Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycan Respublikasının dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı strateji hədəfdir.
Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Ümumbəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan yayılması ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmuş, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış və institusional islahatlar həyata keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə dövlətimizin başçısı İlham Əliyev davam etdirmiş, 2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün “Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Proqramda Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Proqrama əsasən Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə tədbirləri qismində qeyd edilən - Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsində, narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrinin aşkar olunması və həmin bitkilərin məhv edilməsi, habelə bu məqsədlə hər il xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirilməsində, həmçinin Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkili, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələrinin təbliğində bələdiyyələrin də iştirakı nəzərdə tutulmuşdur.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, səhiyyə, mədəniyyət, gənclərin sosial hüquqi müdafiəsinə və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər.
Bu da onu göstərir ki, yerli özünüidarəetmədə əhalinin sağlamlığının yüksək səviyyədə qorunması prioritet məsələlərdən olmalı, Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərimizə diqqət və qayğı göstərilməli, idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman infrastrukturlarının tikilməsində iştirak edilməli, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına dair yerli səviyyədə əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edilməli, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə qətiyyətli mübarizə aparılmalıdır.
Bu sahədə aparılan hüquqi maarifləndirmə tədbirləri nəticəsində gənclərin sosiallaşması, onların ictimai və sosial mühitdə iştirakının təmini məqsədi ilə bir çox bələdiyyələrdə “Gənclərlə iş və idman” komissiyalarının yaradılmasına müvəffəq olunmuşdur.
Cəmiyyətdə fəallığı ilə seçilən gənclərin yerli həyatda iştirakçılığının genişləndirilməsi istiqamətində işlərin görülməsi, bədən tərbiyəsi və idman sahəsində fəaliyyətlərindən geniş istifadə edilməsi, yerli özünüidarə sahəsində gənclərin daha geniş təmsil olunmasına şəraitin yaradılması, gənclər təşkilatları və ictimai qurumlar ilə əməkdaşlığa önəm verilməsi, bu istiqamətdə fəaliyyətin canlandırılması, yerlərdə bədən tərbiyəsi və idmanın daha da inkişafı istiqamətində tədbirlərin görülməsi, gənclərin peşəkarlıq səviyyəsindən asılı olaraq onların idarəçilikdə müxtəlif sahələrə işə cəlb olunmalarına imkan yaradılması, onların asudə vaxtlarını səmərəli istifadə edilməsinə şərait yaradılması “Gənclərlə iş və idman” komissiyalarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir. Bu da öz növbəsində gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, narkomaniya ilə mübarizədə əsas təsir vasitələrindən biri kimi bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətini təşkil etməlidir.
Göstərilənləri nəzərə alaraq narkomaniyaya qarşı mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsində bələdiyyələrin iştirakının təmin edilməsi, bələdiyyələr tərəfindən bu sahə ilə bağlı qəbul edilmiş qanunvericilik aktlarına, dövlət proqramlarına əməl edilməsi, onların tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, bələdiyyələrdə “Gənclərlə iş və idman” komissiyalarının fəaliyyətinin daha da canlandırılmasına səy göstərilməsi tövsiyə olunur.
Bələdiyyələrlə iş mərkəzi