Ədliyyə orqanlarında çalışan işçilərin xidməti intizama, o cümlədən etik davranış qaydalarına dürüst riayət etmələrinin təmini məqsədi ilə 2020-ci ildə müvafiq tədbirlər görülmüşdür.
Cari ildə ədliyyə orqanları üzrə əmək, icra intizamının və etik davranış qaydalarının tələblərini pozduqlarına görə 252 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. 19 nəfər tutduğu vəzifədən azad olunmuş, onlardan 13 nəfər ədliyyə orqanlarından xaric edilmişdir. Korrupsiya hüquqpozmaları təəssüratı yaradan əməllərə yol verdiklərinə görə 3 əməkdaş barəsində materiallar hüquqi qiymət verilməsi üçün Prokurorluğa göndərilmişdir.
Etik davranış qaydalarının tələblərinə ciddi əməl olunması ilə bağlı preventiv tədbirlər çərçivəsində, həmçinin işçilərin tədrisi və təlimi diqqət mərkəzində saxlanılmış, 2020-ci ildə 311 nəfər Ədliyyə Akademiyasında müvafiq kurslara cəlb edilmişdir. COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq onlayn təlimlər üstünlük təşkil etmişdir.