Heydər Əliyev və Azərbaycan ədliyyəsinin inkişafı

Müstəqil Azərbaycanın milli dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü xalqımız tərəfindən böyük hörmət və ehtiramla qeyd edilir. Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.

Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir.

Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.

1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinə sovetlər dövründə biganə münasibət göstərilmiş, məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş, bu qurum dəfələrlə ləğv edilmişdir. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə ədliyyə sistemində də intibah başlanmış, Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bununla da ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır. Təsadüfi deyildir ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti Ədliyyə tarixi muzeyində qiymətli eksponat kimi saxlanılır.

Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Möhkəm ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra ümummilli liderimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızla Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Bununla əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək ulu öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur.

Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.

Məhkəmələrin müstəqilliyinin təmin olunması, fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün nazirlikdə Məhkəmə Orqanları İdarəsi ləğv edilmiş, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması məqsədilə Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır. Eyni zamanda, ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlər üzrə, o cümlədən məhkəmə qərarlarını icra etməmə cinayətləri üzrə işlərinin ibtidai istintaqının aparılması üçün İstintaq İdarəsi təsis edilmişdir.

Qanunun aliliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə 2000-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, onların yüksək statusu müəyyən olunmuşdur. Eyni zamanda, respublikada Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da dahi öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətlər verilmiş və bu orqan hüquqi dövlətin və demokratiyanın inkişafında mühüm təsisat olmuşdur.

Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsini gündəmə gətirmişdir. Nəticədə 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmişdir. Ombudsman aparatı fəaliyyətə başladıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən həmin qurumla əlaqələr qurularaq səmərəli əməkdaşlıq yaradılmış, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlətin cəza siyasətində də islahatlar həyata keçirilmiş, bir çox fərman və sərəncamlar imzalanmışdır. Dahi öndərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmışdır. Həmin dövrdə istintaq təcridxanaları da Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirildi. Yerli özünüidarə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinə köməklik göstərilməsi məqsədilə ümummilli liderimizin Sərəncamı ilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nazirliyə həvalə edilmişdir.

Heydər Əliyevin hakimiyyəti illərində vətəndaş cəmiyyəti quruculuğu sahəsində də mütərəqqi dövlət siyasəti formalaşmış, siyasi partiyaların və qeyri-kommersiya qurumlarının sərbəst və maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Müasir cəmiyyətin mühüm atributlarından biri olan qeyri-hökumət təşkilatlarının inkişafında, onların ictimai həyatda rolunun güclənməsində mühüm irəliləyişlər baş vermişdir. Qeyri-hökumət təşkilatları haqqında Qanun qəbul edilmiş, qeydiyyatı Ədliyyə Nazirliyində həyata keçirilən qeyri-kommersiya hüquqi şəxsləri ilə sıx əməkdaşlıq yaradılmış, bu sahədə, eləcə də, mətbu nəşrlərin uçotu ilə bağlı nazirliyin üzərinə mühüm vəzifələr qoyulmuşdur. Demokratiyanın möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayan qeyri-kommersiya hüquqi şəxslərinin sayı ilbəil artmış, hazırda ölkədə 3400-ə yaxın qeyri-kommersiya təşkilatı, o cümlədən 54 siyasi partiya və 2537 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmış, 4200-dən artıq mətbu nəşrin uçotu həyata keçirilmişdir.

Notariat və qeydiyyat orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edilmişdir. Möhtərəm Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərar qəbul olunmuş, bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturuna daxil edilmişdir.

Bütün sahələrdə əhalinin rifahını, ona göstərilən hüquqi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayan, hər bir fərdin maraq və mənafelərinin təmin olunmasını önə çəkən ulu öndərin "Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında" 31 iyul 2002-ci il tarixli Fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ədliyyə orqanlarının əməkdaşları tərəfindən səyyar qaydada aparılması müəyyən edilmiş, bununla da əhalinin öz hüquq və vəzifələrini həyata keçirməsi üçün əlverişli şərait yaradılmışdır.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümumilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.

Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: "Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".

Nazirliyin gənc əməkdaşları hər gün işə gələrkən ulu öndərin büstünün qarşısından keçir, müdrik kəlamlarını oxuyurlar. Onlar Heydər Əliyevi artıq əfsanəvi şəxs kimi qəbul edirlər. Lakin biz unutmamalı və fəxr etməliyik ki, bizim sıralarımızda Heydər Əliyevlə bilavasitə təmasda olan, onun rəhbərliyi altında çalışan şəxslər vardır. Biz onların ulu öndərdən əxz etdikləri dəyərlərdən bu gün də faydalanırıq.

Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir.

Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir. Ölkə başçısı tərəfindən 6 fevral 2009-cu il tarixdə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, sosial, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi məqsədi daşıyır.

Dövlət Proqramına müvafiq olaraq regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə Gəncə, Şəki və Şirvan regional ədliyyə, Qax və Qəbələ qeydiyyat şöbələrinin, habelə Salyan, Samux və Siyəzən rayon dövlət notariat kontorlarının yeni müasir inzibati binaları istifadəyə verilmişdir.

Bununla yanaşı, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati binalarla təmin edilməsi və fəaliyyəti üçün lazımi iş şəraitinin yaradılması ilə bağlı konkret addımlar atılır. Bakı Apellyasiya məhkəməsi, Bakı şəhərinin Yasamal, Nərimanov və Binəqədi rayon məhkəmələri üçün yeni inzibati binaların inşası məqsədilə müvafiq torpaq sahələri ayrılmış, digər məhkəmə binalarının inşası, yenidən qurulması və əsaslı təmirinin aparılması məqsədilə mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə layihələr hazırlanmışdır. Məhkəmələrin yüksək statuslarına uyğun layihələndirilən bu binalarda müasir tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsinə, onların məhkəmə fəaliyyəti barədə məlumatlığının genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir.

Həmçinin penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər diqqət mərkəzində saxlanılaraq, ötən il inşası başa çatdırılmış penitensiar kompleks - Bakı istintaq təcridxanasının birinci buraxılış obyektləri istifadəyə verilmiş, bununla da 120 il əvvəl Bayılda inşa edilmiş və məhkumların hüquqlarının təmin edilməsi baxımından müasir tələblərə cavab verməyən 1 saylı Bakı İstintaq Təcridxanası ləğv olunmuşdur. Dövlət başçısı yeni binaya baş çəkərək yaradılmış şəraitlə tanış olmuş, insan haqlarının müdafiəsində ədliyyə orqanları və məhkəmələrin infrastrukturunun möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etmiş, zəruri göstərilşər vermişdir.

Dövlət proqramına müvafiq olaraq ötən ilin may ayında açılışı ölkə başçısı cənab İlham Əliyev tərəfindən edilən Əhalinin Dövlət Reyestri Xidmətinin müasir standartlara cavab verən, yeni informasiya kommunikasiya texnologiyaları və arxiv avadanlıqları ilə tam təmin olunmuş gördüyünüz bu binası da istifadəyə verilmişdir. Nəticədə əhali üçün əvvəllər mümkün olmayan, daha çevik xidmətlərin göstərilməsinə başlanmış, burada mövcud olan informasiya sistemləri vasitəsilə elektron məlumat mübadiləsi, əsaslı təhlillərin aparılması imkanları yaradılmışdır. Əhalinin Dövlət Reyestrinin tamlığının təmin edilməsi ilə əlaqədar akt qeydləri üzrə 17 milyona yaxın texnoloji əməliyyat aparılaraq onların elektron informasiya bazasına daxil edilməsi təmin olunmuşdur. Yeri gəlmişkən, bu informasiya sistemlərindən istifadə nəticəsində şahidi oluruq ki, xeyli sayda insanlar öz övladlarına ulu öndərin adını verir, bununla da ona olan səmimi hisslərini bir daha nümayiş etdirirlər.

Ulu öndərin kadrların seçilməsi ilə bağlı vaxtilə nazirliyin rəhbərliyinə verdiyi tövsiyələrə uyğun olaraq nazirliyin fəaliyyətinin əsas və vacib istiqamətlərindən biri də ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə nazirlikdə yaradılmış müsabiqə komissiyaları ədliyyə orqanlarına şəffaf prosedurlarla, test imtahanı və müsahibə yolu ilə yüksək nəzəri hazırlığa malik yüzlərlə gənc mütəxəsisin işə qəbulu prosesini həyata keçirir. Eyni zamanda, İxtisas Komissiyası tərəfindən notariuslar və bu vəzifəyə namizədlər üçün imtahan və müsahibələr təşkil edilmiş, ədliyyə tarixində ilk dəfə olaraq notariat fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq şəhadətnamələr verilmişdir. Son dövrdə daha 124 nəfərə belə şəhadətnamələrin verilməsi barədə qərar qəbul olunmuşdur.

Ədliyyə sisteminə göstərilən diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə yaradılmış normativ-hüquqi əsasları daha da təkmilləşdirilir. 2006-cı il aprel ayının 18-də ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq ona hüquq mühafizə orqanı statusu verilmiş, həmin ilin may ayında isə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul edilmişdir. Dövlət başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı ildə Fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.

Ədliyyə sisteminin inkişafında və beynəlxalq hüquqi yardımın səmərəliliyinin artırılmasında xarici əlaqələrin rolu nəzərə alınaraq nazirliyimiz son 5 ildə 13 ölkənin, o cümlədən Fransa, İtaliya, Almaniya Rumıniya, Slovakiya, Bolqarıstan, Çin, İran və digər ölkələrin ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair sazişlər bağlamışdır. Nazirlik hazırda Azərbaycan dövlətinin qoşulduğu 14 beynəlxalq Konvensiya üzrə mərkəzi və əlaqələndirici orqan qismində müəyyən edilmişdir.

Ölkəmizin iştirakçısı olduğu konvensiyalar, habelə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə milli məruzələrin hazırlanmasında və təqdimatında fəal iştirak edilir. Nazirliyin BMT, Avropa Şurası, ATƏT, Beynəlxalq Prokurorlar Assosiasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər təşkilatlarla sıx əməkdaşlıq münasibətləri də inkişaf eməkdədir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bu il aprelində Braziliyanın Salvador şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə ali forumu olan 12-ci Konqresində ölkəmizin nümayəndə heyətinə rəhbərlik etmiş və konqresin vitse-prezidentlərindən biri seçilmişdir. Azərbaycan nümayəndəsinin konqresin rəhbərliyində təmsil olunması dövlətimizin cinayətkarlığa qarşı mübarizədə səmərəli beynəlxalq əməkdaşlığı üçün daha geniş imkanlar yaratmışdır. Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq 2009-2011-ci illər üzrə "Azərbaycanda ədliyyə islahatlarına dəstək" Proqramının icrası üzrə zəruri işlərin görülməsinə başlanılmışdır. Həmçinin, Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi cərçivəsində ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar irimiqyaslı işlər görülür.

Ədliyyə Nazirliyi ölkə Prezidentinin tapşırıqlarına əsasən yoxsul əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə 10 hüquqi məsləhət xidməti mərkəzlərinin yaradılmasını təmin etmişdir. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Əhalinin hüquqi maarifləndirilməsi işində fəal iştirak edən nazirliyin 4 internet saytı fəaliyyət göstərir, 4 hüquq jurnalı, "Ədliyyə" qəzeti və digər nəşrləri dərc olunur.

Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi dövlət orqanları sistemində çox nüfuzlu bir quruma çevrilmişdir və onun səlahiyyət dairəsi getdikcə genişlənir. Təsadüfi deyil ki, sahibkarlığın inkişafı və istehlakçıların hüquqlarının qorunması ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan ölkə başçısının 13 aprel 2010-cu il tarixli Fərmanı ilə sahibkarlıq sahəsində yoxlamaların mütəmadilliyi haqqında məlumatın əldə edilməsini mümkün edən vahid məlumat reyestrinin aparılması nazirliyin səlahiyyətinə aid edilmişdir.

Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir.

Heç kəs şübhə etmir ki, ədliyyə işçiləri ulu öndərimzin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.

Hər il olduğu kimi bu il də respublikamızda dahi öndərin doğum gününə həsr olunmuş tədbirlər keçirilir. Ədliyyə Nazirliyinin böyük bir qrup əməkdaşı ümummilli liderin əziz xatirəsinə hörmət əlaməti olaraq Heydər Əliyev Fondunda şərəfli ömrünü bütünlükdə xalqımızın və dövlətimizin tərəqqisinə həsr etmiş görkəmli siyasi xadim Heydər Əliyevin mənalı həyatı və dövlətçilik fəaliyyətinə dair zəngin təəssürrat yaradan fotolar və eksponatlarla tanış olmuş, dahi şəxsiyyət haqqında "Böyük ömrün anları" filminə baxmışlar.

Fürsətdən istifadə edərək, ölkəmizin əsl bayram təntənəsi yaşadığı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə xalqımızı təbrik edirəm.

İlqar Məmmədov 
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat 
baş idarəsinin rəisi, Kollegiya üzvü,
III dərəcəli dövlət ədliyyə müşaviri
  «Respublika» qəzeti, 14.05.2010

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez