Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Qanun üzrə hüquq və vəzifələrin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir.

Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial prosesslərdə vacib rol oynayır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının ərazisində hal-hazırda 99 rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli Fərmanına əsasən rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatını rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri ilə yanaşı, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri aparırlar.

Ən çox müraciətlərə səbəb olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün tələb edilən sənədlər aşağıdakılardır:

  • • Nikahın qeydə alınması üçün -nikaha daxil olmaq barədə ərizə, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış, nikaha daxil olanların şəxsiyyətini müəyyən edən sənədlər, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər;
  • Əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında sənəd; Nikaha daxil olmaq arzusunda olan əcnəbilər göstərilənlərdən əlavə vətəndaşı olduqları ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış təqdim etməlidirlər;
  • Doğumun qeydə alınması üçün - doğum faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış, uşaq evdə doğulduqda doğuma kömək göstərmiş həkimin arayışı, valideynlərin şəxsiyyətini müəyyən edən sənədlər və onların arasında nikahın bağlanması haqqında şəhadətnamə;
  • • Övladlığa götürmənin qeydə alınması üçün - ərizə, övladlığa götürmə haqqında məhkəmənin qərarı, övladlığa götürənlərin şəxsiyyətini müəyyən edən sənədlər;
  • Ölümün qeydə alınması üçün - ölüm faktını faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış və ya ölüm faktının müəyyən edilməsi və yaxud şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı, ölənin şəxsiyyətini müəyyən edən sənəd, həmçinin onun hərbi bileti.

 

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının elm və texnikanın nailiyyətlərindən istifadə etməklə aparılması və keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılması ilə əlaqədar akt qeydlərinin hazırda işlənilən nümunələrinin əvəzinə onların optik oxunmasına və məlumatların elektron şəbəkə vasitəsilə ötürülməsinə imkan verən yeni formaları və müvafiq proqram təminatı tərtib olunmuşdur.

Müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin mürəkkəbliyi nəzərə alınaraq qeyd olunan akt qeydləri nümunələrinin tətbiqi ilə bağlı 1500-ə yaxın icra hakimiyyəti nümayəndəliklərinin aidiyyəti əməkdaşları üçün təlimlər keçirilmişdir.

Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri tərəfindən qeydə alınması 1 iyun 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənir.

Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Azərbaycan Respublikası qanunvericiliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri tərəfindən düzgün və mütəşəkkil tətbiqi işini təşkil edir, bu orqanların fəaliyyətinə təşkilati rəhbərliyi həyata keçirir, rayon (şəhər) qeydiyyat şöbələrinə, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan digər orqanlara metodiki və əməli köməkliyin göstərilməsini və səlahiyyətləri çərçivəsində fəaliyyətlərini yoxlanılmasını təmin edir.

Ədliyyə Nazirliyi 23 sentyabr 2020-ci il 1160 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi”haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanını əsas götürərək 23 noyabr 2022-ci ildə “Mobil notariat” tətbiqinin alt-sistemi kimi təşkil edilən yeni “Mobil əhali” tətbiqini istifadəyə vermişdir. Bu tətbiq həm ölkə daxilində, həm xaricdə yaşayan vətəndaşlara doğumun və ölümün elektron qaydada qeydə alınması, eləcə də ailə vəziyyəti və ailə tərkibi haqqında elektron arayışları əldə etmək imkanı yaradır.


Həmçinin vətəndaşlar 12.06.2023-cü ildə ədliyyə xidmətlərinin rəqəmsal platformalarda və vahid məkandan, şəffaf təşkili məqsədilə yaradılan ƏN TEZ köşkləri vasitəsilə ədliyyə və məhkəmə orqanlarına videozəng vasitəsi ilə operatora müraciət etməklə doğumun və ölümün qeydə alınması, ailə üzvləri və ailə vəziyyəti barədə arayışları verilməsi xidmətlərindən ən sürətli şəkildə faydalana bilərlər. Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidmət sistemi biometrik eyniləşdirmə imkanına malik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edilmir.

 

Doğumun qeydə alınması

Son illər ölkədə baş vermiş mütərəqqi sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsir göstərmişdir.

Demoqrafiya siyasəti nəsillərin normal təkrar istehsalının ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş iqtisadi, sosial və hüquq tədbirlər sistemindən ibarət olmaqla, əhalinin bütün sosial-demoqrafik təbəqələrinin köklü mənafelərinə toxunur.

Bu baxımdan doğumun qeydə alınması demoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm yer tutur.

Hər bir uşağın doğumunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınması və vətəndaşlıq əldə etməsi demoqrafiya sahəsində həyata keçirilən siyasətin əsas vəzifələrindən biridir.

Uşağın doğumunun qeydə alınması zərurəti Uşaq hüquqları haqqında Konvensiyada və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur.

Qanunvericilikdə uşağın hüquqları onun mənşəyinin təsdiq olunmasına əsaslanır və bu təsdiq uşağın doğum haqqında şəhadətnaməsində öz əksini tapır.

Uşaqların doğumunun qeydə alınması öhdəliyi ilk növbədə valideynlərin üzərinə düşür. Həmin faktın qeydə alınması valideynlərin hər ikisinin və ya onlardan birinin müraciətinə əsasən həyata keçirilə bilər. Lakin akt qeydləri və doğum haqqında şəhadətnamələr tərtib edilərkən hər hansı bir səhvə yol verilməsi ehtimalının aradan qaldırılması məqsədi ilə doğumun qeydə alınmasında hər iki valideynin iştirakı daha məqsədəuyğundur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri, konsulluqlar və rayon (şəhər) icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən dövlət qeydiyyatına alınır.

Bu məlumatlar uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Uşaqların doğumunun qeydə alınması sahəsində mövcud olan beynəlxalq təcrübə göstərir ki, əksər inkişaf etmiş Avropa ölkələrinin qanunvericiliyi doğumun 1 aydan gec olmayaraq qeydə alınmasını nəzərdə tutur.

Lakin doğumun qeydə alınmasında əsas problemlərdən biri valideynlərin, qohumların və ya digər maraqlı şəxslərin qeydiyyat orqanına vaxtında müraciət etməməsidir. Bu da ölkədə həyata keçirilən demoqrafiya siyasəti üçün vacib olan statistik məlumatların təhrif olunması və uşaqların hüquqlarının pozuması ilə nəticələnir.

Doğulmuş uşaqlar barədə məlumatların dəqiqliyini təmin etmək məqsədi ilə 20.04.2010-cu il tarixdə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Həmin Qanuna əsasən doğum haqqında məlumatların dərhal Səhiyyə Nazirliyinə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatların məlumat informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatların ötürülməsinə görə Səhiyyə Nazirliyi, habelə üzürlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 ay müddətində müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edlmiş qaydada məsuliyyət daşıyırlar.

Göstərilən məlumatların müvafiq qaydada verilməməsi ilə bağlı tətbiq edilən tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində öz əksini tapmışdır. Məcəllənin müddəalarına əsasən doğumun qeydə alınması qaydasının pozulması ilə əlaqədar tibbi müəssisəsinin və Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. Həmçinin üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə uşağın valideynlərinə qeydiyyat şöbəsi tərəfindən xəbərdarlıq edilir və ya onlar on manat miqdarında cərimə olunurlar.

Validenlərin cərimə edilməsi ilə bağlı qanunvericilkdə nəzərdə tutulmuş istisnalara diqqət yetirmək vacibdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına inzibati cərimənin tətbiq edilməsi yolverilməzdir.

Hərbi qulluqçu dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi (NMR), Dövlət Sərhəd Xidməti, Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları başa düşülür.

Yuxarıda qeyd olunduğu kimi, valideynlərə münasibətdə inzibati tənbehin iki növü nəzərdə tutulmuşdur. Onlardan biri olan xəbərdarlıq hüquqazidd əməlin yolverilməziliyi barədə rəsmi xəbərdaredici tədbir olmaqla yazılı formada həyata keçirilir.

Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yəni valideynlərə tətbiq edilən inzibati tənbehlər doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət bitdikdən sonra iki ay ərzində tətbiq oluna bilər.

Hazırda doğumun qeydə alınması müddəti və həmin müddətdə müraciət olunmamasına görə inzibati məsuliyyət barədə məlumat yenidoğulmuş uşaqların doğum faktını təsdiq edən tibbi şəhadətnamələrdə öz əksini tapır.

Doğumun qeydiyyatı ilə bağlı dövlətin funksiyası rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələri, konsulluqlar və rayon (şəhər) icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən vətəndaşların və ya buna səlahiyyəti olan orqanların müraciəti əsasında həyata keçirilir.

Bu funksiya özündə bir neçə proseduru ehtiva edir. İlkin prosedur sənədlərin qəbul edilməsindən ibarətdir. Tələb olunan sənədlərin qəbul edilməsi şəxslərin müraciətlərinə əsaslanır.

Qeydiyyat orqanının növbəti funksiyası doğumun qanunvericiliklə müəyyən edilmiş vaxtda qeydə alınmasının təmin etmək məqsədi ilə bu barədə ananın yaşadığı yer üzrə bildirişin göndərilməsindən ibarətdir.

«Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na uyğun olaraq doğumun dövlət qeydiyyatına alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, onların nikah haqqında şəhadətnaməsi, uşağın doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd qeydiyyat orqanına təqdim olunmalıdır.

Eyni zamanda qeyd olunur ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2020-ci il tarixli 1160 nömrəli Fərmanında doğumun və ölümün elektron qaydada dövlət qeydiyyatının həyata keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Bununla əlaqədar 27 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilmiş və qısa müddətdə doğumun, atalığın müəyyən edilməsinin, eləcə də ölümün elektron qaydada dövlət qeydiyyatının həyata keçirilməsi və bununla bağlı elektron şəhadətnamələrin verilməsi həyata keçirilmişdir. Doğumun elektron qaydada qeydə alınması və “Doğum haqqında elektron şəhadətnamə”nin verilməsi üçün isə valideynlərindən biri “MyGov” Elektron Hökumət Portalı üzərindən şəxsi kabinetinə daxil olmaqla müraciət etməlidir. Doğumun elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür. Eyni zamanda şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər.

 

ƏHALİNİN NƏZƏRİNƏ!

Nikaha daxil olmaq kimi mühüm qərar qəbul edənlər üçün bilmək maraqlı olardı ki, son illər ailə qanunvericiliyində tətbiq edilən yeniliklərdən biri də nikah müqaviləsinin bağlanması imkanıdır.

Nikah müqaviləsi ailə gəlirlərində və xərclərində ər-arvadın iştirakı ilə bağlı onların hüquq və vəzifələrini, həmçinin əmlaklarına dair şərtləri müəyyənləşdirir.

Bu müqavilə nikaha daxil olanadək, eləcə də nikah dövründə bağlana bilər.

Nikah müqaviləsi nikaha daxil olanların hər ikisinin razılığı ilə dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsini bağlamaq üçün notariat ofisinə müraciət olunmalıdır.

Eyni zamanda evlənmək istəyənlər bir-birinin səhhəti haqqında məlumat almaq üçün qarşılıqlı razılıq əsasında tibb müəssisəsində tibbi müayinədən keçə bilərlər.

Bu addımı atmaqla, onlar özlərinin və gələcək nəslin sağlamlığı üçün zəmin yaratmış olar.

 


“Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

“Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin formalaşdırılması qabaqcıl mütəxəssislərin dəstəyi ilə hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəni nəzərə alınmaqla müasir proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatının layihəsi hazırlanmış, müvəffəqiyyətlə sınaqdan keçirildikdən sonra 2008-ci ilin iyul ayının 1-dən etibarən tam gücü ilə istifadəyə verilmişdir. İnformasiya resursunun yerləşdirilməsi üçün Ədliyyə Nazirliyinin yeni inzibati binasında müvafiq otaqlar ayrılmış, onların təmiri, fiziki və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri işlər görülmüşdür. Bununla yanaşı sistemin fəaliyyəti üçün tələb olan server avadanlığı satın alınaraq ölkəyə gətirilmiş və sınaqdan keçirildikdən sonra quraşdırılmışdır. Sistemin fəaliyyətini təmin edən bir sıra mürəkkəb proqram təminatları tərtib olunaraq istifadəyə verilmişdir.

Əhalinin dövlət reyestrinin fəaliyyətinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin 63 şəhər və rayon üzrə 78 qeydiyyat orqanı müvafiq kompyuter avandalığı ilə təchiz edilmiş, ölkə üzrə vahid elektron şəbəkədə birləşdirilmiş və bu qurumların “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminə birbaşa rabitə xətləri vasitəsilə çıxışı təmin edilmişdir. Həmin orqanların və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparmaq səlahiyyəti olan icra hakimiyyəti nümayəndəliklərinin 1.5 mindən artıq əməkdaşı üçün genişmiqyaslı təlimlər keçirilmişdir. “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanına müvafiq olaraq Muxtar Respublikanın qeydiyyat orqanlarının sistemə qoşulması məqsədilə əməkdaşların təlimi həyata keçirilir və yaxın zamanlarda yerlərdə zəruri infrastrukturun qurulması nəzərdə tutulur.

Bununla yanaşı ölkə əhalisinin dövlət reyestrinin iki əsas məlumat mənbələri olan Daxili İşlər Nazirliyi tərəfindən aparılan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi arasında dayanıqlı və mühafizə olunan daimi fiber optik rabitə xəttinin çəkilişi yekunlaşdırılmışdır və hazırda iki sistem arasında real vaxt rejimdə avtomatlaşdırılmış qaydada fasiləsiz məlumat mübadiləsi aparılır. Hazırda sistemin təkmilləşdirilməsi üçün zəruri işlər həyata keçirilir.

iacca
iap
business ready
eplc
Ən Tez