Respublikamızda ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı barədə

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevirmişdir. Demoqrafik artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayan təbii ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. Şübhəsiz ki, ətraf mühitlə bağlı problemlər bütün insanları narahat edir və bu problemlərin öyrənilməsi bəşəriyyətin inkişafının ən vacib tələblərindən biridir.

Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Hər bir ölkənin özünəməxsus ətraf mühit strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.

Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətlərindədir.

Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.

Ölkəmiz müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüquqları vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmçinin dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir. Eyni zamanda ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

Əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasəti həyata keçirilir.

Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur. Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də təbiətin mühafizəsini, ekoloji vəziyyətin yaxşılaşdırılmasını və vətəndaşların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Əsası ulu öndər tərəfindən qoyulmuş bu strategiya onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuşdur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə ölkə başçısı tərəfindən bir sıra mühüm sənədlərin qəbul edilməsi bu sahənin ölkədə prioritet olduğunu göstərir. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı və ya bu qəbildən olan tədbirləri özündə əks etdirən üzunmüddətli proqramlardan biri də ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”dir. Burada ətraf mühitin qorunması, təbii resursların mühafizəsi və təbii-iqlim amillərinin kənd təsərrüfatına təsirlərinin idarə olunması sisteminin yaradılması nəzərdə tutlmuşdur. Bu sənəddə ətraf mühitin qorunmasında ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasının önəmli yer tutması qeyd edilmişdir.

Strateji Yol Xəritəsinin Tədbirlər Planında bələdiyyələrin də iştirakı nəzərdə tutulmuşdur. Belə ki, ekoloji təmiz məhsul istehsalının təşviqi ,ekoloji təmiz məhsul istehsal edən fermerlərin formalaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsulları bazarının inkişaf etdirilməsi tədbirlərinin əsas icraçısı digər dövlət orqanları olsalar da, bu tədbirlərin icrasında iştirak etmək bələdiyyələrə də tövsiyə edilmişdir.

Bununla yanaşı, Strateji Yol Xəritəsində bələdiyyələrə torpaqdan səmərəli istifadənin təmini və torpaqların rekultivasiyası üzrə tədbirlərin həyata keçirilməsi tövsiyə edilmişdir.

Ekoloji siyasət hər zaman dövlət siyasətinin əsasını təşkil etmişdir. Bunun bariz nümünəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə sənədi göstərmək olar ki, qeyd olunan sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulmuşdur ki, onlardan biri də “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi prioritetidir. Bu prioritetin uğurla reallaşdırılması üçün yüksək kefiyyətli ekoloji mühitin, yaşıl enerji məkanının yaradılmasının təmin edilməsi əsas məqsəd olmalıdır. Bu prioritetə görə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlıı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.

Ekologiya sahəsində qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin yerli idarəçilikdə ekolgiya sahəsi ilə bağlı hüquq və vəzifələri, səlahiyyətləri müəyyənləşdirilmişdir.

Belə ki, “Bələdiyyələrin statusu haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində bələdiyyələrlə bağlı müddəallar da öz əksini tapmışdır.

Bələdiyyələrin yerli ekoloji proqramlarında məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

Ətraf mühitin qorunması və sağlamlaşdırılmasında yaşıllıqların artrılması və qorunması da çox mühümdür. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri kimi yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək, yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu - monitorinqini aparmaq, yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək, ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirməkdən ibarətdir.

Bələdiyyələrin torpaqların münbitliyinin təmin olunması, torpaq və su münasibətlərinin tənzimlənməsi, xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə, əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahələrində də səlahiyyətləri müəyyənləşdirilmişdir.

Bələdiyyələrin əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində ekoloji tədris fəaliyyətini həyata keçirən hüquqi şəxslər yaratmaq, dövlət və bələdiyyə təhsil müəssisələrindən, məlumat-tədris bazasından istifadə etmək, əhalinin ekoloji təhsili və maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənməsi və təkmilləşdirilməsi baxımından təkliflər irəli sürmək kimi səlahiyyətlərini qeyd etmək olar.

Təcrübədə bir sıra bələdiyyələr ekoloji mühitin qorunmasında iştirak etsələr də, onların iştirakı proqram xarakterli olmadığı üçün ardıcıl olmur. Ona görə də, hər bir bələdiyyə öz ərazisində ekoloji problemləri öyrənməli və onların həlli üçün proqram qəbul etməli, yerli büdcədə bu proqramın icrasına yönələcək xərcləri müəyyən etməlidir.

Həmçinin belə proqramların maliyələşməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr birdəfəlik ödənişlər tətbiq edə bilərlər.

Beləliklə ekoloji mühitin qorunması özündə kompleks tədbirləri ehtiva etməlidir. Ekoloji mühitin qorunması dedikdə ətraf mühitin, havanın, suyun, torpağın, meşənin, yaşıllıqların qorunması başa düşülməlidir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Bu baxımdan yerli idarəçilikdə dövlət səviyyəsində ekoloji baxımdan qəbul edilmiş proqramlar izlənilməklə mühüm ekoloji tədbirlər həyata keçirilməlidir. Ətraf mühitin qorunması hamımızın başlıca vəzifəsi olmalıdır. Sağlam mühit, təmiz cəmiyyət, yaşıllıqların artırılması və s. bu kimi hallarla bağlı bələdiyyələr yerli səviyyədə əhali ilə mütəmadi görüşlərin təşkilinə diqqət yetirməli, yerli əhalinin ekoloji cəhətdən maarifləndirlməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.

Ekoloji mühitin qorunması sahəsində bələdiyyə üzvlərinin və qulluqçularının hüquqi biliklərinin artırılmasına kömək məqsədilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı” və “Yaşıllıqların mühafizəsi və götürülməsi ilə bağlı” qanunvericiliyin tələbləri barədə tövsiyələr hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.

Ümid edirik ki, ekoloji mühitin qorunmasında Respublikamızda aparılan tədbirlərə vətəndaşların, yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirən və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasına əsasən dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanına malik olan bələdiyyələrin müsbət dəstəyi ekoloji sahənin daha da inkişafına müsbət təsir göstərəcəkdir.

Laləzar Arif qızı Əlizadə,

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin

məsləhətçisi

III dərəcəli ədliyyə qulluqçusu

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez