Sahibkarlıq fəaliyyətinin qanunvericilikdə yeri

Ölkəmizdə əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, müasir texnologiyaların qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi, innovativ sahibkarlığın stimullaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi bu sahədə davamlı inkişafın təmin edilməsi baxımından xüsusi ilə əhəmiyyətlidir. İndiyədək sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində bir çox normativ hüquqi aktlar qəbul olunub. Bunların içərisində ölkə başçısının 2011-ci il 15 fevral tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" xüsusi yer tutur. Bu Fərmanla 2011-ci ilin 1 may tarixindən Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri fəaliyyətə başlamışdır.

Belə tədbirlərin davamı olaraq ölkədə sahibkarlığın inkişafını daha da sürətləndirmək və ona mane olan əsassız müdaxilələrin, korrupsiyanın qarşısını almaq məqsədilə 2013-cü il 2 iyul tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanun qəbul olunmuşdur. Bununla da yoxlama prosedurlarında, eləcə də sahibkarların hüquqlarının müdafiəsi sahəsində əsaslı yeniliklər təsbit olundu.

Bu Qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Qanunda qeyd edilir ki, müəyyən olunmuş tələblərə uyğun olmayaraq aparılan, eləcə də vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda yoxlamaların məqsəd və prinsipləri aydın şəkildə müəyyən olunub. Belə ki, yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsidir. Qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü, yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması, eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması Qanunun əsas prinsipləri sırasındadır.

Qanunda ilk dəfə olaraq sahibkarların risk qrupları üzrə bölgüsü öz əksini tapıb ki, bunun əsasında da plan üzrə yoxlamaların dövriliyi müəyyənləşdirilir. Sahibkarların yüksək, orta və aşağı risk qruplarına bölgüsü hər bir yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uyğun olaraq yalnız Qanunda qeyd olunan amillərin nəzərə alınması ilə aparılır. Həmçinin yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində plan üzrə yoxlamaların dövriliyi digər yoxlamalarla müqayisədə daha intensiv xarakter daşıyır. Risk qrupları üzrə bölgüyə əsaslanan bu yanaşma yoxlamaların azalmasına, yoxlamaya məruz qalacaq sahibkarların seçilməsində sistematikliyin təmin olunmasına, yoxlayıcı orqanların vaxt, insan və maliyyə resurslarından səmərəli istifadəsinə, diqqətin daha çox yüksək riskli müəssisələrə yönəlməsinə səbəb olacaqdır.

Yoxlama prosesi zamanı şəffaflığın artırılmasında mühüm rol oynayan digər bir məqam isə yoxlamaların əvvəlcədən hər bir qurum tərəfindən hazırlanan yoxlama suallarının siyahısı əsasında həyata keçirilməsidir. Belə ki, yoxlama sualları yoxlama aktının tərkib hissəsidir və həmin suallar hər bir yoxlayıcı orqan tərəfindən yalnız öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır. Həmin siyahı yoxlayıcı orqanın rəsmi internet saytında yerləşdirilir və beləliklə sahibkarların yoxlama sualları ilə əvvəlcədən tanış olma imkanı təmin olunur. Bu sualların əhəmiyyəti ondadır ki, yoxlama zamanı yalnız siyahıya daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır, həmin siyahıya daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda bu fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.

Qanunda yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Qeyd edək ki, plandankənar yoxlamaların əsasları konkretləşdirilib və bu, yoxlamaların sayının azaldılmasına xidmət edir. Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib.

Sahibkarların maraqlarının müdafiəsi sahəsində digər mühüm məqam məhdudlaşdırıcı tədbirlərinin tətbiqi ilə bağlıdır. Yalnız Qanunda qeyd olunan üç əsasın (yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradarsa və ya mühüm zərər vurarsa; həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün deyilsə; məhdudlaşdırıcı tədbirlərin mümkünlüyü yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulursa) birgə mövcudluğu halında sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul oluna bilər. Yəni qeyd olunan şərtlərdən biri olmadıqda bu barədə qərarın qəbul olunması yol verilməzdir. Həmçinin "İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər" anlayışı Azərbaycan Respublikasi Prezidentinin 31 oktyabr 2014-cü il tarixli Fərmanında təfərrüatları ilə açıqlanmışdır.

Adı çəkilən Qanunda istisnasız olaraq bütün yoxlamaların yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi qeyd olunub. Bununla yanaşı reyestrdə yoxlayıcı orqan tərəfindən sahibkarın müəyyən risk qrupuna aid edilməsi barədə məlumat, yoxlama suallarının siyahısı, yoxlamanın dayandırılması və nəticələri üzrə qərar, eləcə də sahibkarın fəaliyyətinə tətbiq edilən məhdudlaşdırıcı tədbirin tətbiqi barədə yoxlayıcı orqanın qərarı ilə bağlı məlumat da daxil edilməlidir. Bununla hər bir sahibkarlıq fəaliyyəti subyektinin özü ilə əlaqədar aparılmış yoxlamalar, eləcə də hansı risk qrupuna aid edilməsi ilə bağlı məlumatları əldə etmək imkanı yaranır. Reyestr bu sahədə yoxlamaların statistikasının aparılması, sahibkarların şikayət və narazılıqları barədə məlumatın əldə edilməsi üçün mühüm mənbədir.

Beləliklə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlığın daha da inkişafında, qanunçuluğun və şəffaflığın təmin edilməsində, istehlakçıların hüquqlarının qorunmasında və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində böyük rol oynayacaqdır.

Xalidə Əlisoy
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, II dərəcəli ədliyyə qulluqçusu
09.12.2014-cü il tarixdə “525-ci qəzet”də dərc olunmuşdur

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez