Uşaq hüquqları haqqında Konvensiyanın Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokolu

"Uşaq hüquqları haqqında" BMT Konvensiyasının Uşaq alverinə,
uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair
Fakultativ Protokoluna qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokoluna qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 2 aprel 2002-ci il
No. 285-IIQ

"Uşaq hüquqları haqqında" Konvensiyanın Uşaq alverinə, 
uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair
Fakultativ Protokolu

Bu Protokolun iştirakçısı olan dövlətlər,

Uşaq hüquqları haqqında Konvensiyanın məqsədlərinə nail olunmasına və onun, xüsusilə 1, 11, 21, 32, 33, 34, 35 və 36-cı maddələrinin müddəalarının həyata keçirilməsinə dəstək vermək üçün iştirakçı dövlətlərin uşağın uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasından müdafiəsinə zəmanət verilməsini təmin etmək məqsədi ilə həyata keçirməli olduqları tədbirlərə daha geniş xarakter verməyi məqsədəuyğun hesab edərək,

həmçinin Uşaq hüquqları haqqında Konvensiyada uşağın iqtisadi istismardan və onun sağlamlığı üçün təhlükəli ola biləcək və ya onun təhsil almasına mane ola biləcək, yaxud onun sağlamlığına və ya fiziki, əqli və mənəvi, əxlaqi və sosial inkişafına mənfi təsir göstərə biləcək işlərin görülməsindən müdafiə olunması hüququnun tanındığını nəzərə alaraq,

uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası məqsədi ilə uşaqların beynəlxalq qaçaqmalçılıq yolu ilə daşınmasının geniş və artan miqyasından ciddi narahatlıq keçirərək,

uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına birbaşa stimul yaratdığına görə uşaqlar üçün daha təhlükəli olan, geniş yayılmış və davam etməkdə olan seks-turizm praktikasından dərin narahatlıq keçirərək,

azyaşlı qız uşaqları da daxil olmaqla, bir sıra xüsusilə müdafiəsiz uşaq qruplarının cinsi istismar riskinə daha çox məruz qalmalarını və cinsi cəhətdən istismar olunan uşaqlar arasında azyaşlı qız uşaqlarının payının müqayisə olunmayacaq dərəcədə yüksək olması faktını etiraf edərək,

İnternetdə və inkişaf etməkdə olan digər texnologiyalar çərçivəsində uşaq pornoqrafiyasının əlçatan olmasının getdikcə artmasından narahat olaraq və İnternetdə uşaq pornoqrafiyası ilə mübarizəyə dair Beynəlxalq Konfransa (Vyana, 1999-cu il), xüsusilə onun uşaq pornoqrafiyasının istehsalı, yayılması, ixracı, ötürülməsi, idxalı, qəsdən saxlanılmasının və onun reklamının bütün dünyada cinayət əməli kimi tanınmasına çağıran və hökumətlərlə İnternet sənayesi arasında daha sıx əməkdaşlıq və tərəfdaşlığın mühüm əhəmiyyətini vurğulayan qərarına istinad edərək,

uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasının ləğv edilməsinə natamam inkişaf, yoxsulluq, iqtisadi bərabərsizlik, qeyri-bərabərhüquqlu sosial-iqtisadi struktur, bədbəxt ailələrin mövcudluğu, təhsilin aşağı səviyyəsi, şəhərlər və kənd yerləri arasında miqrasiya, cinsi əlamətlərə görə ayrı-seçkilik, böyüklərin məsuliyyətsiz cinsi davranışı, ənənəvi təcrübənin ziyanlı növləri, silahlı münaqişələr və uşaqların qaçaqmalçılıqla daşınması daxil olmaqla, bütün belə təzahürlərə dəstək verən amilləri nəzərə alan əhatəli yanaşma tərzi seçilməsinin qəbul edilməsinin təkan verəcəyi fikrində olaraq,

uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına olan istehlak tələbinin azaldılması üçün ictimaiyyətin məlumatlandırılma səviyyəsinin yüksəldilməsinə səy göstərməyi zəruri hesab edərək və eyni zamanda bütün iştirakçılar arasında qlobal tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin və həmçinin milli səviyyədə hüquqtətbiqedici tədbirlərin gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyinə əmin olaraq,

Uşaqların müdafiəsi və dövlətlərarası övladlığa götürmə sahəsində əməkdaşlıq haqqında Haaqa Konvensiyası, Beynəlxalq uşaq oğurluğunun mülki hüquqi aspektləri haqqında Haaqa Konvensiyası, Valideynlərin məsuliyyəti məsələlərində və uşaqların müdafiəsi üzrə tədbirlərdə yurisdiksiya, tətbiq olunacaq hüquq, tanıma, hüquqtətbiqetmə və əməkdaşlıq haqqında Haaqa Konvensiyası və Beynəlxalq Əmək Təşkilatının Uşaq əməyinin ən ağır formalarının qadağan olunması və kökünün kəsilməsi üzrə təxirəsalınmaz tədbirlər haqqında 182 saylı Konvensiyası daxil olmaqla, uşaqların müdafiəsi sahəsindəki beynəlxalq hüquqi aktları nəzərə alaraq,

Uşaq Hüquqları haqqında Konvensiyanın hər yerdə dəstəklənməsindən ruhlanaraq və bunu uşaq hüquqlarının təşviqi və müdafiəsi işinə geniş miqyasda bağlılığın sübutu sayaraq,

1996-cı il avqustun 27-31-də keçirilmiş Kommersiya məqsədi ilə uşaqların cinsi istismarına qarşı Ümumdünya Konqresində qəbul olunmuş Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasının qarşısının alınması üzrə Fəaliyyət Proqramının, eləcə də Bəyannamə və Fəaliyyət Planının müddəalarının və müvafiq beynəlxalq orqanların bu məsələ üzrə digər qərar və tövsiyələrinin yerinə yetirilməsinin vacib əhəmiyyətini dərk edərək,

uşaqların müdafiəsi və ahəngdar inkişafı üçün hər bir xalqın ənənələrinin və mədəni dəyərlərinin mühüm əhəmiyyətini lazımi şəkildə nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

İştirakçı dövlətlər, bu Protokolda nəzərdə tutulduğu kimi, uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasını qadağan edəcəklər.

Maddə 2

Bu Protokolun məqsədləri üçün:

(a) uşaq alveri uşağın hər hansı bir şəxs, yaxud şəxslər qrupu tərəfindən mükafat və ya hər hansı digər haqq müqabilində başqa bir şəxsə, yaxud şəxslər qrupuna verilməsi vasitəsi olan hər hansı akt və ya əqd deməkdir;

(b) uşaq fahişəliyi mükafat və ya digər haqq forması müqabilində uşaqdan seksual xarakterli fəaliyyətdə istifadə olunması deməkdir;

(c) uşaq pornoqrafiyası real və ya modelləşdirilmiş aşkar cinsi hərəkətlər edən uşağın hər hansı vasitələrlə istənilən təsviri, yaxud əsasən uşağın cinsi orqanlarının başlıca olaraq seksual məqsədlər üçün istənilən təsviri deməkdir.

Maddə 3

1. Hər bir iştirakçı dövlət belə cinayətlərin milli və ya transmilli səviyyədə, yaxud fərdi və ya mütəşəkkil surətdə törədilməsindən asılı olmayaraq, heç olmazsa, aşağıdakı əməllərin və fəaliyyət növlərinin onun kriminal və ya cinayət hüququ ilə tam şəkildə əhatə olunmasını təmin etməlidir:

a) 2-ci maddədə müəyyən edilmiş uşaq alveri kontekstində:

(i) uşağın istənilən vasitələrlə aşağıdakı məqsədlər üçün təklif edilməsi, verilməsi və ya alınması:

a. uşağın cinsi istismarı;

b. uşaq orqanlarının mükafat müqabilində verilməsi;

c. uşaqdan məcburi işləri gördürmək üçün istifadə edilməsi;

(ii) vasitəçilik qismində, övladlığa götürmə ilə bağlı tətbiq olunan beynəlxalq hüquqi aktları pozmaqla uşağın övladlığa götürülməsinə razılıq verməyə qeyri-qanuni vadaretmə;

b) 2-ci maddədə müəyyən olunmuş uşaq fahişəliyi məqsədi ilə uşağın təklif edilməsi, ötürülməsi, yaxud verilməsi, qəbulu;

c) 2-ci maddədə müəyyən olunmuş uşaq pornoqrafiyası məqsədi ilə onun paylanması: yayılması, idxalı, ixracı, təklif edilməsi, satışı və ya yuxarıda göstərilən məqsədlər üçün saxlanılması.

2. İştirakçı dövlətin milli qanunvericiliyinin müddəaları nəzərə alınmaqla, belə əməllərdən hər hansı birini törətmək cəhdinə, həmçinin belə əməllərin törədilməsində yardım etməyə və ya birgə iştiraka münasibətdə də tətbiq edilir.

3. Hər bir iştirakçı dövlət, ağırlıq dərəcəsindən asılı olaraq, belə cinayətlər üçün lazımi cəza tədbirləri müəyyən edir.

4. Öz milli qanunvericiliyinin müddəalarını nəzərə almaqla, hər bir iştirakçı dövlət müvafiq hallarda bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş cinayətlərə görə hüquqi şəxslərin məsuliyyətinin müəyyən olunması üçün tədbirlər görür. İştirakçı dövlətin hüquq prinsipləri nəzərə alınmaqla, hüquqi şəxslərin bu məsuliyyəti cinayət məsuliyyəti, mülki və ya inzibati məsuliyyət ola bilər.

5. İştirakçı dövlətlər uşağın övladlığa götürülməsinə aidiyyəti olan bütün şəxslərin tətbiq edilən beynəlxalq hüquqi aktların müddəalarına müvafiq şəkildə hərəkət etmələrini təmin etmək üçün bütün lazımi hüquqi və inzibati tədbirləri görürlər.

Maddə 4

1. Hər bir iştirakçı dövlət 3-cü maddənin 1-ci bəndində göstərilmiş cinayətlər onun ərazisində və ya bu dövlətdə qeydiyyata alınmış dəniz, yaxud hava gəmisinin göyərtəsində törədildiyi zaman belə cinayətlərə münasibətdə öz yurisdiksiyasının müəyyən olunması üçün zəruri tədbirlər görür.

2. Hər bir iştirakçı dövlət aşağıdakı hallarda 3-cü maddənin 1-ci bəndində göstərilmiş cinayətlərə münasibətdə öz yurisdiksiyasının müəyyən edilməsi üçün zəruri tədbirlər görə bilər:

(a) güman olunan cinayətkar bu dövlətin vətəndaşı və ya onun ərazisində adi yaşayış yeri olan şəxs olduqda;

(b) zərər çəkmiş şəxs bu dövlətin vətəndaşı olduqda.

3. Hər bir iştirakçı dövlət, həmçinin güman olunan cinayətkarın onun ərazisində olduğu və cinayətin onun vətəndaşlarından biri tərəfindən törədilməsini əsas gətirərək, onu digər iştirakçı dövlətə vermədiyi hallarda, yuxarıda göstərilən cinayətlərə münasibətdə öz yurisdiksiyasının müəyyən edilməsi üçün zəruri ola biləcək tədbirlər görür.

4. Bu Protokol dövlətdaxili hüquqa uyğun həyata keçirilən hər hansı cinayət yurisdiksiyasını istisna etmir.

Maddə 5

1. 3-cü maddənin 1-ci bəndində göstərilmiş cinayətlər iştirakçı dövlətlər arasında mövcud olan istənilən ekstradisiya müqaviləsinə, ekstradisiyanı nəzərdə tutan cinayətlər qismində daxil edilmiş hesab edilir və həmçinin sonradan onlar arasında imzalanmış istənilən ekstradisiya müqaviləsinə, bu müqavilədə müəyyən olunmuş şərtlərə uyğun olaraq ekstradisiyanı nəzərdə tutan cinayətlər qismində daxil edilir.

2. Əgər ekstradisiyanı müqavilənin mövcudluğu ilə şərtləndirən iştirakçı dövlətə, onunla ekstradisiya müqaviləsi olmayan digər iştirakçı dövlət tərəfindən ekstradisiya barədə müraciət edilərsə, o belə cinayətlərə münasibətdə bu Protokolu ekstradisiya üçün hüquqi əsas kimi qiymətləndirə bilər. Ekstradisiya müraciət edilmiş dövlətin qanunvericiliyində nəzərdə tutulan şərtlərə uyğun həyata keçirilir.

3. Ekstradisiyanı müqavilənin mövcudluğu ilə şərtləndirməyən iştirakçı dövlətlər öz aralarındakı münasibətlərdə belə cinayətləri, müraciət edilən dövlətin qanunvericiliyində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq, ekstradisiyanı nəzərdə tutan cinayətlər kimi qiymətləndirirlər.

4. Belə cinayətlər iştirakçı dövlətlər arasında ekstradisiya üçün o halda nəzərdə tutulur ki, həmin cinayətlər yalnız onların baş verdiyi yerdə deyil, həm də 4-cü maddəyə uyğun olaraq öz yurisdiksiyasını müəyyən etməli olan dövlətlərin ərazisində baş vermiş olsun.

5. Əgər ekstradisiya haqda müraciət 3-cü maddənin 1-ci bəndində göstərilən cinayətlərdən biri ilə əlaqədar edilmişdirsə və müraciət olunan iştirakçı dövlət cinayətkarın vətəndaşlığına əsaslanaraq onu təhvil vermir və ya verməyəcəksə, bu dövlət cinayət təqibinin başlanması məqsədi ilə işin öz səlahiyyətli orqanlarına verilməsi üçün lazımi tədbirlər görür.

Maddə 6

1. İştirakçı dövlətlər 3-cü maddənin 1-ci bəndində göstərilmiş cinayətlərə münasibətdə, onlarda olan sübutların alınmasına yardım göstərmək də daxil olmaqla, başlanmış təhqiqat və ya cinayət təqibi, yaxud ekstradisiya prosesi ilə əlaqədar bir-birinə maksimum kömək edirlər.

2. İştirakçı dövlətlər, aralarında mövcud ola bilən qarşılıqlı hüquqi yardım haqqında istənilən müqavilə və ya razılaşmanı rəhbər tutaraq, bu maddənin 1-ci bəndindəki öhdəliklərini yerinə yetirirlər. Belə müqavilələrin və ya razılaşmaların olmadığı təqdirdə, iştirakçı dövlətlər öz dövlətdaxili hüquqlarına uyğun olaraq bir-birinə yardım edirlər.

Maddə 7

İştirakçı dövlətlər öz milli hüquqlarının müddəalarına uyğun olaraq:

(a) müvafiq hallarda aşağıdakıların alınması və müsadirə edilməsini təmin edəcək tədbirlər görürlər:

(i) əmlak, yəni bu Protokolda nəzərdə tutulmuş cinayətlərin edilməsi üçün və ya edilməsindən istifadə edilən vasitələr və digər alətlər; (ii) bu cür cinayətlərin edilməsi ilə əldə olunan gəlir;

(b) digər iştirakçı dövlətin (a)(i) yarımbəndində göstərilmiş əmlak və ya gəlirlərin alınması, yaxud müsadirəsinə dair bir-birinə müraciətlərini yerinə yetirirlər;

(c) belə cinayətlərin icrası üçün istifadə olunan yerlərin müvəqqəti və ya daimi bağlanmasına yönəldilmiş tədbirlər görürlər.

Maddə 8

1. İştirakçı dövlətlər, bu Protokolla qadağan edilən praktikanın qurbanı olmuş uşaqların hüquq və maraqlarının müdafiəsi üçün, cinayət mühakimə icraatının bütün mərhələlərində, xüsusən aşağıdakı yollarla lazımi tədbirlər görəcəklər:

(a) zərər çəkmiş uşaqların müdafiəsizliyinin etiraf edilməsi və onların xüsusi ehtiyaclarının, o cümlədən onların şahid kimi xüsusi ehtiyaclarının tanınması prosedurlarının uyğunlaşdırılması;

(b) zərər çəkmiş uşaqlara onların hüquqları, rolu və onların işləri üzrə məhkəmə icraatının məzmunu, müddəti və gedişi barədə məlumat verilməsi;

(c) şəxsi maraqlarına toxunulan hallarda, zərər çəkmiş uşaqların fikirlərinin, ehtiyaclarının və problemlərinin məhkəmə icraatı zamanı milli qanunvericiliyin

prosessual normalarına uyğun olaraq təmsil edilməsi və baxılmasının təmin edilməsi;

(d) uşaqlara məhkəmə icraatının bütün mərhələlərində lazımi dəstək verilməsi üçün xidmət göstərilməsi;

(e) lazımi hallarda, zərər çəkmiş uşaqların şəxsi həyatının və şəxsiyyətinin qorunması və zərər çəkmiş uşağın şəxsiyyətinin müəyyən edilməsinə gətirib çıxara biləcək məlumatın arzuedilməz yayılmasının qarşısını almaq məqsədi ilə, milli qanunvericiliyə müvafiq tədbirlərin görülməsi;

(f) lazımi hallarda, zərər çəkmiş uşaqların, eləcə də onların ailələrinin və onlar adından çıxış edən şahidlərin hədə-qorxu və qisasdan müdafiəsinin təmin edilməsi;

(ç) zərər çəkmiş uşaqlara kompensasiya verilməsinə dair işlər üzrə qərarların çıxarılmasının, sərəncam və qətnamələrin icrasının həddən artıq ləngidilməsinə yol verilməməsi.

2. İştirakçı dövlətlər zərər çəkənin həqiqi yaşına münasibətdə şübhə olduğu halda cinayət təhqiqatının, o cümlədən zərər çəkənin yaşının müəyyənləşdirilməsi məqsədi ilə təhqiqatın başlanmasına mane olunmamasını təmin edirlər.

3. İştirakçı dövlətlər bu Protokolda nəzərdə tutulan cinayətlərin qurbanı olmuş uşaqlarla rəftar zamanı, cinayət mühakimə icraatı sistemində uşağın ən ümdə maraqlarının qorunmasına birinci növbədə diqqət yetirilməsini təmin edirlər.

4. İştirakçı dövlətlər bu Protokola uyğun olaraq qadağan edilmiş cinayətlərin qurbanları olan uşaqlarla işləyən şəxslərin lazımi hazırlıq, xüsusən hüquqi və psixoloji hazırlıq keçmələrinin təmin edilməsi üçün tədbirlər görürlər.

5. İştirakçı dövlətlər lazımi hallarda bu cür cinayətlərin qarşısını alan fəaliyyətlə və/və ya bu cür cinayətlərin qurbanlarının müdafiəsi və reabilitasiyası ilə məşğul olan şəxslərin və/və ya təşkilatların təhlükəsizliyi və toxunulmazlığının təmin edilməsi üçün tədbirlər görürlər.

6. Bu maddənin heç bir müddəası ittiham olunanın ədalətli və qərəzsiz məhkəmə araşdırması hüququna xələl gətirən və ya ona zidd olan şəkildə təfsir olunmur.

Maddə 9

1. İştirakçı dövlətlər bu Protokolda göstərilən cinayətlərin qarşısının alınması məqsədi ilə qanunlar, inzibati tədbirlər, sosial strategiya və proqramlar qəbul edir və ya onları möhkəmləndirir, tətbiq edir və təbliğ edirlər. Belə hərəkətlərə məruz qalma baxımından xüsusən zəif olan uşaqların müdafiəsinə xüsusi fikir verilir.

2. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətlərin acı nəticələri və onların qarşısını almaq üçün tədbirlər haqda ictimaiyyətdə, o cümlədən uşaqlar arasında bilgilərin bütün müvafiq vasitələrdən istifadə, tədris və təlim yolu ilə genişləndirilməsinə kömək edirlər. Bu maddədəki öhdəliklərini yerinə yetirmək üçün iştirakçı dövlətlər ictimaiyyətin və xüsusilə uşaqların və zərər çəkmiş uşaqların bu cür informasiya-maarifləndirmə, tədris və hazırlıq proqramlarında, o cümlədən beynəlxalq səviyyədə iştirakını təşviq edirlər.

3. İştirakçı dövlətlər bu cür cinayətlərin qurbanlarına müvafiq yardımın göstərilməsi məqsədi ilə, o cümlədən bu qurbanların tam sosial reinteqrasiyası və

onların tam fiziki və psixoloji müalicəsi də daxil olmaqla, bütün mümkün tədbirləri görürlər.

4. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətlərin qurbanları olan bütün uşaqların ayrı-seçkilik olmadan, hüquqi məsuliyyət daşıyan şəxslərdən çəkdikləri zərərə görə kompensasiya almaq üçün lazımi prosedurlardan istifadə imkanını təmin edirlər.

5. İştirakçı dövlətlər bu Protokolda göstərilmiş cinayətləri təbliğ edən materialların istehsalının və yayılmasının təsirli şəkildə qadağan edilməsinə yönəldilmiş lazımi tədbirlər görürlər.

Maddə 10

1. İştirakçı dövlətlər uşaq alveri, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və uşaq seks-turizmi ilə əlaqədar əməllərin törədilməsində təqsirli olan şəxslərin qarşısının alınması, aşkar edilməsi, təhqiqat aparılması, cinayət təqibi və cəzası məqsədi ilə çoxtərəfli, regional və ikitərəfli razılaşmalar yolu ilə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün zəruri tədbirləri görürlər. İştirakçı dövlətlər, həmçinin öz orqanları, milli və beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar arasında beynəlxalq əməkdaşlığa və əlaqələndirməyə dəstək verirlər.

2. İştirakçı dövlətlər zərər çəkmiş uşaqların fiziki və psixoloji bərpasına, sosial reinteqrasiya və repatriasiyasına kömək göstərməyə yönəldilmiş beynəlxalq əməkdaşlığın inkişafına dəstək verirlər.

3. İştirakçı dövlətlər uşaq alveri, uşaq fahişəliyi, uşaq pornoqrafiyası və uşaq seks-turizminin obyektləri qismində uşaqların köməksizliyini artıran yoxsulluq və inkişaf səviyyəsinin aşağı olması kimi əsas səbəblərin aradan qaldırılması məqsədi ilə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə dəstək verirlər.

4. Müvafiq imkanları olan iştirakçı dövlətlər mövcud çoxtərəfli, regional, ikitərəfli və ya digər proqramlar çərçivəsində maliyyə, texniki, yaxud digər yardım göstərirlər.

Maddə 11

Bu Protokolda heç bir şey uşaqların hüquqlarının həyata keçirilməsinə daha artıq zəmin yaradan və:

a) iştirakçı dövlətlərin qanunvericiliyində;

b) bu dövlət üçün qüvvədə olan beynəlxalq normalarda nəzərdə tutulan müddəalara toxunmur.

Maddə 12

1. Hər bir iştirakçı dövlət həmin Protokolun bu iştirakçı dövlət üçün qüvvəyə minməsindən sonra iki il müddətində Uşaq Hüquqları üzrə Komitəyə bu Protokolun müddəalarının həyata keçirilməsi ilə əlaqədar özünün gördüyü tədbirlər haqqında əhatəli məlumatı əks etdirən məruzə təqdim edir.

2. Əhatəli məruzə təqdim olunduqdan sonra hər bir iştirakçı dövlət Konvensiyanın 44-cü maddəsinə uyğun olaraq, Protokolun həyata keçirilməsinə aid olan istənilən əlavə məlumatı Uşaq Hüquqları üzrə Komitəyə təqdim etdiyi məruzələrə daxil edir. Protokolun digər iştirakçı dövlətləri beş ildən bir məruzə təqdim edirlər.

3. Uşaq Hüquqları üzrə Komitə iştirakçı dövlətlərdən bu Protokolun həyata keçirilməsinə aid əlavə məlumat ala bilər.

Maddə 13

1. Bu Protokol Konvensiyanın iştirakçısı olan və ya onu imzalamış istənilən dövlətin imzalanması üçün açıqdır.

2. Bu Protokol ratifikasiya olunmalıdır və Konvensiyanın iştirakçısı olan və ya onu imzalamış istənilən dövlətin qoşulması üçün açıqdır. Təsdiqnamələr və ya qoşulma haqqında sənədlər saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilir.

Maddə 14

1. Bu Protokol onuncu təsdiqnamənin və ya qoşulma haqqında sənədin saxlanılmaq üçün verilməsindən 3 ay sonra qüvvəyə minir.

2. Bu Protokol onu ratifikasiya edən və ya Protokolun qüvvəyə minməsindən sonra ona qoşulan hər bir dövlət üçün belə dövlətin öz təsdiqnaməsini və ya qoşulma haqqında sənədini saxlanılmağa verməsindən bir ay sonra qüvvəyə minir.

Maddə 15

1. İstənilən iştirakçı dövlət istənilən zaman Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə, Protokolu denonsasiya edə bilər; Baş katib bu barədə Konvensiyanın digər iştirakçı dövlətlərini və Konvensiyanı imzalamış bütün dövlətləri məlumatlandırır. Denonsasiya belə bildirişin Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən alındığı tarixdən bir il keçdikdən sonra qüvvəyə minir.

2. Belə denonsasiya, iştirakçı dövləti denonsasiyanın qüvvəyə minməsi tarixinədək törədilmiş istənilən cinayətə münasibətdə bu Protokolla nəzərdə tutulan öhdəliklərindən azad etmir. Eyni zamanda belə denonsasiya heç bir halda onun qüvvəyə minməsi tarixinədək artıq Komitənin müzakirəsində olan istənilən məsələnin sonrakı müzakirəsi üçün maneə törətmir.

Maddə 16

1. İstənilən iştirakçı dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Sonra Baş katib düzəlişə baxılması və ona səs verilməsi məqsədi ilə iştirakçı dövlətlərin konfransının çağırılmasına münasibət bildirilməsi xahişi ilə təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə çatdırır. Belə məlumatın verildiyi tarixdən başlayaraq dörd ay müddətində iştirakçı dövlətlərin ən azı üçdə biri belə konfransın çağırılmasına tərəfdar çıxarsa, Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həmin konfransı çağırır. Konfransda səsvermədə iştirak edən və iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul olunan istənilən düzəliş təsdiq olunmaq üçün Baş Assambleyaya təqdim edilir.

2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq olunmaqla və iştirakçı dövlətlərin üçdə iki səs çoxluğu ilə qəbul edilməklə qüvvəyə minir.

3. Düzəliş qüvvəyə mindikdə, onu qəbul etmiş dövlətlər üçün məcburi olur, digər iştirakçı dövlətlər üçün isə bu Protokolun müddəaları və onlar tərəfindən qəbul edilmiş əvvəlki düzəlişlər məcburi olaraq qalır.

Maddə 17

1. İngilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Protokol saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilməlidir.

2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun təsdiq olunmuş surətlərini Konvensiyanın iştirakçısı olan bütün dövlətlərə və Konvensiyanı imzalamış bütün dövlətlərə göndərir.

iacca
iap
business ready
eplc
Ən Tez