Dövlətimiz tərəfindən ərazi bütövlüyümüz uğrunda şəhid olanların ailələrinə və müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir.
Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, onların mənzillə təmin olunması, həmçinin şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Eyni zamanda əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılmışdır.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir-sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulmuşdur.
Ədliyyə Nazirliyi tərəfindən 16.02.2021-ci il tarixdə bələdiyyələrə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə baxılması zamanı onlara xüsusi həssaslıqla yanaşılması, müraciətlərində qeyd olunan məsələlərin həlli barədə onlara lazımi izahat və düzgün istiqamət verilməsinə maksimum səy göstərilməsi ilə bağlı “Vətəndaş müraciətlərinə baxılmasına xüsusi diqqət və qayğı ilə yanaşılması barədə” tövsiyə göndərilmişdir.
Bələdiyyələr tərəfindən də ərazi bütövlüyümüz uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının qayğı və problemlərinin həlli, o cümlədən torpaq sahəsinə olan ehtiyaclarının təmin olunması üçün mütəmadi tədbirlər görülür.
Qeyd olunur ki, ərazi bütövlüyümüz uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid olanların ailəsinə bələdiyyələr tərəfindən pulsuz torpaq sahələri ayrılması qanunvericilikdə təsbit olunsa da, müvafiq torpaqayırma sənədlərinin hazırlanması üçün lazımı xərclər həmin şəxslərin üzərinə düşür.
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.
Həmin Əsasnamənin 20-ci bəndinə əsasən yerquruluşu işləri və ayrılacaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bilavasitə bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılması hallarında torpaq sahəsi ayrılması nəzərdə tutulan şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.
Bu baxımdan, şəhid ailələri və müharibə əlilləri üçün torpaq sahələri ayrılarkən yerquruluşu işləri, plan və ölçünün hazırlanması xərclərinin bələdiyyələr tərəfindən ödənilməsi yuxarıda qeyd olunan şəxslərə diqqət və qayğının daha da artırılması istiqamətində təqdirəlayiq bir addım olar.
Göstərilənlərə əsasən, bələdiyyə büdcəsinin imkanları daxilində ərazi bütövlüyümüz uğrunda həlak olanların ailəsinə və əlil olmuş şəxslərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılarkən torpaqayırma sənədlərinin hazırlanması üçün zəruri olan xərclərin bələdiyyələr tərəfindən qarşılanması barədə məsələnin bələdiyyə iclasının müzakirəsinə çıxarılması tövsiyə edilir.
Bələdiyyələrlə iş mərkəzi