Ölkəmizdə ümummilli lider Heydər Əliyevin idarəçilik strategiyasının milli maraqlar, sosial ədalət və demokratiyanın təmini prinsiplərinə əsaslanan milli və müasir idarəetmə modelinin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Hazırda Azərbaycan güclü siyasi iradəyə əsaslanan sistem xarakterli mütərəqqi islahat tədbirləri, inkişaf tempi ilə də dünyanın diqqət mərkəzindədir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əhatəli mütərəqqi islahatlar nəticəsində ölkə həyatının bütün sahələri dinamik inkişaf edir, idarəetmə mexanizmiləri təkmilləşdirilir, korrupsiyaya və digər neqativ hallara şərait yaradan hallar aradan qaldırılaraq insanların məmnunluğu təmin edilir. Azərbaycan dövləti tərəfindən əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edən, onların rifahının yaxşılaşmasına yönəlmiş geniş sosial islahatlar həyata keçirilir.
Demokratik idarəetmə sisteminin bir qolu kimi bələdiyyələrin də fəaliyyətinin təşkilinin hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmişdir. Belə ki, Konstitusiyanın 142-ci maddəsinin I hissəsinə əsasən ölkəmizdə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla mahiyyət etibarı ilə yerli əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan da, bələdiyyələrin yerli əhalinin onların fəaliyyəti ilə yaxından tanış olması üçün şəraitin yaradılması yerli özünüidarəetmənin mahiyyətindən irəli gələn ən vacib tələblərdir və buna əməl edilmədən yerli özünüidarəetməni təsəvvür etmək mümkün deyildir.
Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinə əsasən bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən bələdiyyə öz səlahiyyətinə aid məsələləri qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər.
Bələdiyyənin daimi və başqa komissiyalarının yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq, yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq, bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq, seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək kimi vəzifələri vardır.
Daimi və başqa komissiyalar onları seçmiş bələdiyyə qarşısında məsliyyət daşıyır və ona hesabat verir. Daimi və başqa komissiyalar yaradılarkən yerli əhəmiyyətli məsələlər nəzərə alınır və onlar “Bələdiyyənin daimi və başqa komissiyaları haqqında” Əsasnamə, bələdiyyənin nizamnaməsi əsasında fəaliyyət göstərirlər.
“Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamə 14 aprel 2000-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.
“Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnaməyə əsasən bədiyyələr öz səlahiyyətləri müddətində daimi və başqa komissiyalar yarada bilərlər. Bələdiyyələrin daimi və başqa komissiyalarının əsas vəzifələri "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir.
Bələdiyyənin daimi və başqa komissiyaları öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və digər normativ-hüquqi aktlarını habelə müvafiq bələdiyyələrin qərarlarını rəhbər tuturlar. Bələdiyyələrin komissiyaları öz fəaliyyətində müvafiq bələdiyyə ərazisində yaşayan vətəndaşların mənafe ümumiliyini əsas götürürlər.
Bələdiyyələr işlərinin həcmini, maliyyə vəziyyətini və ehtiyaclarını nəzərə alaraq müvafiq sayda daimi və başqa komissiyaları yaradırlar. Bələdiyyələrin daimi komissiyaları bələdiyyələrin səlahiyyət müddəti ərzində səlahiyyətlidirlər. Daimi və başqa komissiyaların say tərkibi bələdiyyə tərəfindən müəyyən edilir. Daimi və başqa komissiyaların tərkibi azı üç bələdiyyə üzvündən ibarət olmalıdır. Komissiyanın tərkibinə daxil olan şəxslər bələdiyyələrin iclaslarında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə seçilir və bələdiyyənin qərarı ilə rəsmiləşdirilir. Bələdiyyə üzvü bir neçə daimi komissiyanın üzvü ola bilər. Daimi komissiyalar iclaslarında təsdiq olunmuş plan üzrə fəaliyyət göstərirlər və azı ayda bir dəfə bələdiyyəyə öz fəaliyyətləri ilə bağlı hesabat verirlər. Daimi komissiyalar səyyar iclasları da keçirə bilərlər.
Daimi və başqa komissiyaların iclasları onların üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyə sədrinin tələbi ilə daimi və başqa komissiyaların növbədənkənar iclası çağırıla bilər. Üzvlər iclas gününə azı 2 (iki) gün qalmış xəbərdar edilməlidirlər.
İclaslarda baxılan məsələlər barədə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Bu Əsasnaməyə müvafiq olaraq bir neçə daimi və başqa komissiyaların birgə iclası keçirildikdə, qərarlar hər bir komissiya üzvlərinin iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur.
Daimi və başqa komissiyalar öz səlahiyyətlərinə aid məsələlər barəsində bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərlərinin məruzələrini öz iclaslarında dinləyə bilər, öz səlahiyyətlərinə aid məsələlər barəsində bələdiyyənin icra aparatına müraciət edə bilərlər.
Daimi və başqa komissiyaların təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini bələdiyyənin icra aparatı həyata keçirir.
Daimi və başqa komissiyalar bələdiyyələrin müzakirəsinə çıxarılan məsələlər üzrə öz məruzəçilərini təyin edirlər. Daimi və başqa komissiyaların birgə hazırladıqları məsələlər üzrə komissiyalar birgə məruzə və əlavə məruzələrlə çıxış edə bilər və ya öz rəy və təkliflərini ayrıca təqdim edə bilərlər.
Komissiyalar öz səlahiyyətlərinə aid məsələlər barəsində bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərlərinin məruzələrini öz iclaslarında dinləməklə yanaşı, bələdiyyənin icra aparatına, həmçinin bələdiyyə müəssisə, idarə və təşkilatlarına sorğu ilə müraciət edə bilərlər. Daimi və başqa komissiyaların müraciəti zamanı onların müzakirəsinə verilmiş məsələlərin başqa daimi komissiyaların da səlahiyyətinə aid olduğunu müəyyən etdikdə, yaxud başqa daimi komissiyaların həmin məsələlərə dair rəy verməsində zərurət olduqda, bu barədə bələdiyyənin sədrinə təklif vermək imkanına malikdirlər.
Bir və ya bir neçə daimi və başqa komissiyaların səlahiyyətlərinə aid məsələlərin müzakirəsi məqsədi ilə komissiyaların özlərinin təşəbbüsü, habelə bələdiyyənin tapşırığı ilə daimi və başqa komissiyalar birgə iclaslar keçirə bilərlər. Komissiyaların birgə iclasında sədrlik edən komissiyaların üzvləri tərəfindən seçilir.
Daimi və başqa komissiyalar bələdiyyələrin iclaslarında onların səlahiyyətlərinə aid məsələlər üzrə bələdiyyələrin tabeliyində olan müəssisə, idarə və təşkilatların, habelə bələdiyyənin vəzifəli şəxslərin məlumatlarını dinləmək barədə təklif verə bilərlər.
Daimi və başqa komissiyalarının iclaslarına həmin komissiyanın tərkibinə daxil olmayan bələdiyyə üzvləri, bələdiyyənin tabeliyində olan müəssisələrin, idarə və təşkilatların nümayəndələri, mütəxəssislər və alimlər (ekspertlər) dəvlət oluna bilərlər.
Daimi və başqa komissiyaların sədri komissiyanın işinə rəhbərlik edir, komissiyanın iclasının vaxtını təyin edir, bələdiyyənin icra aparatı ilə birlikdə komissiyanın işini təşkil edir, komissiya üzvlərini zəruri sənədlər və materiallarla təmin edir, ayrı-ayrı komissiya üzvlərinə tapşırıqlar verir, komissiyanın işini başqa komissiyaların işi ilə əlaqələndirir, iclaslar üçün lazımi materialların hazırlanmasını təşkil edir, bələdiyyənin tabeliyində olan müəssisələrin, idarə və təşkilatların nümayəndələri, mütəxəssisləri komissiyanın iclaslarında iştirak etmək üçün dəvət edir, komissiyanın iş planının yerinə yetirilməsinə nəzarət edir. Daimi və başqa komissiyaların sədri komissiyanın iclasında iştirak edə bilmədikdə onun vəzifələrini sədrin müavini, sədrin müavini seçilməyən komissiyalarda isə bələdiyyənin sədrinin tapşırığına əsasən komissiyaların üzvlərindən biri icra edir.
Daimi və başqa komissiyaların üzvü onların fəaliyyətində iştirak etməyə, qərarlarının həyata keçirilməsinə kömək etməyə və tapşırıqlarını yerinə yetirməyə borcludur.
Sözügedən Əsasnaməyə əsasən daimi və başqa komissiyaların üzvünün komissiyalarda baxılan bütün məsələlər üzrə həlledici səs hüququ vardır. Onun daimi və başqa komissiyalarda nəzərdən keçirilmək üçün məsələlər təklif etmək, həmin məsələlərin hazırlanması və müzakirəsində iştirak etmək, müzakirə olunan məsələlərlə əlaqədar bələdiyyələrin tabeliyində olan müəssisə, idarə və təşkilatların, habelə bələdiyyənin vəzifəli şəxslərini dinləmək barədə təkliflər vermək hüququ vardır.
Daimi və başqa komissiyaların iclasları protokollaşdırılır və sədr tərəfindən imzalanır. Birgə qəbul edilən qərarları, rəyləri və birgə iclaslarının protokollarını müvafiq komissiyaların sədrləri imzalayırlar.
Daimi və başqa komissiyalar öz fəaliyyətləri haqqında ictimaiyyətə mütəmadi olaraq məlumat verirlər. Daimi və başqa komissiyaların iclaslarında kütləvi informasiya vasitələrinin nümayəndələri sərbəst iştirak edə bilərlər.
“Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əsasnamənin 22-ci maddəsinə əsasən bədiyyələr aşağıdakı daimi komissiyalar yarada bilərlər:
1) Yerli büdcə məsələləri daimi komissiyası:
yerli vergilərə və ödənişlərə, yerli büdcəyə aid qərar layihələrini hazırlayır və ya təqdim olunmuş qərar layihələrinə dair rəy verir;
yerli büdcəyə nəzarətlə bağlı məsələlərlə baxır və bələdiyyəyə təkliflər verir;
yerli büdcə layihəsinə dair başqa daimi komissiyaların təkliflərinə baxır və bu təkliflər barəsində rəy hazırlayır;
yerli büdcənin icrası ilə bağlı hesabatlara dair rəy hazırlayır;
bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.
2) Yerli sosial məsələlər daimi komissiyası:
yerli sosial müdafiə və sosial inkişaf, o cümlədən əmək, məşğulluq, sosial təminat və digər yerli sosial məsələlər də daxil olmaqla, proqramların layihələrini, arayışlar, qərar layihələri hazırlayır və ya təqdim olunmuş yerli sosial müdafiə və sosial inkişaf proqramların layihələrinə və digər qərar layihələrinə dair rəy verir;
bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.
3 ) Yerli ekologiya məsələləri daimi komissiyası:
yerli ekoloji proqramların layihələrini, arayışlar, qərar layihələri hazırlayır və ya təqdim olunmuş yerli ekoloji proqramları layihələrinə və qərar layihələrinə dair rəy verir;
bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.
4) Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası:
yerli iqtisadi inkişaf proqramları layihələrini (o cümlədən bələdiyyə mülkiyyətinin (bələdiyyə torpaqları da daxil olmaqla) səmərəli istifadəsi, bələdiyyələrin təsərrüfat fəaliyyətinin təşkili də daxil olmaqla), arayışlar, qərar layihələrini hazırlayır və ya təqdim olunmuş yerli iqtisadi inkişaf proqramların layihələrinə və qərar layihələrinə dair rəy verir;
bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.
5) Hüquq məsələləri daimi komissiyası:
bələdiyyənin qərar layihələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu haqqında, bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və ya onlara xitam verilməsi məsələlərinə, yerli rəy sorğusuna çıxarılan məsələlərə dair rəy verir;
bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.
İnzibati nəzarətin həyata keçirilməsi, bələdiyyə aktlarının qanunauyğun olub-olmamasının müəyyən edilməsi zamanı Bələdiyyələrlə iş mərkəzi tərəfindən coxsaylı metodiki vəsaitlərin, tövsiyələrin hazırlanıb qanunvericiliyin tələblərinin izah olunmasına baxmayaraq bir sıra bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin dəqiq müəyyən edilmiş uçotunun aparılmaması, debitor borcları ilə bağlı pul vəsaitlərinin məcburi icraya yönəldilməməsi, dotasiyadan təyinatına uyğun istifadə edilməməsi, yerli büdcənin icrası haqqında (maliyyə hesabatı) hesabatlar bələdiyyənin il ərzində gördüyü işlər barəsində hesabtlarla qarışdırılması, yerli büdcənin müzakirəsi və təsdiqi ilə bağlı qanunvericilikdə konkret müddətlərin müəyyənləşdirilməsinə baxmayaraq əksər hallarda bu müddətlərə əməl edilməməsi, ekoloji tarazlığın qorunması ilə bağlı tədbirlərin həyata keçirilməməsi, bələdiyyə torpaqlarının səmərəli istifadə edilməməsi və.s qanun pozuntularına yol verildiyi müəyyən edilir. Qeyd olunan qanun pozuntuları bələdiyyənin tərkibində fəaliyyət göstərən, bələdiyyə iclaslarına müxtəlif qərar layihələri hazırlayıb təqdim edən daimi və başqa komissiyaların da fəaliyyətində mütləq nəzərə alınmalıdır.
Təhlillər göstərir ki, bir çox bələdiyyələrdə daimi komissiyalar formal xarakter daşıyır, onların demək olar ki, fəaliyyəti yoxdur. Halbuki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi daimi komissiyaların üzərinə mühüm vəzifələr düşür, bələdiyyə idarəçiliyində onlar mühüm rol oynamalıdırlar. Bələdiyyələrin fəaliyyətində kollegiallığın təmin edilməsi, bələdiyyə üzvlərinin yerli özünüdarəetmənin həyata keçirilməsində fəal iştirakları daimi komissiyaların fəaliyyətindən çox aslıdır. Bələdiyyə iclasının müzakirəsinə çıxarılan məsələlərin, o cümlədən yerli büdcə layihəsinin, hesabatların, müxtəlif proqram layihələrinin əsaslı və əhatəli hazırlanması, qərar layihələrinin qanunauyğun tərtibi, bələdiyyənin icra aparatının məhsuldar fəaliyyəti və sair mühüm məsələlərin həlli nəticə etibarı ilə bələdiyyənin fəaliyyətinin qanunauyğun və səmərəli təşkilinə nail olunması daimi komissiyaların öz üzərlərinə düşən vəzifələrin necə icra edilməsindən bilavasitə aslıdır.
Bələdiyyələrin daimi və başqa komissiyalarının fəaliyyətinin genişləndirilməsi və canlandırılması məqsədi ilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən verilmiş metodoloji tövsiyələr əsasında bəzi bələdiyyələrdə Gənclər və idman, Gender bərabərliyi komissiyaları yaradılmışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bələdiyyələrə daimi komissiyalar tərəfindən seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin təşkil olunması, görüşlər zamanı seçicilərin müraciətlərinin qanunvericiliyə əsasən həll olunması, eyni zamanda daimi komissiyaların fəaliyyətinin qanunauyğun təşkil olunması üçün yuxarıda göstərilənlərin nəzərə alınması tövsiyə olunur.
Bələdiyyələrlə İş Mərkəzi