Azərbaycanın latın tipli notariat sisteminə inteqrasiyası sahibkarlığın inkişafına müsbət təsir göstərəcək

Hazırda bu istiqamətdə ciddi işlər görülür

Demokratiya yolu ilə inamla addımlayan ölkəmizdə sahibkarlıq fəaliyyəti sürətlə inkişaf etməkdədir. Sovet dövründə fiziki şəxslərin kommersiya fəaliyyəti ilə məşğul olması qadağan idi, hətta buna görə cinayət məsuliyyəti də nəzərdə tutulurdu. Bunun əksinə olaraq isə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaradılması halhazırda qüvvədə olan Mülki Məcəllənin vəzifələrindən biri kimi təsbit edilib.

Sahibkarlıq, şəxsin müstəqil həyata keçirdiyi və əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən mənfəət götürmək olan fəaliyyət növüdür. Bu fəaliyyəti həyata keçirərkən sahibkarlar notariat xidmətindən mütəmadi istifadə edirlər. Onların bu xidmətə olan ehtiyacı günügündən artır.

Şübhəsiz ki, sahibkarlar göstərilən notariat xidmətinin yüksək səviyyədə olmasında və notariat qaydasında təsdiq etdikləri sənədlərin qanunun tələblərinə tam cavab verməsində maraqlıdırlar. İndiki dövrdə ölkə vətəndaşları notariat xidmətindən istifadə etməyə daha çox üstünlük verirlər. Çünki onlar ən qısa müddətdə müxtəlif hüquqi məsləhətlər almaq, hüquqtəsdiqləyici sənədləri rəsmiləşdirmək, bu sənədlərin doğura biləcəyi hüquqi nəticələr haqqında ətraflı məlumat almaq üçün peşəkar hüquqşünas olan notariuslara müraciət etməkdə maraqlıdırlar. Notariusun təsdiq etdiyi sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi və məhkəmədə sübutedici qüvvəyə malik olması notariata etibarı artırır.

Əmlak hüquqlarının notariat qaydasında rəsmiləşdirilməsi gələcəkdə mümkün olan mübahisələrin bəri başdan qarşısının alınması deməkdir. Ona görə ki, notarius əmlak üzərində sərəncam verilməsi ilə bağlı əqdlər təsdiq edilərkən əqdin iştirakçılarına bu əqddən əmələ gələn hüquq və vəzifələri izah edir. Özü də notariusun bu hərəkəti qanunvericilikdə bir vəzifə kimi onun üzərinə qoyulub. "Notariat haqqında" qanununun 9-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməlidir.

Böyük fikir adamı Hegelin mülki dövriyyədə inkişaf etmiş hüquqi prosedurların vacibliyi haqqında dediyi fikirləri xatırlamaq yerinə düşərdi. O, deyib ki, mülkiyyət onu sübutedən hüquqa uyğun müqavilə və formallıqlarda öz təsdiqini tapır. Odur ki, müvafiq sənədlərin və müqavilələrin notariat qaydasında təsdiq edilməsi mülkiyyət hüququnun müdafiəsini və əmlak hüquqlarının mübahisəsiz olmasını təmin edir.

Hazırda mülki, ümumi, adət və müsəlman hüquqlarına əsaslanan hüquq sistemləri mövcuddur. Avropa, Asiya, Afrika, Mərkəzi və Cənubi Amerika ölkələrində əmlak münasibətləri mülki hüquq normaları ilə nizamlanır. Bu ölkələrdə mülki mübahisələr həll olunarkən yazılı sübutlara üstünlük verilir. Ona görə də notariat fəaliyyəti həmin ölkələrdə daha çox inkişaf edib. Dünyanın bu regionlarında notariat fəaliyyəti Latın notariatı prinsipləri əsasında həyata keçirilir.

Notarius sənətinin qədim tarixi olsa da, notariatın müasir modeli 200 il bundan əvvəl Fransada təsis edilib və uzun illərdir özünün inkişaf dövrünü yaşayır. 1948-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə Latın Notariatının Beynəlxalq İttifaqı (sonradan adı Beynəlxalq Notariat İttifaqına dəyişdirilmişdir - BNİ) yaradılıb. Qurumun məqsədi notariatın beynəlxalq təşkilatlarda təmsil olunmasını, notariat təşkilatları ilə əməkdaşlıq edilməsini, bu sahəsində qanunların öyrənilməsini və təkmilləşdirilməsini təmin etməkdən, həmçinin latın tipli notariatının prinsiplərinin təbliğatını aparmaqdan ibarətdir (latın tipli notariat ifadəsi xüsusi qaydada fəaliyyət göstərən notariuslar institutu kimi başa düşülür).

BNİ-na daxil olan notariuslar özləriözlərini maliyyələşdirirlər və dövlətin verdiyi səlahiyyətlərdən istifadə edərək qanunvericilikdə nəzərdə tutulmuş notariat hərəkətlərinirəsmiləşdirirlər. Bundan əlavə, hər bir notarius apardığı notariat hərəkətinə görə şəxsən özü maddi məsuliyyət daşıyır.

BNİ-na daxil olmaq üçün əsas şərtlərdən biri notariatın özüözünü maliyyələşdirməsi, yəni xüsusi qaydada fəaliyyət göstərməsidir. Notariatın bu qaydada fəaliyyət göstərməsində dövlətin də marağı var. Ona görə ki, notariat dövlətdən heç bir vəsait almadan cəmiyyətdə baş verə biləcək mülki hüquq pozuntularının qarşısını almağa xidmət edir. Hazırda bu ittifaqın üzvlərinin sayı 71-ə çatıb.

Notariatlar Assambleyası - BNİ-nın üzvləri, BNİ-nın Prezidenti başda olmaqla Daimi Şurası, İnzibati Katiblik və komissiyaları BNİ-nin əsas strukturudur. Latın notariatının fundamental prinsipləri var: notarius vəzifəsi ictimai vəzifədir və notarius hansısa dövlət qulluğunun və ya dövlət orqanının tərkib hissəsi olmadan müstəqil fəaliyyət göstərir. Dövlət qulluqçusuna aid tələblər və öhdəliklər xüsusi notariusun üzərinə düşmür.

Latın notariatında notarius müxtəlif hüquqi məsləhətlər verməklə, vasitəçilik etməklə, habelə sənədləri hazırlamaq və onları təsdiqləməklə öz peşə fəaliyyətini həyata keçirir.

Xüsusi notarius vəzifələrini dəqiq və qərəzsiz yerinə yetirməlidir. Bütün dövlət və məhkəmə orqanları, ictimai təşkilatlar, fiziki və hüquqi şəxslər notariat sənədlərini qanuni və düzgün hesab edir.

Latın notariuslarının əksəriyyəti dəniz əmlakının girovu, intellektual əmlak (müəlliflik hüququ), telekommunikasiya qanunları, ailə və kommersiya məsələləri üzrə vasitəçilik, arbitraj və bu kimi sahələrdə fəaliyyət göstərir.

Hazırda Azərbaycanda dövlət notariat kontorları mövcuddur. Amma "Notariat haqqında" qanunda dövlət notariatı ilə yanaşı xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi də nəzərdə tutulub.

Qeyd edilən Qanunla xüsusi notariat fəaliyyətinə icazə verilməsinə baxmayaraq, orada mövcud olan boşluqlar və ziddiyyətlər, xüsusilə bu notariusların maliyyələşməsi qaydasının nəzərdə tutulmaması həmin institutun ölkəmizdə tətbiqinə imkan vermirdi.

Bununla bağlı Notariat Haqqında Qanuna zəruri dəyişikliklər edildikdən sonra Ədliyyə Nazirliyi tərəfindən notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi Qaydasının layihəsi hazırlanmış və təsdiq edilmişdir.

Bəzi xarici ölkələrdə, o cümlədən Rusiyada dövlət notariusları ilə yanaşı xüsusi notariuslar də fəaliyyət göstərir. Baltikyanı ölkələrin təcrübəsi göstərir ki, tezliklə bütün dövlət notariusları öz yerlərini xüsusi notariuslara verəcək. Hətta strateji müttəfiqimiz olan Gürcüstan birdəfəlik xüsusi notariat fəaltiyyətinə keçib.

"Notariat haqqında" qanununun tələblərinə görə xüsusi notarius kimi fəaliyyət göstərmək istəyən şəxs ali hüquq təhsilinə, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır. Həmin şəxsin təcrübəyə buraxılması üçün bilik səviyyəsi imtahan və müsahibə yolu ilə yoxlanılır. Təcrübə keçdikdkdən sonra o notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçərək şəhadətnamə alır. Xüsusi notariusun qeydiyyat vəsiqəsini aldıqdan sonra isə notariat fəaliyyətinə başlayır. Ancaq unutmaq olmaz ki, xüsusi notariuslar da mövcud qanunvericiliyin tələblərinə əməl etməli, vətəndaşlara yüksək notariat xidməti göstərməlidirlər. Xüsusi notarius notariat hərəkətlərini apararkən qanun pozuntusuna yol verib fiziki və ya hüquqi şəxsə ziyan vurduqda şəxsən maddi məsuliyyət daşıyır. Buradan isə belə nəticə çıxır ki, xüsusi notarius qanunu pozduqda ikili məsuliyyət daşıyacaq: birincisi o, şəhadətnaməsini itirəcək, ikincisi isə vurduğu ziyanı öz hesabına ödəyəcək.

"Notariat haqqında" qanununda xüsusi notariusların müştəriləri qarşısında məsuliyyətinin sığortalanması, və həmin məsuliyyətə zəmanət vermək məqsədilə zəmanət kassalarının yaradılması nəzərdə tutulub.

Azərbaycanda notariusların peşə biliklərinin artırılması və işinin dünya standartlarına uyğun qurulması Ədliyyə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə latın tipli notariatının fəaliyyət göstərdiyi ölkələrin və Azərbaycanın notariuslarının birgə iştirakı ilə mütəmadi treninq və seminarlar təşkil olunur. Buna misal kimi ABŞın Beynəlxalq Agentliyinin (USAID) maliyyə dəstəyi ilə 2003-cü ilin fevral ayında Kvebekin Notariuslar Palatasının iştirakı ilə Bakıda notariat islahatlarına dair geniş proqramlı treninqin keçirilməsini göstərmək mümkündür. Həmin treninqin nəticəsində Azərbaycan notariusları Kvebekdəki xüsusi notariat fəaliyyətinə və Kvebekin mülki qanunvericiliyinə dair müvafiq bilgilər əldə ediblər və 38 notariusa bu barədə beynəlxalq sertifikat verilib. Bununla yanaşı 2003-cü və 2004-cü illərin may aylarında Bakı və Naxçıvan şəhərlərində təşkil olunmuş "Müasir dövrdə notariat fəaliyyəti" mövzusunda seminarı da bu sırada qeyd etmək olar.

Belə ki, Azərbaycan notariatının Latın notariatına inteqrasiyası və gələcəkdə onun bərabər hüquqlu üzvü kimi fəaliyyət göstərməsi sahibkarlığın inkişafına öz töhfəsini verəcək. 

525-ci qəzet, 1 aprel 2006

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez