Sovetlər dövründə vətəndaşların mülkiyyət hüquqları məhdudlaşdırılırdı. Azərbaycan SSR-nin mənzil məcəlləsinə görə şəxsin mülkiyyətində bir yaşayış evi ola bilərdi. Bundan başqa torpağın xüsusi mülkiyyətdə olmasına yol verilmirdi.
Müstəqillik əldə edildikdən sonra demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatına keçidlə inkişaf yolu seçmiş ölkəmizdə bu cür məhdudiyyətlərə son qoyuldu. Nəticədə hər bir şəxsin sahib ola biləcəyi mülkiyyət növləri artdı və mülki dövriyyənin dairəsi genişləndi. İndi artıq xüsusi mülkiyyətdə yaşayış evi, nəqliyyat vasitəsi, torpaq, qiymətli kağızlar və sairə ilə yanaşı, müəssisə də ola bilər.
İnsanlar əsasən müəssisələr vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs ya tək, ya da bir neçə şəxslə birlikdə müəssisə təsis edə bilər. Həmçinin artıq təsis edilmiş müəssisəni alqı-satqı, bağışlama və ya dəyişmə yolu ilə əldə etmək də mümkündür.
Hər iki halda bütün sənədlər, o cümlədən təsisçilərin imzalarının həqiqiliyinin təsdiqi, alqı-satqı, bağışlama və dəyişmə müqavilələri notariat qaydasında təsdiqlənir. Özü də bu sənədlərin notariat formasında təsdiqlənməsi zəruridir. Bəzi hallarda təsis müqavilələrinin etibarlılığını daha da artırmaq məqsədilə tərəflər həmin müqavilələrin də notariat təsdiqinə ehtiyac duyurlar.
Qeyd edildiyi kimi müəssisələr əvvəllər xüsusi mülkiyyətdə olan əmlak kimi mülki hüquq münasibətlərinin obyekti deyildilər. Ona görə də, onlar üzərində sərəncam verilməsi ilə əlaqədar hər-hansı notariat hərəkəti aparılmırdı. İndi isə həmin məqsədlə əqdlərin və digər sənədlərin təsdiq edilməsinə tez-tez rast gəlinir və statistika göstərir ki, bu qəbildən olan notariat hərəkətlərinin sayı dinamik surətdə artır.
Azərbaycan Respublikasında bu günə kimi 86.000-dən artıq müəssisə dövlət qeydiyyatına alınmışdır ki, onlardan 5460-ı xarici fiziki və hüquqi şəxslər tərəfindən təsis edilmişdir.
Ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı etdiyi bir dövrdə xüsusi mülkiyyətdə olan əmlak kimi müəssisəyə dair notariat hərəkətlərinin aparılması haqqında əhalinin müəyyən hüquqi biliklərə malik olması sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərə bilər. Bunu nəzərə alaraq sözügedən məsələ üzərində bir qədər ətraflı dayanmağı məqsədəuyğun sayırıq.
Hər şeydən əvvəl müəssisə üzərində sərəncam verilməsinin notarius tərəfindən qısa müddətdə rəsmiləşdirilməsi sahibkarın vaxt itkisinə yol verməməsi deməkdir. Aparılmış notariat hərəkəti zamanı tərəflərin hüquq və vəzifələrinin onlara dəqiq izah edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri gələcəkdə mümkün ola biləcək məhkəmə mübahisələrinə cəlb olunmaqdan qoruyur. Təbiidir ki, bunun üçün tələb olunan zəruri sənədlər vaxtında təqdim edilməli, maraqlı tərəflər həqiqi niyyətlərini gizlətməməlidirlər.
Aydındır ki, hər bir müəssisə eyni zamanda hüquqi şəxsdir, o hüquqi şəxs kimi dövlət qeydiyyatına alınır. Onun dövlət qeydiyyatına alınması üçün nizamnaməsində öz təşkilati-hüquqi formasını göstərən adı, fəaliyyət göstərəcəyi ünvan yazılır. Təkcə bir amili nəzərə almaq kifayətdir ki, hüquqi şəxsin nizamnaməsində adı göstərilmədiyi halda, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Müəssisənin adı, hüquqi ünvanındakı mövcud əşyaları (stol, stul, telefon və müəssisənin mülkiyyətçisinin (təsisçisinin) sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün lazım olan digər ləvazimatlar, möhürü, ştampı, nizamnamə kapitalı və sairə əmlak kompleksidir.
Onu da yaddan çıxarmaq olmaz ki, müəssisənin dövlət qeydiyyatına alınması, möhürünün və ştampının hazırlanması üçün təsisçi (mülkiyyətçi) qanunvericiliklə müəyyən olunmuş məbləğdə haqq ödəyir. Bununla da möhür və ştamp da xüsusi əmlak kimi müəssisənin əmlak kompleksinə daxil olur. Beləliklə də, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi vasitələrindən birinə çevrilir.
Təcrübədə belə bir hala da rast gəlinir; notariat kontoruna mürəciət edən şəxs bildirir ki, onun satdığı və ya aldığı müssisə təsis olunandan sonra heç vaxt fəaliyyət göstərməyib, hətta hazırda hüquqi ünvanı da yoxdur, ancaq möhürü və ştampı var. Belə halda həmin şəxs bilməlidir ki, Mülki Məcəlləyə əsasən, əgər hüquqi şəxs dövlət reyestrində qeydə alındığı gündən bir il ərzində öz fəaliyyətini həyata keçirməyibsə, onda onun qeydiyyatı ləğv edilr və həmin hüquqi şəxs buraxılmış sayılır.
Müəssisənin alqı-satqı müqaviləsi təsdiq edilərkən onun özgəninkiləşdirilməsinə qadağanının olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə aidiyyatı orqanlardan verilən arayış da daxil olmaqla, notariusa alqı-satqısı rəsmiləşdirilərkən tələb olunan digər sənədlər də təqdim olunur. Bəzi ölkələrdə müəssisə əmlak kompleksi kimi, daşınar və daşınmaz əmlakların məcmusu hesab edilr. Ona görə də onun alqı-satqısı zamanı inventarlaşdırma aktı, mühasibat balansı və müstəqil auditorun rəyi notarius tərəfindən tələb olunur. Çünki gələcəkdə mülki və ya hər-hansı mübahisə doğurmayan alqı-satqı müqaviləsinin təsdiqi üçün bu sənədlərin hər birinin öz əhəmiyyəti var. Məsələn, inventarlaşdırma aktında müəssisənin bütün mövcud əmlakı, onların dəyəri, öhdəliklərinin dəyəri və tərtib olunmuş mühasibat balansında müəssisənin kapitalı ilə öhdəlikləri arasındakı nisbət göstərilir. Auditorun rəyində isə müəssisənin mühasibat uçotunun və balansının qanunun göstəricilərinə uyğun gəlibgəlmədiyi əks olunur.
Xatırladaq ki, "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nda göstərilir ki, I fəslin "Sənədlər-əsaslar" qrafasına müəssisənin tərkibini və dəyərini təsdiq edən sənədlər, həmçinin inventarlaşdırma aktı, mühasib balansı, auditorun rəyi barədə məlumatlar daxil edilir. Müəssisənin alqı-satqısı zamanı mühasibat balansı və auditorun rəyi barədə məlumatların vergi orqanları ilə birlikdə hazırlanması daha məqsədəuyğun olardı.
Müəssisənin, alqı-satqısı müqaviləsi notariat qaydasında təsdiq olunduqdan sonra müqavilə tərəflərinin arzusundan asılı olaraq onların imzaladığı təhvil aktı əsasında o alıcının mülkiyyətinə verilə bilər. Tərəflərin aktdakı imzalarının hər ikisinin razılığı ilə notariat qaydasında təsdiq olunması mümkündür. Ancaq bu məcburi deyil. Təhvil aktının imzalandığı gündən müəssisə alıcıya təhvil verilmiş hesab olunur. Amma bununla müəssisə üzərində tam mülkiyyət hüququ yaranmır. Bunun üçün alqı-satqı müqaviləsi üzrə əmələ gələn hüquqlar hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmalıdır. Vətəndaş qeydiyyat şəhadətnaməsini aldıqdan sonra müəssisəyə aid olan əmlakın qeydiyyatının aparılması üçün qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətini digər müvafiq sənədlərlə birlikdə həmin əmlakın yerləşdiyi yerdə fəaliyyət göstərən dövlət orqanına təqdim etməlidir.
Göstərilən sahədə Azərbaycan Respublikasının qanunvericiliyi daim inkişaf etdirilir və sahibkarlıqda önəmli rol oynayan müəssisələrin özgəninkiləşdirilməsi zamanı tərəflər arasında hüquq və vəzifələrin daha dəqiq tənzimlənməsinə şərait yaradılır.