Daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrin təsdiq edilməsi
Daşınmaz əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında müqavilələr həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir.
Notarius bu müqavilələri təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov(ipoteka) qoyan şəxsə məxsus olmasını yoxlayırlar, özgəninkiləşdirilən və ya girov(ipoteka) qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edirlər, əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlak üzərində həbs qoyulub-qoyulmamasını yoxlayır.
Etibarnamələrin təsdiq edilməsi
Notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Etibarnamə istənilən müddətə verilə bilər.
Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr təsdiq edilərkən notarius etibar edilən şəxsin sürücülük vəsiqəsinin surəti tələb edir. Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz. Notarius, həmçinin etibar edilən şəxsin surucülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlayır.
Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir və qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.
Vəsiyyətnamələrin təsdiq edilməsi
Notarius fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edir.
Vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius və vəsiyyət edən şəxs tərəfindən tərtib oluna bilər. Vəsiyyətnamədə tərtib edildiyi yer və vaxt göstərilməklə, vəsiyyət edən tərəfindən şəxsən imzalanır.
Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərnin yazılı razılığını tələb edir.
Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi
Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.
Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir.
Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
Notarius qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verərkən miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vəsiyyətnaməyə dəyişiklik edilib-edilmədiyini, vərəsəliyin açıldığı vaxtı və yeri, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.
Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir.
Fiziki və hüquqi şəxslər xaricdə istifadəsi nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsi ilə bağlı məsələlər üzrə, eləcə də Ədliyyə Nazirliyinin səlahiyyətinə aid edilmiş sənədlərin əslinə apostil verilməsi üçün bilavasitə nazirliyə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 72.
Telefon: 404-42-30, 404-42-81.