Respublikamızın yaşadığı son dövr mütərəqqi islahatlar dövrü kimi xarakterizə olunur. Ölkəmizin ictimai-iqtisadi həyatının zəruri sahələrində islahatlar davam edir və işlər öz faydalı nəticələrini verməkdədir. Vətəndaşlarımız əyani şəkildə görürlər ki, rastlaşdıqları problemlər azalır, çətinliklər və maneələr aradan qaldırılır. Aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı öz inkişafını davam etdirir və bu inkişaf da öz növbəsində həyatın digər əlaqəli sahələrinə müsbət təsirini göstərir.
Ölkədə gedən inkişaf həm mülki münasibətlərin dairəsini genişləndirmiş, həm də mülki dövriyyə iştirakçılarının bağladıqları əqdlərin sayını və əhəmiyyətini xeyli artırmışdır. Baş verən bu dəyişikliklər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını, eləcə də onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsini zəruri etmişdir. Belə hüquqi xidmət göstərən təsisatlardan biri də notariatdır. Sahibkarlığın inkişafı, vergi siyasətinin, fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması işinin təkmilləşdirilməsi, əqdlərin qanuna uyğunluğu, eləcə də mübahisəsizzliyinin təmin olunması kimi amillər müasir sosial və iqtisadi inkişaf şəraitində notariat institutunun əhəmiyyətini göstərir və notariat fəaliyyətinin təkmilləşdirilməsinin zəruriliyini şərtləndirir.
Son zamanlar notariat sahəsində aparılan müsbət dəyikliklər sərbəst bazar iqtisadiyyatıın inkişaf etdiyi bir vaxtda mülki dövriyyə iştirakçılarının, o cümlədən sahibkarların mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına imkan yaratmışdır.
Ölkəmizdə gedən davamlı sosial-iqtisadi inkişafla yanaşı, qanunvericiliyin və əhaliyə göstərilən hüquq xidmətlərinin, o cümlədən notariat xidmətlərinin səmərəliliyinin gündən-günə artırılmasının təmin olunması istiqamətində səylər davam etdirilir.
Notariat fəaliyyəti üzrə aparılmış son dəyişikliklər və elektron-notariat sisteminin tətbiq edilməsi, aparılan notariat hərəkətlərinin keyfiyyətini artırmış, notariat sahəsində vətəndaşlara daha çevik və qüsursuz xidmət gəstərilməsinə imkan yaratmışdır. Belə ki, elektron notariat sistemi vasitəsi ilə notariat fəaliyyəti bir sıra elektron-qeydiyyat sistemlərinə inteqrasiya olunmuş və bunun nəticəsində notariat hərəkətlərinin aparilması üçün tələb olunan məlumat və sənədlərin real vaxt rejimində elektron qaydada birbaşa əldə edilməsi və istifadə edilməsi təmin edilmişdir.
Bu müsbət dəyişikliklər daşınmaz əmlaka sərəncam verilməsinin rəsmiləşdirilməsi işinin təkmilləşdirilməsində öz real əksini tapır ki, bu proqressiv imkanlardan biznes subyektləri də yetərincə faydalanır.
Sahibkarlıq subyektləri olan fiziki və hüquqi şəxslər digər şəxslərlə mülki hüqüq münasibətləri qururlar. Bu isə o deməkdir ki, onlar kimlərinsə qarşısında, yaxud da kimlərsə onların qarşısında öhdəlik götürməli olur. Bu öhdəliklərin vaxtında və lazımi şəkildə yerinə yetirilməsi sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki, hər bir şəxs sahibkarlıq fəaliyyətini öz əmlakı hesabına və risklə həyata keçirir. Ona görə də bu münasibətlərin hüquqi baxımdan təminatlılığı və rahatlıqla tənzimlənməsi sahibkarlar üçün vacib əhəmiyyət daşıyır.
Mülkiyyətçinin öz əmlakı üzərində sərəncam hüququnu həyata keçirməsi ilə öhdəlik hüquq münasibətləri əmələ gəlir. Öhdəliyin icrası isə, bir çox hallarda əmlak-hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Məsələn, mülkiyyətçi sərəncam hüququnu həyata keçirərək alqı-satqı müqaviləsi bağlayır ki, bunun da nəticəsində satıcı ilə alıcı arasında öhdəlik yaranır. Alıcı həmin müqavilədən əmələ gələn öhdəlik üzrə əmlakı qəbul edərək onun mülkiyyətçisinə və eyni zamanda mülkiyyət hüquq münasibətlərinin iştirakçısına çevrilir.
Notariat əməliyyatları sırasında daşınmaz əmlakla bağlı müqavilələr öz aktuallığı ilə fərqlənir. Mülki hüquq münasibətlərinin inkişafı ilk növbədə daşınmaz əmlak üzərində sərəncamverici əqdlərin, eləcə də bu hüquq münasibətlərinin inkişafında özünü daha çox biruzə verir.
Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Təsdiqləmə zamanı notarius daşınmaz əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır.
Qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı, tikintisi başa çatdırılmamış daşınmaz əmlaka münasibətdə isə, tikili üzərində mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayışı tələb edir və əmlakın özgəninkiləşdirilməsi müqavilələri üzrə həmin sənədlərin əslini, digər hallarda isə, surətini notariat işinə əlavə edir. Hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə edilir.
Daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir.
Qanunvericiliyin və notariatın texniki-informasiya bazasının təkmilləşdirilməsi nəticəsində daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi, eləcə də dövlət qeydiyyatına alınması proseduru daha da yüngülləşmiş, optimallaşmış və təkmilləşmişdir. “Elektron notariat” informasiya sisteminin tətbiqi ölkə rəhbəri tərəfindən istiqamətləri müəyyən olunmuş elektron hökumət quruculuğu işi üçün faydalı layihə olmuşdur.
Daşınmaz əmlaka sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmuşdur.
Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.
Göstərilən imkanlar daşınmaz əmlaka sərəncam verilməsi üzrə müqavilələrin sənədləşdirilməsi prosesini asanladırmış və çevikləşdirmiş, həmçinin müqavilələrin dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnun rəsmiləşdirilməsini rahat və asan etmişdir. Bu da öz növbəsində notariat xidmətinin səmərəliliyini artırmış, daşınmaz əmlakla bağlı müqavilələrin rəsmiləşdirilməsində sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsini daha etibarlı etmiş və göstərilən xidmətlərlə bağlı vətəndaş məmnunluğunu artırmışdır.
Elgün İmanlı,
Bakı şəhəri 32 saylı notariat ofisinin notariusu
29.05.2020