Əlillərin hüquqları haqqında Konvensiya

"Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ
Protokoluna qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No. 686-IIIQ

Əlillərin hüquqları haqqında 
Konvensiya

Preambula

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər,

a) cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət və dəyərlərin və onların bərabər və ayrılmaz hüquqlarının azadlığın, ədalətin və ümumbəşəri sülhün əsası kimi qəbul olunması barədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan olunmuş prinsipləri xatırlayaraq,

b) Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümümi Bəyannamədə və İnsan hüquqları haqqında beynəlxalq paktlarda hər bir insanın onlarda göstərilən bütün hüquq və azadlıqlara hər hansı fərq qoyulmadan malik olduğunu bəyan və təsbit etdiyini nəzərə alaraq,

c) insanın bütün hüquqlarının və əsas azadlıqlarının ümumiliyini, ayrılmazlığını, qarşılıqlı asılılığını və qarşılıqlı əlaqəsini, habelə ayrı-seçkiliyə yol verilmədən əlillərin onlardan tam istifadəsinə zəmanət verməyin zəruriliyini təsdiq edərək,

d) İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiyaya, Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyaya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyaya, Uşaq hüquqları haqqında Konvensiyaya, Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiyaya istinad edərək,

e) əlilliyin təkamül edən anlayış olduğunu və əlilliyin insanların səhhətinin pozulması ilə onların münasibət və mühit baryerləri arasında baş verən və bu insanların cəmiyyətin həyatında digərləri ilə bərabər səviyyədə tam və səmərəli iştirakına mane olan qarşılıqlı təsirin nəticəsi olduğunu nəzərə alaraq,

f) əlillər üçün bərabər imkanların təmin edilməsi üçün milli, regional və beynəlxalq səviyyələrdə strategiyaların, planların, proqramların və tədbirlərin həvəsləndirilməsi, hazırlanması və qiymətləndirilməsi baxımından Əlillərə münasibətdə Ümümdünya Fəaliyyət Proqramında və Əlillər üçün bərabər imkanların təmin olunmasının Standart Qaydalarında əks olunan prinsip və rəhbər fəaliyyət istiqamətlərinin vacibliyini nəzərə alaraq,

g) müvafiq sabit inkişaf strategiyalarının tərkib hissəsi kimi əlillik problemlərinin aktuallaşmasının vacibliyini qeyd edərək,

h) həmçinin əlillik əlamətinə görə istənilən şəxsə qarşı ayrı-seçkiliyin insan şəxsiyyətinə xas olan ləyaqətin və dəyərlərin alçaldılması demək olduğunu nəzərə alaraq,

i) əlillərin müxtəlifliyini nəzərə alaraq,

j) bütün əlillərin, o cümlədən daha fəal şəkildə dəstəklənməyə ehtiyacı olan əlillərin insan hüquqlarının həvəsləndirilməsi və müdafiə olunması zərurətini nəzərə alaraq,

k) bütün bu müxtəlif sənədlərə və səylərə baxmayaraq, əlillərin dünyanın bütün yerlərində bərabərhüquqlu üzv kimi cəmiyyətin həyatında iştirak zamanı maneələrlə və onların insan hüquqlarının pozulması ilə qarşılaşmaqda davam etməsindən narahat olaraq,

l) hər bir ölkədə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə əlillərin həyat tərzinin yaxşılaşdırılması üçün beynəlxalq əməkdaşlığın vacibliyini qəbul edərək,

m) əlillərin öz yerli icmalarının ümumi rifahına və müxtəlifliyinə verdiyi hazırkı və potensial dəyərli töhfələri və əlillərin öz insan hüquqları və əsas azadlıqlarını tam həyata keçirməsinə, habelə əlillərin tam həcmdə iştirakına kömək göstərilməsinin onlarda cəmiyyətə aidlik hissinin möhkəmlənməsinə və cəmiyyətin bəşəri, sosial və iqtisadi inkişafında mühüm uğurlara nail olmağa və yoxsulluğun aradan qaldırılmasına imkan verəcəyini nəzərə alaraq,

n) əlillər üçün şəxsi seçim etmək azadlığı da daxil olmaqla, onların şəxsi sərbəstliyi və müstəqilliyinin vacib olduğunu nəzərə alaraq,

o) əlillərin strategiya və proqramlara, o cümlədən bilavasitə onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması imkanına malik olmalarını vacib hesab edərək,

p) irqi, dərisinin rəngi, cinsi, dili, dini mənsubiyyəti, siyasi və digər etiqadları, milli, etnik, aborigen və ya sosial mənşəyi, əmlak vəziyyəti, təvəllüdü, yaşı və ya digər əlamətlərinə görə çoxsaylı və ya kəskin ayrı-seçkilik formalarına məruz qalan əlillərin qarşılaşdığı çətin şəraitdən narahat olaraq,

q) bir çox hallarda əlil qadın və qızların həm evdə, həm də ondan kənarda zorakılıq, xəsarət yetirilmə və ya təhqir, kobud və ya ikrahlı münasibət, pis rəftar və ya istismar olunma ilə bağlı böyük riskə məruz qalmalarını nəzərə alaraq,

r) əlil uşaqların bütün insan hüquqlarından və əsas azadlıqlarından digər uşaqlarla bərabər həcmdə istifadə etməli olduqlarını qəbul edərək və bununla əlaqədar Uşaq hüquqları haqqında Konvensiyanın iştirakçısı olan dövlətlərin öz üzərlərinə götürdüyü öhdəlikləri xatırladaraq,

s) əlillər tərəfindən insan hüquqları və əsas azadlıqlarının tam şəkildə həyata keçirilməsinə kömək edilməsi üzrə bütün səylərdə gender aspektinin nəzərə alınması zərurətini qeyd edərək,

t) əlillərin çoxunun yoxsulluq şəraitində yaşaması faktını qeyd edərək və bununla əlaqədar yoxsulluğun əlillərə mənfi təsiri problemi ilə ciddi məşğul olmaq zərurətini qəbul edərək,

u) Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə tam hörmət edilməsinə və insan hüquqları sahəsində tətbiq olunan müqavilələrə riayət edilməsinə əsaslanan sülh və təhlükəsizlik şəraitinin əlillərin tam müdafiə olunması üçün, o cümlədən silahlı münaqişələr və xarici dövlətlərin işğalı zamanı əlillərin müdafiəsi üçün mütləq şərt olduğunu nəzərə alaraq,

v) əlillərin bütün insan hüquqlarından və əsas azadlıqlarından tam həcmdə istifadə etmələrinə imkan verdiyindən onların fiziki, sosial, iqtisadi və mədəni mühitdən, səhiyyə və təhsildən, habelə informasiya və rabitədən istifadə imkanlarının vacibliyini qəbul edərək,

w) hər bir ayrıca insanın digər insanlara və aid olduğu kollektivə münasibətdə müvafiq vəzifələrə malik olaraq, İnsan hüquqları haqqında Beynəlxalq Billdə qəbul edilmiş hüquqların təşviqinə və onlara riayət olunmasına çalışmalı olduğunu nəzərə alaraq,

x) ailənin cəmiyyətin təbii və əsas özəyi olduğuna və onun cəmiyyət və dövlət tərəfindən müdafiə edilməyə hüququ olduğuna və əlillərin və onların ailə üzvlərinin onların əlillərin hüquqlarından tam və bərabər istifadəsi işinə töhfə verməsinə imkan verən zəruri müdafiə və kömək almalı olduğuna əmin olaraq,

y) əlillərin hüquqlarının və ləyaqətinin təşviqi və müdafiəsi haqqında hərtərəfli və vahid beynəlxalq konvensiyanın əlillərin çox əlverişsiz sosial vəziyyətinin aradan qaldırılmasına və onların həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bərabər səviyyədə mülki, siyasi, iqtisadi, sosial və mədəni həyatda iştirakının genişləndirilməsinə mühüm töhfə olduğuna əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1
Məqsəd

Bu Konvensiyanın məqsədi bütün əlillər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir.

Əlillərə - müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar aiddir.

Maddə 2
Anlayışlar

Bu Konvensiyanın məqsədləri üçün:

"ünsiyyət"ə dillərdən, mətndən, Brayl əlifbasından, toxunulmaqla duyulan ünsiyyətdən, böyük şriftdən, mümkün mültimedia vasitələrindən, eləcə də çap materiallarından, audio vasitələrdən, adi dildən, qiraətçilərdən, habelə mümkün informasiya - kommunikasiya texnologiyaları da daxil olmaqla, ünsiyyətin gücləndirici və alternativ metodlarından, üsul və formatlarından istifadə daxildir;

"dil" nitq və jest dilindən və qeyri-nitq dillərinin digər formalarından ibarətdir;

"əlillik əlamətinə görə ayrı-seçkilik" - məqsədi və ya nəticəsi siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə bütün insan hüquqlarının və əsas azadlıqlarının digərləri ilə bərabər səviyyədə tanınmasının, realizə olunmasının və ya həyata keçirilməsinin məhdudlaşdırılmasından və ya inkar olunmasından ibarət əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyətlər tətbiqetmədir. Ona bütün ayrı-seçkilik formaları, o cümlədən ağlabatan uyğunlaşmadan imtina aiddir;

"şüurlu uyğunlaşma" - əlillər tərəfindən digərləri ilə bərabər səviyyədə bütün insan hüquqlarının və əsas azadlıqlarının realizəsi və həyata keçirilməsini təmin etmək məqsədilə zəruri olduğu hər bir konkret halda qeyri-mütənasib və əsassız yük olmayan zəruri və uyğun modifikasiya və düzəlişlər edilməsi deməkdir;

"universal dizayn" - adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum mümkün dərəcədə yararlı etmək üçün yaradılmış predmetlərin, şəraitin, proqram və xidmətlərin dizaynı deməkdir. "Universal dizayn" zəruri hallarda əlillərin konkret qrupları üçün köməkçi qurğuları istisna etmir.

Maddə 3
Ümumi prinsiplər

Bu Konvensiyanın prinsipləri aşağıdakılardır:

a) şəxsi seçim etmək azadlığı və müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə, onun şəxsi sərbəstliyinə hörmət olunması;

b) ayrı-seçkiliyə yol verilməməsi;

c) cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma;

d) əlillərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması;

e) imkanların bərabərliyi;

f) müyəssərlik;

g) kişi və qadınların bərabərliyi;

h) əlil uşaqların inkişaf edən qabiliyyətinə hörmət və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət.

Maddə 4
Ümumi öhdəliklər

1. İştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı dövlətlər aşağıdakıları öz öhdələrinə götürürlər:

a) bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi qanunverici, inzibati və digər tədbirləri görmək;

b) əlillərə münasibətdə ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət və əsasların dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirləri, o cümlədən qanunvericilik tədbirlərini görmək;

c) bütün strategiyalarda və proqramlarda əlillərin insan hüquqlarının müdafiəsi və həvəsləndirilməsini nəzərə almaq;

d) bu Konvensiyaya uyğun gəlməyən istənilən hərəkət və metodlardan çəkinmək və dövlət orqanlarının və təsisatlarının bu Konvensiyaya uyğun fəaliyyət göstərməsini təmin etmək;

e) istənilən şəxs, təşkilat və ya özəl müəssisə tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görmək;

f) əlillərin konkret ehtiyaclarına uyğunlaşdırılmaq üçün mümkün qədər az adaptasiya və minimum xərclər tələb edən universal dizaynlı malların, xidmətlərin və obyektlərin (bu Konvensiyanın 2-ci maddəsində müəyyən olunan) tədqiqatını və konstruktor nöqteyi-nəzərindən işlənib hazırlanmasını həyata keçirmək və həvəsləndirmək, onların müyəssərliyinə və istifadəsinə kömək etmək, habelə standartların və əsas istiqamətlərin işlənib hazırlanması zamanı universal dizayn ideyasını irəli sürmək;

g) habelə ilk növbədə bahalı olmayan texnologiyalara diqqət yetirməklə, əlillər üçün uyğun olan informasiya-kommunikasiya texnologiyaları, sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi texnologiyalar da daxil olmaqla, yeni texnologiyalarla bağlı tədqiqat və konstruktor işləri aparmaq və ya buna həvəsləndirmək, müyəssərliyinə və istifadəsinə kömək göstərmək;

h) sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi texnologiyalar, o cümlədən yeni texnologiyalar, habelə yardımın digər formaları, köməkçi xidmətlər və obyektlər haqqında mümkün informasiyaları əlillərə vermək;

i) bu Konvensiyada tanınan hüquqlarla təminat verilən yardım və xidmətlərin təqdim edilməsini təkmilləşdirmək üçün əlillərlə işləyən mütəxəssislərə və heyətə bu hüquqlarla bağlı təlim keçilməsini təşviq etmək.

2. İqtisadi, sosial və mədəni hüquqlara gəldikdə isə, hər bir iştirakçı dövlət malik olduğu resurslardan maksimum istifadə etməklə, zərurət olduqda isə, beynəlxalq əməkdaşlığa can atmaqla, bu Konvensiyada formulə olunmuş və beynəlxalq hüquqa uyğun olaraq bilavasitə tətbiq olunan öhdəliklərə xələl gətirmədən bu hüquqların tam həyata keçirilməsinə tədricən nail olmaq üçün tədbirlər görməlidir.

3. Bu Konvensiyanın həyata keçirilməsinə yönələn qanunvericiliyin və strategiyaların işlənib hazırlanması və tətbiqi və əlillərə dair məsələlər üzrə qərarlar qəbul olunmasının digər prosesləri zamanı, iştirakçı dövlətlər əlil uşaqlar da daxil olmaqla əlillərlə sıx məsləhətləşir və onları təmsil edən təşkilatlar vasitəsilə onları fəal şəkildə cəlb edirlər.

4. Bu Konvensiyada heç bir məsələ iştirakçı dövlətlərin qanunlarında və ya bu dövlətdə qüvvədə olan beynəlxalq hüquq normalarında əks olunan və əlillərin hüquqlarının realizəsinə daha çox kömək edən hər hansı müddəalara toxunmur. Bu Konvensiyada bu cür hüquq və azadlıqların tanınmaması və ya onların daha az həcmdə tanınması bəhanəsi ilə bu Konvensiyanın iştirakçısı olan hər hansı dövlətdə qanunlara, konvensiyalara, qaydalara və ya adətlərə əsasən tanınan və ya mövcud olan hər hansı insan hüquqlarının və əsas azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasına və ya azaldılmasına yol verilmir.

5. Bu Konvensiyanın müddəaları hər hansı məhdudiyyət və ya istisnalar olmadan federativ dövlətlərin bütün ərazisinə şamil olunur.

Maddə 5
Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi

1. İştirakçı dövlətlər bütün şəxslərin qanun qarşısında və qanuna əsasən bərabər olduğunu və hər hansı ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarına malik olduqlarını tanıyırlar.

2. İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlillərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər.

3. Bərabərliyin təşviqi və ayrı-seçkiliyin aradan qaldırılması üçün iştirakçı dövlətlər ağlabatan uyğunlaşmanın təmin olunmasına doğru bütün lazımi addımları atırlar.

4. Əlillərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər bu Konvensiyanın mənasına görə ayrı-seçkilik hesab olunmur.

Maddə 6
Əlil qadınlar

1. İştirakçı dövlətlər əlil qadın və qızların çoxsaylı ayrı-seçkiliyə məruz qaldığını etiraf edir və bununla əlaqədar olaraq onların bütün insan hüquqlarını və əsas azadlıqlarını tam və bərabər həyata keçirməsini təmin etmək üçün tədbirlər görürlər.

2. İştirakçı dövlətlər qadınların bu Konvensiyada əksini tapan insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirməsinə və realizə etməsinə zəmanət vermək məqsədilə onların hərtərəfli inkişafının təmin olunması, vəziyyətlərinin yaxşılaşdırılması və hüquq və imkanlarının genişləndirilməsi üçün bütün lazımi tədbirləri görürlər.

Maddə 7
Əlil uşaqlar

1. İştirakçı dövlətlər əlil uşaqların digər uşaqlarla bərabər səviyyədə bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

2. Əlil uşaqlara münasibətdə bütün hərəkətlər zamanı ilk növbədə uşaqların ali maraqlarına diqqət ayrılır.

3. İştirakçı dövlətlər əlil uşaqların, digər uşaqlarla bərabər səviyyədə, onları maraqlandıran məsələlərlə bağlı onların yaşına və yetkinlik səviyyəsinə uyğun olan fikirlərini sərbəst ifadə etmələrini və bu hüquqların realizəsi üçün əlilliyinə və yaşına uyğun yardım almalarını təmin edirlər.

Maddə 8
Maarifləndirici-tərbiyəvi iş

1. İştirakçı dövlətlər aşağıdakılara nail olmaq üçün təxirəsalınmaz, səmərəli və lazımi tədbirlər görməyi öhdələrinə götürürlər:

a) ailə səviyyəsində maarifləndirmə də daxil olmaqla, bütün cəmiyyətin əlillik məsələlərində maariflənməsini yüksəltmək və əlillərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək;

b) həyatın bütün sahələrində cinsi mənsubiyyət və yaş zəminində baş verənlər də daxil olmaqla, əlillərə münasibətdə stereotiplərlə, mövhumatla və zərərli adətlərlə mübarizə aparmaq;

c) əlillərin potensialını və töhfəsini təbliğ etmək.

2. Bu məqsədlə görülən tədbirlərə aşağıdakılar daxildir:

a) aşağıdakılara yönəlmiş səmərəli ictimai-maarifləndirmə tədbirlərinin genişləndirilməsi və aparılması:

i) əlillərin hüquqlarına hörmət olunmasının tərbiyə olunması;

ii) əlillər haqqında müsbət təsəvvürlərin təşviqi və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsi;

iii) əlillərin vərdişlərinin, ləyaqət və qabiliyyətlərinin, habelə onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərmək;

b) təhsil sisteminin bütün səviyyələrində, o cümlədən erkən yaşlardan başlayaraq bütün uşaqlarda əlillərin hüquqlarına hörmət edilməsinin tərbiyə olunması;

c) bütün kütləvi informasiya orqanlarının əlilləri bu Konvensiyanın məqsədlərinə uyğun obrazını yaratmağa həvəsləndirməsi;

d) əlillərə və onların hüquqlarına həsr edilən tərbiyəvi-tanışlıq proqramlarının inkişaf etdirilməsi.

Maddə 9
İstifadə imkanları

1. Əlillərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün iştirakçı dövlətlər əlillərin, digərləri ilə bərabər səviyyədə, fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, habelə həm şəhər, həm də kənd rayonlarında əhaliyə açıq olan və ya ona təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görürlər. Bu imkanlardan istifadəyə əngəl olan maneə və baryerlərin aşkara çıxarılmasını və aradan qaldırılmasını əhatə edən bu tədbirlər xüsusən aşağıdakılara şamil edilməlidir:

a) məktəblər, yaşayış evləri, tibb müəssisələri və iş yerləri də daxil olmaqla, binalara, yollara, nəqliyyat və digər daxili və xarici obyektlərə;

b) elektron və təcili xidmətlər də daxil olmaqla, informasiya, kommunikasiya və digər xidmətlərə.

2. İştirakçı dövlətlər həmçinin aşağıdakı məqsədlərlə lazımi tədbirlər görürlər:

a) əhaliyə açıq olan və ya ona təqdim olunan obyekt və xidmətlərdən istifadə imkanını nəzərdə tutan minimum standartları və rəhbər istiqamətləri işləyib-hazırlamaq, onları tətbiq etmək və onlara riayət olunmasına nəzarət etmək;

b) əhaliyə açıq olan və ya ona təqdim olunan obyekt və xidmətləri təklif edən özəl müəssisələrin əllillərin onlardan istifadə edə bilməsi üçün bütün cəhətləri nəzərə almalarını təmin etmək;

c) bütün cəlb olunan tərəflər üçün əlillərin qarşılaşdıqları müyəssərlik problemləri üzrə təlimatlandırmanı təşkil etmək;

d) əhali üçün açıq olan binaları və digər obyektləri Brayl əlifbası ilə icra olunmuş işarələrlə asan oxunan və anlaşıqlı formada təchiz etmək;

e) əhali üçün açıq olan binaları və digər obyektləri onlardan istifadə edilməsi imkanını asanlaşdırmaq üçün xidmətçilərin və vasitəçilərin, o cümlədən bələdçilərin, qiraətçilərin və peşəkar lal-kar tərcüməçilərinin müxtəlif növ xidmətləri ilə təmin etmək;

f) əlillərin informasiyaya çıxış imkanını təmin etmək üçün onlara kömək və dəstək göstərilməsinin digər lazımi formalarını inkişaf etdirmək;

g) əlillərin, İnternet də daxil olmaqla, yeni informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsini həvəsləndirmək;

h) qabaqcadan da əldə edilməsi mümkün olan informasiya-kommunikasiya texnologiyalarının və sistemlərinin, onlardan istifadə imkanlarının minimum xərclə başa gəlməsinin layihələndirilməsini, işlənib-hazırlanmasını, istehsalını və yayılmasını həvəsləndirmək.

Maddə 10
Yaşamaq hüququ

İştirakçı dövlətlər bir daha hər bir insanın yaşamaq hüququ kimi ayrılmaz hüququnu təsdiq edir və əlillərin bu hüququ digərləri ilə bərabər səviyyədə səmərəli həyata keçirməsini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

Maddə 11
Risk vəziyyətləri və fövqəladə humanitar vəziyyətlər

İştirakçı dövlətlər beynəlxalq humanitar hüquq və insan hüquqlarına dair beynəlxalq hüquq da daxil olmaqla beynəlxalq hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq, silahlı münaqişələr, fövqəladə humanitar vəziyyətlər və təbii fəlakətlər də daxil olmaqla risk vəziyyətlərində əlillərin müdafiəsinin və təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görürlər.

Maddə 12
Qanun qarşısında bərabərlik

1. İştirakçı dövlətlər hər bir əlilin, harada olmasından asılı olmayaraq, bərabər hüquqi müdafiə hüququ olduğunu təsdiq edirlər.

2. İştirakçı dövlətlər əlillərin həyatın bütün sahələrində digərləri ilə bərabər səviyyədə hüquq qabiliyyətinə malik olduğunu tanıyırlar.

3. İştirakçı dövlətlər əlillərin öz hüquq qabiliyyətinin həyata keçirilməsi zamanı lazım gələ bilən dəstəyi onların əldə edə bilmələri üçün zəruri tədbirlər görürlər.

4. İştirakçı dövlətlər hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı bütün tədbirlərin, insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun olaraq, sui-istifadə hallarının qarşısını almaq üçün lazımi və səmərəli təminatları nəzərdə tutmasını təmin edirlər. Bu cür təminatlar hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin şəxsin hüquqlarına, iradəsinə və seçimlərinə hörmət edilməsinə yönəlməsini, maraqların münaqişəsindən və yersiz təsirdən azad olmasını, bu şəxsin şəraitinə mütənasib olmasını və onlara uyğun qurulmasını, mümkün qədər qısa müddət ərzində tətbiq edilməsini və müntəzəm olaraq səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə instansiyası tərəfindən yoxlanmasını təmin etməlidir. Bu təminatlar bu cür tədbirlərin həmin şəxsin hüquq və maraqlarına toxunduğu dərəcədə olmalıdır.

5. İştirakçı dövlətlər bu maddənin müddəalarını nəzərə alaraq, əlillərin əmlaka sahibliyinə və onun vəsiyyət edilməsinə, şəxsi maliyyə işlərinin idarə olunmasına, habelə bank ssudalarını, ipoteka kreditlərini və maliyyə kreditləşdirilməsinin digər formalarını bərabər şəraitdə əldə etməsinə bərabər hüquqlarının təmin olunması üçün bütün zəruri və səmərəli tədbirləri görür və əlillərin öz əmlakından özbaşına məhrum edilməməsini təmin edirlər.

Maddə 13
Ədalət mühakiməsinin təmin olunması

1. İştirakçı dövlətlər ədalət mühakiməsini əlillərə digərləri ilə bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində birbaşa və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun düzəlişlər nəzərdə tuturlar.

2. Əlillərin ədalət mühakiməsindən səmərəli istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət mühakiməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər.

Maddə 14
Azadlıq və şəxsi toxunulmazlıq

1. İştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə:

a) azadlıq və şəxsi toxunulmazlıq hüququndan istifadə etməsini;

b) azadlıqdan qanunsuz və ya özbaşına məhrum edilməməsini və istənilən azadlıqdan məhrumetmənin qanuna uyğun olmasını, əlillyin isə heç bir halda azadlıqdan məhrum edilmək üçün əsas olmamasını təmin edirlər.

2. İştirakçı dövlətlər əlillərin hər hansı bir prosedur əsasında azadlıqdan məhrum edildiyi halda, onların insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun təminatlardan digər şəxslərlə bərabər səviyyədə istifadə etməsinə və onlarla rəftarın bu Konvensiyanın məqsəd və prisiplərinə uyğun olmasına, o cümlədən ağlabatan uyğunlaşmanın təmin edilməsinə təminat verirlər.

Maddə 15
İşgəncələrdən və qəddar, qeyri-insani və ya insan ləyaqətinialçaldan rəftar və cəza növlərindən azadolma

1. Heç kəs işgəncələrə və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmamalıdır. O cümlədən, heç bir şəxsin üzərində onun sərbəst razılığı olmadan tibbi və ya elmi təcrübələr keçirilməməlidir.

2. İştirakçı dövlətlər digərləri ilə yanaşı, əlillərin də işgəncələrə və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qalmaması üçün bütün səmərəli qanunverici, inzibati, məhkəmə və ya digər tədbirləri görürlər.

Maddə 16
İstismardan, zorakılıqdan və təhqirdən azad olma

1. İştirakçı dövlətlər əlillərin həm evdə, həm də evdən kənarda istismarın, zorakılığın və təhqirin bütün formalarından, o cümlədən bunların gender səbəbli aspektlərindən müdafiəsi üçün bütün zəruri qanunverici, inzibati, sosial, maarifləndirici və digər tədbirləri görürlər.

2. İştirakçı dövlətlər, habelə, əlillərə, onların ailələrinə və əlillərə qulluq edən şəxslərə yaş-cins spesifikliyi nəzərə alınmaqla kömək və dəstək göstərilməsinin uyğun formalarını təmin edərək, o cümlədən istismarın, zorakılığın və təhqirin təzahürlərindən yayınmaq, onları müəyyən etmək və onlar barədə məlumat vermək məsələləri barədə maarifləndirmə yolu ilə istismarın, zorakılığın və təhqirin bütün formalarının qarşısının alınması üçün bütün zəruri tədbirləri görürlər. İştirakçı dövlətlər təmin edirlər ki, müdafiənin təmin olunması üzrə xidmətlər yaş-cins spesifikliyi və əlillik faktoru nəzərə alınmaqla göstərilsin.

3. İstismarın, zorakılığın və təhqirin bütün formalarının təzahürünün qarşısını almağa can ataraq, iştirakçı dövlətlər əlillərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş bütün təsisatların və proqramların müstəqil orqanların səmərəli müşahidəsi altında olmasını təmin edirlər.

4. İştirakçı dövlətlər istismarın, zorakılığın və təhqirin istənilən formasının qurbanı olmuş əlillərin fiziki, koqnitiv və psixoloji bərpasına, reabilitasiyasına və sosial reinteqrasiyasına kömək göstərmək üçün bütün zəruri tədbirləri görür, o cümlədən müdafiənin təqdim olunması üzrə xidmətlər göstərirlər. Bu cür bərpa və reinteqrasiya müvafiq şəxsin sağlamlığının, rifahının, özünə hörmətinin, ləyaqətinin və müstəqilliyinin möhkəmləndirilməsinə kömək edən şəraitdə baş verir və yaş-cins spesifikliyi ilə şərtlənən ehtiyaclar nəzərə alınmaqla həyata keçirilir.

5. İştirakçı dövlətlər əlillərə münasibətdə istismar, zorakılıq və təhqir hallarının aşkar olunması, təhqiqatı və lazımi hallarda təqibinin təmin edilməsi üçün səmərəli qanunvericilik və strategiyalar, o cümlədən qadın və uşaqlarla bağlı qanunvericilik və strategiyalar qəbul edirlər.

Maddə 17
Şəxsi bütövlüyün qorunması

Hər bir əlil onun fiziki və psixi bütövlüyünə başqa şəxslərlə bərabər səviyyədə hörmət olunması hüququna malikdir.

Maddə 18
Yerdəyişmə azadlığı və vətəndaşlıq

1. İştirakçı dövlətlər əlillərin, başqa şəxslərlə bərabər səviyyədə yerdəyişmə azadlığı, yaşayış yerini və vətəndaşlığı seçmək azadlığı hüququnu tanıyır, habelə təmin edirlər ki, əlillər:

a) vətəndaşlıq əldə etmək və ya vətəndaşlığı dəyişmək hüquqlarına malik olsunlar və qeyri-ixtiyari surətdə, yaxud əlillik səbəbindən öz vətəndaşlığından məhrum olmasınlar;

b) onların vətəndaşlığını təsdiq edən sənədləri və ya onların şəxsiyyətini təsdiq edən digər sənədləri almaq, bu cür sənədlərə malik olmaq, onlardan və ya yerdəyişmə azadlığı hüququnun həyata keçirilməsinin asanlaşdırılması üçün zəruri ola bilən müvafiq prosedurlardan, məsələn, immiqrasiya prosedurlarından istifadə etmək imkanından əlillik səbəbindən məhrum olmasınlar;

c) istənilən ölkəni, o cümlədən öz ölkəsini sərbəst şəkildə tərk etmək hüququna malik olsunlar;

d) öz ölkəsinə qayıtmaq hüququndan qeyri-ixtiyari olaraq və ya əlillik səbəbindən məhrum olmasınlar.

2. Əlil uşaqlar anadan olduqdan dərhal sonra qeydiyyata alınır və həmin andan onlara ad qoyulması və vətəndaşlıq əldə etmək hüquqlarına, habelə mümkün dərəcədə, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək hüququna malikdirlər.

Maddə 19
Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər bütün əlillərin, digər insanlarla bərabər səviyyədə seçim variantı olmaqla, daimi yaşayış yerlərində yaşamaq hüququnu tanıyır və onların bu hüququnun tam həyata keçirilməsinə və yerli icmalara tam daxil və cəlb olunmasına kömək etmək, habelə aşağıdakıları təmin etmək üçün səmərəli və lazımi tədbirlər görürlər ki:

a) əlillər digər insanlarla bərabər səviyyədə öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik olsunlar və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmasınlar;

b) əlillər, yerli icmada həyatının dəstəklənməsi və ona daxil olmaq üçün zəruri olan fərdi yardımlar da daxil olmaqla, yerli icmanın bazasında evdə, yaşayış yeri üzrə göstərilən müxtəlif növ xidmətlərdən və digər köməkçi xidmətlərdən istifadə etmək imkanına malik olsunlar, habelə onların yerli icmadan təcrid olunmasına və ya seqreqasiyasına yol verilməsin;

c) ümumilikdə bütün əhali üçün nəzərdə tutulan xidmətlərdən və kollektiv istifadə obyektlərindən əlillərin də bərabər dərəcədə istifadə imkanı olsun və bu, onların ehtiyaclarına cavab versin.

Maddə 20
Fərdi hərəkət etmək imkanı

İştirakçı dövlətlər əlillərin maksimal dərəcədə müstəqil fərdi hərəkət etmək imkanlarını təmin etmək üçün o cümlədən aşağıdakı yollarla səmərəli tədbirlər görürlər:

a) əlillərin özlərinin seçdikləri üsullarla, seçdikləri vaxtda və münasib qiymətlə fərdi hərəkət etmələrinə kömək göstərilməsi;

b) əlillərin hərəkəti asanlaşdıran keyfiyyətli vasitələri, qurğuları, yardımçı texnologiyaları, köməkçi və vasitəçilərin xidmətlərini, o cümlədən, münasib qiymətlə olması şərtilə əldə etmək imkanının asanlaşdırılması;

c) əlillərə və onlarla işləyən kadrlara hərəkət vərdişlərinin öyrədilməsi;

d) hərəkəti asanlaşdıran vasitələrin, qurğuların, yardımçı texnologiyaların istehsalı ilə məşğul olan müəssisələri əlillərin hərəkətinin bütün aspektlərinin nəzərə alınmasına diqqət yetirməyə təşviq etmək.

Maddə 21
Fikir və əqidələrin sərbəst ifadə olunması və 
informasiyadan istifadə imkanları

İştirakçı dövlətlər əlillərin, başqaları ilə bu Konvensiyanın 2-ci maddəsində müəyyən olunan bütün ünsiyyət formalarından öz seçimlərinə uyğun istifadə etməklə, başqaları ilə bərabər səviyyədə informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı da daxil olmaqla, öz fikir və etiqadlarını sərbəst ifadə etmək hüququndan istifadə edə bilməsi üçün, aşağıdakılar da daxil olmaqla, bütün lazımi tədbirləri görürlər:

a) əlillərin, geniş kütlə üçün nəzərdə tutulmuş informasiyalarla, əlilliyin müxtəlif formalarını nəzərə alan texnologiyalardan istifadə etməklə vaxtında və əlavə haqq almadan təchiz olunması;

b) jest dillərinin, Brayl əlifbasının, əlillərin seçiminə uyğun gücləndirici və alternativ ünsiyyət üsullarının və ünsiyyətin bütün digər mümkün üsullarının, metod və formatlarının rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinə kömək göstərilməsi;

c) geniş kütləyə xidmətlər göstərən, o cümlədən İnternet vasitəsilə xidmətlər göstərən özəl müəssisələrin əlillər üçün məqbul və yararlı formatlarda informasiya və xidmətlər təqdim etməsinin təşviq olunması;

d) kütləvi informasiya vasitələrinin, o cümlədən internet vasitəsilə məlumat təqdim edənlərin öz xidmətlərini əlillər üçün yararlı formaya çevirməsinin təşviq olunması;

e) jest dilindən istifadənin tanınması və həvəsləndirilməsi.

Maddə 22
Şəxsi həyatın toxunulmazlığı

1. Yaşayış yerindən və mənzil şəraitindən asılı olmayaraq, heç bir əlil onun şəxsi həyatının, ailəsinin, mənzilinin və ya yazışmalarının və digər ünsiyyət formalarının toxunulmazlığına özbaşına və ya qanunsuz qəsd olunmasına, yaxud onun şərəf və ləyaqətinə xələl gətirilməsinə məruz qalmamalıdır. Əlillər bu cür qəsd və hücumlardan qanunla müdafiə olunmaq hüququna malikdirlər.

2. İştirakçı dövlətlər əlillərin şəxsiyyəti, sağlamlığı və reabilitasiyası haqqında məlumatların məxfiliyini, digər şəxslərlə bərabər səviyyədə mühafizə edirlər.

Maddə 23
Evə və ailəyə hörmət

1. İştirakçı dövlətlər əlillərə münasibətdə nikah, ailə, atalıq, analıq hüququ və şəxsi münasibətlərə dair bütün məsələlər üzrə ayrı-seçkiliyin aradan qaldırılması üçün səmərəli və lazımi tədbirlər görür və aşağıdakılara nail olmağa can atırlar:

a) nikah yaşına çatmış nikaha daxil olan bütün əlillərin azad və tam razılığı əsasında nikaha daxil olmaq və ailə qurmaq hüquqlarının tanınması;

b) əlillərin uşaqlarının sayı və onların doğulması arasındakı intervalla bağlı azad və məsuliyyətli qərar qəbul etmək, habelə ailənin reproduktiv davranışı və planlaşdırılması məsələlərində müvafiq yaşa uyğun məlumatları və maarifləndirməni əldə etmək hüquqlarının və onlara bu huquqların həyata keçirilməsinə imkan verən vasitələrin təqdim olunması hüquqlarının tanınması;

c) əlil uşaqlar da daxil olmaqla, əlillərin öz təbii artım qabiliyyətini saxlaması.

2. İştirakçı dövlətlər əlillərin qəyyumluğa, himayəçiliyə, övladlığa götürülməyə və digər analoji institutlara münasibətdə - bu anlayışlar qanunvericilikdə olduqda - hüquq və vəzifələrini təmin edirlər; bütün hallarda uşağın ali maraqları birinci dərəcəli əhəmiyyət kəsb edir. İştirakçı dövlətlər əlillərin öz uşaqlarını tərbiyə etmək üzrə vəzifələrini yerinə yetirməsində lazımi yardım göstərirlər.

3. İştirakçı dövlətlər əlil uşaqların ailə həyatı ilə bağlı bərabər hüquqa malik olmalarını təmin edirlər. Bu hüquqların həyata keçirilməsi və əlil uşaqların gizlədilməsinə, onların atılmasına, onlara baxmaqdan yayınmağa və onların təcrid olunmasına yol verməmək üçün iştirakçı dövlətlər əlil uşaqları və onların ailələrini lap əvvəldən hərtərəfli məlumat, xidmət və dəstəklə təmin etməyi öhdələrinə götürürlər.

4. İştirakçı dövlətlər, məhkəmənin nəzarət etdiyi səlahiyyətli orqanların qüvvədə olan qanunlara və prosedurlara uyğun olaraq bu cür ayrılmanın uşağın ali maraqları üçün zəruri olduğunu müəyyən etdiyi hallar istisna olmaqla, əlil uşaqların valideynlərinin onların iradəsinə zidd olaraq ayrılmamalarını təmin edirlər. Uşağın özünün və ya onun valideynlərindən birinin və ya hər ikisinin əlil olması səbəbindən heç bir halda uşaq valideynlərindən ayrıla bilməz.

5. İştirakçı dövlətlər, yaxın qohumlar əlil uşağa baxa bilmədikdə, daha uzaq qohumların cəlb olunması hesabına alternativ qayğı göstərilməsini təşkil etmək, bu cür imkan olmadıqda isə - uşağın yerli icmada yaşaması üçün ailə şəraitinin yaradılmasını öhdələrinə götürürlər.

Maddə 24
Təhsil

1. İştirakçı dövlətlər əlillərin təhsil almaq hüququnu tanıyırlar. Bu hüququn ayrı-seçkiliyə yol vermədən və imkanların bərabərliyi əsasında həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün səviyyələrdə əlilin bütün həyatı boyu inklüziv təhsili və təlimi təmin edir və bu zaman aşağıdakılara çalışırlar:

a) insan potensialının, eləcə də ləyaqət və özünə hörmət hisslərinin tam inkişafına, insan hüquqlarına, əsas azadlıqlarına və insan müxtəlifliyinə hörmətin gücləndirilməsinə;

b) əlillərin şəxsiyyətinin, fərdi istedad və yaradıcılığının, habelə onların əqli və fiziki qabiliyyətlərinin tam həcmdə inkişafına;

c) əlillərə azad cəmiyyətin həyatında səmərəli iştirak etmək imkanlarının verilməsinə.

2. İştirakçı dövlətlər bu hüququn həyata keçirilməsi zamanı aşağıdakıları təmin edirlər:

a) əlillər, əlillik səbəbinə görə təhsildən, əlil uşaqlar isə pulsuz ibtidai və orta təhsildən kənarlaşdırılmasınlar;

b) əlillər öz yaşayış yerlərində digərləri ilə bərabər səviyyədə inklüziv, keyfiyyətli və pulsuz ibtidai və orta təhsil almaq imkanlarına malik olsunlar;

c) fərdi tələbatı nəzərə alan vasitələrlə təchiz olunsunlar;

d) əlillər, təhsil sistemində effektiv tədrisi yüngülləşdirmək üçün tələb olunan yardımı alsınlar;

e) biliklərin mənimsənilməsinə tam şərait yaratmaq məqsədilə biliklərin və sosial inkişafın mənimsənilməsinə maksimum kömək edən şəraitdə səmərəli tədbirlər görülməsini təmin etsinlər.

3. İştirakçı dövlətlər əlillərə həyati və sosial vərdişləri mənimsəmək imkanını yaradırlar ki, bu da onların, təhsil prosesində və cəmiyyətin həyatında tam və bərabər iştirak etmələrini asanlaşdırır. İştirakçı dövlətlər bu istiqamətdə lazımi tədbirlər görür, o cümlədən:

a) Brayl əlifbasının, alternativ şriftlərin, o cümlədən də ünsiyyətin alternativ metodlarının, üsullarının və formatlarının, eləcə də səmtləşmə və mobillik vərdişlərinin mənimsənilməsinə şərait yaratmaqla yanaşı, həmyaşıdlar tərəfindən dəstəklənməsinə və hamilik üçün şərait yaradırlar;

b) jest dilinin mənimsənilməsinə və karların dil xüsusiyyətlərinin həvəsləndirilməsinə şərait yaradırlar;

c) kor, kar və kar-kor olan əlillərin, o cümlədən əlil uşaqların təhsilinin onlar üçün uyğun gələn dil və metodlarla həyata keçirilməsini təmin edirlər.

4. İştirakçı dövlətlər bu hüququn həyata keçirilməsini təmin etmək üçün müəllimlərin, eləcə də Brayl əlifbasını, jest dilini bilən əlil müəllimlərin bu işə cəlb olunması və tədrisin bütün səviyyələrində çalışan mütəxəssislərin və xidmət heyətinin təhsili üçün lazımi tədbirlər görürlər. Bu cür tədris, əlillik problemi baxımından təhsil prosesini əhatə edərək, əlillərə yardımın göstərilməsi istiqamətində gücləndirici alternativ metodlardan, ünsiyyət üsulları və formatlarından, tədris metodikası və materiallardan istifadəni əhatə edir.

5. İştirakçı dövlətlər əlillərin ümumi ali təhsilə, peşəkar tədris prosesinə, böyüklər üçün təhsilə və bütün həyatı boyu tədrisə heç bir ayrı-seçkilik olmadan digər şəxslərlə birlikdə cəlb olunmasını təmin edir. Bu məqsədlə iştirakçı dövlətlər əlillərə lazımi vəsaitlərin təqdim olunması qayğısına da qalırlar.

Maddə 25
Sağlamlıq

İştirakçı dövlətlər əlillərin əlillik əlaməti üzrə heç bir ayrı-seçkiliyə yol verilmədən, mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə malik olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər əlillərin gender xüsusiyyətlərini, eləcə də sağlamlığa görə reabilitasiya imkanlarını nəzərə almaqla, səhiyyə xidmətlərindən istifadə etmələrini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Xüsusilə də iştirakçı dövlətlər:

a) digər şəxslərlə bərabər, əlillərə sağlamlığın mühafizəsi ilə bağlı təmənnasız və ya ucuz xidmətlərin keyfiyyətini və səviyyəsini seçmək imkanı verərək, dövlətin əhali üçün müəyyən etldiyi səhiyyə proqramları çərçviəsində onların reproduktiv və seksual sağlamlığı sahəsində problemlərini də həll etməyə can atırlar;

b) əlillərə, əlillik nəticəsində yaranan fiziki problemlərin aradan qaldırılması üçün zəruri olan səhiyyə xidmətlərini təqdim edirlər; buraya erkən diaqnostika, lazımi hallarda isə korreksiya və xidmətlər, xüsusən də uşaqlar və yaşlılar arasında əlilliyi minimuma endirmək kimi xidmətlər də daxil olur;

c) bu xidmətləri səhiyyə sahəsində bu insanların yaşayış məntəqələrinə daha yaxın yerlərdə, o cümlədən kənd rayonlarında təşkil edirlər;

d) səhiyyə mütəxəssislərinin əlillərə, digər şəxslərlə bərabər keyfiyyətdə xidmətlər təklif etmələrini tələb edirlər. Bu, eyni zamanda sərbəst və məlumatlı razılıq əsasında həyata keçirilməli olub, dövlət və özəl səhiyyə üçün etik standartların qəbulu və tədrisi sayəsində insan hüquqları, şərəf və ləyaqəti, əlillərin sərbəstliyi və ehtiyacları haqqında məlumatların əldə olunmasını əhatə etməlidir;

e) tibbi sığortanın və həyat sığortasının təmin olunması zamanı əlillərə qarşı ayrı-seçkilik hallarını qadağan edirlər. Həyat sığortası milli qanunvericilikdə təsbit olunduqda, bunun ədalətli və ağlabatan əsaslarla təmin edilməsini nəzərdə tuturlar;

f) səhiyyə xidmətləri göstərməkdən, yaxud bu sahədə qida və maye təminatından əlilliyə görə imtina edilməsinə yol verilmir.

Maddə 26
Abilitasiya və reabilitasiya

1. İştirakçı dövlətlər o cümlədən, digər əlillərin dəstəyi ilə, əlillərə maksimum müstəqilliyə, tam fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı vermək və onları həyatın bütün sahələrinə cəlb etmək istiqamətində əməli tədbirlər görürlər. Bu məqsədlə iştirakçı dövlətlər kompleks abilitasiya və reabilitasiya xidmətləri proqramlarını, xüsusilə də təhsil, səhiyyə, məşğulluq və sosial xidmət sahəsində elə təşkil edir, möhkəmləndirir və genişləndirirlər ki, bu xidmətlər və proqramlar:

a) mümkün qədər daha tez həyata keçirilməyə başlansın, fərdin ehtiyaclarının və güclü tərəflərinin çoxsahəli şəkildə qiymətləndirilməsinə imkan yaratsın;

b) yerli icmaya və cəmiyyət həyatının bütün sahələrinə cəlb olunmağa və qoşulmağa yardım göstərərək könüllü xarakter daşıyıb əlillərin daimi yaşadıqları yerlərdə, o cümlədən kənd yerlərində müyəssər olsun.

2. İştirakçı dövlətlər abilitasiya və reabilitasiya xidmətləri sahəsində işləyən xidmət heyətinin və mütəxəssislərin ilkin və sonrakı təhsilinin inkişafına şərait yaradırlar.

3. İştirakçı dövlətlər əlillər üçün nəzərdə tutulmuş və onların abilitasiyası və reabilitasiyasına aid assistiv qurğuların və texnologiyaların olmasını, onlara bələdliyi və onlardan istifadəni təşviq edirlər.

Maddə 27
Əmək və məşğulluq

1. İştirakçı dövlətlər digər şəxslərlə bərabər, əlillərin əmək hüququnu tanıyırlar; bu hüquq əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququnu ehtiva edir. İştirakçı dövlətlər həmçinin əmək fəaliyyəti zamanı istehsalat zədəsi almış əlillər də daxil olmaqla, zəruri tədbirlərin, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada, tədbirlərin görülməsi vasitəsilə əmək hüququnun həyata keçirilməsini aşağıda göstərilən məqsədlər üçün təmin edir və həvəsləndirirlər:

a) işə qəbul, məşğulluq, işin qorunması, xidməti vəzifədə irəliləmə, təhlükəsiz və sağlam əmək şəraiti də daxil olmaqla məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə əlillik əlaməti üzrə ayrı-seçkiliyin qadağan olunması;

b) əlillərin ədalətli və əlverişli əmək şəraiti, o cümlədən bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma, təhlükəsiz və sağlam əmək şəraiti, o cümlədən sataşma hallarından müdafiə və şikayətlərin təmin edilməsi hüquqlarının digər şəxslərlə bərabər qorunması;

c) əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin təmin edilməsi;

d) əlillərə ümumi texniki və peşəyönümlü proqramlara, işədüzəltmə xidmətlərinə və peşəkar, fasiləsiz təhsil prosesinə qoşulmaq imkanının verilməsi;

e) əmək bazarında əlillərin işlə təminatı, xidməti vəzifədə irəliləmə imkanlarının genişləndirilməsi, eləcə də işin axtarılması, tapılması, saxlanması və bərpasında onlara yardım göstərilməsi;

f) fərdi əmək fəaliyyəti, sahibkarlıq, kooperativlərin inkişaf etdirilməsi və şəxsi işin təşkili üçün imkanların genişləndirilməsi;

g) əlillərin dövlət sektorunda işə qəbul edilməsi;

h) pozitiv fəaliyyət proqramları, stimul və digər tədbirlərdən ibarət ola bilən zəruri strategiya və tədbirlərin köməyi ilə əlillərin özəl sektorda işə qəbul edilməsinin stimullaşdırılması;

i) əlillərin iş yerində səmərəli vasitələrlə təmin edilməsi;

j) açıq əmək bazarı şəraitində əlillər tərəfindən iş təcrübəsinin mənimsənilməsinin həvəsləndirilməsi;

k) əlillər üçün peşəkar və ixtisas reabilitasiyası, iş yerlərinin qorunması və işə qaytarılma üzrə proqramların təşviqi. 

2. İştirakçı dövlətlər əlillərin qul kimi və ya asılı vəziyyətdə saxlanılmamasını və digər şəxslərlə bərabər, icbari və məcburi əməkdən müdafiə olunmasını təmin edir.

Maddə 28
Qənaətbəxş həyat səviyyəsi və sosial müdafiə

1. İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür.

2. İştirakçı dövlətlər əlillərin sosial müdafiə hüququnu və əlillik əlamətinə görə diskriminasiyaya yol verilmədən ondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin və təşviq edilməsi, o cümlədən aşağıdakılar üçün zəruri tədbirləri görür:

a) əlillərin təmiz su, zəruri və ucuz xidmətlə, vasitələrlə bərabər səviyyədə təmin olunmaları və əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün digər köməyin göstərilməsi;

b) əlillərin, xüsusilə əlil qadınların, qızların və yaşlı insanların sosial müdafiə və yoxsulluğun miqyasının azadılması proqramlarından istifadə etmək imkanının təmin edilməsi;

c) yoxsulluq şəraitində yaşayan əlillərin və onların ailələrinin zəruri təhsil, məsləhət, maliyyə yardımı və müvəqqəti qəyyumluq xidməti kimi əlilliklə bağlı məsrəflərin dövlət tərəfindən qarşılanması imkanından istifadə etmək imkanının təmin edilməsi;

d) əlillərin dövlət mənzil proqramlarından istifadə etmək imkanının təmin edilməsi;

e) əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi.

Maddə 29
Siyasi və ictimai həyatda iştirak

İştirakçı dövlətlər əlillərə siyasi hüquqlar verərək, bu hüquqlardan digər şəxslər ilə bərabər istifadə etmək imkanı yaradır və aşağıdakı öhdəlikləri üzərinə götürürlər:

a) əlillərə ictimai və siyasi həyatda, digər şəxslərlə bərabər, birbaşa və ya azad seçilmiş nümayəndələr vasitəsilə effektiv və geniş şəkildə iştirak etmək, o cümlədən səs vermək və seçilmək hüququnu, imkanını, aşağıda qeyd edilənləri nəzərə almaqla, təmin etmək:

i) səsvermə üçün prosedurların, otaqların və materialların anlama və istifadə üçün münasib, müyəssər və asan olmasının təminatı;

ii) əlillərin münasib olduqda köməkçi qurğuların və yeni texnologiyaların köməyi ilə hədə-qorxuya məruz qalmadan gizli səsvermədə və referendum prosesində iştirakı hüququnun və dövlət hakimiyyətinin bütün səviyyələrində hər hansı ictimai funksiyaları həyata keçirmək məqsədilə müəyyən vəzifə tutmaları üçün namizədliklərini irəli sürmək hüquqlarının müdafiə olunması;

iii) əlillərin sərbəst seçicilər kimi iradələrini bildirmək imkanının və bu məqsədlə onların xahişinə əsasən, zəruri hallarda, səsvermə prosesində hər hansı bir nümayəndə tərəfindən onlara yardım göstərilməsinin təminatı;

b) əlillərin ayrı-seçkilik olmadan və digər şəxslər ilə bərabər qaydada dövlət işlərinin idarə olunmasında effektiv və hərtərəfli iştirak etmələrinə şəraitin yaradılmasına fəal yardım göstərmək və onların dövlət işlərində iştirakını, o cümlədən aşağıdakıları həvəsləndirmək:

i) fəaliyyəti ölkənin dövlət və siyasi həyatı ilə bağlı olan qeyri - hökumət təşkilatlarında və birliklərində, həmçinin siyasi partiyaların fəaliyyətində və onların idarəçiliyində iştirakını;

ii) əlilləri beynəlxalq, milli, regional və yerli səviyyələrdə təmsil etmək üçün əlillərin təşkilatının yaradılmasını və onların bu təşkilatlara qoşulmalarını.

Maddə 30
Mədəni həyatda iştirak, asudə vaxtın və istirahətin təşkili və
idmanla məşğul olma

1. İştirakçı dövlətlər əlillərin digər şəxslərlə bərabər mədəni həyatda iştirak etmək hüququnu tanıyır və bütün zəruri tədbirləri görürlər ki, əlillər:

a) münasib formatlarda sənət əsərlərindən istifadə edə bilsinlər;

b) münasib formatlarda televiziya proqramlarından, filmlərdən istifadə, teatr və digər mədəni tədbirlərdə iştirak edə bilsinlər;

c) teatr, muzey, kinoteatr, kitabxana və turizm xidmətləri kimi mədəni tədbir və xidmətlərdən yararlanma, həmçinin mümkün olduqca milli mədəni əhəmiyyət kəsb edən abidə və obyektlərə baxma imkanı əldə edə bilsinlər.

2. İştirakçı dövlətlər yalnız əlillərin rifahı üçün deyil, həmçinin cəmiyyətin zənginləşdirilməsi naminə əlillərə yaradıcı, bədii və intellektual potensiallarını inkişaf etdirmək imkanını yaratmaq üçün bütün zəruri tədbirləri görür.

3. İştirakçı dövlətlər beynəlxalq hüquqa müvafiq olaraq, əqli mülkiyyət hüquqlarının qorunması haqqında qanunların əlillərin mədəniyyət əsərlərindən istifadələrinə əsassız və ya diskriminasiya xarakterli maneə olmaması üçün bütün zəruri tədbirləri görür.

4. Əlillərin, jest dilləri və karların mədəniyyəti daxil olmaqla, xüsusi mədəni və dil özünəməxsusluğunun tanınmasına və dəstəklənməsinə digər şəxslərlə bərabər səviyyədə hüquqları vardır.

5. Əlillərə digər şəxslərlə bərabər asudə və istirahət vaxtını keçirmək və idman tədbirlərində iştirak etmək imkanının verilməsi üçün iştirakçı dövlətlər aşağıdakı məqsədlər üçün zəruri tədbirləri görürlər:

a) əlillərin bütün səviyyəli ümumi profilli idman tədbirlərində iştirakının təbliği və təşviqi;

b) əlillərə xüsusilə əlillər üçün nəzərdə tutulan idman və asudə vaxt tədbirlərini təşkil etmək, inkişaf etdirmək və bu tədbirlərdə iştirak etmək imkanının yaradılması və bununla əlaqədar digər şəxslərlə bərabər təhsil, hazırlıq və resurslarla təmin olunmalarına yardım edilməsi;

c) əlillərin idman, rekreasiya və turizm obyektlərindən istifadə etmək imkanının təmin edilməsi;

d) əlil uşaqların digər uşaqlarla birlikdə asudə və istirahət vaxtının keçirilməsində, oyunlarda, yarışlarda və ya idman tədbirlərində, o cümlədən məktəb sistemi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək imkanının təmin edilməsi;e) əlillərin asudə vaxtın, turizmin, istirahət və idman tədbirlərinin təşkili ilə məşğul olanların xidmətlərindən istifadə imkanının təmin edilməsi.

Maddə 31
Statistika və məlumatların toplanması

1. İştirakçı dövlətlər bu Konvensiyanın yerinə yetirilməsi məqsədilə strategiyanı işləyib hazırlamağa və həyata keçirməyə imkan verən lazımi informasiyanın, o cümlədən statistik və tədqiqat məlumatlarının toplanmasını öhdələrinə götürürlər. Bu informasiyanın toplanması və saxlanması prosesində:

a) əlillərin şəxsi həyatının məxfiliyini və toxunulmazlığını təmin etmək üçün hüquqi baxımdan müəyyən edilmiş zəmanətlərə, o cümlədən məlumatların qorunması haqqında qanunvericiliyə riayət edilməli;

b) statistik məlumatların toplanması və istifadəsi zamanı insan hüquqları və azadlıqlarının müdafiəsinə dair qəbul edilmiş beynəlxalq normalara, eləcə də etik prinsiplərə riayət edilməlidir.

2. Bu maddəyə müvafiq olaraq toplanmış informasiya müvafiq qaydada işlənilərək iştirakçı dövlətlərin bu Konvensiya üzrə öhdəliklərinin icra səviyyəsinin qiymətləndirilməsinə yardım göstərilməsi, həmçinin hüquqlarının həyata keçirilməsi zamanı əlillərin qarşılaşdıqları maneələrin müəyyən edilməsi və aradan qaldırılması üçün istifadə olunur.

3. İştirakçı dövlətlər bu statistik məlumatların yayılmasına görə məsuliyyəti üzərlərinə götürür və onların əlillər və digər şəxslər üçün müyəssərliyini təmin edirlər.

Maddə 32
Beynəlxalq əməkdaşlıq

1. İştirakçı dövlətlər bu Konvensiyanın məqsəd və vəzifələrinə nail olmaq istiqamətində milli səylərin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini tanıyır, təşviq edir və bununla əlaqədar olaraq dövlətlərarası xətt üzrə, həmçinin münasib olduqda, müvafiq beynəlxalq və regional təşkilatlar və vətəndaş cəmiyyətləri, xüsusilə əlil təşkilatları ilə əməkdaşlıq şəraitində bütün zəruri və effektiv tədbirləri görür. Bu cür tədbirlərə xüsusilə aşağıdakılar daxil edilə bilər:

a) beynəlxalq əməkdaşlığın, o cümlədən beynəlxalq inkişaf proqramlarının əlilləri əhatə etməsinin və onlar üçün müyəssər olmasının təmin edilməsi;

b) informasiya, təcrübə, proqram və qabaqcıl layihələrin mübadiləsi yolu ilə mövcud imkanların gücləndirilməsinin asanlaşdırılması və dəstəklənməsi;

c) tədqiqat sahəsində əməkdaşlığa və elmi - texniki biliklərin müyəssərliyinə yardım;

d) münasib olduqda, açıq və köməkçi texnologiyalardan istifadənin yüngülləşdirilməsi və onların qarşılıqlı mübadiləsi, həmçinin texnologiyaların ötürülməsi yolu ilə texniki - iqtisadi yardımın göstərilməsi.

2. Bu maddənin müddəaları heç bir iştirakçı dövlətin bu Konvensiyaya uyğun olaraq öhdəliklərinin yerinə yetirilməsinə toxunmur.

Maddə 33
Milli səviyyədə həyata keçirilmə və monitorinq

1. İştirakçı dövlətlər təşkilati quruluşlarına müvafiq olaraq, hökumət strukturunda bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı məsələlərə rəhbərlik edən bir və ya bir neçə instansiya təyin edirlər. Onlar hökumət strukturunda müxtəlif sektorlarda və səviyyələrdə müvafiq fəaliyyətə yardım göstərmək üçün koordinasiya mexanizminin təsis və ya təyin edilməsi imkanını öyrənirlər.

2. İştirakçı dövlətlər özlərinin hüquqi və inzibati quruluşlarına müvafiq olaraq bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün bir və ya bir neçə müstəqil mexanizmlərdən ibarət strukturu dəstəkləyir, möhkəmləndirir, təyin edir və ya təsis edirlər. Bu cür mexanizmin təyin və ya təsis edilməsi zamanı iştirakçı dövlətlər insan hüquqlarının müdafiəsi və həvəsləndirilməsi ilə məşğul olan milli təsisatların statusuna və fəaliyyətinə aid olan prinsipləri də nəzərə alırlar.

3. Vətəndaş cəmiyyəti, xüsusilə, əlillər və onları təmsil edən təşkilatlar nəzarət prosesinə tam şəkildə cəlb olunaraq həmin prosesdə iştirak edirlər.

Maddə 34
Əlillərin hüquqları üzrə Komitə

1. Aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirən Əlillərin hüquqları üzrə Komitə (bundan sonra "Komitə") təsis olunur.

2. Bu Konvensiyanın qüvvəyə minməsi anında Komitə on iki ekspertdən ibarət olur. Konvensiyanın əlavə altmış ratifikasiyasından və ya ona qoşulmalardan sonra Komitənin üzvlük heyətinin tərkibi altı nəfər artırılaraq on səkkiz nəfərdən ibarət maksimuma çatır.

3. Komitənin üzvləri yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olub, Konvensiyanın əhatə etdiyi sahədə yüksək səriştəyə və təcrübəyə malik olur və öz şəxsləri qismində çıxış edirlər. İştirakçı dövlətlər öz namizədlərinin təqdimatı zamanı Konvensiyanın 4-cü maddəsinin 3-cü bəndində göstərilmiş müddəanı lazımi qaydada nəzərə almalıdırlar.

4. Komitənin üzvləri ədalətli coğrafi bölgü prinsipinə, sivilizasiyanın müxtəlif formalarının və əsas hüquq sistemlərinin, cinslərin mütənasib qaydada təmsil olunmasına və əlil ekspertlərin iştirakına diqqət ayrılmaqla iştirakçı dövlətlər tərəfindən seçilir.

5. Komitənin üzvləri iştirakçı dövlətlərin Konfransının iclaslarında iştirakçı dövlətlərin öz vətəndaşları arasından irəli sürdükləri namizədlərin siyahısından gizli səsvermə yolu ilə seçilir. İştirakçı dövlətlərin üçdə ikisinin kvorum təşkil etdiyi bu iclaslarda daha çox səs toplayan və iştirakçı dövlətlərin səsvermədə iştirak edən nümayəndələrinin mütləq səs çoxluğunu qazanan namizədlər Komitənin tərkibinə seçilirlər.

6. İlkin seçkilər bu Konvensiyanın qüvvəyə mindiyi gündən etibarən altı aydan gec olmayaraq keçirilir. Hər bir seçkinin keçirilmə tarixindən dörd ay əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş katibi iştirakçı dövlətlərə məktubla müraciət edərək iki ay ərzində öz namizədlərini təqdim etməyi təklif edir. Daha sonra Baş katib bu qaydada irəli sürülmüş namizədlərin adlarının əlifba sırası ilə düzülmüş siyahısını, onları irəli sürmüş iştirakçı dövlətlərin adını qeyd etməklə bu Konvensiyanın iştirakçı dövlətlərinə göndərir.

7. Komitənin üzvləri dörd illik müddətə seçilirlər. Onlar yalnız bir dəfə təkrar seçilə bilərlər. Lakin birinci seçkilərdə seçilmiş altı üzvün səlahiyyətlərinin müddəti iki ildən sonra bitir; birinci seçkidən dərhal sonra bu maddənin 5-ci bəndinə əsasən, bu altı üzvün adları iclasın sədri tərəfindən püşkatma yolu ilə müəyyən edilir.

8. Komitənin altı əlavə üzvünün seçilməsi bu maddənin müvafiq müddəaları ilə tənzimlənən adi seçkilərlə həyata keçirilir.

9. Əgər Komitənin hər hansı bir üzvü vəfat edirsə və ya istefa verirsə və yaxud hər hansı bir səbəbdən vəzifələrini icra etmək iqtidarında olmadığını elan edirsə, o zaman onun namizədliyini irəli sürmüş iştirakçı dövlət səlahiyyətlərin qalan müddəti üçün yüksəkixtisaslı və bu maddənin müvafiq müddəalarında nəzərdə tutulan tələblərə cavab verən digər eksperti təyin edir.

10. Komitə özünün prosedur qaydalarını müəyyən edir.

11. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Konvensiyanın müddəalarına müvafiq olaraq funksiyalarını həyata keçirməsi üçün zəruri personalı və maddi vəsaiti təqdim edir və onun birinci iclasını çağırır.

12. Konvensiyanın müddəalarına müvafiq olaraq təsis edilən Komitənin üzvləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilən və Birləşmiş Millətlər Təşkilatının vəsaitindən ayrılmış maaşı Komitənin vəzifələrinin vacibliyi nəzərə alınmaqla Assambleya tərəfindən müəyyən edilmiş qaydada və şərtlər əsasında alırlar.

13. Komitənin üzvləri Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın müvafiq bölmələrində əksini tapmış, Birləşmiş Millətlər Təşkilatının işləri ilə bağlı ezamiyyətlərdə olan ekspertlərin istifadə etdikləri güzəşt, imtiyaz və immunitetlərdən istifadə etmək hüququna malik olurlar.

Maddə 35
İştirakçı dövlətlərin məruzələri

1. Hər bir iştirakçı dövlət bu Konvensiyanın müvafiq iştirakçı dövlət üçün qüvvəyə minməsindən sonra iki il ərzində Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə Komitəyə bu Konvensiyaya əsasən öhdəliklərinin həyata keçirilməsi üçün gördüyü tədbirlər və bu istiqamətdə əldə olunan tərəqqi haqqında ətraflı məruzə təqdim edir.

2. Daha sonra iştirakçı dövlətlər dörd ildə bir dəfədən az olmamaqla, habelə Komitənin müraciət etdiyi hallarda növbəti məruzələri təqdim edirlər.

3. Komitə məruzələrin məzmununu müəyyən edən rəhbər prinsipləri müəyyənləşdirir.

4. Komitəyə ilkin ətraflı məruzəni təqdim edən iştirakçı dövlətin, onun əvvəllər təqdim etdiyi informasiyanı sonrakı məruzələrdə təkrar etməsinə zərurət yoxdur. İştirakçı dövlətlərə təklif olunur ki, Komitəyə təqdim ediləcək məruzələrin hazırlanmasını açıq və şəffaf proses halına gətirmək barədə düşünsünlər və bu Konvensiyanın 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilmiş müddəanı lazımi qaydada nəzərə alsınlar.

5. Məruzələrdə bu Konvensiya üzrə öhdəliklərin yerinə yetirilmə dərəcəsinə təsir göstərən amillər və çətinliklər göstərilə bilər.

Maddə 36
Məruzələrə baxılma

1. Komitə hər bir məruzəni nəzərdən keçirərək lazım bildiyi təklif və ümumi tövsiyələr qəbul edir və onları müvafiq iştirakçı dövlətə göndərir. İştirakçı dövlət Komitəyə cavab şəklində seçiminə əsasən istənilən informasiyanı göndərə bilər. Komitə iştirakçı dövlətlərdən bu Konvensiyanın həyata keçirilməsinə aidiyyəti olan əlavə informasiyanı istəyə bilər.

2. İştirakçı dövlət məruzənin təqdimatını xeyli gecikdirdikdə Komitə müvafiq iştirakçı dövlətə bildirə bilər ki, müvafiq məruzə bu bildirişdən sonrakı üç ay ərzində təqdim olunmazsa, bu Konvensiyanın bu iştirakçı dövlətdə həyata keçirilməsi məsələsinə Komitənin sərəncamında olan etibarlı informasiya əsasında baxmaq lazım gələcək. Komitə müvafiq iştirakçı dövlətə bu cür baxılma prosesində iştirak etməyi təklif edir. Əgər iştirakçı dövlət buna cavab olaraq müvafiq məruzəni təqdim edərsə, o zaman bu maddənin 1-ci bəndinin müddəaları tətbiq olunur.

3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi məruzələri bütün iştirakçı dövlətlərin sərəncamına təqdim edir.

4. İştirakçı dövlətlər öz ölkələrində məruzələrin ictimaiyyət üçün geniş müyəssərliyini təmin edir və bu məruzələrə aidiyyəti olan təkliflər və ümumi tövsiyələrlə tanışlığı asanlaşdırırlar.

5. Komitə məqbul bildiyi halda iştirakçı dövlətlərin məruzələrini Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarələrinə, fondlarına və proqramlarına, habelə digər səlahiyyətli orqanlara göndərir ki, onlar texniki məsləhət və ya yardım barədə həmin məruzələrdə yer almış müraciətlərə, yaxud belə məsləhət və ya yardıma ehtiyac olması barədə göstərişlərə, habelə Komitənin həmin müraciət və ya göstərişlərinə diqqət yetirsinlər.

Maddə 37
İştirakçı dövlətlər və Komitə arasında əməkdaşlıq

1. Hər bir iştirakçı dövlət Komitə ilə əməkdaşlıq edərək, onun üzvlərinə mandatlarının yerinə yetirilməsi ilə bağlı kömək göstərir.

2. Komitə iştirakçı dövlətlərlə münasibətlərində beynəlxalq əməkdaşlıq da daxil olmaqla bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı ölkələrin imkanlarının artırılması yollarını və vasitələrini lazımi qaydada nəzərə alır.

Maddə 38
Komitənin digər orqanlarla münasibətləri

Bu Konvensiyanın effektiv şəkildə həyata keçirilməsinə yardım göstərmək və onun əhatə etdiyi sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün:

a) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış idarələri və digər orqanları bu Konvensiyanın onların mandatları altına düşən müddəalarının həyata keçirilməsi haqqında məsələyə baxılmasında iştirak etmək hüququna malikdirlər. Komitə məqbul bildikdə ixtisaslaşmış idarələri və digər səlahiyyətli orqanları Konvensiyanın onların müvafiq mandat altına düşən sahələrdə həyata keçirilməsi ilə bağlı ekspert rəyi verməyə dəvət edə bilər. Komitə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış idarələrinə və digər orqanlarına onların fəaliyyət sahəsinə aid olan sahələrdə Konvensiyanın həyata keçirilməsi ilə bağlı məruzələr təqdim etməyə dəvət edə bilər;

b) Komitə, zəruri olduqda, mandatının yerinə yetirilməsi zamanı insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrə əsasən təsis olunan digər müvafiq orqanlarla məsləhətləşir ki, onların, məruzələrin təqdim olunmasına dair müvafiq rəhbər prinsiplərində, habelə irəli sürdükləri təklif və ümumi tövsiyələrdə uzlaşma təmin edilsin və öz funksiyalarının yerinə yetirilməsi zamanı təkrarçılığa və hər hansı bir paralelliyə yol verilməsin.

Maddə 39
Komitənin məruzəsi

Komitə iki ildə bir dəfə Baş Assambleyaya və İqtisadi və Sosial Şuraya öz fəaliyyəti haqqında məruzə təqdim edir və iştirakçı dövlətlərdən alınmış məruzə və məlumatları araşdırıb təkliflər və ümumi tövsiyələr irəli sürə bilər. Belə təkliflər və ümumi tövsiyələr iştirakçı dövlətlərin şərhləri ilə bərabər (əgər belələri varsa) Komitənin məruzəsinə daxil edilir.

Maddə 40
İştirakçı dövlətlərin Konfransı

1. İştirakçı dövlətlər bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı istənilən məsələyə baxmaq üçün müntəzəm olaraq iştirakçı dövlətlərin Konfransında toplaşırlar.

2. Bu Konvensiyanın qüvvəyə minməsindən sonra altı aydan gec olmayaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibi iştirakçı dövlətlərin Konfransını çağırır. Növbəti müşavirələr Baş katib tərəfindən iki ildə bir dəfə və ya iştirakçı dövlətlərin Konfransının qərarı ilə çağırılır.

Maddə 41
Depozitari

Bu Konvensiyanın depozitarisi Birləşmiş Millətlər Təşkilatının Baş katibidir.

Maddə 42
İmzalama

Bu Konvensiya 30 mart 2007-ci il tarixindən etibarən Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi idarələrində bütün dövlətlər və regional inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün açıqdır.

Maddə 43
Məcburiliyə razılıq

Bu Konvensiya onu imzalayan dövlətlər tərəfindən ratifikasiya olunmalı, onu imzalayan regional inteqrasiya təşkilatları tərəfindən isə rəsmi təsdiq edilməlidir. Konvensiya onu imzalamayan istənilən dövlətin və ya regional inteqrasiya təşkilatının ona qoşulması üçün açıqdır.

Maddə 44
Regional inteqrasiya təşkilatları

1. "Regional inteqrasiya təşkilatı" bu Konvensiya tərəfindən tənzimlənən məsələlərə münasibətdə üzv dövlətləri tərəfindən səlahiyyət verilmiş, müəyyən regionun suveren dövlətləri tərəfindən yaradılmış təşkilat deməkdir. Belə təşkilatlar bu Konvensiya ilə tənzimlənən məsələlərə münasibətdə səlahiyyətlərinin həcmini rəsmi təsdiq və ya qoşulma haqqında sənədlərində qeyd edirlər. Sonralar səlahiyyətlərinin həcmində istənilən əhəmiyyətli dəyişikliklər haqqında depozitarini məlumatlandırırlar.

2. Bu Konvensiyada "iştirakçı dövlətlərə" istinadlar bu təşkilatlara onların səlahiyyətləri həddində aid edilir.3. Bu Konvensiyanın 45-ci maddəsinin 1-ci bəndinin və 47-ci maddəsinin 2-ci və 3-cü bəndlərinin məqsədləri üçün regional inteqrasiya təşkilatları tərəfindən saxlanmaq üçün təhvil verilmiş heç bir sənəd hesaba alınmır.

4. Onların səlahiyyətlərinə aid olan məsələlərdə regional inteqrasiya təşkilatları öz səs hüquqlarını iştirakçı dövlətlərin Konfransında bu Konvensiyanın iştirakçısı olan üzv dövlətlərin sayına bərabər olan sayda səs hüququnu həyata keçirə bilərlər. Əgər onun üzv dövlətlərindən biri öz səs hüququnu həyata keçirirsə, belə təşkilat öz səs hüququnu həyata keçirmir və əksinə.

Maddə 45
Qüvvəyə minmə

1. Bu Konvensiya iyirminci təsdiqnamənin və ya qoşulma haqqında sənədin saxlanmaya təhvil verildiyindən sonra otuzuncu gün qüvvəyə minir.

2. İyirminci belə sənədin saxlanmaya təhvil verilməsindən sonra bu Konvensiyanı ratifikasiya edən, onu rəsmi təsdiqləyən və ya ona qoşulan hər bir dövlət və ya regional inteqrasiya təşkilatı üçün Konvensiya onlar tərəfindən belə sənədlərin saxlanmaya təhvil verilməsindən sonra otuzuncu gün qüvvəyə minir.

Maddə 46
Qeyd-şərtlər

1. Bu Konvensiyanın obyektinə və məqsədinə uyğun gəlməyən qeyd-şərtlərə yol verilmir.

2. Qeyd-şərtlər istənilən vaxt geri götürülə bilər.

Maddə 47
Düzəlişlər

1. İştirakçı dövlətlərin hər biri bu Konvensiyaya düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Baş katib hər bir təklif edilən düzəliş barədə iştirakçı dövlətlərə məlumat verir və bu təkliflərin baxılması və onlara dair qərarların qəbul edilməsi üçün iştirakçı dövlətlərin Konfransının keçirilməsinin lehinə olub-olmamalarını bildirmələri üçün iştirakçı dövlətlərə müraciət edir. Bu məlumatın verilməsindən dörd ay ərzində iştirakçı dövlətlərin üçdə birindən çoxu belə konfransın keçirilməsinin lehinə çıxış edərsə, Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Konfrans çağırır. Konfransda iştirak edən və səs verən iştirakçı dövlətlərin üçdə ikisi tərəfindən bəyənilmiş istənilən düzəliş Baş katib tərəfindən təsdiq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, sonra isə qəbul olunmaq üçün bütün iştirakçı dövlətlərə göndərilir.

2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyənilmiş və təsdiq edilmiş düzəliş onun qəbulu haqqında saxlanılmaq üçün təhvil verilmiş sənədlərin sayı bu düzəlişin qəbul tarixinə iştirakçı dövlətlərin sayının üçdə ikisinə çatandan sonra otuzuncu gün qüvvəyə minir. Bundan sonra düzəliş hər bir iştirakçı dövlət üçün həmin dövlətin qəbul haqqında sənədini saxlanılmaq üçün təhvil verməsindən sonra otuzuncu gün qüvvəyə minir. Düzəliş yalnız onu qəbul edən iştirakçı dövlətlər üçün məcburi sayılır.

3. Əgər iştirakçı dövlətlərin Konfransı konsensusla müvafiq qərar qəbul edərsə, yalnız 34, 38, 39 və 40-cı maddələrə aid olan, bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyənilmiş və təsdiq edilmiş düzəliş qəbul haqqında saxlanılmaq üçün təhvil verilmiş sənədlərin sayı bu düzəlişin qəbul edilməsi tarixinə iştirakçı dövlətlərin sayının üçdə ikisinə çatandan sonra otuzuncu gün bütün iştirakçı dövlətlər üçün qüvvəyə minir.

Maddə 48
Denonsasiya

İştirakçı dövlət bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatının Baş katibini yazılı şəkildə xəbərdar etməklə denonsasiya edə bilər. Denonsasiya Baş katibin belə xəbərdarlığı aldığı tarixdən bir il sonra qüvvəyə minir.

Maddə 49
Əlverişli format

Bu Konvensiyanın mətninin əlverişli formatda olması təmin edilməlidir.

Maddə 50
Autentik mətnlər

Bu Konvensiyanın Çin, ərəb, fransız, ingilis, ispan və rus dillərindəki mətnləri eyni qüvvəyə malikdir.

Bunun təsdiqi olaraq, müvafiq hökumətləri tərəfindən səlahiyyət verilmiş aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar.

Birləşmiş Millətlər Təşkilatının "Əlillərin hüquqları haqqında" Konvensiyasına dair Azərbaycan Respublikasının 
B Ə Y A N A T I

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir.

iacca
iap
business ready
eplc
Ən Tez