Müasir innovasiyaların tətbiqi yerli özünüidarəetmənin inkişafında yeni imkanlar yaradır

Müasir dövrdə ölkəmiz hər sahədə sürətli və dinamik inkişaf etməkdədir. İllərlə aparılmış uğurlu siyasətin nəticəsidir ki, siyasi, iqtisadi, sosial, hüquqi və digər sahələrdə böyük nailiyyətlər əldə edilmişdir.

Hərtərəfli inkişaf prosesi telekommunikasiya və informasiya texnologiyaları sektorunun da inkişafına müsbət təsir göstərmiş və müasir informasiya kommunikasiya texnologiyalarının (bundan sonra İKT) sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilmişdir. Ölkəmizdə İKT ilə bağlı bir sıra mühüm tədbirlərin təşkil edilməsi bu sahənin inkişafına xüsusi diqqət yetirilməsinin nəticəsidir.

Ümumilikdə, dövlət idarəçiliyində demokratikliyin, şəffaflığın artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi üçün istər dövlət orqanları, istərsə də yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətində İKT-nin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə İKT-nin əsaslarının yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, hələ 3 aprel 1998-ci il tarixdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, 17 fevral 2003-cü il tarixdə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya” kimi mühüm sənədlər qəbul edilmişdir. Milli Strategiya bu sahədə görüləcək mühüm işləri, prioritet vəzifələri müəyyənləşdirmişdir. Məhz həmin sənəd elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanan müasir İKT-nin sürətlə inkişafına təkan vermiş oldu.

Bununla yanaşı, 2 aprel 2013-cü il tarixdə İKT sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini maliyyə dəstəyi ilə təmin edən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması ölkəmizdə İKT-nin inkişafında mühüm rol oynadı.

Ümumiyyətlə İKT-nin tətbiqi səviyyəsi dövlətin iqtisadiyyatının, intellektual və elmi potensialının, demokratiyanın və idarəetmədə şəffaflığın əsas göstəricilərindən biri hesab olunur. Təqdirəlayiq haldır ki, ölkəmizdə də İKT imkanlarının dövlət idarəetmə sistemində tətbiqi ilə bağlı çoxsaylı işlər görülmüş, bu sahə üzrə normativ-hüquqi baza təkmilləşdirilərək ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılmış, informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, elektron hökumətin təşkili nəticəsində İKT sahəsi ən dinamik inkişaf edən sahələrdən birinə çevrilmiş, bu istiqamətdə böyük uğurlar əldə edilmişdir.

Hazırda İKT-nin cəmiyyət həyatında oynadığı rolu qiymətləndirməmək, bütövlükdə isə həyatımızı onsuz təsəvvür etmək mümkün deyildir. Dövlətlər tərəfindən sürətli inkişafın təmin edilməsi üçün informasiya yönümlü iqtisadiyyatın formalaşmasına xüsusi önəm verilir. İnformasiya iqtisadiyyatlı cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə olunması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması, demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların zəruri məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarını təmin edən mühitin formalaşdırılması və s. aiddir.

Əsası Ulu öndər tərəfindən qoyulmuş bu siyasəti uğurla davam etdirən cənab prezident İlham Əliyev də bu sahəyə xüsusi diqqətlə yanaşır. Bu diqqətin nəticəsidir ki, ölkəmizdə İKT-nin inkişafı ilə bağlı bir sıra mühüm sənədlər qəbul edilmişdir. Belə ki, 9 mart 2004–cü il tarixli “Elektron imza və elektron sənəd haqqında”, 14 iyun 2005 –ci il tarixli “Telekommunikasiya haqqında”, 30 sentyabr 2005–ci il tarixli “İnformasiya əldə etmək haqqında”, 11 may 2010-cu il tarixli “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları, 21 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”), 8 noyabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”, 20 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” (bundan sonra Dövlət Proqramı) və digər mühüm sənədlər qəbul edilmişdir.

Dövlət Proqramına əsasən Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, İKT-nin sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək inkişafına yönəlmiş siyasətin tərkib hissəsidir. 2003-cü il 17 fevral tarixli “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012) və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, ilk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir.

16 iyun 2021-ci il tarixdə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə İkinci Zirvə Toplantısında videoformatda çıxış edən cənab prezident İlham Əliyev öz çıxışında ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsinin başlıca prioritetlərimiz sırasında olduğunu bir daha vurğulamışdır. Həmçinin qeyd etmişdir: “Bu gün bizim ikisi Telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var. Hazırda Azərbaycan Respublikası Beynəlxalq Kosmik Klubun üzvüdür. Ölkəmiz 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür”.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 3 aprel 1998-ci il tarixli Qanun dövlət informasiya ehtiyatlarının formalaşmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların iştirak etmək imkanını nəzərdə tutmuşdur. Bu subyektlər tərəfindən formalaşdırılan informasiya ehtiyatları və ya onların müəyyən hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən milli informasiya ehtiyatları elan edilə bilər və milli sərvət kimi mühafizə edilməlidir.

Həmçinin dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”na əsasən bələdiyyələr "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununa əsasən öz fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatları, bələdiyyələrin ştat cədvəllərini, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanlarını, həmçinin onların təhsili və ixtisasları barədə məlumatları, bələdiyyələrin fəaliyyəti barədə hesabatları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar. Həmin məlumatlar ən yeni və aktual olmalı, köhnəlmiş, natamam, qeyri-dəqiq və çaşqınlıq yaradan informasiyaların yerləşdirilməsindən imtina edilməlidir. İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaradılmalı və internet informasiya ehtiyatlarının etibarlı fəaliyyəti təmin edilməlidir.

Dövlət orqanları və bələdiyyələrin internet saytları qanunvericiliyin tələblərindən irəli gələn bütün vəzifələrin yerinə yetirilməsini təmin edən funksiyalara və xidmətlərə malik olmalı, internet resursunun, müvafiq məlumat bazasının sanksiyalaşdırılmamış müdaxilədən etibarlı mühafizəsi və saytların təhlükəsizliyinin proqram təminatı sistem baxımından tam təmin olunmalı, saytların müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunmalı, saytlar sorğuların sürətli emalını təmin etməli, dayanıqlı xidmət göstərmə qabiliyyətinə malik olmalı, saytların verilənlər bazası İSO 10646 (Unicode) formatını dəstəkləməli, saytların proqram təminatı məlumatları verilənlər bazasına həm internet bağlantısı üzərindən, həm də lokal şəbəkə vasitəsilə daxil etməyə imkan verməli, saytlar üzrə axtarış sistemi olmalı və axtarış simvolların registrindən asılı olmamalı, internet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalı, saytların proqram təminatı və verilənlər bazası lazım gəldikdə, yeni texnologiyalara keçmək üçün inteqrasiya edilə bilən olmalı, digər dövlət orqanları və bələdiyyələrin, habelə aidiyyəti beynəlxalq təşkilatların saytlarına keçidlər olmalı və s. tələblərə cavab verməlidir.

Bələdiyyələrdə informasiya və kommunikasiya texnologiyaları mühiti yaradılmalıdır, yəni bələdiyyələrin kompüterləşdirmə və avtomatlaşdırma prinsipinə uyğun iş rejiminə keçilməli, bələdiyyələr lokal şəbəkəyə malik olmalı, internet şəbəkəsinə çıxış təmin edilməli, bələdiyyələrin elektron poçt ünvanı olmalı, internet şəbəkəsindən istifadə zamanı informasiya təhlükəsizliyi təmin edilməli, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun elektron sənəd dövriyyəsi təmin edilməli, İKT üzrə müvafiq struktur bölmə mövcud olmalı və bu sahədə mütəxəssislərə malik olmalıdır.

Dövlət orqanları və bələdiyyələrin İKT üzrə struktur bölməsi məlumatların təhlükəsizliyinin qorunması, məlumat bazaları ilə bağlantının sürətlə həyata keçirilməsi, sorğuların emalının sürətlə həyata keçirilməsi, internet şəbəkəsi ilə əlaqəsinin kəsilməzliyi, zəruri hallarda optimal genişləndirilməsi, məlumat bazalarının ehtiyatlarının (rezervlərinin) təmin olunması funksiyaları yerinə yetirir.

İnformasiya resursunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə vaxtaşırı həmin resursun ehtiyat nüsxəsi (Back Up) informasiya daşıyıcılarına köçürülməli və ya digər üsullardan istifadə olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 27.02.2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7.4-cü bəndində bələdiyyələrlə işin səmərəliliyinin artırılması və aşkarlığın təmin edilməsi məqsədilə “Bələdiyyələrlə iş portalı”nın yaradılması tapşırığı müəyyən edilmişdir (icra müddəti 2020-2022).

Həmin tapşırığın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən “Bələdiyyələrlə iş portalı” hazırlanmış və istifadəyə verilmişdir. Portalda fərdi kabinet vasitəsilə bələdiyyə aktlarının yayımlanması, onların axtarışı, avtomatlaşdırılmış rejimdə statistik hesabatların tərtib edilməsi kimi funksional imkanlar yaradılmışdır. Nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi, o cümlədən bələdiyyə aktlarının inzibati nəzarət orqanına elektron qaydada göndərilməsi təşkil olunmuşdur. Ədliyyə Nazirliyinin rəsmi internet saytında portala daxil olmaq üçün keçid yerləşdirilmiş və nazirliyin aidiyyəti əməkdaşlarına, habelə zəruri avadanlıq və internetə çıxış imkanı olan bütün bələdiyyələrə istifadəçi adı və şifrələr təqdim olunmuş, portaldan istifadə qaydaları ilə bağlı pandemiya şəraiti nəzərə alınaraq video təlimat hazırlanmış və bələdiyyələrə göndərilmişdir. Hazırda ölkə ərazisində bələdiyyələrin böyük əksəriyyəti portaldan istifadə etməkdədir.

Həmçinin Ədliyyə Nazirliyinin göstərdiyi çoxsaylı elektron xidmətlərin siyahısına “Bələdiyyələr barədə məlumatın əldə edilməsi” xidməti daxil edilmiş və bunun nəticəsində vətəndaşların bütün bələdiyyələr və bələdiyyə üzvləri barədə məlumat əldə etmək imkanı təmin olunmuşdur. Hazırda bələdiyyələr barədə elektron xidmətin məlumat bazasının genişləndirilərək bələdiyyə qulluqçuları barədə məlumatların da bazaya yerləşdirilməsi yekunlaşmaq üzrədir.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması, müasir texnologiyalar və internetdən istifadənin genişləndirilməsi üzrə davam etdirilən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş bələdiyyələrin sayı 67%-dək, internetə çıxışı olanların sayı isə 65%-dək artmışdır. Digər bələdiyyələrin də internetə çıxış imkanının yaradılması, onların zəruri avadanlıqlarla təmin olunması və bütün bələdiyyələrin portaldan istifadəsinə nail olunması istiqamətində işlər davam etdirilməkdədir.

Bildiyimiz kimi ötən ilin sentyabr ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi irimiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatı nəticəsində 30 ilə yaxın davam edən işğala son verilmiş və torpaqlarımız azad edilmişdir. Azad edilmiş torpaqlarda dağıdılmış, yerlə-yeksan edilmiş şəhər və kəndlərin, dini və tarixi abidələrin bərpası məqsədilə dərhal ölkə başçısı tərəfindən böyük layihələrə imza atılmış və sürətli yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılmışdır. Cənab Prezident tərəfindən həmin ərazilər yaşıl enerji zonası elan edilmiş, bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnoloji yeniliklərdən istifadə olunması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunması nəzərdə tutulmuşdur.

Beləliklə İKT-nin son nailiyyətləri tətbiq edilmədən inkişafın qeyri-mümkün olduğu hazırkı dövrdə bələdiyyələr də öz fəaliyyətlərini həyata keçirən zaman bu sahədə innovasiyalardan daha geniş istifadə etməlidirlər.

Ümumilikdə dövlət idarəetmə orqanlarında və təşkilatlarında, eləcə də yerli özünüidarəetmə orqanlarında İKT-nin innovativ yeniliklərinin tətbiqi informasiya cəmiyyətinə keçidi, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsini və idarəetmə keyfiyyətinin yüksəldilməsini, şəffaflığın artırılmasını və vətəndaşların dövlətin idarə edilməsində daha yaxından iştirak etməsi üçün şəraitin yaradılmasını, elektron sənəd mübadiləsinin geniş tətbiqini şərtləndirmiş olur. Bunun üçün də bələdiyyələr müvafiq informasiya bazasına malik olmalı, yerli özünüidarəetmənin təşkilində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı ixtisaslı, peşəkar kadrlar işə cəlb edilməli, habelə bu sahədə kadr potensialının artırılması üçün bələdiyyə üzv və qulluqçularının İKT sahəsində biliklərinin müntəzəm artırılması mexanizmi hazırlanmalı və tətbiq edilməlidir.

Bələdiyyələrlə iş mərkəzinin

məsləhətçisi

III dərəcəli ədliyyə qulluqçusu

Fəridə Hacıyeva

iacca
iap
business ready
eplc
Ən Tez