Girov (ipoteka) notariat qaydasında necə rəsmiləşdirilir

Ölkəmizdə həyatımızın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların nəticələrindən biri də sahibkarlıq fəaliyyətinin bərqərar olmasıdır. İndi bu fəaliyyət növü iqtisadiyyatımızda mühüm rol oynayır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların bir çox hallarda kreditə (borc) ehtiyacı olduğu hamıya məlumdur. Bunun üçün onlar müxtəlif kreredit təşkilatlarına, yəni banklara müraciət edirlər. Həmin təşkilatlar isə yalnız təminatlı kreditlər verməkdə maraqlıdır. Ona görə də, kredit müqaviləsilə əmələ gələn öhdəliyin icrasının təminatı kimi kredit götürənlər, yəni borclular öz əmlaklarını kreditorlara ipoteka qoyurlar. Bunun da nəticəsində son illər yeni notariat hərəkəti olan ipoteka müqavilələrinin sayı artıb. Statistik məlumatlara görə notariat qaydasında təsdiq olunan ipoteka müqavilələrinin sayı 2001-ci ildə 1328, 2002-ci ildə 3126, 2003-cü ildə 4618 olduğu halda, 2004-cü ilin təkcə yarım ili ərzində bu rəqəm 3353-ə çatıb. Bu, onu göstərir ki, ipoteka müqavilələrinin təsdiqi ilə bağlı indi notariat kontorlarına xeyli vətəndaş müraciət edir.

Təcrübə göstərir ki, girovun (ipotekanın) rəsmiləşdirilməsi məqsədilə notariat kontorlarına müraciət edənlər bəzən girovun və ipotekanın mahiyyətini lazımi səviyyədə başa düşmür, yaxud həmin müqavilələrin təsdiqi üçün müvafiq sənədlərin tələb edilməsini narazılıqla qarşılayırlar. Bu baxımdan girov və ipoteka anlayışı, rəsmiləşdirilməsi və onların dövlət qeydiyyatına alınması ilə bağlı məsələnin üzərində bir qədər dayanmaq məqsədəuyğundur.

Girov və ipoteka qüvvədə olan qanunvericiliyik və digər normativ hüquqi aktlarla nizamlanır.

"Girov haqqında" qanununa görə girov öhdəliyin icrasının təmin edilməsi üsuludur. İpoteka isə daşınmaz əmlakın və rəsmii reyestrdə qeydə alınmalı olan daşınar əşyaların girovudur.

Girovun predmeti qanuna müvafiq olaraq dövlət, xüsusi və ya bələdiyyə mülkiyyətindəki əmlak ola bilər. Qanunun tələblərinə uyğun olaraq girov və ya ipoteka müqavilələrinin predmeti daşınar və daşınmaz əmlak, həmçinin dövriyyədə olan əmlak, mal ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar və s. ola bilər. Bundan əlavə əmlak, sahiblik və istifadə hüquqlarının, o cümlədən icarə hüquqlarının, öhdəlikdən irəli gələn başqa əmlak hüquqlarının, eləcə də girovsaxlayanın girovqoyana borclarının ipoteka müqaviləsinin predmenti kimi çıxış etməsi mümkündür.

Girov və ya ipoteka müqaviləsi bağlamış şəxs bu müqaviləyə əsasən borc verən qarşısında əlavə öhdəlik daşıyır. Çünki borclunun icraetməli olduğu əsas öhdəliyi kredit (borc) müqaviləsindən əmələ gələn öhdəliyidir. Deməli, borclunun girov və ya ipoteka müqaviləsini bağlaması ilə onun borc verən qarşısında ikinci bir öhdəliyi yaranır.

Borc müqaviləsi üzrə əmələ gələn öhdəliyin icrası sadə və konkretdir. Belə ki, borc (kredit) alan şəxs borc müqaviləsini imzalayarkən öhdəlik götürür ki, o, müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu qaytaracaq. Girov (ipoteka) müqaviləsi üzrə öhdəliyin icraedilməsi isə bir qədər fərqlidir. Bu fərqlilik ondan ibdarətdir ki, götürülmüş borc qaytarılmadıqda, ipoteka müqaviləsindən əmələ gələn öhdəliyin icrasına zərurət yaranır.

İpotekanın öhdəliklərin icrasının təmin edilməsinin digər üsullarından fərqli əlamətləri var. Bu əlamətləri açıqlmaq bir çoxları üçün faydalı ola bilər. Nəzərə almaq lazımdır ki, girov (ipoteka) saxlayanın özgəsinin əmlakına hüququnun olması və girov qoyulan əmlakın kreditorun razılığı ilə başqasının mülkiyyətinə keçə bilməsi mümkündür. Sonuncu, ipoteka münasibətlərinin ləğvinə səbəb olmur. İpoteka kredit müqaviləsi üzrə yaranan öhdəlikdən əmələ gəlir, yəni o, törəmədir. İpotekanın törəmə olması isə o deməkdir ki, əsas öhdəlik mövcuddur. Əsas öhdəlik mövcud olmadığı halda, girov (ipoteka) yarana bilməz. İpoteka əsas öhdəlikdən asılıdır. Bu asılılıq qanunvericilikdə çox aydın şəkildə öz əksini tapıb. Misalçün, "Girov haqqında" qanununa əsasən girov müqaviləsi müstəqil xarakter daşımır və əsas müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.

Girov və ipotka hüququnun əmələ gəlmə əsası müqavilədir. Mülki Məcəllənin tələblərinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiq olunaraq daşınmaz əmlakın dövlət reyestrində, rəsmi reyestrlərdə qeydə alınan daşınar əmlakın ipotekası haqqında müqavilələr isə dövlət qeydiyyatına alınmalı olan müvafiq daşınar əmlakın rəsmi reyestirində qeydə alınmalıdır. İpoteka müqaviləsi üzrə hüquqlar qeydə alındığı andan ipoteka hüququ yaranır. Mülki Məcəllədə nəzərdə tutulub ki, girov müqaviləsi yazılı formada bağlanmalı, həmin Məcəllənin müəyyən etdiyi hallarda notariat qaydasında təsdiqlənməlidir. Girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı vaxtdan əmələ gəlir.

Həmçinin qanunvericilik vətəndaşlarımıza imkan verir ki, onlar istədikləri müqaviləni notariat qaydasında təsdiq etdirsinlər. Bununla bağlı təcrübə göstərir ki, kreditor bütün hallarda tələbin icrasının təminatı kimi bağladığı girov müqaviləsinin notariat qaydasında təsdiq olunmasında maraqlıdır. Bir sözlə, vətəndaşlar haqlı olaraq hesab edirlər ki, müqavilənin notariat qaydasında təsdiqlənməsi daha etibarlıdır.

Təcrübə göstərir ki, əksər hallarda borclu şəxs mülkiyyətində olan əmlakını girov (ipoteka) qoyur. Ancaq bəzən elə hallar da rast gəlinir ki, borclunun öz əmlakı olmadığından və ya digər müəyyən səbəblərdən üçüncü şəxs əmlakını ipoteka qoymalı olur. Üçüncü şəxslərin isə sayı bir, iki və daha çox ola bilər. Yalnız onu unutmaq olmaz ki, əmlakını girov qoyan şəxs onun mülkiyyətçisi olmalıdır.

Girov (ipoteka) qoyulan əmlakın sayı qanunvericiliklə məhdudlaşdırılmayıb. Belə ki, bir neçə əşya ipoteka ilə yüklü edilə bilər. Məsələn, borclu olan fiziki və ya hüquqi şəxs mülkiyyətindəki mənzilini, torpağını, nəqliyyat vasitəsini, eləcə də mülkiyyətində olan başqa əmlaklarını girov (ipoteka) qoyması mümkündür. Tələbkarın istəyəndən asılı olaraq öhdəliyin icrası bu əmlaklardan birinə yönələ bilər. Ancaq bir əmlakın dəyəri tələbin dəyərindən az olduqda tələbin icrasının yüklü edilmiş digər əmlaklara da yönəldilməsi mümkündür.

Bəzən ümumi mülkiyyətdə olan əmlakın girov (ipoteka) qoyulmasında anlaşılmazlıqlar ortaya çıxır. Bunu nəzərə alaraq həmin məsələyə bir qədər aydınlıq gətirmək məqsədəuyğun olardı.

Fiziki və hüquqi şəxslər mülkiyyətlərində olan ayrıca əmlakını ipoteka qoya bildikləri kimi, ümumi mülkiyyətlərində olan əmlaklarınını da ipoteka qoya bilərlər. Mülki Məcəlləyə əsasən ümumi birgə mülkiyyətdə olan əşyanın yalnız bütün mülkiyyətçilərin razılığı olduqda girov qoyulması mümkündür.

Ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən biri ümumi mülkiyyətdəki payını digər mülkiyyətçilərin razılığı olmadan girov qoya bilər. Girov saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və bu məqsədlə o satıldıqda Mülki Məcəllənin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.

Mülkiyyətçi ipoteka qoyduğu əmlakını ikinci, üçüncü, hətta bundan da çox təkrar yüklü edə bilər. Bunun üçün əvvəlki müqavilədə əmlakın təkrar girov (ipoteka) qoyulması qadağan edilməməlidir. Əmlakın təkrar ipotekası rəsmiləşdirilərkən tələbkar və borclu tərəfindən hər dəfə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər notariat kontoruna təqdim edilməli, dövlət rüsumu ödənilməli və əmlakın ipoteka qoyulması haqqında müqavilə təsdiq olunmalıdır. Əmlakın təkrar ipoteka qoyulması əvvəlki müqaviləyə dəyişikliklər edilməsi yolu ilə həyata keçirilə bilməz.

Bu, qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, həm də ipoteka müqaviləsinin təsdiqinə görə dövlət rüsumunun ödənilməməsi deməkdir.

İpoteka qoyduqdan sonra onun saxlanılması da maraq doğuran məsələlərdəndir. Bununla bağlı qeyd etmək lazımdır ki, ipotekanın predmetinin kimdə saxlanılması müqavilənin özündə göstərilir. Bu barədə qanuvericiliyin imperativ göstərişi yoxdur.

Yuxarıda qeyd edildiyi kimi, ipoteka öhdəliyin icrasının təmin edilməsi üsullarından biridir. Müqavilə üzrə öhdəlik icra edilmədikdə tələb ipoteka müqaviləsinin predmetinə yönəlir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi iki qaydada həyata keçirilir. Birinci qayda ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasından ibarətdir. Bu razılaşma notariat qadasında rəsmiləşdirilməlidir. Beləliklə də, tərəflərin razılaşmasından sonra ipoteka qoyulmuş əmlak açıq bazarda və ya açıq hərracda realizə edilir və tələb əldə olunmuş pul məbləğinə yonəldilir. Tərəflər arasında razılıq əldə edilməkdikdə, habelə ipoteka predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyər daşıyan əşya olduqda ipoteka qoyulmuş əmlak məhkəmənin qərarı əsasında ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satılır. Beləliklə də əsas öhdəliyin icrası təmin olunur.

İpoteka müqavilələrinin təsdiqi üçün ipoteka qoyulan əmlakın hüquqmüəyyənedici sənədi, üzərində həbs və ya yüklülük olmaması barədə arayış, ərin (arvadın) razılıq ərizəsi, kreditor təşkilatın nizamnaməsi, qeydiyyat şəhadətnaməsi, nümayəndəsinin adına verilmiş etibarnamə və qanunvericlikdə nəzərdə tutulmun digər sənədlər dövlət notariat kontoruna təqdim olunmalıdır. Hər bir şəxs istənilən dövlət notariat kontoruna müraciət etməklə girovun (ipotekanın) anlayışı, onun rəsmiləşdirilməsi üçün müvafiq müqavilələrin təsdiqi ilə bağlı ətraflı məlumat ala bilər. Bu hüquqi xidmət üçün heç bir haqq ödənilmir.

Həmçinin nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın ipoteka müqaviləsi həmin əmlakın olduğu yerin notariat kontorunda təsdiq edilir. Daşınar əmlakın girov (ipoteka) qoyulması haqqında müqavilələr isə ölkənin istənilən notariat kontorunda təsdiqlənə bilər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez