Əhalinin dövlət reyestri zəruri məlumatın qısa vaxtda əldə edilməsinə imkan yaradacaq

İLQAR MƏMMƏDOV: "BU MƏLUMAT SİSTEMİ GƏLƏCƏKDƏ MÜVAFİQ SƏNƏDLƏRİN VƏ ARAYIŞLARİN OPERATİV ALINMASINI ASANLAŞDIRACAQ"

Xəbər verildiyi kimi, iyulun 3-də Ədliyyə Nazirliyində KİV nümayəndələrinin iştirakı ilə "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin Formalaşdırılması və İnkişafı" layihəsi üzrə BMT-nin İnkişaf Proqramı ilə saziş imzalanıb. Sazişlə bağlı Ədliyyə Nazirliyinin İdarə rəisi İlqar Məmmədov bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, demokratik təsisatların möhkəmləndirilməsi istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir. Cəmiyyətimizin müasir tələblərə uyğun inkişafı isə dövlət idarəçiliyinin təkmilləşdirilməsini və bununla bağlı milli informasiya resurslarının yaradılmasını və müxtəlif orqanlar arasında informasiya inteqrasiyasının genişləndirilməsini, eləcə də yeni texnologiyaların geniş tətbiqini labüdləşdirir. Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq, habelə dövlət siyasətinin müxtəlif sahələrində, ilk növbədə, əhalinin sosial müdafiəsi və seçkilər kimi mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi işinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq, vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində çətinliklərin aradan qaldırılması ilə əlaqədar ölkə prezidenti tərəfindən 2004-cü ilin fevralında "Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin yaradılması haqqında" Fərman imzalanıb. Onun aparıcısı Ədliyyə Nazirliyi müəyyən edilərək, tərkibində Əhalinin Dövlət Registri Xidməti təsis edilib: "Əhali barədə məlumat məcmusunun toplanması ilə əlaqədar ölkə başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələri icra etmək məqsədilə, Ədliyyə Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron məlumat bazalarının yaradılması sahəsində müvafiq ölkədaxili qurumların işi öyrənilib, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi üçün əməkdaşlarımız Avstriya, Hollandiya, Litva və Moldovaya səfər edərək bu ölkələrdə fəaliyyət göstərən analoji reyestrlərin təşkili təcrübəsi ilə tanış olublar. Əldə edilmiş məlumatlar ətraflı təhlil edilərək, Milli Elmlər Akademiyasının, digər aidiyyəti qurumların iştirakı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə əhalinin dövlət reyestrinin formalaşdırılmasına dair müvafiq təkliflər hazırlanıb". İ.Məmmədov bildirib ki, göstərilən fəaliyyətin qanunvericilik əsaslarının yaradılması ilə əlaqədar "Dövlət Reyestri haqqında" qanun qəbul olunub, "Əhalinin Dövlət Registrinin aparılması qaydası haqqında" Əsasnamə, Nazirlər Kabinetinin Qərarları və Ədliyyə nazirinin əmrilə bir sıra normativ-huquqi aktlar təsdiq edilib və başqa tədbirlər həyata keçirilib: "Əhalinin dövlət reyestri bütün vətəndaşlar, eləcə də ölkə ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında onların şəxsiyyətini tez və dəqiq müəyyənləşdirilməsi (eyniləşdirilməsi) üçün çox ətraflı olmayan (adı, atasının adı, soyadı, doğulduğu yer, tarix və s.) məlumatı özündə cəmləşdirən, əhalinin dəqiq uçotunun aparılmasını təmin edən elektron məlumat sistemidir. Dövlət reyestrinin yaradılması, əhali ilə işləyən müxtəlif orqanlar arasında sənəd dövriyyəsinin azaldılması və məlumat mübadiləsi səmərəsinin artırılması ilə yanaşı, ölkə əhalisinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya, eləcə də digər məsələlərə dair məlumatların toplanmasına və saxlanmasına, seçici siyahılırının avtomatlaşdırılmış qaydada tərtib olunmasına, dövlətin əhali barədə düzgün məlumatının olmasına, nəticədə ölkəmizdə sosial-iqtisadi inkişaf və başqa sahələr üzrə qəbul edilən qərarların keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq". Onun dediyinə görə, hazırda dövlət orqanlarında əhali haqqında informasiya bəzən pərakəndə şəkildə və elektron daşıyıcılarda deyil, ancaq kağız üzərində saxlanıldığından fiziki və hüquqi şəxslər onun əldə olunması üçün bir çox orqanlara müraciət etmək məcburiyyətində qalır və vaxt itkisinə yol verilir.

Əhalinin dövlət reyestri dövlət orqanlarında mövcud olan məlumat bazaları arasında əlaqələndirici funksiyasını həyata keçirərək, zəruri məlumatın ən qısa zamanda əldə edilməsini mümkün edəcək. Bu məlumat sistemi gələcəkdə vətədaşlar üçün "vahid pəncərə" prinsipinin tətbiq edilməsinə və müvafiq sənədlərin və arayışların yalnız bir orqana müraciət edərək operativ əldə edilməsinə imkan verəcək.

Eyni zamanda reyestrin yaradılması ilə əhali barədə məlumatların müvafiq xidmət tərəfindən saxlanılması onların qanunvericiliyin tələblərinə uyğun istifadə edilməsinə nəzarət imkanlarını artırmış olur.

Əhalinin dövlət reyestrinin formalaşdırılması işinin vacib əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Hökuməti informasiya-kommunikasiya texnologiyalarının tətbiqində böyük təcrübəsi olan BMT-nın İnkişaf Proqramı ilə bu istiqamətdə birgə fəaliyyət göstərməsini məqsədəuyğun hesab edib və bununla bağlı "Azərbaycan Respublikası əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı" layihəsi hazırlanıb.

İ.Məmmədov bildirib ki, layihənin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının müasir nailiyyətlərindən istifadə edərək Azərbaycanın əhalisi barədə etibarlı vahid məlumat bazasının formalaşdırılması işinə başlanılması, dövlət reyestrinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının elektron məlumat bankı və Daxili İşlər Nazirliyinin "AMAS" məlumat sistemi ilə virtual ələqələrin qurulması, onların informasiya resursunun genişləndirilməsi üçün şəraitin yaradılmasıdır.

Layihə çərçivəsində həmçinin əhalinin dövlət reyestrinin tamlığını təmin etmək üçün kağız üzərində yazılan və hazırda arxivlərdə saxlanılan 17 millyona yaxın vətəndaşlıq vəziyyəti aktlarının elektron formata keçirilməsi işinə başlanılması, bunun üçün Vətəndaşlıq Vəziyyəti Aktlarının Elektron Məlumat Bankının istifadə etdiyi proqram təminatının təkmilləşdirilməsi, məlumatların əhalinin dövlət reyestrinə gündəlik ötürülməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının kompüter avadanlığı ilə təchiz edilməsi və əməkdaşlar üçün xüsusi təlimlərin təşkil olunması nəzərdə tutulub.

Birləşmiş Millətlər Təşkilatı xərclərin üçdə birini öz üzərinə götürdüyü Layihə üzrə işlərin bilavasitə icrasına bu ilin iyulunda başlamaq və 2007-ci ilin iyul ayında başa çatdırmaq planlaşdırılır. Bununla yanaşı mütərəqqi məlumat sisteminin yaradılması kimi xeyli vəsait və vaxt tələb edən bu mürəkkəb işdə BMT-nın İnkişaf Proqramı ilə əməkdaşlığın davam etdirilməsi barədə danışıqlar aparılır.

Əhalinin dövlət reyestrinin formalaşdırılması işində BMT-nın İnkişaf Proqramı ilə əməkdaşlıq informasiya-kommunikasiya texnologiyalarının ən yeni nailiyyətlərindən istifadə etməklə, qısa zaman ərzində müasir elektron məlumat bazasının yaradılmasını, fiziki və hüquqi şəxslərə, eləcə də dövlət orqanlarına yüksək səviyyəli xidmətin göstərilməsini mümkün edəcək.

iacca
iap
business ready
eplc
Ən Tez