Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 1992-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın inkişafı naminə təşkilat vətəndaş cəmiyyətinin qurulmasını, demokratik islahatların aparılmasını, özəl sektorun möhkəmləndirilməsini, eləcə də humanitar yardım, sosial islahatlar, enerji sektorunun tərəqqisi, səhiyyə sektorunun yaxşılaşdırılması və digər sahələrin inkişafını yaxından dəstəkləyir.
Qeyd edilməlidir ki, USAİD Azərbaycan və digər inkişaf etməkdə olan ölkələrdə qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün treyninq və maarifləndirilmə üsullarından geniş istifadə edir. 2003-cü ildən başlayaraq bu təşkilat iqtisadi inkişafı dəstəkləmək məqsədilə notariat sistemində də islahatların təkmilləşdirilməsinə yardım göstərir. Həmin ildə USAİD Kanadanın Qvebek Notariat Şurasının ölkəmizin notariusları üçün keçirdiyi treyninq proqramını maliyyələşdirib. Proqram çərçivəsində nəzəri təlimlər Bakıda, praktiki dərslər isə Qvebek şəhərində aparılıb. Treyninq zamanı iştirakçılar yaxşı təşkil olunmuş və funksiyalı notariat sisteminin tələbləri, üstünlükləri, eləcə də yeni hüquq peşəkarları sinfinin yaradılması ilə bağlı dəyərli məsləhətlər alıblar. İştirakçılar həmçinin bazar iqtisadiyyatı üçün mühitin yaxşılaşdırılması da daxil olmaqla Azərbaycan notariatının müvafiq standartlar - Beynəlxalq Notariat İttifaqının tələbləri səviyyəsinə çatdırılması məqsədilə əhəmiyyətli məsələləri öyrəniblər.
Bu uğurlu proqramın davamı kimi, USAİD Ədliyyə Nazirliyinin müraciətilə onunla birgə əməkdaşlıq çərçivəsində "Sahibkarlar üçün Notariat Xidmətlərinə dair İctimai Maarifləndirmə" kampaniyasının həyata keçirilməsinə başlayıb. Bu məqsədlə USAID-in maliyyələşdirdiyi layihə çərçivəsində Ədliyyə Nazirliyi yanında Notariat və Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsi, "World Learninq" Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyi və Azərbaycan Marketinq Cəmiyyəti arasında əməkdaşlıq haqqında üçtərəfli memorandum imzalayıb.
Proqramın məqsədi vətəndaş hüquqlarının qorunması üçün dövlət zəmanət mexanizmi kimi notariat institutunun vəzifələri barədə əhalini, xüsusilə iş adamlarını məlumatlandırmaq, bu xidmətlərin önəmi barədə ictimaiyyətin, xüsusilə də yerli iş adamlarının maarifləndirilməsinə dəstək verməkdir.
Sağlam biznes mühiti formalaşdırmaq məqsədilə iş adamları üçün davamlı hüquqi çərçivələrin yaradılması zəruridir. Notariat orqanları isə bu çərçivənin yaradılmasında, həmçinin ictimaiyyətin və iş adamlarının bundan faydalanmasına yardım edilməsində aparıcı rol oynayır. Bu baxımdan sözügedən proqram notariat xidmətlərinin geniş spektrindən, eləcə də uğurlu biznes idarəçiliyi üçün lazım olan müxtəlif hüquqi sənədlərdən necə istifadə etmək barədə məlumat verəcək. Həmçinin insanlarda notariusda tənzimlənən digər mülki münasibətlər barədə təsəvvür yaradacaq. Bu isə özəl sahibkarlığın əsasını təşkil edən şəxsi mülkiyyətin və əmlak hüquqlarının qorunması, mülkiyyətlə bağlı əməliyyatları aparan tərəflər arasında hüquqi münasibətlərin nizamlanması və bununla da onların, xüsusilə sahibkarların hüquqlarının qorunması məsələsində yardımçı olacaq.
Məsələ burasındadır ki, fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması, eləcə də ölkənin iqtisadi inkişafında notariat institututunun rolu haqqında Azərbaycan cəmiyyətinin kifayət qədər məlumatı yoxdur. Lakin məlumdur ki, notariatın yardımı olmadan müəyyən hüquqi məsələlərin həll edilməsi bir sıra çətinliklər və problemlər yaradır. Nəticədə inzibati problemlər ortaya çıxır, üstəlik vaxt, vəsait itkisinə yol verilir.
Notariat hərəkətlərini aparmağa müvəkkil edilmiş şəxslər hüquqi xidmətlər göstərir və məsləhətlər verir, eləcə də bağlanılan əqdlərdə təsbit edilmiş hüquq və vəzifələrin yerinə yetirilməsi üçün dövlət zəmanətini təmin edir. Bununla da fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması üçün məsuliyyəti öz öhdələrinə götürürlər.
Onu da deyək ki, bu gündən başlayan 6 aylıq kampaniya dövrü hər həftə azərbaycan dilində "525-ci qəzet"də, rus dilində isə "Zerkalo qəzetində iş adamlarında maraq döğuracaq xüsusi məqalələrin nəşr edilməsindən ibarət olacaqdir.