Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüquqları vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmçinin dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir. Eyni zamanda ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Yaşıllıqların mühafizəsi və qorunması dövlət siyayəsitinin əsas istiqamətlərindən birini təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclaslarındakı nitqlərində ekoloji tədbirlərin görülməsinin prioritet xarakter daşıdığını vurğulamış, qurumlar qarşısında təxirəsalınmaz, çox ciddi vəzifələr qoymuşdur. Hələ 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlətimizin bu məsələyə böyük önəm verdiyini xüsusi olaraq diqqətə çatdırmışdır. Müşavirədə ölkə başçısı ölkənin ekoloji vəziyyətinin dövlətin gündəlik diqqət mərkəzində olduğunu və bu sahədə genişmiqyaslı layihələrin reallaşdırılacağını bildirmiş, təkcə 2010-cu ildə deyil, ondan sonrakı illərdə də ekoloji məsələlərin həllinə böyük diqqət göstərilməlisinin vacibliyini qeyd etmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdur. Ötən müddət ərzində ölkədə ekoloji problemlərin həlli istiqamətində böyük layihələr həyata keçirilmişdir və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi məqsədilə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014-cü il tarixli Qanunu qəbul edilmişdir. Qeyd edilən qanuna əsasən yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Yaşıllıqların mühafizəsi dedikdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər başa düşülür. Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir.
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri kimi
yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ
xarakterli aktlar qəbul etmək, yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata
keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi
olaraq məlumatlandırmaq, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların
uçotunu
-
monitorinqini aparmaq, yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə
büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti
həyata keçirmək, ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi
ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirməkdən ibarətdir.
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli qərarı ilə “Yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilmiş, sözügedən Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.
“Yaşıllıqların götürülməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydada göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir.
Həmin Qaydalara görə Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında və aşağıdakı hallarda yol verilir:
· dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
· şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
· ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;
· texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
· ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.
“Yaşıllıqların götürülməsi Qaydası”na əsasən fiziki və hüquqi şəxslər istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq orqanlara yaşıllıqların götürülməsi ilə bağlı müraciət edir ( mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və bələdiyyələrə) və imtinaya əsasverən hallar olmadığı təqdirdə aidiyyəti orqanlar müvafiq rəyin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir və Nazirlik tərəfindən yaşıllığa yerində baxış keçirilərək müvafiq rəy tərtib olunur. Həmçinin bələdiyyə və digər qurumlar tərəfindən yaşıllığın götürülməsi üçün qərar qəbul edilməsi zamanı rəylə yanaşı “Yaşıllıqların götürülməsi Qaydasına” əlavədə göstərilən yaşıllığın götürülməsi vərəqinin olması da əsasdır.
Həmin Qaydaya əsasən götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun bərpa edilir.
Əlavə olaraq qeyd olunur ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli ekoloji proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması ilə bağlı tədbirlər də daxil edilə bilər. Həmçinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanları müvafiq qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər.
Eyni zamanda Azərbayacan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.
Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi, əsassız müraciətlərin aradan qaldırılması və yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallar əsaslandırılaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəy alınması üçün müraciət edilməsi, bu sahədə mövcud qanunvericiliyin tələblərinin dərindən öyrənilməsi və icrası tövsiyə olunur.
Bələdiyyələrlə İş Mərkəzi