Strasburq, 4 noyabr 1999-cu il
Preambula
Bu Konvensiyanı imzalayan Avropa Şurası üzvü olan dövlətlər, digər dövlətlər və Avropa Birliyi,
hesab edərək ki, Avropa Şurasının məqsədi onun üzvləri arasında daha böyük birliyə nail olmaqdır;
korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vacibliyini dərk edərək;
qeyd edərək ki, korrupsiya qanunun aliliyinə, demokratiyaya və insan hüquqlarına, bərabərliyə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi inkişafı çətinləşdirir, bazar iqtisadiyyatının lazımi qaydada və ədalətli fəaliyyət göstərməsinə təhlükə yaradır;
korrupsiyanın şəxslər, şirkətlər və dövlətlər, habelə beynəlxalq təsisatlar üçün zəruri maliyyə nəticələrini dərk edərək;
mülki hüququn korrupsiya ilə mübarizədə, xüsusən də zərər çəkmiş şəxslərə ədalətli kompensasiyanın alınmasında töhfəsinin əhəmiyyətinə əmin olaraq;
Avropa ölkələri ədliyyə nazirlərinin 19-cu (Malta, 1994), 21-ci (Çexiya Respublikası, 1997) və 22-ci (Moldova, 1999) konfranslarının qərar və qətnamələrini yada salaraq;
1996-cı ilin noyabr ayında Nazirlər Komitəsinin qəbul etdiyi Korrupsiya ilə mübarizəyə dair fəaliyyət Proqramını nəzərə alaraq;
həmçinin 1997-ci ilin fevral ayında Nazirlər Komitəsi tərəfindən bəyənilən, korrupsiya aktları nəticəsində dəymiş zərərin ödənilməsi üçün mülki-hüquqi vasitələr haqqında konvensiyanın hazırlanması mümkünlüyünün öyrənilməsi nəticələrini nəzərə alaraq;
Nazirlər Komitəsinin 1997-ci ilin noyabr tarixli, 101-ci sessiyasında qəbul etdiyi Korrupsiya ilə mübarizədə iyirmi rəhbər prinsip haqqında (97) 24 saylı Qətnaməsini, Nazirlər Komitəsinin 1998-ci ilin may tarixli 102-ci sessiyasında qəbul etdiyi «Korrupsiyaya qarşı dövlətlər qrupunun (KQDQ)» yaradılması haqqında qismən geniş sazişin qəbul edilməsini təsdiq edən (98) 7 saylı Qətnaməsini və KQDQ-nin yaradılması haqqında 1 may 1999-cu il tarixdə qəbul etdiyi (99) 5 saylı Qətnaməsini nəzərə alaraq;
Avropa Şurasının üzvü olan dövlətlərin və hökumətlərin başçılarının Strasburqda 1997-ci ilin oktyabr ayında keçirdikləri ikinci görüşdə qəbul etdikləri Yekun Bəyannaməni və fəaliyyət Planını yada salaraq;
aşağıdakılar barədə razılığa gəldilər:
I bölmə.
Milli səviyyədə görülən tədbirlər
Maddə 1. Məqsəd
Hər bir Tərəf özünün daxili hüququnda korrupsiya aktları nəticəsində zərər çəkən şəxslərə öz hüquq və maraqlarını müdafiə etməyə imkan verən, o cümlədən dəymiş zərərə görə kompensasiya almağı mümkün edən səmərəli hüquqi müdafiə vasitələrini nəzərdə tutur.
Maddə 2. Korrupsiya anlayışı
Bu Konvensiyanın məqsədləri üçün «korrupsiya» dedikdə, hər hansı vəzifənin normal yerinə yetirilməsini, yaxud da rüşvəti, qeyri-qanuni üstünlüyü və ya bu barədə vədi alandan tələb edilən davranışı pozan rüşvətin və ya hər hansı digər qeyri-məqbul üstünlüyün və ya bu barədə vədin birbaşa və ya dolayısı ilə istənilməsi, təklif edilməsi, verilməsi və ya alınması başa düşülür.
Maddə 3. Zərərin ödənilməsi
1. Hər bir Tərəf özünün daxili hüququnda korrupsiya nəticəsində zərər çəkmiş şəxslərə zərərin tam ödənilməsi məqsədilə iddia qaldırmağa hüquq verən normalar nəzərdə tutur.
2. Bu cür ödəmə dəymiş maddi zərəri, əldən çıxmış maliyyə mənfəətini və qeyri-maddi zərəri əhatə edə bilər.
Maddə 4. Məsuliyyət
1. Hər bir Tərəf özünün daxili hüququnda zərərin ödənilməsi üçün həyata keçirilməli aşağıdakı şərtləri nəzərdə tutur:
i) cavabdeh korrupsiya aktını törətmiş və ya onun törədilməsinə icazə vermiş və ya korrupsiya aktının qarşısının alınması üçün ağlabatan tədbirlər görməmişdir;
ii) iddiaçı zərər çəkmişdir; və
iii) korrupsiya aktı və dəymiş zərər arasında səbəb və nəticə əlaqəsi mövcuddur.
2. Hər bir Tərəf özünün daxili hüququnda nəzərdə tutur ki, əgər bir neçə cavabdeh eyni korrupsiya aktı ilə dəyən zərərə görə məsuliyyət daşıyırsa, onda onlar birgə və ya paylı məsuliyyət daşıyacaqlar.
Maddə 5. Dövlətlərin məsuliyyəti
Hər bir Tərəf özünün daxili hüququnda, onun vəzifəli şəxsləri tərəfindən onlar öz funksiyalarını yerinə yetirən zaman törətdikləri korrupsiya aktı nəticəsində şəxslərə dəymiş zərərin ödənilməsini dövlətdən və ya Tərəf dövlət olmadığı təqdirdə, həmin Tərəfin müvafiq hakimiyyətindən tələb etməyə imkan verən lazımi prosedurlar nəzərdə tutur.
Maddə 6. Zərərçəkmişin ehtiyatsızlığı
Hər bir Tərəf özünün daxili hüququnda nəzərdə tutur ki, əgər iddiaçı özünün şəxsi təqsirinə görə zərərin yetirilməsinə və ya onun böyüməsinə yardım edibsə, zərərin ödənilmə həcmi bütün halları nəzərə alaraq azalır və ya onun ödənilməsindən imtina edilir.
Maddə 7. İddia müddəti
1. Hər bir Tərəf özünün daxili hüququnda nəzərdə tutur ki, zərərin ödənilməsinə dair məhkəmə icraatına zərər dəyməsinin və ya korrupsiya aktı törədilməsinin və buna görə məsuliyyət daşıyan şəxsin zərər çəkən şəxsə məlum olduğu və ya sağlam düşüncəyə görə məlum olmalı olduğu gündən başlayaraq üç ildən az olmayan iddia müddəti tətbiq edilir. Buna baxmayaraq, bu cür iddia korrupsiya hərəkətinin törədilməsindən ən azı on il müddət keçdikdən sonra verilə bilməz.
2. Tərəflərin, iddia müddətinin axımının dayandırılmasını və kəsilməsini tənzimləyən qanunvericiliyi, lazım gəldikdə, birinci bənddə müəyyən edilən müddətlərə tətbiq edilir.
Maddə 8. Müqavilələrin hüquqi qüvvəsi
1. Hər bir Tərəf özünün daxili hüququnda nəzərdə tutur ki, korrupsiya aktının törədilməsini nəzərdə tutan hər hansı bir müqavilə və ya müqavilənin müddəası etibarsızdır və hüquqi qüvvəyə malik deyil.
2. Hər bir Tərəf özünün daxili hüququnda korrupsiya aktı ilə razılığı pozulan müqavilənin bütün Tərəfləri üçün onların zərərin ödənilməsi hüququnun olmasına baxmayaraq, müqaviləni hüquqi qüvvəsi olmayan hesab etmək məqsədilə məhkəməyə müraciət etmək mümkünlüyünü nəzərdə tutur.
Maddə 9. İşçilərin müdafiəsi
Hər bir Tərəf özünün daxili hüququnda korrupsiyanın mövcudluğuna şübhə etməyə ciddi əsası olan və öz şübhəsi barədə vicdanla səlahiyyətli şəxslərə və orqanlara müraciət edən işçilərin hər hansı bir əsassız sanksiyalardan lazımi qaydada müdafiəsini nəzərdə tutur.
Maddə 10. Hesabatlar və audit
1. Hər bir Tərəf öz daxili hüququnun inkişafı məqsədilə bütün zəruri tədbirlər görür ki, şirkətlərin illik hesabatları düzgün tərtib edilsin və şirkətin maliyyə durumu haqqında həqiqətə uyğun və dürüst məlumatı əks etdirsin.
2. Korrupsiya aktlarının qarşısını almaq məqsədilə hər bir Tərəf öz daxili hüququnda vəzifəsi, şirkətlərin maliyyə durumu haqqında təqdim edilən illik hesabatların dəqiq və dürüst olduğunu təsdiq etməkdən ibarət olan auditorlar haqqında normalar nəzərdə tutur.
Maddə 11. Sübutların alınması
Hər bir Tərəf öz daxili hüququnda korrupsiya aktlarından irəli gələn mülki məhkəmə icraatında sübutların alınması üçün səmərəli prosedurlar nəzərdə tutur.
Maddə 12. Müvəqqəti tədbirlər
Hər bir Tərəf öz daxili hüququnda məhkəmə üçün elə tədbirlər görmək imkanı nəzərdə tutur ki, bunlar korrupsiyaya dair iş üzrə mülki məhkəmə icraatı zamanı Tərəflərin hüquq və maraqlarını müdafiə etmək üçün zəruri olsun.
II bölmə.
Beynəlxalq əməkdaşlıq və yerinə yetirməyə nəzarət
Maddə 13. Beynəlxalq əməkdaşlıq
Tərəflər iştirakçısı olduqları mülki hüquq və kommersiya sahəsində beynəlxalq əməkdaşlıq haqqında beynəlxalq müqavilələrin müddəalarına, habelə öz daxili hüquqlarına uyğun olaraq korrupsiya ilə bağlı işlər üzrə mülki məhkəmə icraatına aid olan məsələlərdə, xüsusilə də sənədlərlə iş aparma, sübutların xaricdən alınması, yurisdiksiya, xarici məhkəmə qərarlarının tanınması və icrasının təmin edilməsi və məhkəmə xərcləri məsələlərində səmərəli əməkdaşlıq edirlər.
Maddə 14. Nəzarət
Tərəflərin bu Konvensiyanı həyata keçirməsinə Korrupsiyaya qarşı dövlətlər qrupu (KQDQ) nəzarət edir.
III bölmə. Yekun müddəalar
Maddə 15. İmzalama və qüvvəyə minmə
1. Bu Konvensiya Avropa Şurasının üzvü olan dövlətlər və onun üzvü olmayan, Konvensiyanın işlənib hazırlanmasında iştirak edən dövlətlər və Avropa Birliyi tərəfindən imzalanmaq üçün açıqdır.
2. Bu Konvensiya ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları, qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Avropa Şurasının Baş katibinə saxlanca verilir.
3. Bu Konvensiya onu imzalayan on dörd dövlət 1-ci bəndin müddəalarına uyğun olaraq ona bağlı olması razılığını bəyan etdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir. Bu Konvensiyanı imzalayan və Korrupsiyaya qarşı dövlətlər qrupunun (KQDQ) üzvü olmayan hər bir bu cür dövlət ratifikasiya, qəbul və ya təsdiqetmə zamanı Konvensiya qüvvəyə mindiyi gündən avtomatik olaraq onun üzvü olur.
4. Konvensiyanı imzalayan və sonradan 1-ci bəndin müddəalarına uyğun olaraq ona özünün bağlı olması razılığını bəyan edən hər bir dövlət barəsində, Konvensiya, həmin dövlətin Konvensiyaya bağlı olması razılığını bəyan etdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir. Bu Konvensiyanı imzalayan və Korrupsiyaya qarşı dövlətlər qrupunun (KQDQ) üzvü olmayan hər bir Tərəf onu ratifikasiya, qəbul və ya təsdiqetmə zamanı Konvensiya ona münasibətdə qüvvəyə mindiyi gündən avtomatik olaraq həmin qrupun üzvü olur.
5. Avropa Birliyinin Korrupsiyaya qarşı dövlətlər qrupunda (KQDQ) iştirakı üçün xüsusi şərtlər, lazım gəldikdə, bu şərtlər Avropa Birliyi ilə ümumi razılaşma əsasında müəyyən edilir.
Maddə 16. Konvensiyaya qoşulma
1. Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi Konvensiya Tərəfləri ilə məsləhətləşmələr apararaq, Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulan səs çoxluğu və Nazirlər Komitəsinin işində iştirak etməyə hüququ olan Tərəflərin nümayəndələrinin yekdil səs verməsi ilə qəbul edilmiş qərar əsasında Avropa Şurasının üzvü olmayan və Konvensiyanın işlənib hazırlanmasında iştirak etməyən istənilən dövlətə bu Konvensiyaya qoşulmağı təklif edə bilər.
2. Konvensiyaya qoşulan istənilən dövlətə münasibətdə, Konvensiya onlar qoşulmaq haqqında sənədi Avropa Şurasının Baş katibinə saxlanca verdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir. Bu Konvensiyaya qoşulan istənilən dövlət, əgər qoşulma zamanı o, hələ KQDQ-nin üzvü deyilsə, Konvensiyanın ona münasibətdə qüvvəyə mindiyi gündən avtomatik olaraq KQDQ-nin üzvü olur.
Maddə 17. Qeyd-şərtlər
Bu Konvensiyanın hər hansı bir müddəasına dair heç bir qeyd-şərt edilə bilməz.
Maddə 18. Ərazi üzrə tətbiq
1. İstənilən dövlət və ya Avropa Birliyi imzalayan zaman və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən bu Konvensiyanın tətbiq ediləcəyi ərazini və ya əraziləri göstərə bilir.
2. İstənilən Tərəf istənilən sonrakı müddətdə Avropa Şurası Baş katibinin adına bəyanat verməklə, bu Konvensiyanın qüvvəsini həmin bəyanatda göstərilmiş hər hansı bir digər əraziyə tətbiq edə bilər. Bu cür əraziyə münasibətdə Konvensiya, Baş katib bu cür bəyanatı aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
3. Yuxarıda göstərilən iki bəndə uyğun olaraq təqdim edilmiş hər hansı bir bəyanat onda göstərilən hər hansı bir əraziyə münasibətdə Baş katibin adına bildiriş təqdim etməklə geri götürə bilər. Geri götürmə Baş katib bu cür bildirişi aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
Maddə 19. Digər konvensiya və sazişlərlə əlaqə
1. Bu Konvensiya xüsusi məsələlərə dair çoxtərəfli beynəlxalq konvensiyalardan irəli gələn hüquq və öhdəliklərə xələl gətirmir.
2. Konvensiyanın Tərəfləri, bu Konvensiyada nəzərdə tutulan məsələlərə dair, onun müddəalarını tamamlamaq və ya onu möhkəmləndirmək və Konvensiyada təsbit olunmuş prinsiplərin tətbiqinə kömək etmək məqsədilə bir-biri ilə ikitərəfli və ya çoxtərəfli sazişlər bağlaya bilər və ya bu Konvensiyanın məqsəd və prinsiplərinə xələl gətirmədən bu Konvensiya imzalanmaq üçün açıq ikən vacib olan xüsusi sistem çərçivəsində həmin məsələlərə dair qaydaları yerinə yetirə bilərlər.
3. Əgər iki və ya bir neçə Tərəf bu Konvensiyanın predmeti olan məsələyə dair saziş və ya müqavilə bağlayıbsa və ya həmin məsələ üzrə öz əlaqələrini hər hansı bir digər qaydada rəsmiləşdiribsə, onda onlar bu Konvensiyanın əvəzinə həmin sazişi və ya müqaviləni tətbiq edə bilər və ya müvafiq qaydada öz əlaqələrini tənzimləyə bilərlər.
Maddə 20. Düzəlişlər
1. Bu Konvensiyaya düzəlişlərin edilməsi haqqında təklifləri istənilən Tərəf təqdim edə bilər. Avropa Şurasının Baş katibi həmin təklifləri Avropa Şurasının üzvü olan dövlətlərə, onun üzvü olmayan və bu Konvensiyanın işlənib hazırlanmasında iştirak edən dövlətlərə, Avropa Birliyinə, habelə 16-cı maddənin müddəalarına uyğun olaraq bu Konvensiyaya qoşulan və ya qoşulmaq təklifi alan istənilən dövlətə təqdim edir.
2. Bu və ya digər Tərəfin verdiyi düzəliş Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinə (HƏAK) göndərilir, o da, öz növbəsində, təklif edilən düzəlişə dair öz rəyini Nazirlər Komitəsinə təqdim edir.
3. Nazirlər Komitəsi təklif edilən düzəlişi və Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin (HƏAK) təqdim etdiyi rəyi müzakirə edərək, Avropa Şurasının üzvü olmayan Konvensiya Tərəfləri ilə məsləhətləşmələrdən sonra həmin düzəlişi qəbul edə bilər.
4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq təqdim edilmiş hər hansı bir düzəlişin mətni qəbul olunmaq üçün Tərəflərə göndərilir.
5. Bu maddənin 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş hər hansı bir düzəliş Tərəflərin onun qəbul edilməsi haqqında Baş katibi məlumatlandırdıqları tarixdən sonra gələn otuzuncu gün qüvvəyə minir.
Maddə 21. Mübahisələrin tənzimlənməsi
1. Avropa Şurasının Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsi bu Konvensiyanın təfsiri və tətbiqi barədə məlumatlandırılır.
2. Tərəflər arasında bu Konvensiyanın təfsiri və tətbiqi ilə əlaqədar mübahisə yaranarsa, onlar həmin mübahisəni danışıqlar vasitəsilə və ya öz seçimlərinə uyğun şəkildə hər hansı bir digər dinc üsulla tənzimləməyə çalışır, o cümlədən mübahisəni qərarları Tərəflər üçün məcburi olan Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinə, arbitraj məhkəməsinə və ya Tərəflər arasında razılaşmaya əsasən Beynəlxalq Məhkəməyə təqdim edirlər.
Maddə 22. Denonsasiya
1. İstənilən Tərəf istənilən zaman Avropa Şurası Baş katibinin adına bildiriş təqdim etməklə, bu Konvensiyanı denonsasiya edə bilər.
2. Bu cür denonsasiya Baş katib bildirişi aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
Maddə 23. Bildiriş
Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan dövlətlərə, bu Konvensiyanı imzalayan hər hansı bir digər dövlətə və onun Tərəflərinə aşağıdakılar barədə bildirir:
a. hər hansı bir imzalama;
b. istənilən ratifikasiya fərmanının, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin saxlanca təqdim edilməsi;
c. 15-ci və 16-cı maddələrə uyğun olaraq bu Konvensiyanın hər hansı bir qüvvəyə minmə tarixi;
d. Bu Konvensiyaya aid olan hər hansı bir hərəkət, bildiriş və ya məlumat. Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.
1999-cu il noyabrın 4-də Strasburqda ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn bir nüsxədə olub, eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivinə saxlanca verilir. Avropa Şurasının Baş katibi bu Konvensiyanın təsdiq olunmuş surətlərini Avropa Şurasının üzvü olan hər bir dövlətə, onun üzvü olmayan, bu Konvensiyanın işlənib hazırlanmasında iştirak edən dövlətlərə, Avropa Birliyinə və bu Konvensiyaya qoşulmağa dəvət almış istənilən digər dövlətə təqdim edir.
"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (N 1, 31 yanvar 2004-cü il, maddə 12)
Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli, 571-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.
"Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiya" barədə
Bəyanat
«Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).*
* Bax: «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu», 2003-cü il, N 4, səh. 712