Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Azərbaycan Respublikasının qanunvericilik sistemi Konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından ibarətdir. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyələr yerlərdə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
Yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Yerli (bələdiyyə) vergi və ödənişləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları” və digər hüquqi aktlar vasitəsilə tənzimlənir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (bundan sonra Konstitusiya Qanunu) 4-cü maddəsinə əsasən yerli özünüidarə orqanlarının qərarları normativ xarakterli aktlar siyahısına daxildir. Bu Konstitusiya Qanununa əsasən normativ xarakterli akt məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.
Konstitusiya Qanununun 4.3-cü maddəsinə əsasən yerli özünüidarəetmə orqanlarının normativ xarakterli aktları müvafiq normativ hüquqi akt əsasında qəbul edilməli və onun müvafiq normasına istinad etməlidir. Yəni, bələdiyyələrin qəbul etdiyi normativ xarakterli aktlar qəbul edilmə məqsədindən asılı olaraq, həmin məsələni tənzimləyən normativ hüquqi aktın (konstitusiya, qanun, fərman və s.) müvafiq normasına (maddəsi, bəndi, hissəsi) əsaslanmalıdır.
Bələdiyyələrin normativ xarakterli aktları Azərbaycan Respublikası Konstitusiyasına, referendumla qəbul edilmiş aktlara, qanunlara, fərmanlara, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına uyğun olmalı, həmin normativ hüquqi aktlarla ziddiyyət təşkil etməməlidir.
Yerli özünüidarə orqanlarının normativ xarakterli aktları hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi və s. prinsipləri nəzərə alınmalıdır.
Konstitusiya Qanununa əsasən normativ xarakterli aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədilə aktın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməlidir. Yerli özünüidarə orqanlarının normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında təqdim edilir. Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur və Dövlət Reyestrinə daxil edildikdən sonra hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
Qanunvericiliklə bələdiyyələrə verilmiş səlahiyyətlərin icrası məqsədilə bəzi hallarda normativ xarakterli akt qəbul etmək zərurəti yaranır.
Belə ki, “Yerli (bələdiyyə) vergi və ödənişləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsində nəzərdə tutulmuş bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin maksimum miqdarı müəyyənləşdirilmişdir (hər bir şəxs üçün sutkada 1.1 manatdan çox olmamaqla).
Həmçinin Qanunun 9.1.5-ci maddəsi bələdiyyələrə öz əraziləri daxilində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişin miqdarını müəyyən etmək səlahiyyəti verilmişdir (hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla).
Göründüyü kimi bəzi yerli ödənişlərin miqdarı ilə bağlı Qanunda ancaq yuxarı hədd müəyyənləşdirilmişdir. Ödənişin konkret miqdarının, dərəcəsinin müəyyənləşdirilməsi isə öz ərazisi daxilində bələdiyyələrin səlahiyyətinə verilmişdir. Bələdiyyələr normativ xarakterli aktlar qəbul etməklə qeyd olunan məsələlərin konkret tənzimlənməsini təmin etməlidirlər.
Qeyd edilməlidir ki, Qanunun 10.1-ci maddəsinə əsasən yerli vergilərin dərəcələri Azərbaycan Respublikasının vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Lakin Qanunun 10.2-ci maddəsinə əsasən bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər. Bələdiyyələr bu səlahiyyətlərindən istifadə edərkən də normativ xarakterli aktlar qəbul etməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən yerli özünüidarə orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir.
Müvafiq Qaydaların 2.4-cü bəndinə əsasən yerli özünüidarə orqanlarının normativ xarakterli aktları hazırlanarkən hüquq məsələləri daimi komissiyasının (hüquqşünasın) iştirakı mütləqdir. Habelə 2.6-cı bəndin tələblərinə əsasən isə normativ xarakterli aktda
digər dövlət orqanlarının fəaliyyəti ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.
Həmçinin yerli özünüidarə orqanları normativ xarakterli aktların layihələrini icra aparatlarının, daimi və başqa komissiyalarının iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilərlər.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən yerli vergi və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələrinin təhlili göstərir ki, forma və məzmun baxımından bələdiyyə qərarlarının düzgün tərtib edilməməsi, qanunvericiliyə istinadların yanlış olması, terminlərin mahiyyəti üzrə istifadə olunmaması, qərarların kifayət qədər aydın və anlaşılan formada olmaması kimi qanunvericiliyin tələblərinə əməl edilməməsi hallarına rast gəlinir.
Göstərilənləri nəzərə alaraq müvafiq məsələlərin dəqiq tənzimlənməsi məqsədilə normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi prosesinə diqqətin artırılması, yerli özünüidarə sahəsində qanunçuluq prinsipinin tələblərinə riayət edilməsi məqsədilə yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi zamanı yuxarıda qeyd edilmiş qanunvericilik aktlarının tələblərinə əməl olunması tövsiyə edilir.