Bələdiyyələrin hesabatlarına dair qanunvericiliyin tələbləri barədə

Bütün bələdiyyələrə

Bələdiyyələrin hesabatlarına dair

qanunvericiliyin tələbləri barədə

Aşkarlıq və şəffaflığın təmin edilməsi, mətbuat xidmətləri, brifinqlər və s. vasitələrlə informasiyanın açıqlanması, ictimai iştirakçılığın genişləndirilməsi ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən əhatəli islahatların mühüm tərkib hissəsidir.

Dövlət başçısı cənab İlham Əliyev korrupsiya, rüşvətxorluq, süründürməçilik və s. neqativ hallarla mübarizədə ictimai nəzarətin ən mühüm və əvəzsiz vasitə olduğunu dəfələrlə vurğulamış, bu sahədə vətəndaşların fəallıq nümayiş etdirmələri üçün dəfələrlə onlara müraciət etmişdir.

Əhalinin qanunvericiliklə müəyyənləşdirilmiş yerli əhəmiyyətli məsələləri özlərinin həll və idarə etmələri üçün seçki yolu ilə formalaşdırdıqları idarəetmə orqanı kimi bələdiyyələr mahiyyətinə görə insanlara, əhaliyə ən yaxın idarəetmə orqanıdır. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin ən mühüm şərtlərindən biri seçicilərinin, yerli əhalinin onlara inamının, dəstəyinin olmasıdır. Yerli əhəmiyyətli problemlərin həllini təşkil etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq bələdiyyələrin əsas vəzifələrindən biridir.

Qeyd olunanlar nəzərə alınaraq, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında onların fəaliyyətində aşkarlıq, şəffaflığın və hesabatlılığın təmin olunmasına yönəlmiş bir çox mühüm müddəalar öz əksini tapmışdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 52-2-ci maddəsi bələdiyyələrin hesabatı ilə bağlıdır. Həmin maddədə bələdiyyələrin Azərbaycan Respublikasının Milli Məclisinə və seçicilərinə hesabat verməsi nəzərdə tutulur.

Qanunvericiliyin tələblərinə əsasən bələdiyyələr iki halda Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər:

1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə;

2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə;

Hesabatlar ilin yekununa görə aprel ayının 1-dək təqdim edilir.

Qanunun 52-2.3-cü maddəsinə əsasən bələdiyyələr illik fəaliyyəti barədə öz seçicilərinə hesabat verir:

· Görülmüş işlər barədə bələdiyyə öz seçicilərinə hesabatı hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi verməlidir. Göründüyü kimi, qanunvericilikdə bu hesabatın verilməsi üçün konkret bir gün müəyyənləşdirilmişdir. Ölkədə fəaliyyət göstərən bələdiyyələr bu hesabatı məhz eyni gündə verməlidirlər;

· Hesabat bələdiyyənin il ərzində gördüyü işləri, o cümlədən bələdiyyə əmlakından istifadə, yerli büdcənin icrası (yerli vergi və ödənişlərin toplanması, büdcə vəsaitinin xərclənməsi), vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu, həyata keçirilən layihələr və s. məsələləri əhatə etməlidir;

· Hesabat yazılı formada tərtib edilərək bələdiyyə iclasının müzakirəsinə təqdim olunmalıdır;

· Hesabat bələdiyyə iclasında təsdiq edilməlidir;

· Hesabat bələdiyyə qərarı ilə təsdiq edildikdən sonra bələdiyyə binasının qarşısında xüsusi lövhədə yerləşdirilməli, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılmalıdır. Hesabatın təsdiq edilməsi barədə qərarda onun əhaliyə çatdırılması məsələsi də öz əksini tapmalıdır;

· Hesabat bələdiyyə qərarı ilə təsdiq edildikdən 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir.

Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla (protokollarla) rəsmiləşdirilən yığıncaqda (yığıncaqlarda) iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edilməsinin “lehinə” səs verdikdə bu barədə qərar qəbul edilir və yığıncağın (yığıncaqların) protokolu (protokolları) bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilir. Protokolun forması və tərtibinə dair tələblər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan protokolu (protokolları) forma və tərtiblə bağlı tələblərə uyğunluq baxımından yoxlayır və uyğunsuzluq aşkar etdikdə protokolu (protokolları) geri qaytarır, uyğunsuzluq aşkar etmədikdə isə 20 gün müddətində bələdiyyənin hesabatı ilə birlikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Hesabat dövründə bələdiyyənin fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə, bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilir.

Bələdiyyələr il ərzində görülmüş işlər barədə seçicilərinə hesabat verməklə yanaşı, həmçinin yerli büdcənin icrası haqqında yarımillik və illik hesabat verirlər. Bələdiyyələrin bu hesabatlarının verilməsi “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən:

· Yerli büdcənin icrası barədə yarımillik hesabat hesabat dövründən sonrakı ayın

15-dək (yəni iyulun 15-dək) illik hesabat isə növbəti ilin yanvarın 30-dək bələdiyyə iclasında müzakirə üçün təqdim edilməlidir;

· Yarım illik və illik maliyyə hesabatları təqdim edildiyi gündən 15 gün ərzində bələdiyyə iclasında müzakirə edilərək təsdiq edilməlidir;

· Yerli əhalinin tanış olması üçün illik maliyyə hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırılmalıdır.

· Adından da göründüyü kimi, qeyd olunan hesabat maliyyə-statistik xarakterlidir. Yarımillik maliyyə hesabatında bələdiyyənin hesabat ili üçün təsdiqlənmiş büdcəsinin icrası, yəni onun mədaxilinin (qəbzlərinin) həm ümumi, həm də büdcədə nəzərdə tutulmuş hər bir mədaxil mənbəyi üzrə icra vəziyyəti, eləcə də məxaricinin (xərclərinin) həm ümumi, həm də büdcədə nəzərdə tutulmuş hər bir xərc istiqaməti üzrə icrası göstərilməlidir. İllik maliyyə hesabatlarında isə illik qeyd olunan göstəricilər öz əksini tapmalıdır.

Bələdiyyələrə metodiki kömək məqsədilə 2020-ci ildə yarımillik və illik maliyyə hesabatlarının nümunəvi formaları hazırlanmış, Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra “Yerli büdcənin icrası üzrə hesabatlılığın təmin edilməsi” və “Yerli büdcənin tərtibi ilə bağlı qanunvericiliyin tələbləri barədə” tövsiyələrlə birlikdə bələdiyyələrə göndərilmişdir.

Lakin buna baxmayaraq, inzibati nəzarətin nəticələrinin təhlili göstərir ki, bələdiyyələr tərəfindən hesabatların verilməsində yenə də, xarakterik qanun pozuntularına yol verilir, bu barədə qanunvericiliyin tələblərinə tam əməl edilmir.

Bələdiyyələr tərəfindən hesabatların verilməsində əsasən aşağıdakı xarakterik qanun pozuntularına yol verilir:

· Bir sıra bələdiyyələr tərəfindən ümumiyyətlə hesabat verilmir;

· Bir çox bələdiyyələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2.3-cü maddəsində nəzərdə tutulan bələdiyyələrin gördüyü işlər barədə illik ümumi hesabat və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsində nəzərdə tutulmuş yerli büdcənin icrası barədə hesabat əvəzinə yalnız qarışıq formada hesabat təqdim edilir. Halbuki, yuxarıda qeyd olunduğu kimi bunlar fərqli hesabatlardır.

· Hər iki hesabatın hazırlanıb bələdiyyə iclasına təqdim olunması, bələdiyyə iclasında müzakirəsi üçün müvafiq qanunlarda konkret müddətlərin müəyyənləşdirilməsinə baxmayaraq əksər hallarda bu müddətlərə əməl edilmir;

· Qeyd olunan hər iki hesabat bələdiyyə qərarı ilə təsdiq edilməli olduğu halda, “qənaətbəxş hesab olunması” və s. barədə qərarlar qəbul edilir;

· Hər iki hesabatın qanunvericilikdə göstərilmiş vasitələrlə əhaliyə çatdırılması nəzərdə tutulsa da, bələdiyyə qərarlarında bir çox hallarda bu məsələ əksini tapmır;

· Bir sıra bələdiyyələr tərəfindən hesabatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmir.

Göstərilən hesabatların müəyyən edilmuş müddətdə tam və dolğun hazırlanıb təqdim olunması, bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə çıxarılması, təsdiq edildikdən sonra qeyd olunan vasitələrlə əhaliyə çatdırılması və inzibati nəzarəti həyata keçirən orqana göndərilməsinin təmin edilməsi bələdiyyə sədrinin və ya bələdiyyənin sədri vəzifəsini yerinə yetirən şəxsin vəzifəsidir. Onlar tərəfindən bu vəzifələrin yerinə yetirilməməsi yerli özünüidarəetmənin hesabatlılıq kimi mühüm prinsipinin pozulmasına, bələdiyyənin fəaliyyətində neqativ halların baş verməsinə şərait yaranmasına səbəb olur. Bu da qanunvericiliyin tələblərinin ciddi pozulması və həmin vəzifəli şəxslər üçün vəzifə məsuliyyəti yaratması deməkdir.

Qanunvericilikdə bələdiyyələrin yuxarıda qeyd olunan hesabatları ilə yanaşı, həmçinin bələdiyyə üzvünün də hesabat verməsi nəzərdə tutulmuşdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü maddısinə əsasən hər bir bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq bələdiyyə üzvü kimi gördüyü işlər, öz fəaliyyəti barədə seçicilərinə hesabat verməlidir. Bələdiyyə üzvləri tərəfindən demək olar ki, qanunvericiliyin bu tələbinə əməl edilmir.

Qeyd olunanlar nəzərə alınaraq bələdiyyələrin fəaliyyətində hesabatlılığın təmin olunması üçün qanunvericiliyin tələblərinə tam və dəqiq əməl edilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez