlətlərinin Azərbaycanın haqq işini dəstəkləməyə başlaması, mahir siyasətçinin Lissabon sammitində siyası qələbəsi, Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri bu inamı daha da qüvvətləndirir. Son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə siyasi hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Fəlakət qarşısında qalan Azərbaycan güclü ümummilli liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtardı, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi. Dünya siyasətçiləri arasında öz yeri olan Azərbaycan Prezidenti böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail oldu. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq, öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu.

Heydər Əliyev dövlət quruculuğu sahəsində başladığı böyük işi məntiqi şəkildə davam etdirərək, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasına rəhbərlik etdi. Azərbaycanın siyasi tarixində yeni bir era açan və onun dövlət müstəqilliyinin, cəmiyyətdə insan azadlığının və demokratik dəyərlərin əsas qarantına çevrilən bu Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. İlk dəfə olaraq demokratik şəraitdə çoxpartiyalılıq əsasında Azərbaycan parlamenti - Milli Məclisi seçildi. Azərbaycan Respublikası dünyanın azad, suveren, müstəqil dövlətləri arasında özünə layiq yerini tutdu.

Yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görür və bu onun öz liderinə olan inamını, sevgisini qat-qat artırır. Bu da təsadüfi deyildir ki, Heydər Əlirza oğlu Əliyevin siyasi hakimiyyətə qayıdışının hər ildönümü tarixində ölkəmizin bütün bölgələrindən Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Aparatına, başqa dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə göndərilən məktublarda, müraciətlərdə 1993-cü il 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi ilə bağlı çoxsaylı təkliflər verilir. Xalqın bu istəyi milli qurtuluşu üçün öz Prezidentinə minnətdarlığının ifadəsidir.

Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda göstərilənləri nəzərə alaraq, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdış gününü Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək qərara alır:

Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri qeyd edilsin və 15 iyun günü Azərbaycan xalqının milli qurtuluş günü elan edilsin.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri

Murtuz ƏLƏSGƏROV

Bakı şəhəri, 27 iyun 1997-ci il

№ 361-IQR

 

 

 

 

iacca
iap
business ready
eplc
Ən Tez