“Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə

“Azərbaycan Respublikasında

2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə

Bütün bələdiyyələrə

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti xalqımızın milli dəyərlərini qorumağa, təbliğ etməyə yönəldilmişdir. Ümummilli liderin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə mədəniyyət sahəsində də əsaslı islahatlar aparılmış, mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmış, 600-dən çox fərman və sərəncam imzalanmışdır. Mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılmış, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESKO, Avropa Şurası, Avropa İttifaqı, ISESCO və başqa təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri qurmuş, bu əlaqələrin mühüm bir müstəvisini mədəniyyət təşkil etmişdir. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilimişdir.

Azərbaycan Respublikasının Prezidentinin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul vermişdir.

Bu gün Azərbaycan incəsənəti ölkəmizi dünyada daha geniş miqyasda tanıtmaqdadır. UNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı yüksək sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse –prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu çox böyükdür. Xüsusilə görkəmli sənət adamlarının -- şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESKO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin təzahürüdür.

Ölkə başçısı cənab İlham Əliyevin mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalamasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan olunumuş, Azərbaycanın böyük şair və mütəfəkkirinin 650 illiyi ilə bağlı silsilə tədbirlər keçirilmiş həmçinin Nəsiminin yubileyi Parisdə - UNESKO-nun mənzil-qərargahında da qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ilin “Nizami ili” elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Bu ənənə ölkəmizdə davam etmiş və 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizami Gəncəvinin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Əzəmətli yaradıcı və filosof olan Nizami 1188-1205-ci illər arasında “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” adlı beş böyük sənət əsərlərini birləşdirən “beşlik”- Xəmsə yaratmışdır. Bu beş qiymətli və iri poemadan başqa Nizami altı qəsidə, 116 qəzəl, iki qitə və 30 rübai də yaratmışdır. Göründüyü kimi, böyük şair Şərq dünyasında məlum olan və bir sıra görkəmli sənətkarların ilhamla qələm işlətdikləri bütün poetik formalarda əsərlər yaratmışdır. Nizaminin qələmindən çıxmış əsərlər insanlarda yüksək zövq, böyük dərrakə və ağıl tərbiyə edən, insanın həm özünü, həm də mühitini çox geniş planda, bütün təzadları ilə təsvir edən uzun ömürlü, ölməz əsərlərdir. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir.

Göstərilənlərin nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami ili” elan olunması haqqında il boyu ölkəmizdə və dünyada silsilə tədbirlərlə qeyd edilməsini nəzərdə tutan, həmçinin yeni nəsillərə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamağı, milli-mənəvi özünüdərk prinsiplərini daha geniş təbliğ etməyi özündə ehtiva edən sərəncamı əsas götürülərək bələdiyyə ərazisində müxtəlif ədəbi-bədii tədbirlərin, görüşlərin keçirilməsinin təşkilində yaxından iştirak edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez