İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Böyük maddi itkilər və insan tələfatına səbəb olan fövqəladə hadisələr göstərir ki, indiki mövcud şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan ölkəmizdə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasına, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təşkilinə diqqətin yönəldilməsi vacib məsələlərdəndir.
Mülki müdafiənin təmin edilməsi tədbirlərinin həyata keçirilməsi məsələsi dövlətimizin diqqətindən kənarda qalmamışdır. Bununla bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Həmçinin aidiyyəti qurumlar tərəfindən mülki müdafiə tədbirlərinin təşkilinə dair bir sıra tədbirlər görülməkdədir.
Mülki müdafiə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılmasında yerli özünüidarəetmə orqanlarının da böyük rolu vardır.
2022-ci il üçün mülki müdafiə tədbirləri planlarının hazırlanması və həyata keçirilməsi, işçilərin mülki müdafiəyə hazırlığının təşkil olunması məqsədilə “2022-ci il tədris ilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət-təşkilati hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiə işinin təşkilinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tapşırıqlar hazırlanmışdır. Həmin tapşırıqlarda aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə müəssisə və təşkilatlarda mülki müdafiə işi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il tarixli 420-IQ nömrəli Fərmanı ilə təsdiq olunmuş “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun, “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”nın, “Mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin qruplara və təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi Qaydaları”nın, “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın, mülki müdafiə sahəsində digər normativ hüquqi sənədlərin və bu tapşırıqların tələblərinə uyğun olaraq təşkil edilməli;
2. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasında əsas diqqət mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasına, mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına, əhalinin ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmasına və fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təşkilinə yönəldilməli;
3. Mülki müdafiə sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən mülki müdafiə işinin təşkili məqsədilə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının mərkəzi aparatında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda mülki müdafiə qərargah rəisi ştatının açılması və mülki müdafiə qərargahlarının fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı tədbirlər görülməli;
4. Fövqəladə hallar zamanı mülki müdafiə planlarının tələblərinə əsasən qarşıya qoyulmuş tapşırıqların operativ yerinə yetirilməsi, qüvvə və vasitələrin effektli tətbiq edilməsi, idarəetmə, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilməli;
5. “Azərbaycan Respublikasının 2022-ci il üçün mülki müdafiə tədbirlər planı” əsasında mərkəzi icra hakimiyyəti orqanlarının 2022-ci il üçün müdafiə tədbirləri planları tərtib edilib Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə, yerli icra hakimiyyəti və yerli özünüidaretmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların 2022-ci il üçün mülki müdafiə tədbirləri planları isə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti regional mərkəzləri ilə razılaşdırılmalı və həyata keçirilməli;
6. Mülki müdafiənin əməli məşğələləri, təlim və məşqləri “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”na uyğun olaraq planlaşdırılmalı və həyata keçirilməli;
7. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda rəhbər və komandir-rəis heyətlərinin, mülki müdafiə qüvvələrinin və mütəxəssislərinin mülki müdafiəyə hazırlanması, ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrində təhsil alanlara mülki müdafiə biliklərinin öyrədilməsi “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın tələblərinə uyğun həyata keçirilməli;
8. “Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin 2022-ci il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirilməsi Planı”na əsasən yalnız nəzərdə tutulmuş kateqoriyalar üzrə vəzifəli şəxslərin Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə kurslarına göndərilməsi təmin olunmalı;
9. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssislərində aprel-may aylarında mülki müdafiə günləri keçirilməli;
10.Fövqəladə hadisələr zamanı zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsi məqsədilə ixtisaslaşdırılmış təcili tibbi yardım dəstələrinin daimi hazırlığı təmin edilməli;
11. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işçilərin və işləməyən əhalinin fövqəladə hadisələrdən qorunması ilə bağlı mütəmadi maarifləndirmə işlərinin aparılması təşkil edilməli;
12. Mülki müdafiə xidmət və dəstələrinin hazırlığına nəzarət gücləndirilməli və onların mülki müdafiə əmlakı ilə təchiz edilməsinə diqqət artırılmalı;
13. Mülki müdafiənin maddi-texniki bazasının, mühafizə qurğuları fondunun, fərdi mühafizə vasitələri, radiasiya kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, eləcə də digər mülki müdafiə avadanlıqlarının ehtiyatının yaradılması və hazır vəziyyətdə saxlanılması təmin edilməli, təhlükəli potensiallı obyektlərdə bu tədbirlərin yerinə yetirilməsinə xüsusi diqqət yetirilməli;
14. “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalinin mühafizənin əsas prinsipləri haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 dekabr 1992-ci il tarixli 700 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalinin mühafizəsinin Əsas Prinsipləri”nin tələblərinin yerinə yetirilməsi məqsədilə kollektiv mühafizə qurğuları tələb olunan texniki istismar vəziyyətinə gətirilməli;
15. Ehtiyat idarəetmə məntəqələrinin hazır vəziyyətdə saxlanılması təmin edilməli;
16. Xəbərdarlıq və rabitə sistemlərinin hazır vəziyyətdə saxlanılması, fövqəladə hadisələr zamanı idarəetmənin operativ təşkili, mərkəzi çağırış dayaqlarının və elektrik sirenalarının işlək vəziyyətdə saxlanılması təmin edilməli;
17. Yerli icra hakimiyyətlərinin tabeliyində olan səfərbərlik ehtiyatı anbarlarında mülki müdafiə əmlakının saxlanma şəraitinə və sənədləşmə işlərinə diqqət artırılmalı;
18. Müşahidə və Laboratoriya Nəzarəti Şəbəkəsinə daxil olan obyekt laboratoriyalarının avadanlıq, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ilə təmin olunmasına, şəbəkəyə daxil olan müəssisə laboratoriyalarında mütəxəssislərin hazırlığına diqqət artırılmalı;
19. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının mərkəzi aparatları, fondlar, səhmdar cəmiyyətləri tərəfindən bu tapşırıqlar tabeliklərində olan idarə, müəssisə və təşkilatlara göndərilməli;
20. 2022-ci il üçün mülki müdafiə tədbirləri planlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə məlumat və hesabatlar planda göstərilən müvafiq tarixlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və nazirliyin aidiyyəti regional mərkəzlərinə təqdim edilməli;
21. Mülki müdafiə üzrə tədris ili 5 yanvar 2022-ci il tarixində başlanılmalı və həmin ilin 30 noyabr tarixində başa çatdırılmalıdır.
“Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri də müəyyən edilmişdir. Bu vəzifələrə aşağıdakılar aiddir;
1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3)fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;
8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.
Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, fövqəladə hadisənin baş verdiyi ərazidə yerləşən hüquqi şəxslərin, dövlət və yerli büdcələrin (xərclərin), sığorta fondlarının vəsaitləri və digər mənbələr hesabına maliyyələşdirilir.
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitlər kifayət etmədikdə, Azərbaycan Respublikasının dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada vəsait ayrılır.
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və ya yaşayış yeri üzrə, habelə tədris müəssisələrində öyrədilir. Mülki müdafiə sisteminin, həmçinin hüquqi şəxslərin rəhbər və mütəxəssislərinin hazırlanması ali və orta ixtisas tədris müəssisələrində, ixtisas artırma müəssisələrində, xüsusi təlim kurslarında və bilavasitə iş yeri üzrə həyata keçirilir.
Göstərilənləri nəzərə alaraq bələdiyyələrə mülki müdafiə işinin təşkilində, əhalinin fövqəladə hallardan qorunması sahəsində maarifləndirmə işinin gücləndirilməsi, eləcə də fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində səmərəliliyin artırılması tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi