1. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya ("Konvensiya") Tərəf Dövlətlər Konvensiyaya və bu Konvensiya əsasında öz yurisdiksiyaları daxilində olan hər kəsin Konvensiya hüquq və azadlıqlarının təmin edilməsi öhdəliklərinə riayət etməyə dair üzərlərinə götürdükləri möhkəm və dəyişilməz öhdəliklərini bir daha təsdiq edirlər.
2. Tərəf Dövlətlər, həmçinin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların müdafiəsi mexanizminin əsası kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ("Məhkəmə") fərdi şikayət hüququna bağlılıqlarını təsdiq edirlər.
3. Tərəf Dövlətlər və Məhkəmə fundamental subsidiarlıq prinsipi əsasında Konvensiyanın səmərəli implementasiyasının həyata keçirilməsi üzrə məsuliyyəti bölüşdürürlər. Konvensiya, inter alia, Dövlətlərin suveren bərabərliyi əsasında qəbul edilmişdir. Tərəf Dövlətlər Konvensiya ilə təmin olunmuş hüquq və azadlıqlara hörmət etməli və onun pozuntularını milli müstəvidə səmərəli şəkildə həll etməlidirlər. Məhkəmə milli müstəvidə həllini tapmayan pozuntular üçün təminatçı kimi çıxış edir. Məhkəmə pozuntunu müəyyən etdikdə, Tərəf Dövlətlər Məhkəmənin yekun qərarına uyğun hərəkət etməlidirlər.
4. Tərəf Dövlətlər və Məhkəmə, həmçinin Konvensiya mexanizminin yaşamasının təmin edilməsi üzrə məsuliyyəti bölüşdürürlər. Tərəf Dövlətlər buna nail olmaq üçün həm də Avropa Şurası Nazirlər Komitəsinin və Parlament Assambleyasının, habelə İnsan Hüquqları Komissarının və Avropa Şurasının digər institut və orqanlarının vacib işini cəlb etməklə və vətəndaş cəmiyyəti, eləcə də Milli İnsan Hüquqları İnstitutları ilə əməkdaşlıq ruhunda Məhkəmə ilə birgə çalışmalıdırlar.
5. İnterleykendə Yüksək Səviyyəli Konfransın ("İnterleyken Konfransı") 19 fevral 2010-cu il tarixli Bəyannaməsində dərin narahatlıq ifadə edilib ki, təqdim edilmiş şikayətlərlə icraatda olan şikayətlər arasındakı defisit artmaqda davam edir; hesab edilib ki, bu vəziyyət Konvensiyanın və onun nəzarət mexanizminin səmərəliliyinə və etibarlılığına zərər vurur və Məhkəmənin presedent-hüququnun və nüfuzunun keyfiyyəti və ardıcıllığına təhdid təşkil edir. İzmirdə Yüksək Səviyyəli Konfransın ("İzmir Konfransı") 27 aprel 2011-ci il tarixli Bəyannaməsində İnterleyken Konfransından sonra əldə olunmuş nailiyyətlər təqdir edilib. Tərəf Dövlətlər bu konfransları təşkil etdikləri üçün Nazirlər Komitəsində İsveçrə və Türkiyə sədrliklərinə, habelə sonrakı fəaliyyətləri və planlara riayət olunması üçün kömək edən hər kəsə öz təşəkkürlərini bildirir.
6. Xüsusilə, səmərəliliyi artırmaq və icraatda olan açıq-aşkar qeyri-məqbul şikayətlərin sayını həll etmək üçün Məhkəmənin gördüyü tədbirlər nəticəsində 14 saylı Protokol üzrə əldə olunmuş nailiyyətlər təqdirəlayiqdir. Bununla belə, icraatda olan potensial əsaslı şikayətlərin artan sayı narahatçılıq yaradan ciddi problemdir. Konvensiya və Məhkəmənin hazırkı vəziyyəti baxımından, İnterleyken və İzmir konfransları ilə nəzərə alınmış müvafiq addımlar tam şəkildə tətbiq edilməyə davam etməli və 14 saylı Protokolun tam potensialı istifadə edilməlidir. Lakin İzmir Konfransında qeyd olunduğu kimi, 14 saylı Protokol özlüyündə Konvensiya mexanizminin üzləşdiyi problemlərin son və hərtərəfli həllini təmin etmir. Buna görə, Konvensiya mexanizminin səmərəli olaraq qalmasını və Avropada 800 milyondan artıq əhalinin hüquq və azadlıqlarını müdafiə etməyə davam etməsini təmin etmək üçün əlavə tədbirlər də zəruridir.
A. Konvensiyanın milli müstəvidə implementasiyası
7. Konvensiyanın milli müstəvidə tam implementasiyası Tərəf Dövlətlərdən tələb edir ki, pozuntuların qarşısını almaq üçün səmərəli tədbirlər görsünlər. Bütün qanunlar və siyasətlər, eləcə də bütün Dövlət rəsmilərinin səlahiyyətləri Konvensiyaya tam uyğun şəkildə formalaşmalı və həyata keçirilməlidir. Tərəf Dövlətlər həm də Konvensiyanın iddia olunan pozuntularının aradan qaldırıla bildiyi vasitələri təmin etməlidirlər. Milli məhkəmələr Konvensiyanı və Məhkəmənin presedent-hüququnu nəzərə almalıdırlar. Bütövlükdə, bu tədbirlər Konvensiya pozuntularının sayını azaltmalıdır. Bu, eyni zamanda, Məhkəməyə təqdim edilmiş əsaslı şikayətlərin sayını azaltmaqla onun işlə yüklənməsinin asanlaşmasına kömək edəcək.
8. Avropa Şurası insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində daha geniş işinin bir hissəsi kimi Konvensiyanın milli implementasiyasına kömək etməkdə və həvəsləndirməkdə həlledici rolu oynayır. Avropa Şurası və ya birtərəfli qaydada digər Tərəf Dövlətlər tərəfindən Tərəf Dövlətlərə müraciət üzrə texniki təminatın göstərilməsi müsbət təcrübəni yayımlayır və Avropada insan hüquqları standartlarının müşahidəsi məsələsini qaldırır. Avropa Şurası tərəfindən verilən dəstək təşkilatın geniş işi ilə əlaqəli olmaqla müəyyən olunmuş nəticələrə istinadla səmərəli şəkildə verilməlidir.
9. Bu səbəblərə görə, Konfrans:
a) Tərəf Dövlətlərin milli müstəvidə Konvensiyanın implementasiyası üçün əsas məsuliyyətinə əməl etmək barədə davamlı öhdəliyi təsdiq edir;
b) Tərəf Dövlətləri davamlı şəkildə həvəsləndirir ki, Konvensiyanın təsiri üçün öz qanunvericilik, siyasət və təcrübələrinin inkişafında milli müstəvidə Konvensiyanın implementasiyasına dair Nazirlər Komitəsinin tövsiyələrinin tam nəzərə alınmasına davam etsinlər;
c) Xüsusən, Tərəf Dövlətlərin o məqsədini ifadə edir ki, müvafiq olduqda, aşağıdakı spesifik tədbirləri görməklə milli müstəvidə Konvensiyanın səmərəli implementasiyasını təmin etsinlər:
i) hələ mövcud olmadığı halda, müstəqil Milli İnsan Hüquqları İnstitutunun yaradılmasını nəzərdən keçirmək;
ii) Hökumət tərəfindən təqdim olunan qanun layihələrinin Konvensiyaya uyğunluğuna dair məlumatı milli parlamentlərə təklif etmək daxil olmaqla, siyasət və qanunvericiliyin Konvensiyaya tam uyğunluğunu təmin etmək üçün praktiki tədbirləri implementasiya etmək;
iii) Konvensiya hüquq və azadlıqlarının iddia olunan pozuntularına aid zəruri olan spesifik və ya ümumi xarakterli yeni daxili hüquqi vasitələrin müəyyən olunmasını nəzərdən keçirmək;
iv) proseslərin həyata keçirilməsində və qərarların tərtibatında Məhkəmənin presedent-hüququ baxımından müvafiq Konvensiya prinsiplərinin nəzərə alınmasını milli məhkəmələrə imkan vermək və onları buna həvəsləndirmək; və xüsusən, milli məhkəmə prosesinin müvafiq çərçivələri daxilində, lakin lüzumsuz maneələr olmadan, Konvensiya və ya Məhkəmənin presedent-hüququnun hər hansı müddəalarına milli məhkəmələrin diqqətini cəlb etmək üçün məhkəmə işi üzrə tərəflərə imkan yaratmaq;
v) Konvensiyaya əsasən öhdəliklər haqqında müvafiq məlumatla vəzifəli şəxsləri təmin etmək; xüsusən, ədliyyə sistemində, hüquq mühafizə və ya azadlığın məhdudlaşdırılması sahələrində çalışan məsul şəxslərə Konvensiya üzrə öhdəliklərə necə riayət etmək haqqında təcrübə hazırlığı keçirmək;
vi) hakimlərin, vəkillərin və prokurorların tədrisində, təcrübə hazırlığında və ixtisasartırmada Konvensiya barədə müvafiq məlumat və kurslar keçirmək:
vii) potensial ərizəçilərə Konvensiya, xüsusən onun təqdim etdiyi müdafiənin əhatəsi və hədləri, Məhkəmənin səlahiyyətləri və məqbuliyyət meyarları haqqında məlumat vermək:
d) Bunu hələ etmədikləri halda, Tərəf Dövlətləri həvəsləndirir ki:
i) düzgün şəkildə nəzərə alınmaları zəruri olduğu hallarda Məhkəmənin əhəmiyyətli qərarlarının milli dillərə tərcümə olunması və ya qısa məzmunlarının tərtib edilməsi təmin olunmasın;
ii) Məhkəmənin "Məqbuliyyət Meyarı barədə Praktiki Təlimat"ı milli dillərə tərcümə olunsun; və
iii) Avropa Şurasının və ya İnsan Hüquqları Fondunun insan hüquqları proqramına əlavə könüllü kontribusiyalarını nəzərdən keçirsinlər;
e) Tərəf Dövlətləri texniki yardımdan tam istifadəyə və Avropada insan hüquqlarının tam müdafiəsi üçün açıq əməkdaşlıq ruhunda texniki yardım üzrə birtərəfli müraciət əsasında işləməyə həvəsləndirir;
f) Nazirlər Komitəsini dəvət edir ki:
i) tələb edilmiş texniki yardımın ona ehtiyacı daha çox olan Tərəf Dövlətlərə göstərilməsinin necə daha yaxşı təmin olunmasını nəzərdən keçirsin;
ii) yuxarıdakı c (iii) və (iv) yarımbəndlərə aid daxili vasitələrlə bağlı praktikaya dair təlimatı hazırlasın; və
iii) yuxarıdakı c (v) yarımbəndə aid Konvensiyaya əsasən Dövlətin öhdəlikləri barədə vəzifəli şəxsləri məlumatlandırmaq üçün Tərəf Dövlətlərin istifadə edə biləcəkləri təlimatı hazırlasın:
g) Baş Katibi Nazirlər Komitəsi vasitəsilə aşağıdakı məsələlərin inkişaf edilməsi üçün praktiki yolları təklif etməyə dəvət edir:
i) Avropa Şurasının texniki yardım və əməkdaşlıq proqramları qəbul edilsin;
ii) yardımın göstərilməsində Avropa Şurasının müxtəlif qurumları arasında koordinasiya edilsin;
iii) Məhkəmənin xüsusi qərarları nəzərə alınmaqla birtərəfli əsaslarla hər bir Tərəf Dövlətə əlçatan olan müvafiq texniki yardım hədəfə alınsın;
h) Milli dillərə mümkün tərcümə üçün xüsusən tövsiyə etdiyi qərarlarını göstərməyə Məhkəməni dəvət edir;
i) Xüsusilə birgə proqramların səmərəli implementasiyasında və bu sahədə müvafiq prioritetlər arasında ardıcıllıqda Avropa Şurası ilə Avropa Birliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayır.
B. Məhkəmə ilə milli dövlət orqanları arasında əlaqələr
10. Konvensiyaya Tərəf Dövlətlər öz yurisdiksiyalarında olan hər kəsə Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların təmin olunmasını və hüquq və azadlıqları pozulmuş hər kəsə milli dövlət orqanı qarşısında səmərəli vasitə təqdim etməyi üzərlərinə öhdəlik kimi götürürlər; Məhkəmə səlahiyyətli şəkildə Konvensiyanı şərh edir.
11. Məhkəmənin təcrübəsi aydın edir ki, Tərəf Dövlətlər işin hallarından və ortaya çıxmış insan hüquq və azadlıqlarından asılı olaraq Konvensiyanın tətbiqi və implementasiyasında mülahizə sərbəstliyinə malikdirlər. Bu onu nəzərdə tutur ki, Konvensiya mexanizmi milli müstəvidə insan hüquqlarının müdafiəsində subsidiar xarakter daşıyır və milli dövlət orqanları prinsipcə yerli zərurətləri və şəraiti qiymətləndirməkdə beynəlxalq məhkəmədən daha yaxşı mövqeyə malikdirlər. Mülahizə sərbəstliyi Konvensiya mexanizmi ilə yanaşı gedir. Bununla bağlı, Dövlətin mülahizə sərbəstliyi lazımınca nəzərə alınmaqla, Məhkəmənin rolu milli dövlət orqanlarının qərarlarının Konvensiyaya uyğun olub-olmadığının yoxlanılmasından ibarətdir.
12. Bu səbəbdən, Konfrans:
a) Məhkəmə tərəfindən öz presedent-hüququnda subsidiarlıq və mülahizə sərbəstliyi kimi prinsiplərin genişlənməsini təqdir edir və öz qərarlarında bu prinsiplərin irəli çəkilməsinə və tətbiqinə Məhkəməni həvəsləndirir;
b) Hesab edir ki, şəffaflıq və əlçatımlıq səbəblərinə görə, Məhkəmənin presedent-hüququnda formalaşdığı kimi subsidiarlıq prinsipinə və mülahizə sərbəstliyi doktrinasına istinad Konvensiyanın Preambulasına daxil olunmalıdır və Konvensiyada müəyyən olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi üçün özlərinin öhdəliklərinə tam effekt vermək barədə Tərəf Dövlətlərin vəzifəsini xatırlamaqla, Nazirlər Komitəsini 2013-cü ilin sonunadək zəruri dəyişiklik instrumentini qəbul etməyə dəvət edir;
c) Məhkəmə ilə xüsusən:
i) Tərəf Dövlətlərin ali məhkəmələri;
ii) subsidiarlıq prinsipi və Məhkəmənin presedent-hüququnun aydınlığı və ardıcıllığı məsələləri daxil olmaqla Nazirlər Komitəsi; və
iii) xüsusilə prosessual məsələlər və Məhkəmə Reqlamentini dəyişmək təklifləri barədə məsləhətləşmələr yolu ilə Hökumətlərin Səlahiyyətli Nümayəndələri və hüquqi ekspertlər;
arasında Konvensiyanın tətbiqi üçün birgə məsuliyyətlərinin həyata keçirilməsində müvafiq rollarının daha geniş başa düşülməsinin inkişafı vasitəsi kimi Məhkəmə ilə Tərəf Dövlətlər arasında açıq dialoqları təqdir edir və həvəsləndirir.
d) Qeyd edir ki, digər Tərəf Dövlətlərə aid məcburi qüvvəsi olmadan milli müstəvidə spesifik iş baxımından Konvensiyanın şərhinə dair müraciət üzrə məşvərətçi rəylər qəbul etmək haqqında Tərəf Dövlətlərin fakultativ olaraq qəbul edə bildikləri Məhkəmənin əlavə səlahiyyətinin Konvensiyaya daxil edilməsi ilə Məhkəmə ilə milli dövlət orqanları arasında əlaqələr gücləndirilə bilər; bununla bağlı 2013-cü ilin sonunadək Konvensiyaya fakultativ protokolun mətninin layihəsinin hazırlanmasına Nazirlər Komitəsini dəvət edir; və daha sonra Nazirlər Komitəsini bu layihəni qəbul edib-etməməyi həll etməyə dəvət edir; və
e) İzmir Konfransında Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən təmin etmə tədbirləri barədə məsələnin müzakirəsinə Nazirlər Komitəsinin dəvət olunduğunu xatırladır; və Nazirlər Komitəsini belə müraciətlərin sayında əhəmiyyətli azalmanın olub-olmamasını və onların hazırda sürətli həll edilib-edilmədiyini qiymətləndirməyə və hər hansı zəruri hərəkəti təklif etməyə dəvət edir.
C. Məhkəməyə şikayətlər
13. Fərdi şikayət hüququ Konvensiya mexanizminin ürəyidir. Məhkəməyə şikayət vermək hüququ praktiki cəhətdən həyata keçirilməsi mümkün olan vasitə olmalı və Dövlətlər təmin etməlidirlər ki, onlar bu hüququn səmərəli həyata keçirilməsinə hər hansı şəkildə maneə törətmirlər.
14. Konvensiyanın 35-ci maddəsində məqbuliyyət meyarı Məhkəmənin hansı şikayətlərin araşdırılmasını davam etməli olduğunu müəyyən edir. Onlar Məhkəməyə praktiki imkanlar təqdim etməlidirlər ki, Məhkəmə pozuntuların prinsipi və ya əhəmiyyəti nöqteyi-nəzərdən baxılması zəruri olan işlərə diqqətini cəmləşdirsin. Şikayətlərin məqbuliyyətini həll etmək Məhkəməyə aiddir. Bunu edərkən vacibdir ki, Konvensiya mexanizminin ciddiliyində məxfiliyin gücləndirilməsi üçün Məhkəmə məqbuliyyət meyarını dəqiq və ardıcıl tətbiq etməyə davam etsin və təmin olunsun ki, onun iş yükü üzərində lüzumsuz təzyiq olmasın.
15. Buna görə Konfrans:
a) Məhkəmənin təklifini təqdir edir ki, Məhkəməyə şikayətin verilməsi üçün Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müddət qısaldıla bilər; hesab edir ki, dörd aylıq müddət məqsədəmüvafiqdir; Nazirlər Komitəsini 2013-cü ilin sonunadək zəruri dəyişiklik instrumentini qəbul etməyə dəvət edir;
b) Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müddətin Məhkəmə tərəfindən daha dar şəkildə tətbiqini təqdir edir; və həm ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin, həm də Məhkəmənin və milli dövlət orqanlarının müvafiq rollarının qorunmasının təmin edilməsi məqsədilə yurisdiksiyasının əhatəsinə aid qaydalar daxil olmaqla bütün məqbuliyyət meyarlarının Məhkəmə tərəfindən tam, ardıcıl və qabaqcadan gözlənilən şəkildə tətbiqinin əhəmiyyətini xatırladır;
c) Hesab edir ki, Konvensiyanın 35-ci maddəsinin 3 "b" yarımbəndi dəyişilərək "daxili məhkəmə tərəfindən lazımınca araşdırılmayan əsasla heç bir iş rədd edilə bilməz" müddəası çıxarılmalıdır; və Nazirlər Komitəsini 2013-cü ilin sonunadək zəruri dəyişiklik instrumentini qəbul etməyə dəvət edir;
d) Təsdiq edir ki, şikayət Konvensiyanın təfsiri və ya tətbiqinə dair ciddi məsələyə səbəb olmadıqda, Konvensiyanın 35-ci maddəsinin 3 "a" yarımbəndinin mənasında açıq-aşkar əsassız kimi həm də, inter alia, o hallarda qiymətləndirilməlidir ki, Məhkəmə şikayətin mülahizə sərbəstliyi daxil olmaqla Məhkəmənin formalaşmış presedent-hüququ baxımından Konvensiya ilə təmin olunmuş hüquqları tətbiq etməklə daxili məhkəmələr tərəfindən lazımınca araşdırılmış məsələyə aid olduğunu hesab etsin; Məhkəməni həvəsləndirir ki, belə şikayətlərin qeyri-məqbul elan edilməsində, bununla bağlı özünün presedent-hüququnun aydınlaşdırılmasında dəqiq və ardıcıl yanaşmaya riayət etsin;
e) Məhkəmə tərəfindən öz prosedurları və xüsusilə məqbuliyyət meyarı barədə məlumatların ərizəçilərə çatdırılmasının inkişaf olunduğunu təqdir edir;
f) İş üzrə ortaya çıxmış daxili vasitənin səmərəliliyi üzrə qərarın çıxarılmasında xüsusi maraq olduqda, cavabdeh Hökumətin müraciəti əsasında məqbuliyyətə dair ayrı qərardadın qəbul edilməsi üçün Məhkəmə Reqlamentinə spesifik müddəanın daxil edilməsinə Məhkəməni dəvət edir; və
g) Məhkəmənin presedent-hüququ baxımından Konvensiyanı tətbiq etmək imkanını milli məhkəmələrə vermək üçün əlçatan olan daxili vasitə qarşısında Konvensiya hüququnun və ya daxili qanunvericiliyin ekvivalent müddəasının iddia olunan pozuntusundan milli məhkəmələrə şikayətin verilməsini ərizəçidən tələb etmək məqsədilə daxili vasitələrin tükənməsinə dair özünün presedent-hüququnu inkişaf etdirməyə Məhkəməni dəvət edir.
D. Şikayətlərə baxılması
16. 2004-cü ildən sonra Məhkəməyə hər il verilən şikayətlərin sayı iki dəfə artmışdır. Şikayətlərin əhəmiyyətli sayı Məhkəmənin bütün ilkin məhkəmə tərkibləri qarşısında icraatdadır. Potensial əsaslı şikayətlər vermiş ərizəçilər daxil olmaqla, bir çox şikayətçilər cavab almaq üçün illərlə gözləməlidirlər.
17. Fərdi şikayət hüququnun əhəmiyyəti baxımından, Məhkəmə resurslarından minimum istifadə etməklə mümkün qədər səmərəli şəkildə qeyri-məqbul şikayətlərdən azad olunmalıdır. Buna nail olmaq üçün Məhkəmə 14 saylı Protokol çərçivəsində hazırda təqdir edilən əhəmiyyətli addımlar atmışdır.
18. Təkrar şikayətlər əsasən milli müstəvidə sistem və ya struktur məsələlərdən ortaya çıxır. Belə məsələlər və onlardan irəli gələn pozuntuların Məhkəmə qərarlarının səmərəli icrasının tərkib hissəsi kimi həll edilməsini təmin etmək Nazirlər Komitəsinin nəzarəti altında Tərəf Dövlətin məsuliyyətidir
19. Məhkəmə Palatalarında icraatda olan işlərin artan sayı da ciddi narahatlıq doğurur. Məhkəmə öz diqqətini potensial əsaslı şikayətlər üzərində cəmləməlidir.
20. Buna görə Konfrans:
a) Xüsusilə aşağıda göstərilənlərin qəbul olunması ilə şikayətlərə baxılmasında Məhkəmənin artıq etdiyi irəliləyişləri təqdir edir:
i) ən vacib və ciddi işlərlə məşğul olmağa kömək etmiş prioritet siyasəti; və
ii) müvafiq məhkəmə məsuliyyətini saxlamaqla qeyri-məqbul və təkrar işlərin həlli üçün prosedurların sürətləndirilməsinə xüsusilə kömək etmiş iş metodları;
b) Təqdirlə Məhkəmənin qiymətləndirilməsini qeyd edir ki, o, 2015-ci ilin sonunadək icraatda olan açıq-aşkar əsassız şikayətlərdən azad ola bilər; buna nail olmaq üçün vasitələrdən biri olan milli hakimlərin və yüksək səviyyəli müstəqil hüquqşünasların ezamiyyətə göndərilməsinə dair Məhkəmənin müraciətini təsdiq edir; və Tərəf Dövlətləri belə ezamiyyətlərin davam edilməsini təşkil etməyə həvəsləndirir;
c) Məhkəmə qarşısında olan təkrar şikayətlərin geniş sayına dair davamlı narahatlığını ifadə edir; təkrar şikayətlərdən səmərəli şəkildə azad olmaq üçün xüsusilə pilot qərarlar kimi proaktiv tədbirlərdən Məhkəmənin istifadə etməsini təqdir edir; və Tərəf Dövlətləri, Nazirlər Komitəsini və Məhkəməni, Məhkəmə tərəfindən müəyyən olunmuş sistem məsələlərdən irəli gələn şikayətlərin geniş sayını həll etmək məqsədilə yollar tapmaq üçün hüquqi, praktiki və maliyyə cəhətləri daxil omaqla irəli sürülmüş müxtəlif ideyaları müzakirə etmək və bütün Tərəf Dövlətlərin bərabər olması prinsipini nəzərə almaqla, birgə işləməyə həvəsləndirir;
d) Pilot qərarı proseduru əsasında Nazirlər Komitəsini dəvət edir ki, eyni cavabdeh Tərəf Dövlətə qarşı iddia olunan eyni pozuntu barədə şikayətlər qrupundan bütün bu qrupa tətbiq ediləcək nümunəvi şikayətlərin kiçik sayını qeydə almağa və müəyyən etməyə Məhkəməyə imkan verən prosedurun məqsədəmüvafiqliyi və şərtlərini müzakirə etsin;
e) Qeyd edir ki, Palatalarında icraatda olan şikayətləri ağlabatan müddətdə həll etməyə imkan vermək üçün Məhkəməyə gələcəkdə əlavə hakimlərin təyin edilməsi zəruri ola bilər; qeyd edir ki, bu hakimlərə Məhkəmənin hazırkı hakimlərindən fərqli səlahiyyət müddəti və/və ya funksiyalar dairəsi təqdim edilə bilər; və Nazirlər Komitəsini dəvət edir ki, 2013-cü ilin sonunadək Məhkəmənin verdiyi məlumat əsasında hərəkət edən Nazirlər Komitəsinin yekdil qərarından sonra belə hakimlərin təyin olunmasına imkan vermək üçün Konvensiyaya dəyişiklik etməyə davam edib-etməməyinə dair qərar qəbul etsin;
f) Məhkəməni dəvət edir ki, işin fərdi hallarının lazımınca araşdırılmasına və qərarların digər Tərəf Dövlətə qarşı məcburi xarakterli olmamasına toxunmadan Komitə proseduru üzrə daha çox işlərin həlli məqsədilə Konvensiyanın 28-ci maddəsinin 1-ci bəndinin mənasında formalaşmış presedent-hüququ konsepsiyasının daha geniş təfsirini tətbiq etməyə dair Tərəf Dövlətlərlə məsləhətləşmələr aparsın;
g) Məhkəməni dəvət edir ki, Tərəf Dövlətlər, vətəndaş cəmiyyəti və Milli İnsan Hüquqları İnstitutları ilə məsləhətləşməklə aşağıdakıları nəzərdən keçirsin:
i) Pilot layihənin təcrübəsi baxımından, şikayətlərin onlayn verilməsini asanlaşdırmaq üçün əlavə tədbirlər görülməli və işlərin kommunikasiyası proseduru sadələşdirilməli, eyni zamanda onlayn müraciət edə bilməyən ərizəçilərdən şikayətlərin qəbul olunması davam etməlidir;
ii) Məhkəməyə şikayətlərin forması onların daha yaxşı təsvir və həll edilməsi üçün təkmilləşdirilə bilər;
iii) Məhkəmənin qərardad və qərarları ictimaiyyətə açıqlanmazdan bir müddət əvvəl iş üzrə tərəflərə əlçatan edilə bilər; və
iv) Xərclər daxil olmaqla ədalətli kompensasiya barədə tələb və izahlar Palata və Böyük Palatada icraatın daha əvvəlki mərhələlərində təqdim edilə bilər;
h) Nəzərdə tutur ki, lazımi mənbələrlə bu tədbirlərin tam implementasiyası prinsipcə Məhkəməyə imkan verməlidir ki, bir il ərzində işi kommunikasiya edib-etməməyi həll etsin və bunun davamı olaraq bütün kommunikasiya olunmuş işləri sonrakı iki il ərzində qərardad və ya qərarın predmeti etsin;
i) Daha sonra bütün Tərəf Dövlətlərin öhdəliyini ifadə edir ki, bu nəticələrə nail olmaq üçün Məhkəmə ilə əməkdaşlıq etsin; və
j) Nazirlər Komitəsini Məhkəmə ilə məsləhətləşməklə dəvət edir ki, 2015-ci ilədək bu tədbirlərin Məhkəmənin iş yükünü həll etməyə aid səmərəliliyini necə müəyyən etməyin mümkün olduğunu və ya hansı əlavə tədbirlərin zəruri olduğunu göstərsin.
E. Hakimlər və Məhkəmənin presedent-hüququ
21. Məhkəmənin nüfuzu və etibarı əsasən onun hakimlərindən və onların qəbul etdikləri qərarların keyfiyyətindən asılıdır.
22. Məhkəməyə seçilmiş hakimlərin yüksək səviyyəsi seçim üçün Parlament Assambleyasına təklif olunmuş namizədlərin keyfiyyətindən asılıdr. Ən yüksək səviyyəli mümkün namizədlərin təklif olunmasında Tərəf Dövlətlərin rolu bu səbəbdən Məhkəmənin davamlı uğuru üçün fundamental əhəmiyyət kəsb edir, necə ki, bu, Məhkəmənin hakimlərinə hüquqi bacarıqları və Tərəf Dövlətlərin qanunvericiliyini və təcrübəsini bilməklə dəyərsiz kömək edən seçilmiş hüquqşünaslarla Məhkəmə Aparatına aiddir.
23. Məhkəmənin qərarları aydın və ardıcıl olmalıdır. Bu, hüquqi müəyyənliyə xidmət edir. Bu, həm də milli məhkəmələrə Konvensiyanı daha dəqiq tətbiq etməyə, habelə potensial ərizəçilərə kömək edir ki, onlar əsaslı şikayətə baxılıb-baxılmadığını qiymətləndirə bilsinlər. Aydınlıq və ardıcıllıq, Məhkəmə ümumi prinsip xarakterli məsələlərə baxdıqda xüsusilə əhəmiyyətlidir. Konvensiyanın tətbiqində ardıcıllıq onu tələb etmir ki, Tərəf Dövlətlər Konvensiyanı vahid qaydada implementasiya etsinlər. Məhkəmə göstərib ki, o, formalaşmış presedent-hüququndan kənaraçıxma nəzərdə tutulduqda, Palata tərəfindən Böyük Palatanın xeyrinə işə baxmaqdan imtinanı məcburi edən dəyişiklikliyin Məhkəmə Reqlamentinə edilməsini nəzərdən keçirir.
24. Sabit hakimlik Məhkəmənin ardıcıllığına xidmət edir. Bu səbəbdən, hər hansı hakimə Konvensiyada nəzərdə tutulmuş səlahiyyət müddətindən daha az işləmək arzuolunan deyildir.
25. Buna görə Konfrans:
a) Nazirlər Komitəsinin "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakim vəzifəsi üçün namizədlərin seçilməsinə dair Təlimatı"nın qəbul edilməsini təqdir edir; qeyd edir ki, Nazirlər Komitəsi ilkin üç illik müddətdən sonra Məşvərət Komissiyasının fəaliyyətinə yenidən baxılmasını qərara alıb; və Parlament Assambleyasını və Nazirlər Komitəsini dəvət edir ki, hakimlərin seçilməsi üçün prosedurların necə təkmilləşdirilməsinin mümkün olduğunu müzakirə etsinlər;
b) Öz qərarlarının yüksək keyfiyyətini saxlamaq və təkmilləşdirmək, xüsusən qərarların aydınlığını və ardıcıllığını inkişaf etdirməyi təmin etmək üçün Məhkəmənin atdığı addımları təqdir edir; Məhkəmənin formalaşmış təcrübəsini təqdir edir ki, bu, hüquqi müəyyənliyin, gözlənilənliyin və qanun qarşısında bərabərliyin maraqlarındadır, o, əsaslı səbəb olmadan əvvəlki işlərdə təsbit edilmiş hüquqi mövqedən kənara çıxmamalıdır; və xüsusən, Məhkəməni ona çağırır ki, qərarlar eyni məsələnin aspektlərinə aid olduqda, ardıcıllığın əhəmiyyətini nəzərə alsın ki, onların məcmu effekti Tərəf Dövlətlərin müvafiq mülahizə sərbəstliyini təqdim etməyə davamiyyəti təmin etsin;
d) Məhkəmənin presedent-hüququnda ardıcıllığa nail olunmasında Böyük Palatanın oynadığı əsas rol baxımından hesab edir ki, Konvensiyanın 30-cu maddəsi "iş üzrə tərəflərdən biri etiraz etmədikdə" müddəası çıxarılmaqla dəyişilməlidir; və 2013-cü ilin sonunadək bundan irəli gələ bilən hər hansı digər dəyişikliklərin zəruri olub-olmaması nəzərdən keçirilməlidir; Tərəf Dövlətləri çağırır ki, dəyişikliklərin qüvvəyə minməsindən əvvəl Palata tərəfindən Böyük Palatanın xeyrinə işə baxmaqdan imtinaya dair qərarına etiraz etməkdən çəkinsinlər;
e) Məhkəmə dəvət edir ki, hər bir Bölmənin sədr müavininin ex officio Böyük Palatanın tərkibinə daxil edilməli olub-olmamasını nəzərdən keçirsin; və
f) Hesab edir ki, Konvensiyanın 23-cü maddəsinin 2-ci bəndinə səlahiyyət müddəti başladığı tarixdə hakimlərin yaşının 65-dən çox olmaması tələbi daxil etdirməklə, onların yaş həddinə aid məhdudiyyəti götürməyə dair dəyişikliklik edilməlidir; və Nazirlər Komitəsini dəvət edir ki, zəruri dəyişiklik tədbirlərini 2013-cü ilin sonunadək görsün.
F. Məhkəmə qərarlarının icrası
26. Hər bir Tərəf Dövlət tərəf olduqları hər bir iş üzrə Məhkəmənin qəti qərarını icra etməyə dair öhdəlik götürüb. Nazirlər Komitəsi nəzarəti vasitəsilə təmin edir ki, daha geniş sistem məsələləri həll etmək üçün ümumi tədbirlərin implementasiyası daxil olmaqla, Məhkəmənin qərarlarına lazımi effekt verilsin.
27. Buna görə Nazirlər Komitəsi səmərəli və ədalətli şəkildə Tərəf Dövlətin gördüyü tədbirlərin məsələni həll edib-etmədiyini nəzərdən keçirməlidir. Nazirlər Komitəsi Konvensiyanın 46-cı maddəsi üzrə öhdəliklərinə riayət etməyən Tərəf Dövlətə aid səmərəli tədbirlər görməyə qadir olmalıdır. Nazirlər Komitəsi xüsusilə milli müstəvidə sistem məsələni aşkar edən pozuntulara xüsusi diqqət yetirməlidir və təmin etməlidir ki, Tərəf Dövlətlər pilot qərarları tez və səmərəli icra etsinlər.
28. Nazirlər Komitəsi qərarların əvvəllər müşahidə olunmayan artan sayının icrasına nəzarət edir. Məhkəmə icraatında olan potensial əsaslı şikayətlərlə işlədiyi üçün Nazirlər Komitəsinin iş yükünün də artması gözlənilir.
29. Buna görə Konfrans:
a) Tərəf Dövlətləri həvəsləndirir ki:
i) Nazirlər Komitəsinin 2008(2) saylı Tövsiyəsinin həyata keçirilməsi daxil olmaqla, Məhkəmə qərarlarının sürətli icrasını təmin edən daxili imkanları və mexanizmləri təkmilləşdirsin və bununla bağlı müsbət təcrübəni paylaşsınlar;
ii) imkan olduqda milli dillərdə nəşr olunma daxil olmaqla, mümkün qədər geniş əlçatan dərəcədə qərarların icrası üçün fəaliyyət planı hazırlasınlar; və
iii) görülmüş implementasiya tədbirlərinin səmərəliliyinin araşdırılmasında milli parlamentlərin rolunu asanlaşdırsınlar;
b) Konvensiya üzrə öhdəliklərinə hansı yolla əməl etməyin seçilməsində Tərəf Dövlətlərə imkan verən subsidiarlıq prinsipinin tam tətbiqinə dair İnterleyken və İzmir konfransları tərəfindən Nazirlər Komitəsinə edilmiş dəvəti təkrar edir;
c) Xüsusilə, aşağıdakılar vasitəsilə qərarların icrasına səmərəli nəzarəti təmin etmək üçün öz prosedurlarını necə təkmilləşdirməyi nəzərdən keçirməyə davam etməyi Nazirlər Komitəsini dəvət edir:
i) öz yığıncaqlarında strateji və sistem məzələlərin daha strukturlu müzakirəsi; və
ii) öz yığıncaqları barədə daha çox açıqlıq;
d) Məhkəmənin qərarlarını vaxtında icra etməyən Dövlətlərə aid daha səmərəli tədbirlərin görülməli olub-olmamasını nəzərdən keçirməyə Nazirlər Komitəsini dəvət edir; və
e) Qərarların icrası barədə Parlament Assambleyasının mütəmadi hesabat və müzakirələrini təqdir edir.
G. Konvensiya mexanizminin və Məhkəmənin uzunmüddətli gələcəyi
30. Bu Bəyannamə Məhkəmənin üzləşdiyi təcili məsələlərə aiddir. Bununla belə, Konvensiya mexanizminin gələcək səmərəlilyini təmin etmək həddən artıq əhəmiyyətli məsələdir. Buna nail olmaq üçün gələcək qərarların vaxtında və ardıcıl qəbul olunması məqsədilə qarşıda duran çağırışları müəyyən etməyə və Konvensiyanın gələcəyinə dair baxışı inkişaf etməyə yönələn proses lazımdır.
31. Bu prosesin tərkib hissəsi kimi Məhkəmənin fundamental rolunun və mahiyyətinin qiymətləndirilməsi tələb oluna bilər. Uzunmüddətli baxış Məhkəmənin Avropada insan hüquqlarının müdafiəsi və təbliği sistemində həlledici rolunun yaşama qabiliyyətini təmin etməlidir. Fərdi şikayət hüququ Konvensiya mexanizminin ürəyi olaraq qalır. Gələcək islahatlar ciddi pozuntuların sürətli və səmərəli həllində Konvensiya mexanizminin qabiliyyətini gücləndirəcək.
32. Milli müstəvidə Konvensiyanın səmərəli implementasiyası Məhkəməyə uzun müddətə imkan verəcək ki, daha konkret hədəfə yönəlmiş rolu üzərinə götürsün. Konvensiya mexanizmi milli müstəvidə Konvensiyanın implementasiyası üçün özlərinin əsas məsuliyyətinə əməl etməyə Dövlətlərə dəstək verir.
33. Milli müstəvidə daha səmərəli implementasiyaya cavab olaraq, Məhkəmə ciddi və ya geniş pozuntular, sistem və struktur problemlər, Konvensiyanın təfsiri və tətbiqinə dair əhəmiyyətli məsələlər üzərində öz səylərini cəmləşdirmək mövqeyində durmalı, bununla da, daha az pozuntuları aradan qaldırmaq və daha az qərarlar qəbul etmək tələb olunacaq.
34. İnterleyken Konfransı 14 saylı Protokolun və İnterleyken Fəaliyyət Planının Məhkəmənin vəziyyətini hansı dərəcədə təkmilləşdirdiyini 2012-2015-ci illər üzrə qiymətləndirməyə dəvət etmişdir. Bu onu nəzərdə tutur ki, həmin qiymətləndirmə əsasında Nazirlər Komitəsi 2015-ci ilədək əlavə tədbirlər üçün zərurətin olub-olmamasını müəyyən etməlidir. Daha sonra bu onu nəzərdə tutur ki, 2019-cu ilin sonunadək Nazirlər Komitəsi qəbul olunmuş tədbirlərin Konvensiyanın nəzarət mexanizminin möhkəm fəaliyyət göstərməsini təmin etməyə səmərəli olduğunu sübut edib-etmədiyini və ya daha əsaslı dəyişikliklərin tələb olunub-olunmadığını həll etməlidir.
35. Buna görə Konfrans:
a) Məhkəmənin uzunmüddətli gələcəyinə dair İnterleyken Konfransında başlanmış və İzmir Konfransında davam olunmuş düşüncə prosesini təqdir edir; və bununla bağlı Wilton Park məlumat konfransının töhfəsini təqdir edir;
b) Nazirlər Komitəsini dəvət edir ki, 2012-ci ilin sonunadək bu Bəyannamə və İnterleyken və İzmirdə qəbul olunmuş Bəyannamələr əsasında əlavə mandatlarına riayət etmək üçün prosesləri müəyyən etsin;
c) İnterleyken və İzmir konfransları tərəfindən qəbul olunmuş Bəyannamələr əsasında öz mandatına əməl etmək baxımından Nazirlər Komitəsini dəvət edir ki, Konvensiya mexanizminin gələcəyini müzakirə etsin, bu müzakirə ilə Konvensiya ilə təmin olunmuş hüquq və azadlıqlardan istifadəyə gələcək təhdidləri və milli müstəvidə hüquq və azadlıqları təmin olunmamış fərdlər üçün təminatçı və Konvensiyanı səlahiyyətli olaraq təfsir edən orqan kimi özünün iki cəhətli rolunu ən yaxşı tərzdə Məhkəmənin fəaliyyət göstərməsini əhatə etsin;
d) Təklif edir ki, Nazirlər Komitəsi bu vəzifəni geniş şaxəli ekspertizanı keçirmək və məsələlərin və mümkün həll yollarının mümkün olan hərtərəfli təhlilini asanlaşdırmaq üçün lazımı kənar ekspertlərin iştirakını və məsləhətlərini təmin etməklə, mövcud struktur daxilində həyata keçirsin;
e) Nəzərdə tutur ki, bu vəzifənin tərkib hissəsi kimi Nazirlər Komitəsi əsasən Konvensiya mexanizmini hazırkı formasında necə saxlamağın mümkün olduğu və Məhkəməyə təqdim edilməli olan işlərin sayını azaltmaq məqsədilə Konvensiya mexanizmi ilə şikayətlərin həlli tərzinə dəyişikliklərin daha dərindən öyrənilməsi daxil olmaqla, Məhkəmənin gələcək rolu və funksiyası üçün potensial mümkün variantların hərtərəfli təhlilini həyata keçirəcək.
f) Tərəf Dövlətlər həm də Nazirlər Komitəsi vasitəsilə aşağıdakıların hərtərəfli araşdırılmasına başlasın:
i) Məhkəmə qərarlarının icrasına nəzarət proseduru və bu prosesdə Nazirlər Komitəsinin rolu; və
ii) Konvensiyanın 41-ci maddəsinə əsasən ərizəçilərə ədalətli kompensasiyanın təqdim olunması; və
g) İlk addım kimi Nazirlər Komitəsini dəvət edir ki, 2015-ci ilin sonunadək bu məsələlərə dair ilkin qənaətə gəlsin.
H. Ümumi və yekun müddəalar
36. Avropa Birliyinin Konvensiyaya qoşulması Avropada insan hüquqlarının ardıcıl tətbiqini gücləndirəcək. Buna görə, Konfrans qoşulma sazişi layihəsinin hazırlanmasında proqresi təqdir edir və bu işin sürətli və uğurlu yekunlaşmasına çağırır.
37. Konfrans, həmçinin təşkilati məsələlərə aid Konvensiya müddəalarında dəyişikliklərin edilməsi üçün sadələşdirilmiş prosedurun yaradılmasının mümkün olub-olmaması, bunun Məhkəmə Statutu və ya Konvensiyada yeni müddəa vasitəsilə edilib-edilməməsi barədə İnterleyken və İzmir konfransları tərəfindən verilmiş mandata uyğun olaraq davamlı müzakirələri təqdir edir və Tərəf Dövlətlərin konstitusiya dəyişikliklərini tam nəzərə alan bu işin sürətli və uğurlu yekunlaşmasına çağırır.
38. Bu Bəyannaməni tətbiq etmək qərarları Avropa Şurası üçün maliyyə vəsaitlərini zəruri etdikdə, Konfrans Məhkəməni və Nazirlər Komitəsini dəvət edir ki, Avropa Şurasının büdcə prinsiplərini və büdcə ehtiyatına zərurətini nəzərə almaqla mümkün qədər tez zamanda bu xərcləri hesablasınlar.
39. Konfrans:
a) Birləşmiş Krallıq sədrliyini hazırkı Bəyannaməni və Konfransın Protokollarını Nazirlər Komitəsinə təqdim etməyə dəvət edir;
b) Tərəf Dövlətləri, Nazirlər Komitəsini, Məhkəməni və Avropa Şurasının Baş Katibini bu Bəyannaməni tam şəkildə tətbiq etməyə dəvət edir; və
c) Nazirlər Komitəsinin gələcək sədrlərini Məhkəmə islahatlarının və Konvensiyanın implementasiyasının gələcək təkanını təmin etməyə dəvət edir.