İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiya Preambula


Fahişəliyin və onu müşayiət edən şərin-fahişəlik məqsədi güdən insan alverinin-insan şəxsiyyətinin ləyaqəti və dəyəri ilə bir araya sığmadığım və insanın, ailənin və cəmiyyətin rifahı üçün təhlükə olduğunu nəzərə alaraq, qadın və uşaq alveri ilə mübarizə haqqında aşağıdakı beynəlxalq aktların:

1) Ağdərili kölə alverinə qarşı mübarizə haqqında 1904-cü il 18 may tarixli Beynəlxalq Sazişin, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin təsdiq etdiyi 1948-ci il 3 dekabr tarixli Protokolla ona edilmiş dəyişikliklərlə birgə;

2) Ağdərili kölə alverinə qarşı mübarizə haqqında 1910-cu il 4 may tarixli Beynəlxalq Konvensiyanın, yuxarıda xatırlanan Protokolla ona edilən dəyişikliklərlə birgə;

3) Qadın və uşaq alveri ilə mübarizə haqqında 1921-ci il 30 sentyabr tarixli Beynəlxalq Konvensiyanın, Birləşmiş Millətlər Təşkilaü Baş Məclisinin təsdiq etdiyi 1947-ci il 20 oktyabr tarixli Protokolla ona edilmiş dəyişikliklərlə birgə;

4) Yetkinlik yaşına çatmış qadınların alveri ilə mübarizə haqqında 1933-cü il 11 oktyabr tarixli Beynəlxalq konvensiyanın, yuxarıda göstərilən Protokolla ona edilmiş dəyişikliklərlə birgə qüvvədə olduğunu nəzərə alaraq;

Millətlər Birliyinin 1937-ci ildə yuxarıda göstərilən aktların təsir dairəsini genişləndirən Konvensiya layihəsi tərtib etdiyini nəzərə alaraq,

1937-ci ildən sonra meydana çıxmış yeni amillərin yuxarıda göstərilən bütün aktları özündə cəmləşdirən və 1937-ci il Konvensiyası layihəsinin əsas müddəalarını, eləcə də ona arzuolunan düzəlişləri ehtiva edən bir Konvensiyanın bağlanmasına imkan verdiyini nəzərə alaraq,

Razılığa gələn Tərəflər aşağıdakılar barədə razılaşdılar:

Maddə 1

Bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün:

1) digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran;

2) digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər.

Maddə 2

1. Bu Konvensiyanın Tərəfləri daha sonra:

1) fahişəxana saxlayan və ya onu idarə edən, yaxud fahişəxanaları düşünülmüş şəkildə maliyyələşdirən, yaxud maliyyələşdirilməsində iştirak edən;

2) üçüncü şəxslərin fahişəlik məqsədilə istifadə edəcəyini bilə-bilə binanı və ya başqa bir yeri, yaxud onun bir hissəsini icarəyə verən, yaxud icarəyə götürən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər.

Maddə 3

1-ci və 2-ci maddələrdə nəzərdə rutulan qanun pozuntulannı törətmək cəhdləri, həmçinin belə qanun pozuntularını törətməyə yönəldilmiş hazırlıq tədbirləri də daxili qanunvericiliyin yol verdiyi həddə cəzalandırılır.

Maddə 4

1-ci və 2-ci maddələrdə nəzərdə tutulan hərəkətlərdə qəsdən iştirak etmək də daxili qanunvericiliyin yol verdiyi həddə cəzalandırılır.

İştirakçılıq hərəkətlərinə-bu, cəzasızlığın qarşısını almaq üçün zəruridirsə-daxili qanunvericiliyin yol verdiyi həddə ayrıca cinayət kimi baxılır.

Maddə 5

Zərərçəkmiş şəxs daxili qanunvericilik əsasında bu Konvensiyada nəzərdə tutulan hər hansı cinayətə dair iddiaçı kimi çıxış etmək hüququna malik olduğu hallarda, əcnəbilər bu hüquqdan məlum dövlətin vətəndaşları ilə eyni dərəcədə istifadə edirlər.

Maddə 6

Bu Konvensiyanın hər bir Tərəfi fahişəliklə məşğul olan və ya məşğul olmaqda şübhəli bilinən şəxslərin ya xüsusi qeydiyyatdan keçirilməsini, ya xüsusi sənədlərinin olmasını, ya da nəzarət və xəbərdarlıq məqsədilə hər hansı müstəsna tələblərə tabe olmasını nəzərdə tutan qüvvədə olan qanunların, qərarların, yaxud sərəncamların ləğv edilməsi üçün bütün lazımi tədbirləri görməyi öhdəsinə götürür.

Maddə 7

Bu Konvensiyada nəzərdə tutulan cinayətlərə görə əvvəllər başqa dövlətlərdə çıxarılmış hökmlər daxili qanunvericiliyin yol verdiyi həddə aşağıdakı məqsədlərlə nəzərə alınır:

1) residivizm faktını müəyyənləşdirmək üçün;

2) cinayətkarı siyasi və mülki hüquqlardan məhrum etmək üçün.

Maddə 8

Bu Konvensiyanın 1-ci və 2-ci maddələrində nəzərdə tutulan cinayətlərə ekstradisiya tətbiq olunan cinayətlər kimi baxılır və cinayətkarların ekstradisiyasına dair bu Konvensiyanın Tərəfləri arasında bağlanmış, yaxud bağlanacaq müqavilələr onlara da şamil edilir.

Bu Konvensiyanın cinayətkarların ekstradisiyasını müqavilələrin mövcudluğu ilə şərtləndirməyən Tərəfləri, bundan sonra qarşılıqlı münasibətlərdə bu Konvensiyanın 1-ci və 2-ci maddələrində nəzərdə tutulan cinayətləri ekstradisiya tətbiq olunan cinayətlər hesab edirlər.

Ekstradisiya bu barədə tələb irəli sürülmüş dövlətin qanunu əsasında həyata keçirilir.

Maddə 9

Qanununda öz vətəndaşını təhvil vermək prinsipini qəbul etməyən dövlətlərin vətəndaşları bu Konvensiyanın 1-ci və 2-ci maddələrində göstərilən cinayətlərdən hər hansını başqa dövlətdə törətdikdən sonra öz dövlətinə qayıtdıqda, öz dövlətinin məhkəməsi tərəfindən təqib olunur və cəzalandırılır.

Bu Konvensiyanın Tərəfləri arasında buna bənzər hallar meydana çıxdıqda əcnəbinin ekstradisiyasına dair tələb yerinə yetirilə bilmədikdə, bu müddəa tətbiq edilmir.

Maddə 10

Cinayət törətməkdə ittiham olunan şəxs başqa dövlətdə mühakimə edilibsə və ittiham hökmü ilə cəzasını çəkibsə və ya cəzadan azad edilibsə, yaxud cəza müddəti həmin dövlətin qanunlarına müvafiq olaraq azaldılıbsa, 9-cu maddənin müddəaları tətbiq edilmir.

Maddə 11

Bu Konvensiyanın heç bir müddəası bu və ya digər tərəfin beynəlxalq hüquq normalarına müvafiq olaraq cinayət yurisdiksiyasının hüdudlarına dair ümumi məsələyə münasibətini müəyyənləşdirməsi kimi yozulmamalıdır.

Maddə 12

Bu Konvensiya onda nəzərdə tutulan cinayətlərin hər bir ayrıca dövlətdə həmin dövlətin öz qanunlarına uyğun olaraq müəyyənləşdirilməsi, eləcə də onların törədilməsində müqəssir olan şəxslərin məhz həmin dövlətin qanunları əsasında təqib edilməsi və cəzalandırılması prinsipinə xələl gətirmir.

Maddə 13

Bu Konvensiyanın Tərəfləri öz qanunlarına və təcrübələrinə müvafiq olaraq bu Konvensiyada nəzərdə tutulan cinayətlərə aid məhkəmə tapşırqlarını yerinə yetirməyi öhdələrinə götürürlər.

Məhkəmə tapşırıqları aşağıdakı qaydada verilir:

1) məhkəmə orqanları arasında birbaşa əlaqələr vasitəsilə; yaxud

2) iki dövlətin ədliyyə nazirlərı arasında birbaşa əlaqələr və ya tapşırıq verən dövlətin digər müvafiq orqanlarının müraciət edilən dövlətin ədliyyə nazirinə birbaşa müraciəti vasitəsilə; yaxud

3) tapşırıq verən dövlətin diplomatik, yaxud konsulluq nümayəndələrinin tapşırığın verildiyi dövlətə müraciəti vasitəsilə.

