Ölkə üzrə iqtisadi, demoqrafik, sosial və ekoloji sahələrin vəziyyəti haqqında dürüst və keyfiyyətli (reprezentativ) məlumatlarla dövlət idarəetmə orqanlarının, sosial və iqtisadi subyektlərin, elmi dairələrin, geniş ictimaiyyətin, beynəlxalq təşkilatların və digər istehlakçıların təmin edilməsi və məlumatlandırılması rəsmi statistika hesabına aparılır.
Dövlət idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsi üçün məlumatların məxfiliyi təmin edilməklə ölkədə sosial-iqtisadi vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliyini səciyyələndirən statistik məlumatlardan istifadə edilir.
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununa əsasən rəsmi statistikanın məqsədi statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə və ilkin məlumatlar məxfi saxlanılmaqla onların mənafeyinə xidmət etməkdir.
Rəsmi statistikanın məqsədi statistik məlumatların obyektivliyinin və beynəlxalq standartlara uyğun olaraq müqayisəliliyinin təmin edilməsinə, icmal statistik materialların aşkarlığını təmin edən vahid statistik məlumatlandırma sisteminin yaradılmasına, bu qanunun tələbləri çərçivəsində məlumatların yığılması, işlənməsi, bazada yerləşdirilməsi, ötürülməsi və yayılmasında istifadə edilən prinsip və metodların daim təkmilləşdirilməsinə, səmərəliləşdirilməsinə və rəsmi statistika sahəsində dünyanın qabaqcıl statistika ənənələri və elmi nailiyyətlərinin tətbiq edilməsinə yönəldilmişdir.
Rəsmi statistika vəziyyətin real əks etdirilməsini, məlumatların istifadəçilər arasında ədalətli yayılmasını, müvafiq icra hakimiyyəti orqanları üçün həlledici əhəmiyyəti olan amillərin seçilməsini, bununla yanaşı, bir tərəfdən xərclər və respondentlərə düşən yük arasındakı nisbəti, digər tərəfdən isə bu üstünlükləri nəzərə almaqla, hamı tərəfindən başa düşülən məlumatların əldə edilməsində vətəndaşların hüquqlarına hörmət edilməsini təmin etməlidir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (bundan sonra - Dövlətstatkom) statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.
Dövlətstatkom öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Yerli özünüidarəetmə orqanları da öz növbəsində “bələdiyyə büdcəsinin icrası” barədə aidiyyəti quruma hesabat təqdim edirlər.
Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin ölkə mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır. Bələdiyyələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır.Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir. Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir.
Ölkə ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının büdcəsinin icrasına dair ölkənin regionları üzrə ümumiləşdirilmiş məlumatlar ictimaiyyətə açıqlanması üçün bülletenlər şəklində əks olunur.
Bələdiyyələr statistik hesabatlarını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli, 5/08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə büdcəsinin icrası haqqında” 4-BB №-li rüblük, illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair Göstərişin tələblərinə uyğun olaraq təqdim etməlidirlər. Rüblük, illik rəsmi statistika hesabatı forması (üzrə məlumatlar yerli özünüidarəetmə (bələdiyyə) orqanları tərəfindən rüblük dövriliklə hazırlanır. 1-ci, 2-ci və 3-cü rüblər üzrə məlumatlar hesabat rübündən sonra 30 gün, 4-cü rüb üzrə məlumatlar isə il başa çatdıqdan sonra 45 gün ərzində elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir. Hesabat ili üçün nəzərdə tutulmuş gəlir və xərclərə dair proqnoz məlumatları 1-ci rübün icra məlumatları ilə birgə təqdim edilir.
Hesabat formasının Gəlirlər bölməsində (A bölməsi) yerli büdcəyə qanunvericiliklə nəzərdə tutulmuş bütün növ daxilolmalar, Xərclər (funksional təsnifat üzrə) və yerli büdcənin kəsiri (-)/profisiti bölməsində (B bölməsi) yerli büdcənin Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı (bundan sonra - funksional təsnifat) üzrə bölgüsünə dair, iqtisadi təsnifat üzrə xərclər bölməsində isə (C bölməsi) Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı (bundan sonra - iqtisadi təsnifat) üzrə bölgüsünə dair məlumatlar əks etdirilir.
Məlumatların yerli özünüidarəetmə (bələdiyyə) orqanları tərəfindən dövlət statistika orqanlarına təqdim edilən göstəricilər əsasında hazırlandığını nəzərə alaraq, onların düzgünlüyünə və dəqiqliyinə məsuliyyətlə yanaşılması, məlumatların operativ və qanunvericiliyin tələblərinə uyğun təqdim edilməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi