"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dair bu Konvensiyanın nəzarət sisteminə düzəlişlər edilməsini nəzərdə tutan 14 saylı Protokol

Preambula

1950-ci il noyabrın 4-də Romada imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya (bundan sonra - Konvensiya) dair bu Protokolu imzalayan Avropa Şurasının üzv Dövlətləri,

2000-ci il noyabrın 3-4-də Romada İnsan Hüquqları üzrə Avropa Nazirlər Konfransında qəbul edilmiş 1 saylı Qətnaməni və Bəyannaməni nəzərə alaraq; 2001-ci il noyabrın 8-də, 2002-ci il noyabrın 7-də və 2003-cü il mayın 15-də Nazirlər Komitəsinin müvafiq olaraq 109-cu, 111-ci və 112-ci sessiyalarında qəbul olunmuş Bəyannamələri nəzərə alaraq;

2004-cü il aprelin 28-də Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 251 saylı Rəyi nəzərə alaraq;

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa Şurasının Nazirlər Komitəsinin iş yükünün artmaqda davam etməsi ilə əlaqədar nəzarət sisteminin uzun müddətə səmərəliliyini saxlamaq və daha da artırmaq məqsədilə Konvensiyanın müəyyən müddəalarında təcili dəyişiklik etmək ehtiyacını diqqətə alaraq;

xüsusilə, Məhkəmənin Avropada insan hüquqlarının qorunmasında mühüm rol oynamaqda davam etməsini təmin etməyə ehtiyacın olduğunu diqqətə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1.

Konvensiyanın 22-ci maddəsinin 2-ci bəndi çıxarılsın.

Maddə 2

Konvensiyanın 23-cü maddəsi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

"Maddə 23. Səlahiyyət müddəti və vəzifədən azad edilmə

1. Hakimlər doqquz il müddətinə seçilirlər. Onlar yenidən seçilə bilməzlər.

2. Hakimlərin səlahiyyət müddəti onlar 70 yaşına çatanda bitir.

3. Hakimlər əvəz olunanadək vəzifələrini yerinə yetirirlər. Bununla belə, onlar artıq başladıqları məhkəmə proseslərini sonadək davam etdirirlər.

4. Heç bir hakim digər hakimlərin üçdə iki səs çoxluğu ilə həmin hakimin tələb olunan şərtləri icra etməyi dayandırdığını iddia etməyincə vəzifəsindən azad edilə bilməz.".

Maddə 3 Konvensiyanın 24-cü maddəsi çıxarılsın.

Maddə 4 Konvensiyanın 25-ci maddəsi 24-cü maddə hesab olunsun və onun mətni dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

"Maddə 24. Dəftərxana və məruzəçilər 1. Məhkəmənin, fəaliyyəti və təşkili Məhkəmə Reqlamentinə əsasən müəyyənləşdirilən dəftərxanası vardır. 2. İclas tək hakimdən ibarət tərkibdə olduqda, Məhkəmə sədrinin sərəncamında fəaliyyət göstərən məruzəçilər Məhkəməyə kömək edirlər. Onlar Məhkəmə dəftərxanasının tərkib hissəsini təşkil edirlər.".

Maddə 5 Konvensiyanın 26-cı maddəsi 25-ci maddə ("Plenar Məhkəmə") hesab olunsun və onun mətninə aşağıdakı dəyişikliklər edilsin:

1. d) bəndinin sonundakı vergül nöqtəli vergüllə əvəz olunsun və "və" sözü çıxarılsın.

2. e) bəndinin sonundakı nöqtə nöqtəli vergüllə əvəz olunsun.

3. Aşağıdakı məzmunda yeni f) bəndi əlavə olunsun: "f.26-cı maddənin 2-ci bəndinə əsasən hər hansı sorğu verir.".

Maddə 6 Konvensiyanın 27-ci maddəsi 26-cı maddə hesab olunsun və onun mətni dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

"Maddə 26. Tək hakimli tərkib, komitələr, Palatalar və Böyük Palata

1. Məhkəmə ona təqdim edilmiş işlərə tək hakimli tərkibdə, üç hakimli komitələrdə, yeddi hakimli Palatalarda və on yeddi hakimli Böyük Palatada baxır. Məhkəmənin Palataları müəyyən edilmiş müddət üçün komitələr təsis edir.

2. Plenar Məhkəmənin sorğusu ilə Nazirlər Komitəsi yekdil qərarla və müəyyən edilmiş müddət üçün Palatalardakı hakimlərin sayını beş nəfərə endirə bilər.

3. Tək hakimli tərkibdə hakim özünün seçildiyi Razılığa gələn Yüksək Tərəfə qarşı olan heç bir ərizəyə baxmamalıdır.

4. Orada Palatanın və Böyük Palatanın ex officio üzvü kimi, maraqlı olan Razılığa gələn Yüksək Tərəfə münasibətdə seçilmiş hakim hakimlik edir. Əgər belə bir hakim yoxdursa və ya həmin hakim iştirak edə bilmirsə, onda həmin Tərəfin əvvəlcədən təqdim etdiyi siyahıdan Məhkəmə Sədrinin seçildiyi şəxs hakim rolunda çıxış edir.

5. Böyük Palata, həmçinin Məhkəmə Sədri, Sədrin Müavinləri, Palataların Sədrləri və Məhkəmənin Reqlamentinə əsasən seçilmiş digər hakimlər daxildir. Məhkəmə işi 43-cü maddəyə əsasən Böyük Palataya göndərildikdə, Palatanın Sədri və maraqlı olan Ali Razılığa gələn Tərəfə münasibətdə iştirak edən hakim istisna olmaqla, məhkəmə qərarını çıxaran Palatanın hakimlərindən heç biri Böyük Palatada iştirak etməməlidir.".

Maddə 7 Yeni 26-cı maddədən sonra Konvensiyaya aşağıdakı məzmunda yeni 27-ci maddə əlavə edilsin:

"Maddə 27. Tək hakimlərin səlahiyyət

1. Tək hakim 34-cü maddəyə əsasən verilmiş ərizəni qəbul edilə bilməyən elan edə və ya icraatda olan işlərin siyahısından çıxara bilər və bu cür qərar əlavə öyrənilmədən qəbul edilə bilər.

2. Bu qərar qətidir.

3. Əgər tək hakim ərizəni qəbul edilə bilməyən elan etmirsə və ya siyahıdan çıxarmırsa, o zaman həmin hakim əlavə öyrənilmə üçün onu komitəyə və ya Palataya göndərir.".

Maddə 8

Konvensiyanın 28-ci maddəsi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

"Maddə 28. Komitələrin səlahiyyəti

1. 34-cü maddəyə müvafiq olaraq təqdim olunan ərizəyə münasibətdə komitə yekdil səslə,

a. əlavə öyrənmədən onu qəbul edilə bilməyən elan edə və ya məhkəmə işlərinin siyahısından çıxara bilər; və ya

b. onu qəbul edilə bilən elan edə bilər və eyni zamanda işin mahiyyətinə uyğun qərar çıxara bilər, bu şərtlə ki, işin Konvensiyanın və ya ona dair Protokolların təfsiri və ya tətbiqi ilə bağlı olan əsas məsələsi artıq Məhkəmənin qəti müəyyən edilmiş presedent hüququnun predmeti olsun.

2. 1-ci bənddə qeyd olunan qərardadlar və qərarlar qətidir.

3. Əgər maraqlı olan Razılığa gələn Yüksək Tərəfə münasibətdə seçilmiş hakim komitənin üzvü deyilsə, o zaman komitə bütün aidiyyəti faktorları, o cümlədən 1.b. bəndinə əsasən prosessual normaların tətbiqinə dair həmin Tərəfin iradının olub-olmamasını nəzərə alaraq, məhkəmə işinin istənilən mərhələsində komitənin üzvlərindən hər hansı birinin yerinə həmin hakimi dəvət edə bilər.".

Maddə 9

29-cu maddəyə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Əgər 27-ci və ya 28-ci maddəyə əsasən hər hansı bir qərardad qəbul olunmayıbsa və ya 28-ci maddəyə əsasən heç bir qərar çıxarılmayıbsa, o zaman Palata 34-cü maddəyə uyğun olaraq təqdim edilmiş fərdi şikayətlərin qəbul edilə bilmə meyarına və mahiyyətinə görə qərar çıxarır. Qəbul edilə bilməyə dair qərardad ayrıca çıxarıla bilər.".

2. 2-ci bəndin sonuna aşağıdakı məzmunda yeni cümlə əlavə olunsun: "Qəbul edilə bilməyə dair qərar, əgər müstəsna hallarda Məhkəmə başqa cür qərar verməyibsə, ayrıca çıxarılır.".

3. 3-cü bənd çıxarılsın.

Maddə 10

31-ci maddəyə aşağıdakı dəyişikliklər edilsin:

1. a) bəndinin sonundakı "və" sözü çıxarılsın.

2. b) bəndi c) bəndi hesab olunsun və aşağıdakı məzmunda yeni b) bəndi əlavə olunsun:

"b. Nazirlər Komitəsi tərəfindən 46-cı maddənin 4-cü bəndinə əsasən Məhkəməyə göndərilmiş məsələləri həll edir; və".

Maddə 11

Konvensiyanın 32-ci maddəsinə aşağıdakı dəyişiklik edilsin:

1-ci bəndin sonunda 34 rəqəmindən sonra vergül və 46 rəqəmi əlavə edilsin.

Maddə 12

Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"3. Məhkəmə 34-cü maddəyə əsasən təqdim edilmiş istənilən fərdi şikayəti qəbuledilməz elan edir, əgər o hesab edirsə ki:

a. şikayət Konvensiyanın və ya ona dair Protokolların müddəalarına uyğun deyil, açıq-aşkar əsassızdır və ya fərdi müraciət hüququndan sui-istifadədir; və ya

b. Konvensiya və ona dair Protokollarda göstərilmiş insan hüquqlarına hörmətin şikayətə mahiyyəti üzrə baxılmasını tələb etdiyi hallar istisna olmaqla, ərizəçi böyük zərərə məruz qalmayıbsa; lakin yerli məhkəmə tərəfindən lazımınca araşdırılmayan heç bir iş bu əsasla rədd edilə bilməz."

Maddə 13

Konvensiyanın 36-cı maddəsinin sonuna aşağıdakı məzmunda yeni 3-cü bənd əlavə olunsun:

"3. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Palata və Böyük Palatada olan bütün məhkəmə işlərinə dair yazılı şəkildə şərhlər verə və dinləmələrdə iştirak edə bilər.".

Maddə 14

Konvensiyanın 38-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 38. Məhkəmə işinin araşdırılması Məhkəmə, məhkəmə işini maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə araşdırır və ehtiyac olarsa, işin hallarını təhqiq edir və bu təhqiqatın səmərəli olması üçün maraqlı olan Razılığa gələn Yüksək Tərəflər bütün zəruri imkanları yaratmalıdırlar.".

Maddə 15

Konvensiyanın 39-cu maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 39. Dostcasına həlletmə

1. Məhkəmə prosesinin istənilən mərhələsində Məhkəmə Konvensiya və ona dair Protokollarda müəyyən edilən insan hüquqlarına hörmət əsasında məsələnin dostcasına həllini təmin etmək məqsədilə maraqlı tərəflərə öz xidmətlərini təqdim edə bilər.

2. 1-ci bənddə nəzərdə tutulan prosedur məxfi olmalıdır.

3. Əgər dostcasına həlletmə mümkündürsə, Məhkəmə faktların və əldə olunmuş razılığın qısaca əks olunduğu qərardadla işi öz siyahısından çıxarır.

4. Bu qərardad dostcasına həlletmənin qərardadda müəyyən edilmiş şərtlərinin yerinə yetirilməsinə nəzarət edəcək Nazirlər Komitəsinə göndərilir.".

Maddə 16

Konvensiyanın 46-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 46. Qərarların məcburi qüvvəsi və icrası

1. Razılığa gələn Yüksək Tərəflər tərəf olduqları istənilən məhkəmə prosesində Məhkəmənin verdiyi qəti qərarı yerinə yetirmək öhdəliyi götürürlər.

2. Məhkəmənin qəti qərarı icrasına nəzarət edilmək üçün Nazirlər Komitəsinə göndərilir.

3. Əgər Nazirlər Komitəsi hesab edərsə ki, qəti qərarın yerinə yetirilməsinə nəzarətə qərarın şərhi ilə bağlı ortaya çıxan problemlər maneə yaradır, o zaman o, şərhlə bağlı ortaya çıxan məsələni həll etmək üçün işi Məhkəməyə göndərə bilər. Qərarın göndərilməsi üçün Komitədə iştirak etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu tələb olunur.

4. Əgər Nazirlər Komitəsi hesab edərsə ki, Razılığa gələn Yüksək Tərəf özünün tərəf olduğu məhkəmə prosesinin qəti qərarını yerinə yetirməkdən boyun qaçırır, o zaman o, həmin Tərəfə rəsmi xəbərdarlıq göndərdikdən sonra və Komitədə iştirak etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərarla, 1-ci bəndə əsasən həmin Tərəfin üzərinə götürdüyü öhdəliyi yerinə yetirib-yetirməməsi məsələsini aydınlaşdırmaq üçün işi Məhkəməyə göndərə bilər.

5. Əgər Məhkəmə 1-ci bəndin pozulduğunu aşkar edərsə, onda müəyyən ölçülərin götürülməsi üçün işi Nazirlər Komitəsinə göndərir. Əgər Məhkəmə 1-ci bəndin pozulmadığını aşkar edərsə, onda o, iş üzrə təhqiqatın başa çatdırılması üçün onu Nazirlər Komitəsinə göndərir.".

Maddə 17

Konvensiyanın 59-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda yeni 2-ci bənd əlavə olunsun:

"2. Avropa İttifaqı bu Konvensiyaya qoşula bilər.".

2. 2-ci, 3-cü və 4-cü bəndlər müvafiq olaraq 3-cü, 4-cü və 5-ci bəndlər hesab olunsun.

Yekun və keçid müddəalar

Maddə 18

1. Bu Protokol Avropa Şurasının Konvensiyanı imzalamış üzv Dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır və Protokolun onlar üçün məcburiliyinə aşağıdakılar dəlalət edə bilər:

a. ratifikasiya, qəbul və ya təsdiq barədə qeyd-şərtsiz imzalama; və ya

b. ratifikasiya, qəbul və ya təsdiqlə müşayiət olunan ratifikasiya, qəbul və ya təsdiq barədə qeyd-şərtlə imzalama.

2. Ratifikasiya, qəbul və ya təsdiqə dair sənədlər Avropa Şurasının Baş katibinə saxlanca verilir.

Maddə 19

Bu Protokol, Konvensiyaya qoşulan bütün Tərəflərin 18-ci maddənin müddəalarına müvafiq olaraq Protokolun məcburiliyinə razılıqlarını ifadə etdikləri tarixdən etibarən üç ay sonra gələn ayın birinci günündən qüvvəyə minir.

Maddə 20

1. Bu Protokolun qüvvəyə mindiyi tarixdən etibarən onun müddəaları Məhkəmədə baxılmaqda olan bütün şikayətlərə və eyni zamanda Nazirlər Komitəsinin icrasına nəzarət etdiyi bütün qərarlara tətbiq edilir.

2. Bu Protokolun 12-ci maddəsi ilə Konvensiyanın 35-ci maddəsinin 3.b bəndinə əlavə edilən yeni qəbul edilə bilmə meyarı bu Protokol qüvvəyə minməzdən əvvəl qəbul edilə bilən elan edilmiş şikayətlərə tətbiq edilmir. Bu Protokolun qüvvəyə minməsindən sonrakı iki il ərzində yeni qəbul edilə bilmə meyarı yalnız Məhkəmənin Palataları və Böyük Palatası tərəfindən tətbiq edilə bilər.

Maddə 21

Bu Protokolun qüvvyə mindiyi tarixdə birinci səlahiyyət müddətində olan hakimlərin selahiyyət müddəti ipso jure ümumilikdə doqquz ilə çatanadək artırılır. İpso jure səlahiyyət müddəti iki il artırılan digər hakimlər səlahiyyətini bu müddətin sonunda başa vururlar.

Maddə 22

Avropa Şurasının Baş katibi Avropa Şurasına üzv Dövlətləri aşağıdakılar barədə məlumatlandırır:

a. hər hansı imzalanma;

b. ratifikasiya, qəbul və ya təsdiq haqqında hər hansı sənədin saxlanca verilməsi;

c. 19-cu maddəyə müvafiq olaraq bu Protokolun qüvvəyə minmə tarixi; və

d. bu Protokolla bağlı istənilən digər akt, bildiriş və ya məlumatlandırma. Bunun təsdiqi olaraq, müvafiq qaydada müvəkkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

Hər ikisi autentik olmaqla ingilis və fransız dillərində, bir əsl nüsxədə 2004-cü il mayın 13-də Strasburqda imzalanmışdır. Sənədin əsli Avropa Şurasının arxivinə saxlanca verilir. Avropa Şurasının Baş katibi təsdiq edilmiş nüsxələri Avropa Şurasının bütün üzv Dövlətlərinə göndərəcəkdir.

"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (30 aprel 2006-cı il, N 4, maddə 313)

4 aprel 2006-cı il tarixli, 87-IIIQ nömrəli Qanun ilə təsdiq edilmişdir

iacca
iap
business ready
eplc
Ən Tez