Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması barədə

Ölkə həyatının bütün sahələrində ardıcıl mütərəqqi islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələrin də öz fəaliyyətlərini təkmilləşdirilmələrinə, qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən maksimum istifadə edərək maliyyə imkanlarını genişləndirməklə yerli məsələlərin həllində daha səmərəli rol oynamalarına ciddi ehtiyac vardır. Bu baxımdan bələdiyyə torpaqlarından bələdiyyənin, o cümlədən yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi xüsusi ilə əhəmiyyətlidir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində bələdiyyə torpaqlarından haqqı ödənilməklə istifadə edilməsi bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biri kimi təsbit olunmuşdur.

Eyni zamanda bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərindən biri kimi müəyyənləşdirilmişdir.

İcarədə olan bələdiyyə torpaqlarının icarə haqlarının bazar məzənnələrinə uyğunlaşdırılması üçün Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyələrə tövsiyə göndərilmiş, bu sahədə metodiki kömək məqsədilə müvafiq sənədlərin nümunələri hazırlanaraq bələdiyyələrə çatdırılmış, digər tədbirlər həyata keçirilməkdədir.

Bununla yanaşı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələrinin təhlili göstərir ki, bələdiyyə torpaqlarından istifadə sahəsində- bələdiyyə torpaqlarının zəbti, torpaq sahələrinin təyinatının pozulmaqla istifadəsi (xüsusən örüş sahələrinin əkilməsi), ümumi istifadədə olan örüş sahələrinin bir hissəsinin ayrı-ayrı şəxslərin icarəsinə verilməsi, torpaq sahələrinin hərrac və ya müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyə qərarı ilə və ya belə bir qərar olmadan bələdiyyə sədrinin imzaladığı müqavilələrlə icarəyə verilməsi, torpaq sahələrinin real bazar məzənnələrindən xeyli aşağı qiymətə satılması və digər xarakterik pozuntular da mövcuddur. Bir çox hallarda bələdiyyələr, onların vəzifəli şəxsləri çox təssüf ki, bu cür qanun pozuntularına etinasız münasibət göstərərək zəruri tədbirlər görmürlər.

Qeyd olunanlar nəzərə alınaraq bələdiyyə torpaqlarından istifadə sahəsində qanunvericiliyin tələblərinə tam əməl edilməsinin təmin olunması məqsədilə bələdiyyələr tərəfindən müvafiq komissiya yaradılaraq mülkiyyətlərində olan torpaq sahələrinin istifadə vəziyyətinin dəqiqləşdirilib təhlil edilməsi, torpaq sahələrinin zəbt və təyinata zidd istifadə hallarının aradan qaldırılması, torpaqlardan istifadəyə dair qanunsuz verilmiş sənədlərin ləğv edilərək həmin torpaqların bələdiyyənin istifadəsinə qaytarılması, torpaq sahələri satılarkən qiymətlərinin, bu məqsədlə hərrac və ya müsabiqəyə çıxarılarkən ilkin qiymətlərinin bazar məzənnələrinə uyğunlaşdırılması, istifadəsiz torpaq sahələrinin istifadəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının qanunamüvafiq və bələdiyyə mənafeyinə uyğun səmərəli istifadəsinin təmin olunması üçün təsirli tədbirlər görülməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər və nəticələr barədə yerli əhaliyə vaxtaşırı məlumat verilməsi tövsiyə olunur.

 

 

Bələdiyyələrlə iş mərkəzi


iacca
iap
business ready
eplc
Ən Tez