Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında Konvensiya

Razılığa gələn dövlətlər,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hamı üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət və riayət olunmasını təşviq etmək istəyərək,

İnsan hüquqları haqqında ümumi bəyannamənin 16-cı maddəsində aşağıdakıların nəzərdə tutulduğunu yadda saxlayaraq:

"1) Yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdir. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.

2) Nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər",

həmçinin, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1954-cü il 17 dekabr tarixli 843 (IX) saylı qətnaməsində nikah və ailə barəsində bəzi adətlərin, köhnəlmiş qanunların və praktikanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və İnsan hüquqları haqqında ümumi bəyannamədə ifadə edilmiş prinsiplərə zidd olduğunu qeyd etdiyini yadda saxlayaraq,

özünü idarə etməyən və ya qəyyumluq altında olan ərazilərin onlar müstəqillik əldə edənədək idarə olunmasına məsuliyyət daşıyan, yaxud üzərinə məsuliyyət gö-türən dövlətlər daxil olmaqla, bütün dövlətlərin belə adətləri, köhnəlmiş qanunları və praktikanı, məsələn, ər (arvad) seçməkdə tam azadlığı, uşaqların nikahının və qızların cinsi yetkinliyə çatana qədər ərə verilməsi barədə qabaqcadan vədələşmələrin tam ləğv edilməsini təmin etmək, lazım gəldikdə, müvafiq cəza təyin etmək və vətəndaş vəziyyəti aktları reyestri, yaxud bütün nikahların qeyd edilə biləcəyi qeyri reyestr tətbiq etmək yolu ilə, aradan qaldırılması üçün bütün lazımi tədbirləri görməli olduğunu təsdiqləyərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

1. Nikahın hər iki tərəfin qanuna müvafiq, lazımi qaydada elan edildikdən sonra, nikahı rəsmiləşdirmək hüququ olan hakimiyyət orqanı nümayəndəsinin yanında və şahidlərin iştirakı ilə şəxsən bildirməli olduqları tam və azad razılıq olmadan bağlanmasına yol verilmir.

2. Bu maddənin 1-ci bəndinin qərarlarına baxmayaraq, hakimiyyət orqanının mü-vafiq səlahiyyətli nümayəndəsi müstəsna hal olduğuna və tərəflərdən birinin hakimiyyət orqanının hər hansı səlahiyyətli nümayəndəsi qarşısında qanunda nəzərdə tutulduğu qaydada razılıq verdiyini və onu geri götürmədiyini yəqin edərsə, həmin tərəfin iştirakı tələb olunmur.

Maddə 2

Bu Konvensiyada iştirak edən dövlətlər minimal nikah yaşını müəyyən edən qa-nunvericilik aktları qəbul edirlər.

Səlahiyyətli hakimiyyət orqanının nikaha daxil olan tərəflərin mənafeyi baxımından ciddi səbəblərə görə qaydadan istisnaya icazə verdiyi hallardan başqa, qoyulmuş yaş həddinə çatmayan şəxslə nikah bağlanmasına yol verilmir.

Maddə 3

Bütün nikahlar səlahiyyətli hakimiyyət orqanı tərəfindən müvafiq rəsmi reyestrdə qeydiyyatdan keçirilir.

Maddə 4

1. Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlər, yaxud istənilən ixtisaslaşdırılmış idarənin üzvü olan dövlətlər, yaxud Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin bu Konvensiyada iştiraka dəvət etdiyi istənilən digər dövlət tərəfindən imzalanmaq üçün 1963-cü il dekabrın 31-dək açıq olacaqdır.

2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr Birləşmiş Millətlər Təşkilatının Baş katibində saxlanılır.

Maddə 5

1. Bu Konvensiya 4-cü maddənin 1-ci bəndində göstərilən bütün dövlətlərin qoşulması üçün açıqdır.

2. Qoşulma bu haqda sənədin Birləşmiş Millətlər Təşkilatı Baş katibinə saxlanılmağa verilməsi ilə yerinə yetirilir.

Maddə 6

1. Bu Konvensiya səkkizinci təsdiqnamə və ya qoşulma haqqında sənəd depozitə qoyulan gündən sonra doxsanıncı gün qüvvəyə minir.

2. Bu Konvensiyanı səkkizinci təsdiqnamə və ya qoşulma haqqında sənəd depozitə verildikdən sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün bu Konvensiya həmin dövlətin öz təsdiqnaməsini, yaxud qoşulma haqqında sənədini depozitə verilməsindən sonra doxsanıncı gün qüvvəyə minir.

Maddə 7

1. Razılığa gələn istənilən dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərdiyi yazılı bildirişlə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katib həmin bildirişi alandan bir il sonra qüvvəyə minir.

2. Denonsasiya qüvvəyə mindikdən sonra iştirakçıların sayı səkkizdən az olduqda bu Konvensiya qüvvəsini itirir.

Maddə 8

Bu Konvensiyanın təfsirinə və ya tətbiqinə dair Razılığa gələn iki, yaxud daha çox dövlət arasında danışıqlar yolu ilə həll edilməyən hər hansı mübahisə-Tərəflər qeyri tənzimləmə üsulu haqda razılığa gəlməsələr,-bu mübahisə bütün Tərəflərin tələbi ilə həll edilmək üçün Beynəlxalq Məhkəməyə verilir.

Maddə 9

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərə və bu Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində göstərilən, bu Təşkilatın üzvü olmayan dövlətlərə aşağıdakıları bildirir:

a) 4-cü maddəyə müvafiq olaraq Konvensiyanın imzalanması və təsdiqnamələrin alınmasını;

b) 5-ci maddəyə müvafiq olaraq qoşulma haqda sənədlərin alınmasını;

c) 6-cı maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi günü;

d) 7-ci maddənin 1-ci bəndinə müvafiq olaraq alınmış denonsasiya haqqında bildirişləri;

e) 7-ci maddənin 2-ci bəndinə müvafiq olaraq Konvensiyanın qüvvəsini itirməsini.

Maddə 10

1. İngilis, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiya saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə təhvil verilir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq edilmiş surətlərini Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərə və bu Təşkilatın üzvü olmayan, 4-cü maddənin 1-ci bəndində göstərilən dövlətlərə göndərir.

Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 107-IQ nömrəli Qanunu ilə bu Konvensiyaya qoşulmuşdur

iacca
iap
business ready
eplc
Ən Tez