Göstərilən nümayəndə müraciət edilən dövlətin məhkəmə orqanlarına və ya həmin dövlətin hökumətinin göstərdiyi hakimiyyət orqanlarına məhkəmə tapşırığı göndərir; o, həm də bilavasitə həmin hakimiyyət orqanlarından məhkəmə tapşırığının yerinə yetirilmə aktı olan sənədləri alır.

1-ci və 3-cü bəndlərdə nəzərdə tutulan hallarda məhkəmə tapşırıqlannın surətləri müraciət edilən dövlətin ali hakimiyyət orqanlarına göndərilir.

Başqa cür razılığa gəlinməyibsə, məhkəmə tapşırığı həmişə onu verən hakimiyyət orqanlarının dilində tərtib edilir, bu şərtlə ki, müraciət edilən dövlət həmin tapşırığın onu vermiş hakimiyyət orqanları tərəfindən təsdiq olunmuş tərcüməsini tələb edə bilər.

Bu Konvensiyanın hər bir Tərəfi hər hansı digər dövlətin məhkəmə tapşırıqları göndərərkən hansı üsulun, yaxud üsulların onun üçün məqbul sayılacağını bu Konvensiyanın iştirakçısı olan hər bir digər Tərəfə bildirir.

Hər hansı dövlət belə bildiriş etməyincə məhkəmə tapşırığına dair orada mövcud olan qayda öz qüvvəsində qalır.

Məhkəmə tapşırıqlarının yerinə yetirilməsi, ekspertiza xərcləri istisna olmaqla, heç bir xərcə görə ödəniş tələbi üçün əsas ola bilməz.

Bu maddənin heç bir müddəası bu Konvensiyanın Tərəflərinin cinayət işlərində öz qanunları ilə bir araya sığmayan hansısa sübut formasını və ya üsullarını tətbiq etmək təəhhüdü kimi yozulmamalıdır.

Maddə 14

Bu Konvensiyanın hər bir Tərəfi Konvensiyada nəzərdə tutulan cinayətlərin təhqiq olunmasını əlaqələndirmək və nəticələrini mərkəzləşdirmək vəzifəsi həvalə edilən orqanı təsis edir və saxlayır.

Bu orqanlar bu Konvensiyada nəzərdə tutulan cinayətlərin qarşısının alınması və onlara görə cəza verilməsini asanlaşdırmaq məqsədilə toplanmış bütün informasiyanı kompilyasiya edir; həmin orqanlar həmçinin digər ölkələrin analoji orqanları ilə sıx əlaqə saxlayır.

Maddə 15

14-cü maddədə göstərilən orqanlar daxili qanunvericiliyin tələblərinə və həmin maddəyə görə tabe olduqları hakimiyyət orqanlarının arzusuna uyğun olaraq, digər dövlətlərin analoji orqanlarının tabe olduğu hakimiyyət orqanlarına aşağıdakı informasiyaları verirlər:

1) bu Konvensiyada nəzərdə tutulan hər bir cinayətə dair təfərrüatı və belə cinayətlər törətmək cəhdləri haqqında;

2) bütün axtarış, həmçinin cinayətin təqibi, həbs edilmə, məhkum edilmə hallarına bu Konvensiyada nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin ölkəyə buraxılmasının rədd edilməsinə və ölkədən sürgün olunmasına, həmçinin belə şəxslərin yaşayış yerlərini dəyişmələrinə dair təfərrüatı və onlara aid digər hər hansı gərəkli informasiyanı.

Bu yolla bildirilən informasiyaya cinayətkarların təsviri, onların daktiloskopik izləri, fotoşəkilləri, iş üsulları haqqında məlumat, polis orqanlarından arayışlar və məhkumluğa dair arayışlar daxildir.

Maddə 16

Bu Konvensiyanın Tərəfləri təhsil, səhiyyə, sosial və iqtisadi xidmət sahəsində və onlarla bağlı digər xidmət sahələrində fəaliyyət göstərən hökumət, yaxud özəl təsisatlar vasitəsilə, fahişəliklə mübarizəyə, fahişəliyin və bu Konvensiyada nəzərdə tutulan cinayətlərin qurbanlarının normal sosial şəraitə qaytarılmasına və uyğunlaşdırılmasına dair bütün zəruri tədbirləri görməyi, yaxud təşviq etməyi öhdələrinə götürürlər.

Maddə 17

Bu Konvensiyanın Tərəfləri immiqrasiya və emiqrasiyaya münasibətdə, bu Konvensiyaya əsasən öz üzərlərinə götürdükləri öhdəliklərə müvafiq olaraq, fahişəlik məqsədilə hər iki cinsdən olan insan alverinin qarşısını almaq üçün tələb olunan bütün tədbirləri qəbul etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Onlar o cümlədən aşağıdakıları öhdələrinə götürürlər:

1) immiqrantları və emiqrantları, xüsusilə qadınları və uşaqları varid olduqları və yola düşdükləri məntəqələrdə müdafiə etmək üçün zəruri olan bütün qərarları qəbul etməyi;

2) əhalini sözügedən alver təhlükəsi barədə xəbərdar etmək üçün tədbirlər görməyi;

3) fahişəlik məqsədi güdən beynəlxalq insan alverinin qarşısını almaq məqsədilə dəmiryol stansiyalarına, hava və dəniz limanlarına və digər ictimai yerlərə, həmçinin yollara nəzarəti təmin etmək üçün lazımi tədbirlər görməyi;

4) mövcud məlumatlara əsasən, prima facie olaraq bu qəbil alverin başlıca müqəssiri, iştirakçısı, yaxud qurbanı olan şəxslərin gəlməsi barədə müvafiq hakimiyyət orqanlarını xəbərdar etmək üçün bütün lazımi tədbirləri görməyi.

Maddə 18

Bu Konvensiyanın Tərəfləri onların öz qanunlarının qoyduğu şərtlərə müvafiq olaraq, fahişəliklə məşğul olan bütün əcnəbilər haqqında onların şəxsiyyətini və sosial vəziyyətini müəyyənləşdirmək, həmçinin onları öz vətənlərini tərk etməyə sövq etmiş şəxsləri aşkara çıxarmaq məqsədilə məlumat toplamağı öhdələrinə götürürlər. Bu məlumatlar həmin şəxsləri gələcəkdə repatriasiya etmək məqsədilə onların mənsub olduqları dövlətlərin hakimiyyət orqanlarına bildirilir.

Maddə 19

Bu Konvensiyanın Tərəfləri onların öz qanunlarının qoyduğu şərtlərə müvafiq olaraq və həmin qanunun pozulmasından irəli gələn təqiblərə, yaxud digər tədbirlərə xələl gətirmədən və mümkün olduğu qədər aşağıdakıları öhdələrinə götürürlər:

1) fahişəlik məqsədi güdən beynəlxalq insan alverinin qurbanı olmuş yoxsul şəxslərin repatriasiyası üzrə qəti tədbirlər həyata keçirilənə qədər onlara müvəqqəti yardım göstərmək və dəstək vermək üçün lazımi tədbirlər görməyi;

2) 18-ci maddədə göstərilən şəxsləri—onlar bunu istəyirsə, yaxud sərəncamında olduqları şəxslərdən onların repatriasiya edilmələri haqqında tələb alınıbsa, yaxud onların ölkədən sürgün olunması haqqında qanuna əsaslanan əmr varsa—repatriasiya etməyi. Repatriasiya yalnız repatriasiya ediləcək şəxslərin şəxsiyyəti və vətəndaşlığı, yaxud sərhəddə çatacağı yer və vaxt barəsində qaytarıldığı dövlətlə razılaşma əldə edildikdən sonra icra edilir. Bu Konvensiyanın hər bir Tərəfi belə şəxsin öz ərazisindən keçib getməsinə yardım göstərir.

Bundan əvvəlki abzasda göstərilən şəxslər repatriasiya xərclərini özləri ödəyə bilmədikdə və bu xərcləri onların əvəzinə ödəyə biləcək nə əri, nə qohumları, nə də qəyyumları olmadıqda, onların mənsub olduqları dövlətə daha yaxın olan sərhədə, hava, yaxud dəniz limanına qədər repatriasiya xərclərini həmin şəxslərin yaşadığı ölkə ödəyir, qalan xərcləri isə onların mənsub olduğu dövlət öz üzərinə götürür.

Maddə 20

Bu Konvensiyanın Tərəfləri iş axtaran şəxsləri, xüsusilə qadınları və uşaqları fahişəlikdə mümkün istismar təhlükəsindən qorumaq məqsədilə işə düzəltmə agentliklərinə nəzarət etmək üçün lazımi tədbirlər—əgər onlar indiyədək belə tədbirləri görməyiblərsə—görürlər.

Maddə 21

Bu Konvensiyanın Tərəfləri öz dövlətlərində bu Konvensiyanın mövzusuna dair artıq qəbul edilmiş qanunlar və qərarlar və bundan sonra hər il bu Konvensiyaya dair qəbul ediləcək qanunlar və qərarlar, həmçinin bu Konvensiyanın tətbiqi ilə əlaqədar görülmüş bütün tədbirlər barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məlumat verirlər. Bu məlumat Baş katib tərəfindən vaxtaşırı dərc etdirilərək Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə, həmçinin 23-cü maddəyə müvafiq olaraq, bu Konvensiya barədə rəsmi surətdə məlumat verildiyi, Təşkilatın üzvü olmayan dövlətlərə göndərilir.

Maddə 22

Bu Konvensiyanın Tərəfləri arasında onun təfsirinə, yaxud tətbiqinə dair mübahisə meydana çıxdıqda və bu mübahisə başqa yolla həll edilə bilmədikdə, o, mübahisə edən tərəflərdən hər hansı birinin tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsinə verilir.

Maddə 23

Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının hər hansı üzvünün və İqtisadi və Sosial Şuranın müvafiq dəvət göndərdiyi hər hansı dövlətin adından imzalanmaq üçün açıqdır. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanılmağa verilir.

Birinci abzasda qeyd olunan və onu imzalamamış dövlətlər bu Konvensiyaya qoşula bilərlər. Qoşulma, qoşulma haqqında sənədin Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.

Bu Konvensiyada «Dövlət» sözünə bu Konvensiyanı imzalamış, yaxud ona qoşulmuş dövlətin bütün müstəmləkələri və qəyyumluq altında olan əraziləri və bu dövlətin məsuliyyət daşıdığı bütün ərazilər daxildir.

Maddə 24

Bu Konvensiya ikinci təsdiqnamə, yaxud qoşulma haqqında akt saxlanca verilən tarixdən sonra doxsanıncı gün qüvvəyə minir.

Bu Konvensiyanı ikinci təsdiqetmə və ya qoşulma aktı saxlanca veriləndən sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün bu Konvensiya həmin dövlətin təsdiqnaməsinin, yaxud qoşulma aktının saxlanılmağa verilməsindən sonrakı doxsanıncı gün qüvvəyə minir.

Maddə 25

Bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən beş il keçəndən sonra bu Konvensiyanın istənilən Tərəfi Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına müvafiq bildiriş göndərməklə onu denonsasiya edə bilər.

Bu denonsasiya onu elan edən Tərəf üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibi onun bildirişini alandan bir il sonra qüvvəyə minir.

Maddə 26

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinə və 23-cü maddədə göstərilmiş, Təşkilatın üzvü olmayan dövlətlərə aşağıdakılar haqqında məlumat verir:

a) 23-cü maddəyə müvafiq olaraq alılmış imzalanma, təsdiqetmə və qoşulma aktları;

b) 24-cü maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi;

c) 25-ci maddəyə müvafiq olaraq alınmış denonsasiyalar.

Maddə 27

Bu Konvensiyanın hər bir Tərəfi, öz konstitusiyasına müvafiq olaraq, bu Konvensiyanın tətbiqini təmin etmək üçün lazım olan qanunvericilik tədbirlərini və digər tədbirləri görməyi öhdəsinə götürür.

Maddə 28

Bu Konvensiyanın müddəaları onun Tərəfləri arasındakı qarşılıqlı münasibətlərə aid olan və preambulanın ikinci abzasının 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində xatırlanan beynəlxalq aktların müddəalarını ləğv edir; həmin aktların hər biri, onların bütün Tərəfləri bu Konvensiyanın Tərəfləri olduqdan sonra ləğv edilmiş sayılır.

Yekun protokol

Bu Konvensiyanın heç bir müddəasına insan alveri və digər şəxslərin fahişəlik məqsədilə istismar edilməsi ilə mübarizəni təmin edən müddəaların həyata keçirilməsi məqsədilə bu Konvensiyada nəzərdə tutulduğundan daha sərt şərtlər müəyyən edən hər hansı qanunun yerinə yetirilməsinə əngəl kimi baxılmamalıdır. Bu Konvensiyanın 23-26-cı maddələri bu Protokolda tətbiq edilir.

Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 102-1Q nömrəli Qanunu ilə bu Konvensiyaya qoşulmuşdur

iacca
iap
business ready
eplc
Ən Tez