Yaşıllıqların qorunması sahəsində bələdiyyələrin vəzifələri

Bütün bələdiyyələrə

    Yaşıllıqların qorunması sahəsində

    bələdiyyələrin vəzifələri

Ekoloji tarazlığın qorunması dövlət siyasətinin aparıcı sahələrindən biridir və bu məqsədlə ölkəmizdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, dövlətin, bələdiyyələrin, vəzifəli şəxslərin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Yaşıllıqların qorunması da mühüm dövlət tədbiridir, bu sahədə ardıcıl və kompleks işlər görülür.

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin də vəzifələri müəyyən edilmişdir. Bu maddəyə görə yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:

-yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;

-yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;

-mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq;

-yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;

-müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq;

-ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək.

Qanunun 19-cu maddəsinə uyğun olaraq yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanın (vəzifəli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və ya vəzifəli şəxslər üçün məcburidir və bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 №li Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir.

Qaydaya görə yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Bu Qaydanın 2.2-ci bəndinə görə yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir.

-dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

-şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;

-ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;

-texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

-ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda və s.

Yuxarıda nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır.

Yaşıllıqların götürülməsi ilə bağlı müraciətlərə baxılması, qərar qəbul edilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumatın verilməsi məsələləri də göstərilən Qayda ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqin aparılması” Qaydasının 2.5-ci bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

Qeyd olunur ki, yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə qanunvericilikdə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Göstərilən normativ hüquqi aktların öyrənilməsi və düzgün icrası tövsiyə olunur.

Bələdiyyələrlə İş Mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez