Bələdiyyə əmlakının, o cümlədən torpaqlarının inventarizasiyasının aparılması, mövcud qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə

Azərbaycan Respublikası ərazisində mülkiyyətin növləri Konstitusiyanın 13-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən mülkiyyətin növlərinə dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti daxildir.

Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153-cü maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

Məcəllənin 156-cı maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin maddənin göstərişinə əsasən yerli büdcənin vəsaiti də bələdiyyənin mülkiyyətinə daxildir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir və bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər.

“Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bələdiyyə əmlakının yaranması mənbələrinə bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı, bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatlar və fondlar tərəfindən bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak, varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak, bələdiyyələrə vəsiyyət edilən əmlak, qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak aiddir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.

Bələdiyyələrin mülkiyyətində olan əmlakın qorunub saxlanılması, qanunun tələblərinə uyğun idarə edilməsi bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, fəaliyyətinin daha səmərəli təşkilinə dəstək verən amillərdir.

Bələdiyyələr tərəfindən bələdiyyə əmlakının inventarizasiyasının düzgün aparılmaması yerli vergi və ödənişlərin tam toplanmamasına və yerli büdcə gəlirlərinin azalmasına səbəb olur ki, bu da öz növbəsində yerli əhəmiyyətli məsələlərin həllində bir sıra çətinliklər yaradır.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələri də göstərir ki, bələdiyyə əmlakının inventarizasiyasının aparılması ilə bağlı bir sıra çatışmazlıqlar mövcuddur.

Belə ki, bələdiyyələr tərəfindən inventarizasiyanın vaxtında aparılmaması, əmlakın siyahıya alınması zamanı məlumatların tam yoxlanılmaması, inventarizasiya komissiyası tərəfindən siyahıların ətraflı, düzgün və dəqiqliklə tərtib edilməməsi, materialların vaxtında və düzgün rəsmiləşdirilməməsi, təhvil-təslim aktlarının düzgün və tam tərtib edilməməsi, əsas vəsaitlərin uçotunun düzgün aparılmaması, keçmiş sədr tərəfindən bələdiyyə əmlakının və sənədlərinin təhvil-təslim aktı əsasında yeni seçilmiş sədrə və ya sədr vəzifəsini icra edən şəxsə təqdim edilməməsi kimi hallara rast gəlinir.

Qeyd edilməlidir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 19.6-cı maddəsinə əsasən səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir.

Maliyyə Nazirliyinin 16 iyul 2013-cü il tarixli Kollegiya Qərarı ilə təsdiqlənmiş "Aktivlərin və öhdəliklərin invеntarizasiyası Qaydaları"nın (bundan sonra Qaydalar) 2.3-cü bəndinə əsasən mühasibat uçotu subyektinin bütün aktivləri və öhdəlikləri onların olduğu yerlərdən asılı olmayaraq inventarizasiya olunmalıdır.

İnventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektlərində əmlakın, o cümlədən aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir.

Aşağıdakı hallarda bələdiyyə əmlakının (aktivlərin və öhdəliklərin) inventarizasiyası mütləq aparılmalıdır:

1. satıldıqda, alındıqda, icarəyə və istifadəyə verildikdə,

2. maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü),

3. oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə,

4. yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə,

5. mühasibat uçotu subyektinin aktivləri və öhdəlikləri yenidən qiymətləndirildikdə və s.

Yuxarıda sadalanan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı mühasibat uçotu subyekti kimi bələdiyyənin rəhbərliyi tərəfindən müəyyən edilir.

İnventarizasiyanın aparılması üçün mühasibat uçotu subyekti rəhbərinin əmri ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyası yaradılır. Komissiya bu subyektin aparıcı bölmələrinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət tərkibdə formalaşdırılır. İnventarizasiya aparılan zaman inventarizasiya komissiyasının, yaxud işçi qrupunun bütün üzvləri iştirak etməlidir.

Bildiyimiz kimi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən daimi və başqa komissiyalar yaradıla bilər. Daimi və başqa komissiyaların yaradılması və fəaliyyət göstərməsi ilə bağlı məsələlər barədə ətraflı məlumat cari ildə bələdiyyələrə göndərilmiş “Bələdiyyələrin daimi komissiyalarının fəaliyyətinin qanunauyğun təşkili və canlandırılması barədə” tövsiyədə öz əksini tapmışdır.

Bələdiyyə əmlakının (aktivlərin və öhdəliklərin) faktiki mövcudluğunun müvafiq mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə dair iki nüsxədən az olmamaqla inventarizasiya siyahısı tərtib edilir. İnventarizasiya komissiyası aktivlərin və öhdəliklərin faktiki qalıqları haqqında məlumatların siyahıda ətraflı və düzgün yazılmasını, inventarizasiya materiallarının vaxtında və düzgün rəsmiləşdirilməsini təmin edir.

Eyni zamanda siyahılarda inventarizasiya olunan qiymətlilərin və obyektlərin adları, miqdarı və ölçü vahidləri göstərilməlidir. Siyahıları inventarizasiya komissiyasının bütün üzvləri və maddi-məsul şəxslər imzalayır.

Əsas vəsaitlərin (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir) və qeyri-maddi aktivlərin inventarizasiyası iki ildən bir, kitabxana fondunun inventarizasiyası beş ildən bir, digər aktivlərin inventarizasiyası isə ildə bir dəfə aparılır. Aktivlərin və öhdəliklərin inventarizasiyası 01 iyul tarixdən tez olmamaqla, təşkilatın rəhbərinin sərəncamına əsasən aparılır.

Qaydaların 3.2-ci bəndinin tələbinə əsasən torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:

· torpaq, tikili və avadanlıqlar;

· torpaq, tikili və avadanlıqların amortizasiyası;

· torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması.

Torpaq, tikili və avadanlıqlar inventarizasiya olunarkən komissiya tərəfindən həmin aktivlərə baxış keçirilməli və inventarizasiya siyahılarında onların tam adı, təyinatı, əldə edilməsi tarixi, miqdarı, məbləği, istismar müddəti və digər xüsusi göstəriciləri qeyd edilməlidir.

Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində, icarəsində və istifadəsində olan aktivlərin, həmçinin torpaq sahəsinin, su tutumunun və digər təbii resurs obyektlərinin mövcudluğunu yoxlayır.

Uçotda olmayan, lakin inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən torpaq, tikili və avadanlıqlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə uçot kitablarına daxil edilməlidir.

Eyni zamanda uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Komissiya tərəfindən müvafiq inventarizasiya cədvəlləri və aktlar əsasında inventarizasiyanın nəticələri rəsmiləşdirilərək inventarizasiya qurtardıqdan sonra 10 gün müddətində mühasibat uçotu subyektinin (bələdiyyənin) rəhbərliyinə təqdim edilir və həmin göstəricilər mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilir.

Hesab olunur ki, bələdiyyə əmlakının, o cümlədən torpaqlarının inventarizasiyasının aparılması zamanı müvafiq Qaydaların tələblərinə riayət olunması yerli vergi və ödənişlər üzrə uçotun dəqiqləşdirilməsinə, yerli büdcə gəlirlərinin artmasına və bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasına şərait yaratmış olacaqdır.

Göstərilənləri nəzərə alaraq bələdiyyələr tərəfindən inventarizasiya işinin vaxtında, tam və düzgün təşkil edilməsi məqsədilə bu sahəyə diqqətin artırılması, təhvil-təslim aktlarının düzgün tərtib edilməsi, inventarizasiya komissiyasına məlumatların tam və dəqiq təqdim edilməsi, komissiyanın fəaliyyətinin qanuna uyğun formalaşdırılması və həyata keçirilməsi, materialların vaxtında, tam və düzgün rəsmiləşdirilməsi üçün müvafiq qanunvericilik normalarının öyrənilməsi və onların tələblərinə əməl edilməsi tövsiyə edilir.

Bələdiyyələrlə iş mərkəzi

iacca
iap
business ready
eplc
Ən Tez