“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınmış, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bunun sayəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluğun səviyyəsi minimuma enmişdir. Məqsədyönlü islahatlar sayəsində ölkəmizdə son 17 ildə iqtisadiyyatın həcmi 3 dəfədən çox artmış, həmçinin güclü sosial-iqtisadi infrastruktur yaradılmışdır. Məhz bunların sayəsində Azərbaycan mövcud maliyyə imkanlarını tarixi maksimuma çatdırmış və yuxarı orta gəlirli dövlətlər qrupunda yerini möhkəmləndirmişdir.

Hazırda iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur və bu prioritetlərin müəyyən edilməsi günün tələbindən irəli gəlmişdir. Çünki dünyada gedən siyasi-iqtisadi proseslər qarşıya iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi vəzifəsini qoyur. Bu səbəbdən, sənəddə qeyd edildiyi kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini, eləcə də buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Milli Prioritetlər dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olmaqla yanaşı, milli maraqlar və strateji planlamanın da vəhdətini təşkil edir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır və bu konsepsiyanın reallaşması bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur. Təsdiqlənən sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulmuşdur:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

“Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioriteti iqtisadiyyatın inkişaf etdirilməsi yollarını müəyyən edir. Belə ki, bu prioritet ölkədə adambaşına düşən milli gəliri artırmaqla, ölkəzimizdə neft sektoru ilə yanaşı qeyr-neft sektorunu inkişaf etdirməklə, dövlət və özəl əməkdaşlığı gücləndirilməklə, kiçik və orta sahibkarlığı inkişaf etdirməklə, kapital və sığorta bazarının inkişafını sürətləndirməklə, xarici investorları cəlb etməklə, makroiqtisadi sabitliyi möhkəmləndirməklə iqtisadiyyatın davamlı və yüksək sürətlə inkişafına nail olmağı özündə ehtiva edir. Qeyd olunan prioritetlə bağlı yerli səviyyədə bələlədiyyələr tərəfindən qanunvericiliyin tələbləri ilə onlara verilmiş səlahiyyət çərçivəsində tədbirlər həyata keçirilməlidir. Ölkədə biznes mühitinin yaxşılaşdırılmasının, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin, əhalinin məşğuluğunun təmin edilməsinin əhəmiyyətini və bu sahədə bələdiyyələrin fəal iştirakının vacibliyini nəzərə alaraq bələdiyyələr özlərinin təsərrüfat və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yaratmaq hüququnun geniş tətbiqinə çalışlmalı, həmçinin əhatəli iqtisadi proqramların hazırlanıb həyata keçirilməsi, bələdiyyə torpaqlarının məqsədli təyinatına uyğun səmərəli müasir texnologiyalar tətbiq olunmaqla istifadəsi, az yararlı və yararsız torpaqların yararlı hala salınaraq dövriyyəyə cəlb edilməsi təmin olunmalıdır.

“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” prioriteti yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahının mühüm amil olduğunu müəyyən edərək inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafının təmin edilməsinin vacibliyini özündə əks etdirir. Bu prioritet üzrə nəzərdə tutulmuş istiqamətlərin yerli səviyyədə tətbiqi üzrə bələdiyyələr mühüm addımlar atmalı, sosial proqramların həyata keçirilməsində fəal və təşəbbüskar olmalı, yerli əhalinin məşğulluğuna, gənclərin sosial müdafiəsinə və digər sosial xarakterli məsələlərə diqqət artırılmalıdır.

“Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetinin əsasını XXI əsrin tələblərinə uyğun təhsil, yaradıcı və innovativ cəmiyyət, vətəndaşların sağlam həyat tərzinin formalaşdırılmasına nail olmaq təşkil edir. Bu prioritetə görə iqtisadiyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalı, təhsil sistemində gedən modernləşmə davam etməli, cəmiyyətin yaradıcılığını və innovativliyini stimiullaşdıran ekosistem qurulmalı, müasir innovasiyaları səhiyyə sistemində tətbiq etməklə vətəndaşların sağlamlığı ilə bağlı yüksək nəticələr əldə edilməlidir. Bələdiyyələr isə göstərilən prioritet üzrə yerli özünüidarəetmə orqanlarının kadr potensialının gücləndirilməsinə, yerli idarəçilik sahəsində mütəxəssislərin hazırlanmasına, yerli özünüidarəetmədə İKT-nin imkanlarının istifadəsinə çalışmalı, yerlərdə istedadlı uşaqların və gənclərin müvafiq profil üzrə təhsil almalarına dəstək göstrəilməsi və s. məsələlər diqqətdə saxlanılmalıdır.

“İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” prioritetinin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu prioritet ilk növbədə işğaldan azad olunmuş torpaqlarda dayanıqlı məskunlaşmanı təmin etməklə ölkənin iqtisadi və sosial simasında işğaldan azad olunmuş torpaqların tarixi mövqeyinin bərpa edilməsini özündə əks etdirir. İşğaldan azad edilmiş ərazilərimiz bərpa olunduqdan və 30 ilə yaxın köçkün həyatı yaşamış vətəndaşlarımız öz doğma yurdlarına qayıdaraq məskunlaşdıqdan sonra heç şübhəsiz onların yerli özünüidarə hüquqları da təmin ediləcəkdir. Ölkə bələdiyyələri işğaldan azad olunmuş ərazilərimizin bərpası işlərində, müəyyən ekoloji layihələrin həyata keçirilməsini və s. bu kimi konkret məsələləri öz üzərlərinə götürüb icra etmək təşəbbüsü ilə çıxış etməklə “Böyük Qayıdış” prosesinə töhvə vermiş olarlar.

“Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi prioritetinin uğurla reallaşdırılması üçün isə yüksək kefiyyətli ekoloji mühitin, yaşıl enerji məkanının yaradılmasının təmin edilməsi əsas məqsəd olmalıdır. Bu prioritetə görə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlıı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Qeyd olunan prioritetlə bağlı qanunvericiliyin tələblərinə əsaslanaraq bələdiyyələr tərəfindən qəbul edilən ekoloji proqramlarda ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsinə, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunmasına, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsində səylərin artırılmasına çalışılmalıdır.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli özünüidarəetmə vətəndaşlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək imkanı verməklə yanaşı, həmçinin yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı da verir. Odur ki, Milli Prioritetlərdə qeyd olunan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqamətlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli özünüidarəetmənin gələcək fəaliyyətində əsas götürülməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez