Notariat orqanları: problemlər və vəzifələr

Azərbaycan Respublikasında son illər həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə sərbəst bazar iqisadiyyatı formalaşıb, regionların və sahibkarlığın inkişafında böyük nailiyyətlər əldə olunub. İqtisadi inkişafın vüsət alması ilə əlaqədar mülki münasibətlərin dairəsi də genişlənib, mülki dövriyyə iştirakçılarının bağladıqları əqdlərin sayı xeyli çoxalıb və əhəmiyyəti artıb.

Bu müsbət amillər vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, müxtəlif qurumların, o cümlədən notariat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini və iqtisadiyyatda baş verən proseslərlə uzlaşdırılmasını labüd edir.

1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ilə hər bir şəxsin hüquqi yardım almasına təminat verilir. Notariat ixtisaslaşdırılmış hüquqi yardım göstərilməsi üzrə fəaliyyətin mülki yurisdiksiya istiqamətinin mühüm formasıdır. Notariat cəmiyyətdə xüsusi mülkiyyətin müdafiəsini və sahibkarlığın əsasını təşkil edən əmlak hüquqlarının şübhəsizliyini, mülki dövriyyənin iştirakçılarının hüquqlarının qorunmasını təmin edir.

Notariuslar əqdləri bağlamazdan əvvəl bunun üçün lazım olan sənədləri əldə edir, öyrənir və qanunvericiliyin tələblərinə uyğun müvafiq əqdlərin layihəsini hazırlayır. Bununla həmin sənədlərin şübhəsizliyi təmin edilir, fiziki və hüquqi şəxslərin onlara inamı artır.

Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulub. O zamanlar mülki dövriyyənin tənzimlənməsi müasir notariatın yaradıcısı hesab edilən tabelionlar vasitəsi ilə həyata keçirilirdi. Tabelionlar ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəməyə təqdim edilən sənədlərin tərtib edilməsi ilə məşğul olurdular.

Orta əsrlərdə notariat İtaliya və Fransada inkişaf edib və bütün Avropa ölkələrinə yayılıb.

Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanda 1814-cü ildə Qafqaz üzrə Canişinin göstərişi əsasında yaradılmış müvəqqəti dairə məhkəmələri həmçinin notariatın funksiyalarını da həyata keçirirdilər.

1864-cü ilin məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb oldu.

"Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə" 9 dekabr 1867-ci il tarixli qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açılmış, sonradan isə ölkəmizin digər bölgələrində başqa notariat kontorları yaradılıb.

1920-ci ilin may ayında Bakı Xalq Kommisarları Şurasının və Azərbaycan İnqilab Komitəsinin dekretləri ilə Azərbaycanda notariat kontorları ləğv edilib və xalq notariusları vəzifəsi təsis olunub.

SSRİ-də notariat təşkili və fəaliyyəti 1973-cü il tarixli "Dövlət notariatı haqqında" Qanunla tənzim olunub.

Müstəqil dövlətimizin "Notariat haqqında" ilk qanunu 26 noyabr 1999-cu ildə qəbul edilib. Bu Qanun özündə mütərəqqi dəyişiklikləri əks etdirib, o cümlədən xüsusi notariatın təsis edilməsini nəzərdə tutub.

Son illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən "Notariat haqqında" Qanunun tətbiqi, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsinin yüksəldilməsi, o cümlədən notariat xidmətinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülmüş, əvvəllər bu orqanlarda mövcud olmuş neqativ halların aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirilərək, müsbət nəticələr əldə olunub.

Keçən dövr ərzində notariat orqanlarında müqavilə azadlığı prinsipinə əməl edilməsini, tərəflərin hüquq və vəzifələrinin tam ifadə olunmasını təmin edən və neqativ halların qarşısının alınmasına imkan verən daşınmaz əmlakın alqı-satqısına dair yeni növ müqavilə və etibarnamə blanklarının tətbiqinə başlanılıb, işin səmərəliliyinin artırılması, müasir texnologiyalar əsasında həyata keçirilməsi və hazırlanan sənədlərin yüksək keyfiyyət tələblərinə cavab verməsi üçün notariat kontorları zəruri avadanlıqlarla təchiz olunub.

Regionlarda yaşayan insanların rahatlığının təmin olunması məqsədilə sənədlərin xaricdə istifadə üçün rəsmiləşdirilməsi səlahiyyəti Bakı şəhəri ilə yanaşı digər bölgələrdə fəaliyyət göstərən notariat kontorlarına da həvalə edilib, fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi üçün bilavasitə paytaxta gəlməsi təcrübəsinə son qoyulub.

Vətəndaşlara məxsus, onlar üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin saxlanılmasını və qısa müddətdə tapılmasını təmin etmək məqsədilə qanunvericiliyə müvafiq olaraq Dövlət notariat arxivi yaradılıb və minlərlə sənəd saxlanılması üçün həmin quruma təhvil verilib və hazırda vətəndaşlar onun xidmətlərindən geniş istifadə edirlər.

Qeyd edilməlidir ki, notariat sisteminin inkişafı eyni zamanda məhkəmə islahatının mühüm elementidir. Belə ki, məhkəmələrin icraatında olan bütün işlərə vaxtında və keyfiyyətlə baxılmasının təmin edilməsi, həmçinin hakimlərin iş yükünün azaldılması və məhkəmə proseslərinin sadələşdirilməsi zəruridir. Buna görə də yeni məhkəmələrin yaradılması ilə yanaşı məhkəmədən kənar mülki yurisdiksiyanı tənzimləyən institutun inkişaf etdirilməsi vacib rol oynayır. Bu məqsədlə və həmçinin məhkəmələrdə mübahisələrin qarşısını almaq, tərəfləri razılığa dəvət etmək sahəsində notariusun potensialından istifadə edilməlidir. Notariat sahəsində islahatların həyata keçirilməsi, bu hüquq-mühafizə institutunun möhkəmlənməsi və məhkəmələrin işinin faydasının artması ilə nəticələnəcəkdir.

Məlumdur ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə ölkəmizin prezidenti cənab İlham Əliyev dəfələrlə sahibkarlarla görüşüb, onları dinləyib, müvafiq fərmanlar imzalanıb, dövlət orqanlarına ciddi tapşırıqlar verib.

Ölkə Prezidentinin tapşırıqlarına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sahibkarlığın inkişafı istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün əsaslı kompleks tədbirlər planı hazırlayıb və həyata keçirir.

Bu yaxınlarda sahibkarlar üçün onların hüquqlarına dair geniş maarifləndirilmə tədbirlərinin görülməsinə başlanılıb, Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin dəstəyi ilə respublikanın müxtəlif regionlarında, o cümlədən Bakı, Gəncə, Şəki, Masallı və Xaçmaz şəhərlərində "Sahibkarlığın inkişafında notariatın rolu" mövzusunda seminarlar keçirilib, başqa tədbirlər görülür.

Əhaliyə yüksək səviyyədə hüquqi xidmət göstərilməsinin təmin edilməsi məqsədilə notariuslar üçün notariat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə məşğələlər təşkil olunub, həmçinin qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması üçün digər ölkələrin notariat orqanları və müvafiq beynəlxalq təşkilatlarla əlaqələr yaradılıb, ölkəmizdə və onun hüdudlarından kənarda xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib.

Ölkə iqtisadiyyatının durmadan inkişafı ilə bağlı notariat fəaliyyətinin genişlənməsi və notariat qaydasında təsdiq edilən müqavilələrin əhəmiyyətinin artması ilə əlaqədar öz hərəkətlərinə görə müqavilə tərəfləri qarşısında bilavasitə maddi məsuliyyət daşıyan xüsusi notariuslar institutunun tətbiqi günün tələbidir.

Bununla əlaqədar milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Milli Məclisinin mütəxəssisləri arasında məsləhətləşmələr aparılıb, xüsusi notariatın tətbiqi sahəsində mövcud olan problemlərin aradan qaldırılması üçün təkliflər hazırlanıb və 28 iyun 2005-ci il tarixdə müvafiq qanun qəbul edilib.

Güman edirəm ki, qüvvəyə mindikdən sonra xüsusi notariat institutunun tətbiqi istiqamətində işlər daha fəal aparılaraq, qısa müddət ərzində bu məsələlər öz həllini tapacaq.

Notariat fəaliyyətinin təkmilləşdirilməsi üzrə iş bununla kifayətlənmir, bu orqanlar tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə elm və texnikanın müasir nailiyyətlərindən, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla notariat orqanlarında tərcümə xidmətinin təşkili üçün ölkənin bütün dövlət notariat kontorları əhatə edən kompüter şəbəkəsinin yaradılması üzrə tədbirlər görülür.

Qeyd olunan işlər nəticəsində fiziki və hüquqi şəxslər bilavasitə notariusa müraciət edərək indikindən xeyli az vaxt sərf etməklə tələb olunan məlumatları əldə etmək, notariat hərəkətlərini rəsmiləşdirmək imkanı əldə edəcək, onların müxtəlif qurumlara əlavə müraciət etmək zərurəti aradan qalxacaq.

Bu məsələ il əlaqədar qeyd etmək lazımdır ki, bəzi informasiya vasitələrində tərcümə xidmətinin təşkili ilə bağlı yoxlanılmamış əsassız məlumatlar yayılır ki, guya həmin qaydanın tətbiqi tərcümə şirkətlərinin fəaliyyətinə maneələr yaradır.

Bunun üçün kütləvi informasiya vasitələrində kifayət qədər açıqlama verilib ki, tərcümə xidmətinin təşkili əvvəlki qaydada tərcümələrin təsdiqini istisna etmir və vətəndaşlara seçim etmək imkanı yaradır.

Bununla yanaşı qeyd edilməlidir ki, notariat fəaliyyətinin həyata keçirilməsində müəyyən çətinliklər də vardır.

Hazırda dəyərinə görə əhəmiyyətli dərəcədə fərqlənən daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinin notariat qaydasında təsdiqinə görə fiziki və hüquqi şəxslərdən eyni miqdarda dövlət rüsumu tutulur. Bunun nəticəsində aşağı qiymətlə əmlak əldə edən şəxslər qiyməti yuxarı olan əmlak alanlara nisbətən daha yüksək dərəcə ilə rüsum ödəməyə məcbur olur.

Ümid edirik ki, müvafiq orqanlar bu amilləri nəzərə alaraq daha ədalətli qaydanın bərqərar olması üçün tədbirlər görəcəklər.

Ümumiyyətlə, qeyd edilməlidir ki, notariat orqanları tərəfindən göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və onun keyfiyyətinin yüksəldilməsi məsələləri Ədliyyə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır və onun qanunvericiliyin tələblərinə uyğun qurulması üçün bütün mövcud imkanlardan istifadə olunur. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək.

İ.Məmmədov
Qeydiyyat və Notariat baş İdarəsinin rəisi

525-ci qəzet, 06.08.2005

iacca
iap
business ready
eplc
Ən Tez