Hüquqi dövlət quruculuğunda notariatın rolu nədən ibarətdir

İQTİSADİYYATI İNKİŞAF EDƏN ÖLKƏMİZ ÜÇÜN BU SAHƏDƏ ƏSASLI İSLAHATLARIN APARILMASI ZƏRURİDİR

Azərbaycanın yaşadığı son illlər tarixə ciddi islahatlar mərhələsi kimi düşəcək. Çünki hazırda ölkəmizdə elə bir sahə yoxdur ki, əsaslı islahatlara məruz qalmasın. İndiyədək aparılan işlər isə ilkin nəticələrini verməkdədir. Sevindirici hal da odur ki, bunun səmərəsini bütün təbəqələr, sadə insanlar əyani şəkildə görürlər və hiss edirlər ki, getdikcə problemlər azalır, çətinliklər və süni maneələr aradan qalxır. Hər bir dövlətin həm iqtisadi, həm də siyasi sahədə inkişafının əsas şərtlərindən biri islahatların vaxtında və səmərəli həyata keçirilməsidir. Bu baxımdan gələcəyimiz müəyyən qədər indi aparılan islahatlardan asılıdır.

Cörünən odur ki, aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı nəzərə çarpacaq dərəcədə inkişaf edib. Bu isə özözlüyündə digər sahələrin işinə müsbət təsir göstərib. Bütün sahələr üzrə ölkədə gedən inkişaf həm mülki münasibətlərin dairəsini genişləndirib, həm də mülki dövriyyə iştirakçılarının bağladıqları əqdlərin sayını xeyli çoxaldıb və əhəmiyyətini artırıb. Şübhəsiz ki, baş verən bu dəyişikliklər müxtəlif ictimai institutların fəaliyyətinin təkmilləşdirilməsini, vətəndaşların hüquq və mənafelərinin daha etibarlı müdafiə olunmasını, eləcə də onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsini zərurətə çevirib. Belə hüquqi xidmət göstərən təsisatlardan biri də notariatdır.

Dövlət tərəfindən qanun çərçivəsində sənədlərin layihələrinin tərtibi, hüquqların və hüquqi əhəmiyyətli faktların təsdiqi səlahiyyətlərinin həyata keçirilməsi notariata həvalə edilib. Əslində bu səlahiyyətlər notariatın necə böyük əhəmiyyət daşıdığının göstəricisidir. Məsələ burasındadır ki, azad demokratik cəmiyyətin qurulması, məhkəmə-hüquq islahatları, iqtisadiyyatın, sahibkarlığın inkişafı, vergi siyasətinin, fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması işinin təkmilləşdirilməsi, əqdlərin qanuna uyğunluğu, eləcə də şübhəsizliyinin təmin olunması kimi amillər müasir sosial və iqtisadi inkişaf şəraitində notariat institutunun əhəmiyyətini göstərir və notariat fəaliyyətinin təxirəsalınmadan təkmilləşdirilməsini labüdləşdirir.

Onu da deyək ki, dövlətin vacib atributlarından olan notariatın tarixi haqqında cəmiyyətin əksər hissəsinin məlumatı yoxdur, ya da çox azdır. Bu baxımdan notariatın tarixi ilə bağlı bəzi önəmli məqamların ictimaiyyətə çatdırılması vacibdir.

Notariatın əsası Qədim Romada qoyulub.

Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Maraqlıdır ki, Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular. Orta əsrlərdə isə notariat sistemi əsasən İtaliyada və Fransada inkişaf edib və bu ölkələrdən bütün Avropaya yayılıb.

Bu sahədə maraqlı məqamlardan biri də Azərbaycanda notariat sisteminin yaranma tarixi ilə bağlıdır. XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. Amma 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olub. 1866cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub.

Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da "Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə" qanun qəbul olundu. Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol (Gəncə) quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.

Notariatla bağlı Azərbaycanda önəmli hadisələrdən biri də 1920-ci ilin mayında baş verib. Həmin vaxt Bakı Xalq Komisarları Şurasınının və Azərbaycan İnqilab Komitəsinin dekretləri ilə Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariat kontorları ləğv edilib və xalq notariusları vəzifəsi təsis olunub. 1973-cü ildən sonra isə SSRİ-də notariatın təşkili və fəaliyyəti "Dövlət notariatı haqqında" qanunla tənzimlənib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra notariat sistemi yeni mərhələyə qədəm qoyub. 1999-cu il noyabrın 26-da "Notariat haqqında" qanun qəbul edilib, 2000-ci il yanvarın 30-da isə qüvvəyə minib. Bu qanun özündən əvvəlki qanunla müqayisədə xeyli təkmilləşdirilib.Həmin qanunda xüsusi notariusların yaradılması və onlara dövlət notariusları ilə eyni hüquqlar verilməsi nəzərdə tutulub.Təəssüf olsun ki, qanun qəbul edildikdən sonra xüsusi notariusların maliyələşdirilməsi qaydasına dair müddüalar oradan çıxarılmışdır.

Yalnız cari ilin 28 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunda qeyd olunan müddüalar öz əksini tapmışdır.Bununla bağlı hazırda xüsusi notariat institutunun tətbiqi istiqamətində Ədliyyə Nazirliyi müvafiq tədbirlər görür.

Bu da bir həqiqətdir ki, xüsusi qaydada fəaliyyət göstərən notarius özüözünü maliyyələşdirir, rəsmiləşdirdiyi notariat hərəkətləri üçün xidmət göstərdiyi vətəndaşlar qarşısında maddi məsuliyyət daşıyır. Buna görə də xüsusi notariuslar öz işlərində daha çox məsuliyyətli olmağa çalışırlar.

Bir məqamı da unutmayaq ki, xüsusi notariusların yaradılması dövlət notariuslarının fəaliyyət göstərməsini istisna etmir. Beynəlxalq təcrübəyə də müraciət etsək, görərik ki, bəzi ölkələrdə, məsələn Almaniya, Rusiya, Ukraynada xüsusi notariuslarla yanaşı dövlət notariusları da var.

Statistik rəqəmlər göstərir ki, Azərbaycanda notariat hərəkətlərinin sayı ilbəil artır. Həm bu amil, həm də beynəlxalq təcrübə onu deməyə əsas verir ki, insanlar yüksək səviyyəli hüquqi xidmət göstərilməsi baxımından notariuslara daha çox inanırlar. Ona görə ki, notarius hüquqi xidmət göstərən digər şəxslərdən fərqli olaraq müraciət edən hər bir tərəfin hüquqlarının eyni dərəcədə qorunmasına səy göstərir, onlara hüquq və vəzifələrini izah etməklə, qanunun düzgün tətbiqi sayəsində aralarındakı hüquqi münasibətləri tənzimləməklə mübahisələrin qarşısını alır. Məhz buna görə notariat institutu qabaqlayıcı ədalət mühakiməsi adlandırılır. Bu da insanların notariat xidmətlərindən istifadəyə üstünlük verməsini şərtləşdirir.

Bu sistemin inkişafı, həm də məhkəməhüquq islahatının mühüm elementidir. Çünki bu, məhkəmələrin icraatında olan bütün işlərə vaxtında və keyfiyyətlə baxılmasının təmin edilməsi, həmçinin hakimlərin iş yükünün azaldılması və məhkəmə proseslərinin sadələşdirilməsi üçün zəruridir. Buna görə də məhkəmədən kənar mülki yurisdiksiyanı tənzimləyən institutun inkişaf etdirilməsi böyük önəm daşıyır. Bu məqsədlə bütün ölkələrdə olduğu kimi Azərbaycan da məhkəmələrdə mübahisələrin qarşısını almaq, tərəfləri razılığa dəvət etmək sahəsində notariusun potensialından istifadə edilməlidir. Notariat qaydasında təsdiq olunan əqdlərinin razılaşdırılması mərhələsində mülki mübahisələrin qarışısının alınması vasitəsilə sübutetmənin təmin edilməsi mülki mübahisələrin daha qısa müddətdə öz qanuni həllini tapmasına imkan verəcək. Bu səbəbdən notariat sahəsində islahatların həyata keçirilməsi hüquq-mühafizə institutunun möhkəmlənməsi və məhkəmələrin faydasının artması ilə nəticələnəcək.

Fransa, Kanada, İsveçrə və bir sıra digər ölkələrdə notariusa daha geniş səlahiyyətlər verilib. Onların təcrübəsində notariuslar apardığı əməliyyatlara görə aldığı rüsumlarla yanaşı dövlət vergilərini də toplayırlar (məsələn daşınmaz əmlakın alqı-satqısı zamanı və s.). Bununla da müvəkkil dövlət məmurlarınnın funksiyalarını həyata keçirərək qeyd edilən fəaliyyətə görə dövlət tərəfindən onlara ödəniləcək maliyyə vəsaitinə qənaət olunmasına şərait yaradırlar və vergiyə cəlb olunma işinin səmərəliliyini təmin edirlər.

Bir çox ölkələrdə isə notariat əməliyyatları aparılarkən ödənişlər notariuslar tərəfindən banklarda açılmış depozit hesabları vasitəsilə həyata keçirilir. Qeyd olunan qaydanın tətbiqi şəffaf iqtisadiyyatın qurulmasına, çirkli pulların yuyulmasının qarşısının alınmasına və son nəticədə korrupsiya ilə mübarizə məqsədlərinə nail olmağa kömək edir.

Notariat fəaliyyəti sahəsində müsbət dəyikliklər sərbəst bazar iqtisadiyyatıın formalaşdığı bir vaxtda mülki dövriyyə iştirakçılarının, o cümlədən sahibkarların mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına imkan verəcək.

Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan dövləti notariat institunun inkişafına xüsusi diqqət yetirir və bununla əlaqədar onun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində yaxın gələcəkdə bir sıra yeni tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

525-ci qəzet, 11 fevral 2006

iacca
iap
business ready
eplc
Ən Tez