Ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatlar uğurla davam etdirilir.
Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra- İKT) təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir.
Təqdirəlayiq haldır ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir.Son illər Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan İKT sahəsi inkişaf səviyyəsinə görə milli iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha intensiv inkişaf edən sahə hesab olunur. Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun formalaşdırılması, elektron hökumətin təşkili və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan İKT sahəsi daha dinamik inkişaf etməkdədir.
Ümumiyyətlə, İKT sahəsi ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində mühüm rol oynayır. Azərbaycanda İKT sahəsinin inkişafının sürətləndirilməsi, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilərək ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının daha da liberallaşdırılması və özəl sektorun inkişafı məqsədilə mühüm işlər görülmüş, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yönündə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən informasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
· milli informasiya fəzasının formalaşdırılması;
· informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və meydana çıxan münasibətlərin tənzimlənməsi;
· informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin bütün formalarının inkişafına, informasiya məhsulları və xidmətləri bazarının formalaşmasına yardım edilməsi;
dövlət informasiya ehtiyatlarının formalaşdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması;
· ərazi informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq informasiya şəbəkələri ilə uzlaşması, qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin təyin edilməsi;
· dövlət informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə təmin olunması üçün şərait yaradılması;
· informasiya fəzasında milli təhlükəsizliyin təmin edilməsi;
· informasiya məhsulları və xidmətləri bazarında informasiya münasibətlərinin subyektləri, o cümlədən xarici subyektlər tərəfindən inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması və yol verilməməsi;
· informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması;
· informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
· informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması;
· informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi.
Həmin Qanunun 7-ci maddəsində qeyd olunur ki, dövlət informasiya ehtiyatlarının formalaşdırılmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar iştirak edə bilərlər.
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya ehtiyatları və ya onların müəyyən hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən milli informasiya ehtiyatları elan edilə bilər və milli sərvət kimi mühafizə edilməlidir.
Qanunun 14-cü maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci 16 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə əsasən açıq dövlət və bələdiyyə informasiya ehtiyatlarının mülkiyyətçiləri və istifadəçiləri bu ehtiyatları internet şəbəkəsi də daxil olmaqla, informasiya mübadiləsi üçün istifadə edilən informasiya sistemləri və şəbəkələrinə, rabitə şəbəkələrinə qoşan texniki vasitələri dövlət sirri təşkil edən məsələlərin müzakirə olunduğu və məxfi danışıqların aparılması nəzərdə tutulan yerlərdən kənarda yerləşdirməlidirlər.
Dövlət orqanları və bələdiyyələr "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sertifikatlaşdırılmış informasiya sistemlərindən, məlumat bazalarından, məlumat banklarından, informasiya mühafizə vasitələrindən istifadə etməli və informasiya ehtiyatlarının və proseslərinin mühafizəsini təmin etməlidirlər.
Dövlət orqanları və bələdiyyələr inteqrasiya oluna bilən İnternet saytlarına malik olmalıdırlar. Sayt üzərindən informasiya sorğularının qəbulu və saytdan informasiya sahibinin sənədlərinin reyestrinə müraciət edib məlumat əldə edilməsi imkanları təmin edilməlidir.
Dövlət orqanları və bələdiyyələrin internet saytları aşağıdakı texniki tələbatları ödəməlidir:
Həmin Qaydaların 13-cü bəndinə əsasən, dövlət orqanlarında və bələdiyyələrdə informasiya və kommunikasiya texnologiyaları mühiti yaradılmalıdır. Dövlət orqanlarının və bələdiyyələrin İKT mühitinin yaradılmasını aşağıdakı proseslər təşkil edir:
· dövlət orqanlarının və bələdiyyələrin kompüterləşdirmə və avtomatlaşdırma prinsipinə uyğun iş rejiminə keçməsi;
· dövlət orqanlarının və bələdiyyələrin lokal şəbəkəyə malik olması;
· İnternet şəbəkəsinə çıxışın təmin edilməsi;
· dövlət orqanlarının və bələdiyyələrin elektron poçt ünvanının olması;
· İnternet şəbəkəsindən istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi;
· "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun elektron sənəd dövriyyəsinin təmin edilməsi;
· İKT üzrə müvafiq struktur bölmənin mövcudluğu və bu sahədə mütəxəssislərə malik olması.
Dövlət orqanları və bələdiyyələrin İKT üzrə struktur bölməsi aşağıdakı funksiyaları yerinə yetirir:
· məlumatların təhlükəsizliyinin qorunması;
· məlumat bazaları ilə bağlantının sürətlə həyata keçirilməsi;
· sorğuların emalının sürətlə həyata keçirilməsi;
· internet şəbəkəsi ilə əlaqəsinin kəsilməzliyi;
· zəruri hallarda optimal genişləndirilməsi;
· məlumat bazalarının ehtiyatlarının (rezervlərinin) təmin olunması.
İnformasiya resursunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə vaxtaşırı həmin resursun ehtiyat nüsxəsi (Back Up) informasiya daşıyıcılarına köçürülməli və ya digər üsullardan istifadə olunmalıdır.
Bələdiyyələrdə elektron idarəetmə sisteminin tətbiqi yerli özünüidarəetmə orqanlarının statusu, miqyasları, hüquq və vəzifələri üzrə aparılan struktur, institutsional və sosial-iqtisadi, hüquqi islahatlarla paralel həyata keçirilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 27.02.2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.4-cü bəndində bələdiyyələrlə işin səmərəliliyinin artırılması və aşkarlığın təmin edilməsi məqsədilə “Bələdiyyələrlə iş portalı”nın yaradılması tapşırığı da müəyyən edilmişdir (icra müddəti 2020-2022).
Hazırda ilkin mərhələdə “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilmişdir. Yeni yaradılmış elektron resursda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının
yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılmış, nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi o cümlədən bələdiyyə aktlarının inzibati nəzarət orqanına elektron qaydada göndərilməsi təşkil olunmuşdur. Ədliyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş keçid üzərindən portala daxil olmaq üçün nazirliyin aidiyyəti əməkdaşlarına, habelə zəruri avadanlıq və internetə çıxış imkanı olan bütün bələdiyyələrə istifadəçi adı və şifrələr təqdim olunmuş, portaldan istifadə qaydaları ilə bağlı pandemiya şəraiti nəzərə alınaraq video təlimat hazırlanmışdır. Portaldan istifadə barədə maarifləndirilmə üçün video təlimat bələdiyyələrə göndərilmişdir. Hazırda Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin demək olar ki, hamısı, regionlarda isə bələdiyyələrin xeyli hissəsi portaldan istifadə edir.
İdarəçilikdə İKT-dən istifadə bir çox sahələrdə cəmiyyətin informasiyaya olan ehtiyacının tam ödənilməsinə, bütövlükdə idaəretmənin effektivliyinin artırılmasına və dövlət idarəetmə strukturlarının vətəndaşlarla və təşkilatlarla qarşılıqlı münasibətlərinin yaxşılaşdırılmasına şərait yaradır. İKT-dən istifadə bələdiyyə qurumlarının vətəndaşlarla və müəssisələrlə informasiya sahəsində qarşılıqlı münasibətini daha əlçatan edir.
İnformasiya texnologiyalarının tətbiqi bələdiyyələrdə təkcə texniki təchizat səviyyəsini qaldırmır, eyni zamanda onun idarəetmə sistemini təkmilləşdirir, daxil olan və xərclənən vəsaitlərə tam nəzarəti təmin edir, gələcək inkişaf startegiyasının qurulmasına yardımçı olur və ən əsası qurumun fəaliyyətində şəffaflığı, korrupsiya və digər neqativ hallara imkan verən şəraitin aradan qalxmasını təmin edir.
Beləliklə, yerli özünüidarənin təşkili və idarəetmə qərarlarının qəbulu proseslərində müasir və mütərəqqi texnologiyaların tətbiqi, ümumilikdə bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsinə və idarəetmə keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilər.
Bələdiyyələrin daha səmərəli fəaliyyəti üçün milli qanunvericiliyin bizə verdiyi imkanlar daxilində yeni innovativ yollar axtarılmalı və mövcud yerli resurslardan tam həcmdə istifadə olunmalıdır. Bunun üçün isə bələdiyyələrin müvafiq informasiya bazasına malik olması və peşəkar kadrların işə cəlb edilməsi vacib şərtlərdəndir. Ölkə bələdiyyələrində yerli idarəetmənin təşkili prosesində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı ixtisaslı kadrlar işə cəlb edilməli, habelə bu sahədə peşəkar kadrların hazırlanması istiqamətində bələdiyyə üzv və qulluqçuları üçün seminar və təlimlər təşkil edilməlidir.
Qeyd olunanlar nəzərə alınaraq, bələdiyyə üzv və qulluqçularının İKT imkanlarından istifadə sahəsində bilik və bacarıqlarının artırılması, İKT geniş tətbiq olunmaqla idarəçiliyin təkmilləşdirilməsi, fəaliyyətdə şəffaflıq və aşkarlığın təmin edilməsi məsələlərinin diqqətdə saxlanılması tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi