İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər,

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin hər bir insana məxsus olan ləyaqət və bərabərlik prinsiplərinə əsaslandığını və Təşkilatın üzvü olan bütün dövlətlərin Birləşmiş Millətlər Təşkilatının vəzifələrindən biri olan irqinə, cinsinə, dilinə və dininə görə fərq qoyulmadan hamı üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət edilməsinin və onlara riayət olunmasının təşviq edilməsinə və inkişafına nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq şəraitində birgə və müstəqil fəaliyyət göstərməyi öhdələrinə götürdüyünü nəzərə alaraq,

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin bütün insanların ləyaqətcə və hüquqca bərabər və azad doğulduğunu və hər bir insanın heç bir fərq, o cümlədən irqinə, dərisinin rənginə, yaxud milli mənşəyinə görə fərq qoyulmadan, orada elan edilən bütün hüquq və azadlıqlara malik olmasının vacibliyini bəyan etdiyini nəzərə alaraq,

bütün insanların qanun qarşısında bərabər olduğunu və hər cür ayrı-seçkilikdən və ayrı-seçkiliyə təhrikdən qanunla bərabər şəkildə qorunmaq hüququ olduğunu nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının harada və hansı formada təzahür etməsindən asılı olmayaraq, müstəmləkəçiliyi, onunla bağlı seqreqasiya və ayrı-seçkilik praktikasını pislədiyini və Müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında 1960-cı il 14 dekabr tarixli Bəyannaməsində (Baş Məclisin 1514(XV) nömrəli qətnaməsi) bütün bunlara təcili surətdə və qeyd-şərtsiz son qoyulmasının zəruriliyini təsdiq və təntənəli surətdə elan etdiyini nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1963-cü il 20 noyabr tarixli Bəyannaməsində (Baş Məclisin 1904(XVIII) nömrəli qətnaməsi) bütün dünyada irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin tezliklə ləğv edilməsinin və şəxsiyyətin, insan ləyaqətinin dərk edilməsinin və ona hörmətin təmin olunmasının zəruriliyinin təntənəli surətdə təsdiqləndiyini nəzərə alaraq,

irqi fərqlərə əsaslanan hər hansı üstünlük fəlsəfəsinin elmi cəhətdən saxta, əxlaqi cəhətdən çirkin, sosial cəhətdən ədalətsiz və təhlükəli olduğuna və irqi ayrı-seçkiliyə harada olursa-olsun nə nəzəri, nə də praktik baxımdan bəraət qazandırmağın mümkünsüzlüyünə əmin olaraq,

insanlara irqinə, dərisinin rənginə, yaxud etnik mənşə əlamətlərinə görə ayrı-seçkilik qoyulmasının millətlər arasında dostluq və sülh münasibətlərinə mane olduğunu və xalqlar arasında sülh və təhlükəsizliyin, habelə eyni dövlət daxilində insanların ahəngdar birgə yaşayışının pozulmasına gətirib çıxara biləcəyini təsdiq edərək,

irqi əngəllərin hər hansı insan cəmiyyətinin ideallarına zidd olduğuna əmin olaraq,

dünyanın bəzi bölgələrində hələ də müşahidə edilən irqi ayrı-seçkilik təzahürlərindən, habelə irqi üstünlüyə, yaxud irqi nifrətə əsaslanan dövlət siyasətindən, məsələn, aparteid, seqreqasiya, yaxud ayrı-seçkilik siyasətindən təşviş keçirərək,

irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərini tezliklə ləğv etmək üçün bütün zəruri tədbirləri görmək və irqlər arasında qarşılıqlı anlaşmaya yardım etmək və irqi seqreqasiyanın və irqi ayrı-seçkiliyin bütün formalarından azad beynəlxalq birlik yaratmaq məqsədilə irqi nəzəriyyələrin kökünü kəsmək əzmi ilə,

Beynəlxalq Əmək Təşkilatının 1958-ci ildə təsdiq etdiyi İşə götürmə və əmək sahəsində ayrı-seçkilik haqqında Konvensiyanı və Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatının 1960-cı ildə təsdiq etdiyi Təhsil sahəsində ayrı-seçkiliyin qarşısının alınması haqqında Konvensiyanı nəzərə alaraq;

Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannaməsində ifadə olunmuş prinsiplərin həyata keçirilməsini və bu məqsədə nail olmaq üçün təcili praktik tədbirlərin görülməsini təmin etməyi arzulayaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

I hissə

Maddə 1

1. Bu Konvensiyada «irqi ayrı-seçkilik» ifadəsi məqsedi, yaxud nəticəsi siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın hər hansı digər sahəsində insanın hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, istifadə olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olan, irqi, dərinin rəngi, nəsil, milli, yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud üstün tutulmanı bildirir.

2. Bu Konvensiya onun iştirakçısı olan dövlətlərin öz vətəndaşları ilə onların vətəndaşları olmayanlar arasında qoyduğu fərqlərə, istisnalara, məhdudiyyətlərə, yaxud üstün tutmalara şamil edilmir.

3. Bu Konvensiyada heç nə iştirakçı dövlətlərin milli mənsubiyyətə, vətəndaşlığa, naturalizasiyaya dair qanunvericilik müddəalarına hansısa şəkildə təsir göstərmək kimi yozula bilməz, bir şərtlə ki, belə qərarlarda hər hansı müəyyən milliyyət barəsində ayrı-seçkilik nəzərdə tutulmasın.

4. Müstəsna olaraq, müdafiəyə ehtiyacı olan bəzi irqi və ya etnik qrupun, yaxud ayrı-ayrı şəxslərin lazımi tərəqqisini təmin etmək məqsədilə belə qrup və şəxslərin insan hüquqlarından və əsas azadlıqlardan bərabər istifadə etməsinin təmin olunması üçün zəruri ola bilən xüsusi tədbirlərin görülməsinə ancaq bir şərtlə irqi ayrı-seçkilik kimi baxılmır ki, belə tədbirlər müxtəlif irqi qruplar üçün əlahiddə hüquqların saxlanılmasına gətirib çıxarmasın və onlar hansı məqsədlərlə tətbiq edilmişdirsə, həmin məqsədlərə nail olunduqdan sonra qüvvədə qalmasın.

Maddə 2

1. İştirakçı dövlətlər irqi ayrı-seçkiliyi pisləyir və təxirə salınmadan bütün mümkün vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını ləğv etmək siyasəti yürütməyi və bütün irqlər arasında qarşılıqlı anlaşmaya yardım göstərməyi öhdələrinə götürürlər və bu məqsədlə:

a) hər bir iştirakçı dövlət ayrı-ayrı şəxslərə, qruplara, yaxud təsisatlara münasibətdə irqi ayrı-seçkiliklə bağlı heç bir hərəkət etməməyi və ya fəaliyyət göstərməməyi öhdəsinə götürür və bütün milli, eləcə də yerli dövlət orqanlarının və idarələrinin bu öhdəliyə müvafiq hərəkət edəcəklərinə təminat verir;

b) hər bir iştirakçı dövlət hər hansı şəxsin, yaxud təşkilatın həyata keçirdiyi irqi ayrı-seçkiliyi təşviq və müdafiə etməməyi, yaxud ona dəstək verməməyi öhdəsinə götürür;

c) hər bir iştirakçı dövlət hökumətin milli və yerli miqyasda siyasətinə yenidən baxılması, habelə irqi ayrı-seçkiliyin meydana gəlməsinə, yaxud hər hansı şəkildə möhkəmlənməsinə aparan hər hansı qanun və qərarların dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün təsirli tədbirlər görməlidir;

d) hər bir iştirakçı dövlət bütün lazımi vasitələrdən, o cümlədən şəraitdən asılı olaraq, qanunvericilik tədbirlərindən istifadə edərək hər hansı şəxsin, qrupun, yaxud təşkilatın yeritdiyi irqi ayrı-seçkiliyi qadağan etməli və ona son qoymalıdır;

e) hər bir iştirakçı dövlət, lazımi hallarda, irqi əngəlləri dəf etməyə yönəlmiş başqa tədbirlərlə yanaşı, çoxirqli birləşdirici təşkilat və hərəkatları təşviq etməyi, irqi bölünmənin dərinləşməsinə yardım edən belə təşkilat və hərəkatları isə müdafiə etməməyi öhdəsinə götürür.

2. İştirakçı dövlətlər, şərait tələb etdikdə, onlara mənsub müəyyən irqi qrupların, yaxud şəxslərin inkişafını və müdafiəsini təmin etmək məqsədilə sosial, iqtisadi, mədəni və digər sahələrdə, onların insan hüquqlarından və əsas azadlıqlardan tam və bərabər istifadə etməsinə zəmanət verən xüsusi və konkret tədbirlər görməlidirlər. Belə tədbirlər nəticədə onların naminə tətbiq edildikləri məqsədlərə nail olunduqdan sonra qətiyyən müxtəlif irqi qruplar üçün qeyri-bərabər, yaxud əlahiddə hüquqların saxlanmasına gətirib çıxarmamalıdır.

Maddə 3

İştirakçı dövlətlər irqi seqreqasiya və aparteidi xüsusilə pisləyir və öz yurisdiksiyalarında olan ərazilərdə bu xarakterli hər cür praktikanın qarşısını almağı, qadağan etməyi və kökünü kəsməyi öhdələrinə götürürlər.

Maddə 4

İştirakçı dövlətlər müəyyən irqin, yaxud dərisi müəyyən rəngli, yaxud müəyyən etnik mənşəli insan qrupunun üstünlüyü ideyasına, yaxud nəzəriyyəsinə əsaslanan, yaxud hər hansı formada irqi nifrətə və ayrı-seçkiliyə bəraət qazandırmağa, yaxud onu təşviq etməyə cəhd göstərən hər cür təbliğatı və təşkilatı pisləyir və belə ayrı-seçkiliyə hər cür təhrikçiliyin, yaxud ayrı-seçkilik hərəkətlərinin kökünün kəsilməsinə yönəldilmiş təcili və pozitiv tədbirlər görməyi öhdələrinə götürürlər. Bu məqsədlə onlar İnsan hüquqları haqqında ümumi bəyannamənin prinsiplərinə və bu Konvensiyanın 5-ci maddəsində aydın ifadə olunmuş hüquqlara müvafiq olaraq, habelə:

a) irqi üstünlüyə, yaxud nifrətə əsaslanan ideyaların hər hansı şəkildə yayılmasını, irqi ayrı-seçkiliyə hər cür təhrikçiliyi, eləcə də hər hansı irqə, yaxud başqa rəngli dəriyə, yaxud etnik mənşəyə mənsub insan qrupları əleyhinə yönəldilmiş bütün zorakılıq hərəkətlərini, yaxud belə hərəkətlərə təhrikçiliyi, habelə irqi ayrı-seçkilik fəaliyyəti aparılması üçün, onun maliyyələşdirilməsi də daxil olmaqla, hər cür yardım göstərilməsini qanunla cəzalandırılan cinayət növü elan edirlər;

b) irqi ayrı-seçkiliyi və ona təhrikçiliyi təşviq edən təşkilatları, eləcə də hər cür digər mütəşəkkil təbliğat fəaliyyətini qeyri-qanuni elan və qadağan edir, habelə belə təşkilat və fəaliyyətlərdə iştirakı qanunla cəzalandırılan cinayət növü kimi tanıyırlar;

c) milli, yaxud yerli dövlət hakimiyyəti orqanlarının, dövlət idarələrinin irqi ayrı-seçkiliyi təşviq etməsinə, yaxud ona təhrik etməsinə yol vermirlər.

Maddə 5

Bu Konvensiyanın 2-ci maddəsində ifadə olunmuş əsas öhdəliklərə müvafiq olaraq, iştirakçı dövlətlər irqi ayrı-seçkiliyin bütün formalarını qadağan və ləğv etməyi və irqinə, dərisinin rənginə, milli, yaxud etnik mənşəyinə görə fərq qoyulmadan hər bir insanın,-xüsusilə aşağıdakı hüquqları həyata keçirməyə münasibətdə,-qanun qarşısında bərabərliyini təmin etməyi öhdələrinə götürürlər:

a) məhkəmə və ədalət mühakiməsi icra edən digər orqanlar qarşısında bərabərlik hüququ;

b) şəxsi təhlükəsizlik hüququ, istər vəzifəli hökumət adamları, istərsə də ayrı-ayrı şəxslər, qruplar, yaxud təsisatlar tərəfindən məruz qaldıqları zorakılığa, yaxud bədən xəsarətinə görə dövlət tərəfindən müdafiə olunmaq hüququ;

c) siyasi hüquqlar, o cümlədən ümumi və bərabər seçki hüququ əsasında keçirilən seçkilərdə iştirak etmək-səs vermək və öz namizədliyini irəli sürmək hüququ, ölkənin idarə olunmasında, eləcə də bütün səviyyələrdə dövlət işlərinə rəhbərlikdə iştirak etmək hüququ, habelə dövlət qulluğuna girməkdə bərabərlik hüququ;

d) digər mülki hüquqlar, o cümlədən:

i) dövlətin hüdudlarında yer dəyişmək və yaşamaq azadlığı hüququ;

ii) öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ;

iii) vətəndaşlıq hüququ;

iv) nikaha və ər-arvad seçmək hüququ;

v) istər təkbaşına, istərsə də müştərək əmlak sahibliyi hüququ;

vi) vərəsəlik hüququ;

vii) fikir, vicdan və din azadlığı hüququ;

viii) əqidə azadlığı və onu sərbəst ifadə etmək hüququ;

ix) sərbəst toplaşma və birləşmə hüququ;

e) iqtisadi, sosial və mədəni sahələrdə hüquqlar, o cümlədən:

i) əmək hüququ, sərbəst iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə, eyni əmək üçün bərabər ödəniş, ədalətli və qənaətbəxş haqq hüququ;

ii) həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq hüququ;

iii) mənzil hüququ;

iv) səhiyyə, tibbi yardım, sosial təminat və sosial xidmət huququ;

v) təhsil və peşə hazırlığı hüququ;

vi) mədəni həyatda bərabər iştirak etmək hüququ;

f) ictimai istifadə üçün nəzərdə tutulan istənilən yerə və xidmət növü yerlərinə, məsələn nəqliyyata minmək, restoran, kafe, teatr və parklara daxil olmaq hüququ.

Maddə 6

İştirakçı dövlətlər onların yurisdiksiyasında olan hər bir insanın, bu Konvensiyanın pozulması ilə onun hüquqlarına və əsas azadlıqlarına qəsd olan hər hansı irqi ayrı-seçkilik hərəkətləri törədildikdə səlahiyyətli milli məhkəmələr və digər dövlət təsisatları vasitəsilə təsirli müdafiə vasitələri ilə müdafiə olunmaq, habelə bu məhkəmələrdə belə ayrı-seçkilik nəticəsində ona vurulmuş hər hansı zərərin ədalətli və adekvat əvəzinin ödənilməsi barədə iddia qaldırmaq hüququnu təmin edirlər.

Maddə 7

İştirakçı dövlətlər irqi ayrı-seçkiliyə gətirib çıxaran xurafatla mübarizə aparmaq və millətlər, irqi, yaxud etnik qruplar arasında qarşılıqlı anlaşmanı, dözümlülüyü və dostluğu təşviq etmək məqsədilə təcili və təsirli tədbirlər-o cümlədən tədris, tərbiyə, mədəniyyət və informasiya sahələrində tədbirlər görməyi, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, İnsan hüquqları haqqında ümumi Bəyannamənin, Birləşmiş Millətlər Təşkilatının irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannaməsinin və bu Konvensiyanın məqsəd və prinsiplərini geniş yaymağı öhdələrinə götürürlər.

II hissə

Maddə 8

1. İştirakçı dövlətlərin öz vətəndaşları arasından seçdikləri yüksək əxlaqi keyfiyyətlərə malik və qərəzsizlikləri ilə tanınmış 18 ekspertdən ibarət ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitə (bundan sonra «Komitə» adlandırılacaq) təsis edilməlidir. Onlar öz vəzifələrini ayrıca şəxs qismində yerinə yetirməlidirlər. Komitənin üzvləri seçilərkən ədalətli coğrafi bölgüyə, müxtəlif sivilizasiya formalarının, habelə başlıca hüquq sistemlərinin təmsil olunmasına diqqət yetirilir.

2. Komitə üzvləri iştirakçı dövlətlərin namizədliyini irəli sürdükləri şəxslərin daxil edildiyi siyahı üzrə gizli səsvermə yolu ilə seçilirlər və hər iştirakçı dövlət bir vətəndaşının namizədliyini irəli sürə bilər.

3. İlk seçkilər bu Konvensiya qüvvəyə mindikdən altı ay sonra keçirilir. Hər dəfə seçkilərə, heç olmasa üç ay qalmış Baş katib namizədliyi bu yolla irəli sürülmüş bütün şəxslərin, onların namizədliyini irəli sürmüş iştirakçı dövlətlər göstərilməklə, əlifba sırası ilə düzülmüş siyahısını hazırlayır və həmin siyahını Konvensiyanın iştirakçısı olan dövlətlərə göndərir.

4. Komitə üzvlərinin seçkisi Birləşmiş Millətlər Təşkilatının mərkəzi idarələrində iştirakçı dövlətlərin Baş katib tərəfindən çağırılan iclasında keçirilir. İştirakçı dövlətlərin üçdə ikisinin yetərsay təşkil etdiyi bu iclasda ən çox səs alan və iclasda və səsvermədə iştirak edən iştirakçı dövlətlərin nümayəndələrinin mütləq əksəriyyətinin səsini qazanan namizədlər Komitəyə üzv seçilmiş olurlar.

5. a) Komitə üzvləri dörd ilə seçilirlər. Lakin ilk seçkilərdə seçilmiş doqquz üzvün səlahiyyət müddəti ikinci ilin sonunda bitir; həmin doqquz üzvün adı ilk seçkilərdən dərhal sonra Komitə sədri tərəfindən püşk yolu ilə müəyyən edilir.

b) Gözlənilməz vakansiyaların yerini doldurmaq üçün eksperti artıq Komitənin uzvü olmayan iştirakçı dövlət, Komitənin bəyənməsi şərtilə, öz vətəndaşları arasından yeni ekspert təyin edir.

6. İştirakçı dövlətlər Komitə üzvlərinin onlar Komitədə vəzifələrini yerinə yetirdiyi müddətdə xərclərinin ödənilməsinə məsuliyyət daşıyırlar.

Maddə 9

1. İştirakçı dövlətlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə Komitədə baxılmaq üçün bu Konvensiyanın həyata keçirilməsinə kömək etmək məqsədilə gördüyü qanunvericilik, məhkəmə, inzibati və digər tədbirlər haqqında məruzə təqdim etməyi öhdələrinə götürürlər:

a) aidiyyəti dövlət üçün bu Konvensiya qüvvəyə mindikdən sonra bir il ərzində;

b) bundan sonra isə iki ildə bir dəfə və Komitə hər dəfə tələb etdikdə. Komitə Konvensiyanın iştirakçısı olan dövlətlərdən əlavə informasiya istəyə bilər.

2. Komitə öz fəaliyyəti barədə hər il Baş katib vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə məruzə təqdim edir və Konvensiyanın iştirakçısı olan dövlətlərdən alınmış məruzə və informasiyaların öyrənilməsi əsasında təkliflər və ümumi tövsiyələr verə bilər. Belə təkliflər və ümumi tövsiyələr Baş Məclisə Konvensiyanın iştirakçısı olan dövlətlərin qeydləri ilə (əgər varsa) birlikdə bildirilir.

Maddə 10

1. Komitə özünün məxsusi prosedur qaydalarını müəyyən edir.

2. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir.

3. Komitənin Katibliyi Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən təmin edilir.

4. Komitənin iclasları, adətən, Birləşmiş Millətlər Təşkilatının mərkəzi idarələrində keçirilir.

Maddə 11

1. Hansısa iştirakçı dövlət digər iştirakçı dövlətin bu Konvensiyanın müddəalarını yerinə yetirmədiyini hesab edirsə, bunu Komitənin nəzərinə çatdıra bilər. Sonra Komitə bu məlumatı maraqlı iştirakçı dövlətə verir. Bildiriş alan dövlət üç ay ərzində Komitəyə bu məsələni və həmin dövlətin görmüş ola biləcəyi tədbirləri aydınlaşdıran yazılı izahat, yaxud bəyanat təqdim edir.

2. Məsələ, belə dövlət ilk bildiriş alandan sonra altı ay ərzində ikitərəfli danışıqlar, yaxud onlar üçün mümkün olan digər vasitələrlə hər iki tərəf üçün qənaətbəxş şəkildə tənzimlənmədikdə, bu iki dövlətdən hər hansı biri həmin məsələni Komitəyə, habelə digər dövlətə bildiriş göndərməklə, yenidən Komitənin müzakirəsinə verə bilər.

3. Komitə bu maddənin 2-ci bəndinə əsasən ona verilmiş məsələyə, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə müvafiq olaraq konkret halda bütün mümkün daxili hüquqi müdaifə vasitələrinin sınaqdan çıxarıldığını və tükəndiyini müəyyənləşdirdikdən sonra baxır. Həmin vasitələrin tətbiqi həddindən artıq ləngidildikdə bu qayda tətbiq olunmur.

4. Komitə onun müzakirəsinə verilmiş hər bir məsələ üzrə işə aid istənilən informasiyanın təqdim olunmasını maraqlı iştirakçı dövlətlərdən istəyə bilər.

5. Bu maddənin müddəalarından irəli gələn hər hansı bir məsələyə Komitədə baxıldıqda, maraqlı iştirakçı dövlətlər öz nümayəndələrini məsələyə baxıldığı müddətdə səs hüququ olmadan Komitənin iclaslarında iştirak etməyə göndərə bilər.

Maddə 12

1. a) Komitə lazım saydığı bütün informasiyanı aldıqdan və diqqətlə yoxladıqdan sonra sədr Komitənin üzvü ola və olmaya bilən beş nəfərdən ibarət xüsusi Razılaşdırıcı Komissiya (bundan sonra «Komissiya» adlandırılacaq) təyin edir. Komissiya üzvləri mübahisə edən tərəflərin yekdil razılığı ilə təyin edilir. Komissiya məlum məsələni Konvensiyanın müddəalarına riayət edilməsi əsasında dincliklə tənzimləmək məqsədilə maraqlı dövlətlərə xeyirxah xidmət göstərir.

b) Əgər üç ay ərzində mübahisənin tərəfləri olan dövlətlər arasında Komissiyanın bütövlükdə tərkibinə, yaxud tərkibinin bir hissəsinə dair razılıq əldə edilməzsə, təminatları haqqında, mübahisədə tərəf olan dövlətlərin razılıq əldə etmədikləri Komissiya üzvləri Komitə üzvlərinin tərkibindən gizli səsvermə yolu ilə üçdə iki səs çoxluğu ilə seçilir.

2. Komissiya uzvləri vəzifələrini ayrıca şəxs qismində yerinə yetirirlər. Onlar mübahisədə tərəf olan, yaxud Konvensiyada iştirak etməyən dövlətlərin vətəndaşı olmamalıdırlar.

3. Komissiya sədrini seçir və özünün məxsusi prosedur qaydalarını muəyyən edir.

4. Komissiyanın iclasları, adətən, Birləşmiş Millətlər Təşkilatının mərkəzi idarələrində, yaxud Komissiyanın qərarı ilə hər hansı digər münasib yerdə keçirilir.

5. Konvensiyanın iştirakçısı olan dövlətlər arasında mübahisə Komissiya yaradılmasına gətirib çıxardıqda, Konvensiyanın 10-cu maddəsinin 3-cü bəndinə müvafiq olaraq təmin edilən Katiblik Komissiyaya da xidmət göstərir.

6. Mübahisədə tərəflər olan dövlətlər Komissiya üzvlərinin bütün xərclərini Birləşmiş Millətlər Təşkilatı Baş katibinin təqdim etdiyi smetaya əsasən bərabər şəkildə ödəyirlər.

7. Baş katib, lazım gəldikdə, Komissiya üzvlərinin xərclərini, həmin xərcləri bu maddənin 6-cı bəndinə müvafiq olaraq mübahisənin tərəfləri olan dövlətlər ödəyəndən əvvəl ödəyə bilər.

8. Komitənin aldığı və diqqətlə yoxladığı informasiya Komissiyanın sərəncamına verilir və Komissiya məsələyə dair istənilən informasiyanı əldə etmək istəyi ilə maraqlı dövlətlərə müraciət edə bilər.

Maddə 13

1. Komissiya məsələni tam nəzərdən keçirdikdən sonra Komitə sədrinə tərəflər arasındakı mübahisənin faktik cəhətlərinə aid bütün məsələlər barəsində rəyindən və mübahisənin həlli üçün zəruri saydığı tövsiyələrindən ibarət məruzə təqdim edir.

2. Komitənin sədri Komissiyanın məruzəsini mübahisədə iştirak edən dövlətlərin hər birinə göndərir. Bu dövlətlər üç ay ərzində Komissiyanın məruzəsindəki tövsiyələrlə razı olub-olmadıqlarını Komitənin sədrinə bildirməlidirlər.

3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan müddət qurtardıqdan sonra Komitənin sədri Komissiyanın məruzəsini və maraqlı iştirakçı dövlətlərin bəyanatlarını Konvensiyanın iştirakçısı olan digər dövlətlərə göndərməlidir.

Maddə 14

1. İştirakçı dövlət istənilən vaxt Komitənin, onun yurisdiksiyası hüdudlarında, bu Konvensiyada ifadə olunmuş hüquqlarından hər hansının məlum iştirakçı dövlət tərəfindən pozulmasının qurbanı olduqlarını iddia edən ayrı-ayrı şəxslərdən, yaxud şəxslər qrupundan məlumat almaq və onlara baxmaq səlahiyyətini qəbul etdiyini bəyan edə bilər. Komitə Konvensiyanın belə bəyanat verməmiş iştirakçı dövləti haqqında bu qəbildən heç bir məlumat qəbul etməməlidir.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan bəyanatı verən hər bir iştirakçı dövlət öz yurisdiksiyası hüdudlarında bu Konvensiyada ifadə olunmuş hüquqlarından hər hansının pozulmasının qurbanı olduqlarını iddia edən və digər mümkün yerli huquqi müdafiə vasitələrini tükəndirən ayrı-ayrı şəxslərdən, yaxud şəxslər qrupundan şikayət qəbul etmək və baxmaq üçün səlahiyyətli təsisat yarada, yaxud öz milli hüquq sistemi çərçivəsindəki belə orqanı göstərə bilər.

3. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq edilən bəyanat, eləcə də bu maddənin 2-ci bəndinə müvafiq olaraq təsis edilmiş, yaxud göstərilmiş orqanın adları müvafiq iştirakçı dövlət tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilməlidir. Baş katib onların surətlərini qalan iştirakçı dövlətlərə göndərir. Bəyanat bu haqda Baş katibə xəbər verilməklə istənilən vaxt geri götürülə bilər. Lakin bu, Komitənin baxmaqda olduğu məlumatlara qətiyyən təsir etməməlidir.

4. Şikayətlərin siyahısı bu maddənin 2-ci bəndinə müvafiq olaraq təsis edilmiş, yaxud göstərilmiş orqan tərəfindən tərtib olunur, bu siyahının təsdiq edilmiş surətləri isə hər il müvafiq kanallarla Baş katibə təhvil verilir, həm də onların məzmunu aşkarlanmamalıdır.

5. Şikayətçi bu maddənin 2-ci bəndinə müvafiq olaraq təsis edilmiş, yaxud göstərilmiş orqanın fəaliyyətindən narazı qaldıqda, altı ay ərzində həmin məsələni Komitəyə vermək hüququna malikdir.

6. a) Komitə aldığı hər bir məlumatı məxfi qaydada Konvensiyanın hər hansı bir müddəasını pozmaqda ittiham olunan iştirakçı dövlətin nəzərinə çatdırır. Lakin müvafiq şəxsin, yaxud şəxslər qrupunun adları onun, yaxud onların aydın ifadə edilmiş razılığı olmadan açıqlanmır. Komitə anonim məlumatları qəbul etməməlidir.

b) Bildiriş almış dövlət 3 ay ərzində Komitəyə bu məsələni və həmin dövlətin görmüş ola biləcəyi tədbirləri aydınlaşdıran yazılı izahat, yaxud bəyanat təqdim etməlidir.

7. a) Komitə məlumatı maraqlı iştirakçı dövlətin və ərizəçinin onun sərəncamına təqdim etdikləri bütün məlumatları nəzərə almaqla nəzərdən keçirir. Komitə şikayətçinin bütün mümkün daxili hüquqi müdafiə vasitələrinin tükəndiyini müəyyən etməyincə, heç bir şikayətçinin məlumatına baxmamalıdır. Lakin bu qayda həmin vasitələrin tətbiqi həddən artıq ləngidildiyi hallarda tətbiq olunmur.

b) Komitə, təklif və tövsiyələri olduqda, onları maraqlı iştirakçı dövlətə və şikayətçiyə göndərir.

8. Komitə öz illik məruzəsinə bu cür məlumatların xülasəsini və lazım gəldikdə, maraqlı iştirakçı dövlətlərin izahat və bəyanatlarının qısa xülasəsini, habelə öz məxsusi təklif və tövsiyələrini də daxil edir.

9. Komitə bu maddədə nəzərdə tutulan funksiyasını yalnız Konvensiyanın heç olmasa on iştirakçı dövləti bu maddənin 1-ci bəndinə müvafiq bəyanat verdiyi hallarda yerinə yetirə bilər.

Maddə 15

1. Baş Məclisin 1960-cı il 14 dekabr tarixli 1514(XV) nömrəli qətnaməsi ilə qəbul edilmiş Müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında Bəyannaməsinin məqsədlərinə nail olunana qədər, bu Konvensiyanın müddəaları digər beynəlxalq sənədlərin, yaxud Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşmış qurumlarının, yaxud digər beynəlxalq sənədlərin xalqlara verdiyi şikayət hüququnu qətiyyən məhdudlaşdırmır.

2. a) Birləşmiş Millətlər Təşkilatının bilavasitə bu Konvensiyanın prinsip və məqsədlərinə aid məsələlərlə məşğul olan orqanları qəyyumluq altında olan və özütərəfindən idarə olunmayan ərazilərin və 1514(XV) nömrəli qətnamənin tətbiq edildiyi bütün digər ərazilərin əhalisinin bu Konvensiyada nəzərdə tutulan və həmin orqanlarda baxılmaqda olan məsələlərə dair şikayətlərini müzakirə edərkən, bu Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinə müvafiq təsis edilmiş Komitə onlardan şikayətlərin surətlərini alır və öz rəy və tövsiyələrini onlara təqdim edir.

b) Komitə Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli orqanlarından bilavasitə bu Konvensiyanın prinsip və məqsədlərinə aid olan və idarə edən dövlətlərin bu bəndin a) yarımbəndində xatırlanan ərazilərdə həyata keçirdiyi qanunvericilik, məhkəmə, inzibati və digər tədbirlərə dair məruzələrin surətlərini alır, habelə bu barədə öz rəyini bildirir və həmin orqanlara tövsiyələr verir.

3. Komitə Birləşmiş Millətlər Təşkilatının orqanlarından aldığı şikayət və məruzələrın xülasəsini, habelə Komitənin həmin şikayət və məruzələr barədə rəy və tövsiyələrini Baş Məclisə təqdim edəcəyi məruzəyə daxil edir.

4. Komitə Birləşmiş Millətlər Təşkilatının Baş katibindən bu maddənin 2 a) bəndində xatırlanan ərazilərə dair onun sərəncamında olan bu Konvensiyanın məqsədlərinə aid bütün informasiyaları istəyir.

Maddə 16

Bu Konvensiyanın mübahisələrin tənzimlənməsinə, yaxud şikayətlərə baxılmasına dair müddəaları ayrı-seçkilik sahəsində mübahisə və şikayətlərin həllinin Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşmış qurumlarının əsas sənədlərində, yaxud sonuncular tərəfindən bəyənilmiş konvensiyalarda təsbit olunmuş digər üsullara xələl gətirmədən tətbiq edilir və iştirakçı dövlətlərin mübahisələrin həlli üçün onların münasibətlərində qüvvədə olan ümumi, yaxud xüsusi beynəlxalq sazişlərə müvafiq olaraq digər üsullardan istifadə etməsinə mane olmur.

III hissə

Maddə 17

1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının, yaxud onun hər hansı ixtisaslaşmış qurumunun istənilən üzvü, Beynəlxalq Məhkəmə Statutunun istənilən iştirakçısı və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin bu Konvensiyada iştiraka dəvət etdiyi hər bir dövlətin imzalaması üçün açıqdır.

2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanılmağa verilir.

Maddə 18

1. Bu Konvensiya onun 17-ci maddəsinin 1-ci bəndində göstərilən hər bir dövlətin qoşulması üçün açıq olacaqdır.

2. Qoşulma bu haqda sənədin saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilməsi yolu ilə həyata keçirilir.

Maddə 19

1. Bu Konvensiya iyirmi yeddinci təsdiqnamə, yaxud qoşulma haqqında sənədin saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilməsindən sonrakı otuzuncu gün qüvvəyə minir.

2. Bu Konvensiyanı iyirmi yeddinci təsdiqnamə, yaxud qoşulma haqqında sənəd saxlanılmağa təhvil verildikdən sonra təsdiq edən, yaxud ona qoşulan dövlət üçün bu Konvensiya həmin dövlət öz təsdiqnaməsini, yaxud qoşulma haqqında sənədini saxlanılmağa verəndən sonrakı otuzuncu gün qüvvəyə minir.

Maddə 20

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin təsdiqetmə, yaxud qoşulma zamanı etdikləri qeyd-şərtlərin mətnlərini alır və bu Konvensiyanın iştirakçısı olan, yaxud iştirakçısı ola bilən bütün dövlətlərə göndərir. Qeyd-şərtlərə etiraz edən hər bir dövlət yuxarıda göstərilən bildirişi alan gündən sonrakı doxsan gün ərzində müvafiq qeyd-şərti qəbul etmədiyini Baş katibə bildirməlidir.

2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan, eləcə də, bu Konvensiya əsasında yaradılan hər hansı orqanın işinə maneçilik törədə bilən qeyd-şərtlərə yol verilmir. Konvensiyanın iştirakçısı olan dövlətlərin ən azı üçdə ikisi qeyd-şərtə etiraz etdikdə, həmin qeyd-şərt yolverilməz, yaxud işə mane olan sayılır.

3. İstənilən vaxt Baş katibə müvafiq bildiriş göndərilməklə qeyd-şərt geri götürülə bilər. Belə bildiriş alındığı gündən qüvvəyə minir.

Maddə 21

Hər bir İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı bildiriş göndərməklə, bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katib bu barədə bildiriş alan gündən bir il sonra qüvvəyə minir.

Maddə 22

Bu Konvensiyanın təfsirinə, yaxud tətbiqinə dair iki, yaxud bir neçə iştirakçı dövlət arasında olan danışıqlar, yaxud bu Konvensiyada xüsusi olaraq nəzərdə tutulan prosedurlar yolu ilə həll edilməyən hər hansı mübahisə, mübahisə edən tərəflər başqa tənzimləmə vasitəsi haqqında razılığa gəlmədikdə, həmin mübahisədəki tərəflərdən hər hansı birinin tələbi ilə həll edilmək üçün Beynəlxalq Məhkəməyə verilir.

Maddə 23

1. Hər bir iştirakçı dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatı Baş katibinin adına yazılı bildiriş göndərməklə bu Konvensiyaya yenidən baxılmasını xahiş edə bilər.

2. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi lazım gəldikdə, belə xahişlə əlaqədar, tədbirlər görülməsi barədə qərar qəbul edir.

Maddə 24

Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın 17-ci maddəsinin 1-ci bəndində xatırlanan bütün dövlətlərə aşağıdakılar haqqında məlumatları çatdırır:

a) 17-ci və 18-ci maddələrə müvafiq olaraq imzalama, təsdiq etmə və qoşulma haqqında;

b) 19-cu maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi haqqında;

c) 14-cü, 20-ci və 23-cü maddələrə müvafiq olaraq alınmış məlumatlar və bəyanatlar haqqında;

d) 21-ci maddəyə müvafiq olaraq denonsasiyalar haqqında.

Maddə 25

1. İngilis, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının arxivində saxlanılır.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq olunmuş surətlərini Konvensiyanın 17-ci maddəsinin 1-ci bəndində xatırlanan hər hansı kateqoriyaya aid olan bütün dövlətlərə göndərir.

Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 95-IQ nömrəli Qanunu ilə bu Konvensiyaya qoşulmuşdur

iacca
iap
business ready
eplc
Ən Tez