Azərbaycanın dövlətinin qarşısında duran əsas məqsədlərdən biri də ölkə iqtisadiyyatının daimi inkişafını təmin etməkdir. Bu məqsədə çatmaq üçün təkcə iqtisadi sahədə islahatlar aparmaq kifayət deyil. İqtisadiyyatla yanaşı digər istiqamətlərdə də, o cümlədən hüquqi fəaliyyət sahəsində zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. İqtisadi inkişafa kömək edən əsas qurumlardan biri də notariatdır.Lakin, notariatın iqtisadi inkişafa necə kömək etməsi ilə bağlı əhalinin, hətta iş adamlarının lazımi məlumatı yoxdur. Ona görə də bu məsələ ilə bağlı müəyyən izahat və maarifləndirmə işlərinin aparılmasına ehtiyac vardır.
İlk növbədə nəzərə almaq lazımdır ki, notariat institutu hüquqi münaqişələrin və məhkəmə mübahisələrinin yaranmasına səbəb ola biləcək halların qarşısını alıir.
Notarius onun iştirakı ilə mal mübadiləsi, kredit resurslarının verilməsi və investisiyaların qoyulması ilə əlaqədar əqdləri hüquqi çərçivə daxilində hazırlayərkən onların qanunauyğunluğunu təmin edir. Mübahisələrin yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi isə iqtisadi inkişafın vacib şərti hesab edilən hüquqi sabitliyə şərait yaradır.
Münaqişələrin qarşısı ilkin olaraq, tərəflərə dəyərli məsləhətlər verilməsiylə, həmçinin onlara hüquq və vəzifələrinin eləcə də üzərlərinə götürdükləri öhdəliklərin aydın və dəqiq şəkildə izahı ilə alınır.
Belə ki, mülkü dövrüyyə müxtəlif qanunlar və normativ aktlarla tənzimlənir. Təbii ki, insanların əksəriyyətinin bu qanunların mahiyyətindən çox vaxt xəbərləri olmur. Ona görə də mülkü mübadilənin iştirakçısı kimi onların notariusa ehtiyacı yaranır.
Nəzərə alınmalıdır ki, notarius yüksək peşə hazırlığına malik olan hüquqşünasdır.Məhz buna görə notariat aktının həyata keçirilməsi ilə bağlılığı olmayan məsələlərdə də ondan məsləhət verilməsi xahiş olunur. Yəni, ailə, sahibkarlıq, vergi və vərəsəlik hüququnda, eləcə də əmlak mübadiləsi sahəsində kifayət qədər təcrübəsi olan mütəxəssis kimi yarana biləcək mümkün münaqişələrin qarşısını almaq üçün ona tez-tez müraciət edirlər.
Bir çox ölkələr daşınmaz əmlakın mübadiləsi, vərəsəlik, o cümlədən korporativ hüquq sahəsində notariuslara önəmli yer və əhəmiyyət verir. Nümunə üçün bəzi sahələrə nəzər salmaq yerinə düşər. Məsələn, notariat daşınmaz əmlakla bağlı sövdələşmələrin təhlükəsizliyinə zəmanət verir.
Ölkələrin əksəriyyətində müqavilədən irəli gələn əmlakın özgəninkiləşdirilməsi üzrə istənilən akt, ipoteka və ya əmlak hüququ əsl notariat aktında göstərilməlidir. Münasibətlər haqqında məlumatların ictimailəşdirilməsi və ya onların dövlət qeydiyyatı məsələləriylə də notarius məşğuldur. Ümumi bölünmüş şəxsi əmlaka aid olan hər məsələ də praktik olaraq notariatın səlahiyyatlarınə daxildir.
Bəzi xarci ölkələrdə notariuslar həm də kənd təsərrüfatında qanunların və qanuni aktların tətbiq olunmasında hüquqi sənədlərin tərtibatçısı və ya məsləhətçi rolunu oynayır. Analoji olaraq o, ətraf mühitin və mədəniyyət incilərinin qorunması üzrə icrası mütləq olan normalara riayət olunmasını təmin edir. Bununla yanaşı iri tikinti layihələrində də torpaqölçən və arxitektorla birgə aparıcı rol ona məxsusdur. Bir sözlə, tikintinin stilinin və sahənin seçilməsində, layihənin maliyyələşdirilməsi və icarə danışıqlarının aparılmasında, tərəflər arasında vasitəçi və məstəhətçi olmaqda, lazımi sənədlərin tərtib edilməsində notarius əvəzedilməzdir. Onun iştirakı olmadan bir çox layihələrin həyata keçirilməsi çətinlik yarada bilər. Bu da son nəticədə iqtisadi artımın azalmasına gətirib çıxarar.
Əvvəlki məqalədə qeyd edildiyi kimi, bir çox ölkələrdə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə aid təsdiqləyici sənəd verən notariusun həm də müvafiq vergi və rüsumlar yığmaq səlahiyyəti var. Bu, dövlət orqanları üçün onların toplanmasının təminatıdır.
Dövlətin tərtib etdiyi ictimai reyestr bütün hüquq sisteminin, ölkənin iqtisadi və sosial həyatının sabit fəaliyyəti üçün əsasdır. Söhbət daşınmaz əmlak, ipoteka və hüquqi şəxslərin, vəsiyyətnamələrin, nigah müqavilələrinin dövlət reyesrtindən gedir. Onların etibarlılığı təhlükəsizliyin zəmanətidir. Bu cür etibarlılıq isə ilk növbədə saxlanılan sənədlərin dəqiqliyindən asılıdır. Notarius reyestrə daxil olunması lazım olan məlumatların təqdim olunmasına, cavabdeh olaraq onların keyfiyyətli tərtibində mühüm rol oynayır.
Eyni zamanda qeyd etmək lazımdır ki, ölkəmizdə də rəsmi reyestrlərdə qeydə alınmış əmlakın özgəninkiləşdirilməsilə bağlı müqavilələrinin notariat qaydasında təsdiqi nəzərdə tutulub. Avtomaşınların rəsmi reyestri yaradılmadığından onlara dair bu cür müqavilələr notariat təsdiqindən kənarda qalır. Buna görə də bu müqavilələr DYP-də rəsmiləşdirilir. Belə olduqda tərəflər arasında lazımi hüquqi tənzimləmə aparılmır, birgə nigah dövründə əldə edilən əmlakın özgəninkiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə zidd olaraq ərinarvadın razılığı tələb edilmir. Bu da mülki mübahisələr üçün şərait yaradır.
Notariat Naqqında Azərbaycan Respublikası Qanununa əsasən notariusların apardıqları notariat hərəkətləri müəyyən edilmişdir.Bu hərəkətləri rəsmiləşdirərkən notarius insanlar arasındakı hüquqi münasibətləri tənzimləklə iqtisadi inkişafa da öz töhvəsini verir.
Belə ki, qeyd edilən qanuna əsasən miras əmlakın mühafizə edilməsilə bağlı tədbirlər görməklə notarius hələ mirasa sahib çıxmamış vərəsələrin əmlak hüquqlarını qoruyur. Kreditorla borclu arasında mübahisələri həll etmək üçün icra qeydləri aparır, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir. Dənizdə yük daşımaları zamanı gəmi heyətinin günahı olmadan yükə ziyan dəydikdə (məsələn təbii fəlakət nəticəsində) əmlak sahibinin gəmi sahibinə qarşı irəli sürdüyü iddiadan gəmi kapitanın ərizəsinə əsasən dəniz protestləri tərtib edir.Öhdəliyin təminatçısı kimi icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir, veksellərdən protestlər tərtib edir, verilmiş çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir.Bu da öz növbəsində insanların iqtisadi maraqlarının qorunmasını təmin edir.
Əksər ölkələrdə dövlət hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə bağlı məsələlərdə əsas rolu notraiusa verir. Məsələn, bir çox ölkələrdə təsərrüfat cəmiyyətlərində nizamnamə kapitalının bir hissəsinin özgəninkiləşdirilməsi mütləq notarius tərəfindən təsdiqlənməlidir. Notarius tərəfindən zəmanət verilən hüquqi təhlükəsizlik ölkə iqtisadiyyatının inkişafında və ictimai maraqların qorunmasında mühüm rola malikdir.
Bir sıra dövlətlərdə daşınmaz əmlakın alqısatqısı üzrə müqaviləni təsdiqləyən notarius qısa müddət ərzində müvafiq sövdələşməyə dair bütün lazımi məlumatları aidiyyəti dövlət orqanlarına təqdim edir. Bunun nəticəsi olaraq da dövlət orqanları öz vəzifələrini daha səmərəli həyata keçirirlər.
Dövlət mülki dövriyyə üzərində mülki qanunlara əsaslanaraq apardığı nəzarət hesabına milli dəyərlərini qoruyub saxlayır. Bunun üçün ona bu məsələdə kifayət qədər səlahiyyətə və aydın peşəkar etimada malik olan vasitəçi lazımdır. Hər iki keyfiyyət notariusun vəzifəsində öz əksini tapır.
Beynəlxalq miqyasda mübahisələri həll etmək baxımından da notariat iqtisadi inkişafda önəmli rol oynayır. Hazırda beynəlxalq ticarət əlaqələri genişlənir və bu da ölkənin iqtisadi inkişafına şərait yaradır. Şübhəsiz, beynəlxalq ticarət əməliyyatları daxili sövdələşmələrə nisbətən daha çox mübahisəlidir. Bu da öz növbəsində hüquqi təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaradır. Notarius həm hüquqi münaqişələrin qarşısının alınmasıyla, həm də "bitərəf və qərəssiz" hüquqşünas statusuna, habelə notariat aktının özəl xüsusiyyətlərinə malik olaraq fiziki şəxs və şirkətlər üçün xarici obyektlə münasibətlərdə təhlükəsizliyi təmin edən mühüm subyektə çevrilir.
Bundan başqa və beynəlxalq vərəsəlik məsələlərini nizamlama son dərəcə çətin problemlərin həlli və vəsiyyət edilmiş mülkün varislər arasında ədalətli bölüşdürlməsinin təmin olunması notariusa həvalə olunur.
Bütün bunları nəzərə alaraq demək olar ki, notariat ölkənin iqtisadi inkişafında mühüm rol oynayan beynəlxalq ticarət əlaqələrində əvəzedilməzdir. Nəticə etibarilə o, həm milli, həm də beynəlxalq səviyyədə iqtisadi inkişaf üçün böyük önəm daşıyır.